Məhkəmə qərarları › İş №e-2-2(113)-2013/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2013/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2013/2022 23.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddaçı ilə cavabdeh arasında bağlanmış 22 dekabr 2020-ci il tarixli, 15 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 5685.38 manat əsas borcun, 8310.10 manat cərimə məbləğinin, toplam 13995.46 manatın, mediasiya prosesi zamanı ödənilmiş 100 manatın və 154 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddaçı ilə cavabdeh arasında bağlanmış 22 dekabr 2020-ci il tarixli, 15 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 5685.38 manat əsas borcun, mediasiya prosesi zamanı ödənilmiş 100 manat və 40 manat ödənilmiş dövlət rusumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddaçı ilə cavabdeh arasında bağlanmış 22 dekabr 2020-ci il tarixli, 15 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 5685.38 manat əsas borcun, 8310.10 manat cərimə məbləğinin, toplam 13995.46 manatın, mediasiya prosesi zamanı ödənilmiş 100 manatın və 154 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavavdeh arasında 22 avqust 2020-ci il tarixli 15 saylı Alqı-Satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə “Satıcı” 1.2-ci bəndində göstərilən malları "Alıcı"nın mülkiyyətinə verməyi, "Alıcı" isə bu malları qəbul edib, götürdüyü malların dəyərini "Satıcı"ya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.1-ci maddəsinə görə bu müqavilə üzrə satılan malların (Sürtkü yağları, süzgəclər, təmir-avadanlıqları, həlledici mayelər və digər mallar) miqdarı və qiyməti bu müqavilənin ayrılmaz hissəsi olan müqavilə qiyməti haqqında razılıq protokoluna uyğun olaraq təyin edilir və hər dəfə mal götürülən zaman tərtib olunan elektron qaimələrdə əks olunur. İddiaçı cavabdehə alqı satqı müqaviləsinə əsasən mal verilmiş və həmin mallar elektron qaimə-faktura ilə öz təsdiqinin tapır. Həmin elektron qaimə-faktura əsasında cavabdeh iddiaçıya 5685.38 manat borcu yaranmış və bu günə qədər hənin məbləğ iddiaçıya ödənilməmişdir. “Mediasiya haqqında” Qanunun tələblərinə əsasən iddiaçı tərəfindən Mediasiya şurasına müraciət edilmişdir. Lakin mediator X1 verdiyi ilkin mediasiya surasından sonra prosesin davam etdirə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İş materialarına əlavə edilmiş elektron qaimələrə əsasən: EBAQ-049954-xx.xx.2020-1177,64, EBAQ-295482-xx.xx.2020-682,04, EBAQ-368372xx.xx.2020-731,84, EBAQ-0488814-xx.xx.2020-2548,68 ümumilikdə 5140,20 manat, 5140,20 * 0.3 % = 15,42 * (2021 - 365 gün + xx.xx.2022 - 131) 496 gün = 7648.32. 5140.20 əsas məbləğ +xx.xx.2020-xx.xx.2022 peniya 7648.32=12788.52, EBAY-188904xx.xx-2021-411.82 EBAY-245933-xx.xx-2021-133.34 Ümumilikdə 545.16 manat. 545.16 * 0.3 % = 163 (xx.xx.2021 - 11.05- 406 gün) = 661.78 manat, toplam əsas borc 5140.20+545.16 = 5685.36 manat, əsas borca görə hesablanmış faiz 7648.32+661.78=8310.10 manat, yekun xx.xx.2022-ci il tarixə faizlə birlikdə borc 5685.36+8310.10= 13995.46 manat təşkil edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 22 avqust 2020-ci il tarixli 15 saylı Alqı-Satqı müqaviləsindən görünür ki, iddiaçı malları (sürtkü yağları, süzgəclər, təmir-avadanlıqları, həlledici mayelər və digər mallar) cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə bu malları qəbul edib, götürdüyü malların dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. EBAQseriyalı 049954 saylı xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı 295482 saylı xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı 368372 saylı xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli, EBAY seriyalı 188904 saylı xx.xx-2021-ci il tarixli və EBAY seriyalı 245933 saylı xx.xx.2021-ci il tarixli elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 5685,38 manat dəyərində mal satılmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 22 avqust 2020-ci il tarixli 15 saylı Alqı-Satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı malları (sürtkü yağları, süzgəclər, təmir-avadanlıqları, həlledici mayelər və digər mallar) cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə bu malları qəbul edib, götürdüyü malların dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 5685,38 manat dəyərində mal satılmış, lakin cavabdeh tərəfindən malların dəyəri iddiaçıya ödənilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 22 avqust 2020-ci il tarixli 15 saylı Alqı-Satqı müqaviləsinə əsasən malların alqı-satqısına görə yaranmış 5685,38 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 2.5-ci bəndinə əsasən, malın dəyərinin ödənişi, müqavilədə qeyd olunan müddət ərzində ödənilmədikdə hər gecikdirilmiş gün üçün 0.3% (artan yekunla) penya hesablanır. Lakin məhkəmə hesab edir ki, tələb olunan 8310.10 manat dəbbə pulu məbləği yaranmış 5685,38 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 200 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı ilə cavabdeh arasında bağlanmış 22 dekabr 2020-ci il tarixli, 15 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 5685.38 manat əsas borc, 200 manat cərimə, mediasiya xərcinə görə ödənilmiş 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 42,05 faizini təşkil etdiyini nəzərə alaraq ödənilmiş 154 manat məbləğində dövlət rüsumunun 64,75 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 89,25 manat məbləği iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 22 dekabr 2020-ci il tarixli, 15 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 5685.38 manat əsas borc, 200 manat cərimə, mediasiya xərcinə görə ödənilmiş 100 manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 154 manat məbləğində dövlət rüsumunun 64,75 manat məbləği "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin, qalan 89,25 manat məbləği "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar