Məhkəmə qərarları › İş №e-2-2(113)-2015/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2015/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2015/2024 07.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13771 manat əsas borc məbləği, 39247 manat cərimə, 270 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış K-167 nömrəli müqavilə və qiymət razılaşma protokollarına uyğun olaraq eqaimələr və təhvil-təslim aktlarına əsasən satıcı İddiaçı MMC aşağıdakı ümumi ƏDV daxil 81485,27 manat dəyərində malları alıcı Cavabdeh MMC-yə təhvil vermişdir: EBCA 718970, STP-SD-202200280 Qoşma № 1 düzəliş 1/K325, xx.xx.2022-ci il tarixli 77611 manat, 11838,96 manat ƏDV daxil; EBBX 095359, K-167 xx.xx.2022, xx.xx.2022-ci il tarixli, 3874,27 manat, 590,99 manat ƏDV daxil. Təhvil verilmiş mallara görə alıcı Cavabdeh MMC 67774,27 manat ödəniş etmişdir. Nəticədə Cavabdeh MMC-nin 13771 manat borcu 570 gündən çoxdur ki, qalmaqdadır. Müqavilənin 7.2-ci bəndinə uyğun olaraq ödənişin hər gecikmə gününə görə 0.5% cərimə satıcıya ödənilməlidir. Beləliklə, 570 gün gecikmə üçün alıcının 39247 manat cərimə borcu yaranmışdır (13771 * 0,5% * 570). Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış K-167 nömrəli müqavilə və qiymət razılaşma protokollarına uyğun olaraq: ƏDV daxil ümumilikdə 307189,98 AZN məbləğində malların ödənişi üçün Cavabdeh MMC-yə 12 ədəd elektron qaimə göndərilmişdir. Təhvil-təslim aktlarından göründüyü kimi, ümumilikdə 22165 metr miqdarında kabel məhsulları cavabdehə təhvil verilmişdir. Təhvil verilmiş məhsullara uyğun olaraq cavabdeh də öz növbəsində ödənişlər etmişdir. Bank hesabından ümumilikdə 250565,01 manat və ƏDV hesabından ümumilikdə 45101,69 manat, ümumilikdə 295666,7 manat ödəniş edilmişdir: Təhvil verilmiş ƏDV daxil ümumilikdə 307189,98 manat məbləğində mallara görə 11523,28 manat borc ödənilməmişdir. Həmin borc 570 gündən çoxdur ki, qalmaqdadır. Nəticədə Cavabdeh MMC-nin 11523,28 manat borcu Müqavilənin 7.2-ci bəndinə uyğun olaraq ödənişin hər gecikmə gününə görə 0,5% cərimə satıcıya ödənilməlidir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh MMC-dən 11523,28 manat əsas borc məbləği, 1000 manat cərimə borcu, 270 manat ödənilmiş dövlət rüsumu, 300 manat vəkil xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında K-167 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə satıcı adı, miqdarı, qiyməti və s. qiymət təklifində nəzərdə tutulmuş malı alıcıya satmağı, alıcı isə həmin malı qəbul edib onun QT itə razılaşdırılmış müddətdə qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 7.2-ci bəndinə əsasən alıcı ödənişləri vaxtında həyata keçirmədikdə, gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 0.5% (sıfır tam onda beş) miqdarda satıcıya dəbbə ödəməlidir. Cərimənin ödənilməsi alıcını müqavilə üzrə öhdəliklərin icrasında azad etmir. - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış K-167 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli qoşma bağlanmışdır. Qoşmada 300/500 V NHXMH 3x4 malın vahidinin qiyməti 3,28 manat, sifariş olunan miqdarı 1000 olmaqla, ümumilikdə 3870,40 manat (3280 manat əsas + 590,40 manat ƏDV) məbləğində olmasını tərəflər razılaşdırmışlar. Qoşmada qeyd olaraq yazılmışdır ki, alıcı mal hazır olduqdan sonra 5 (beş) iş günü ərzində həmin malı satıcının anbarından təhvil almalıdır. Qeyd edilən müddət ərzində mal anbardan təhvil alınmadıqda satıcının anbar xərci kimi təhvil alınmamış malın dəyərinin 0.5%-i (sıfır tam onda beş faizi) məbləğində cərimə hesablamaq hüququ vardır. - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, STP- SD-202200280 saylı məhsulların və xidmətlərin alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 nömrəli qoşma düzəliş 1/K-325 bağlanmışdır. Qoşmada 6/10 kV NA2XS2Y 1x185/25 malın vahidinin qiyməti 10,80 manat, sifariş olunan miqdarı 6090 olmaqla, ümumilikdə 77610,96 manat (65772 manat əsas + 11838,96 manat ƏDV) məbləğində olmasını tərəflər razılaşdırmışlar. Qoşmada qeyd olaraq yazılmışdır ki, alıcı mal hazır olduqdan sonra 5 (beş) iş günü ərzində həmin malı satıcının anbarından təhvil almalıdır. Qeyd edilən müddət ərzində mal anbardan təhvil alınmadıqda satıcının anbar xərci kimi təhvil alınmamış malın dəyərinin 0.5%-i (sıfır tam onda beş faizi) məbləğində cərimə hesablamaq hüququ vardır. - xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 174188 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 47304,45 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 773717 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 20545,22 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 095359 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3874,27 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 754885 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 29896,57 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 293365 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 39696,53 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 846390 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1895,67 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 225404 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 22678,86 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 459508 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 22678,86 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 459708 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 16850,12 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 317359 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 15809,42 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 755201 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 18221,16 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 718970 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 77610,96 manat (ƏDV daxil) təşkil edir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2021-ci il tarixdə 19708,80 manat, xx.xx.2021-ci il tarixdə 19708,80 manat, xx.xx.2021-ci il tarixdə 17420 manat, xx.xx.2021-ci il tarixdə 20000 manat, xx.xx.2021-ci il tarixdə 20000 manat, xx.xx.2021-ci il tarixdə 20000 manat, xx.xx.2021-ci il tarixdə 40000 manat, xx.xx.2021-ci il tarixdə 3598,14 manat, xx.xx.2022-ci il tarixdə 13360 manat, xx.xx.2022-ci il tarixdə 15441,66 manat, xx.xx.2022-ci il tarixdə 50000 manat, xx.xx.2023-cü il tarixdə 8000 manat, xx.xx.2024-cü il tarixdə 3327,61 manat, xx.xx.2024-cü il tarixdə 3327,61 manat məbləğində ödəniş edilmişdir. - Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş İddiaçı MMC-yə dair (VÖEN: **********) xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən xx.xx.2021-ci il tarixdə 3547,58 manat, xx.xx.2021-ci il tarixdə 3547,58 manat, xx.xx.2021ci il tarixdə 3135,60 manat, xx.xx.2021-ci il tarixdə 3600 manat, xx.xx.2021-ci il tarixdə 3600 manat, xx.xx.2021-ci il tarixdə 3600 manat, xx.xx.2021-ci il tarixdə 7200 manat, xx.xx.2021-ci il tarixdə 647,66 manat, xx.xx.2022-ci il tarixdə 2404,80 manat, xx.xx.2022-ci il tarixdə 2779,50 manat, xx.xx.2022-ci il tarixdə 5200 manat, xx.xx.2022-ci il tarixdə 3800 manat, xx.xx.2022-ci il tarixdə 1440 manat məbləğində ödəniş edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 005XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 22 saylı Vəkil Bürosunun AZ53UBAZ**********0090AZN001 nömrəli hesabına 300 (üç yüz) manat məbləğində vəsait köçürülmüşdür. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, tədqiq olunan sübutlar əsasında müəyyən edildi ki, Cavabdeh MMC və İddiaçı MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış K-167 nömrəli müqavilə və qiymət razılaşma protokollarına uyğun olaraq kabel məhsulları cavabdehə təhvil verilmiş, malların ödənişi üçün Cavabdeh MMC-yə elektron qaimələr göndərilmişdir. Təhvil verilmiş məhsullara uyğun olaraq cavabdeh də öz növbəsində qismən ödənişlər etmişdir. Təhvil verilmiş mallara görə 11523,28 manat borc ödənilməmişdir. Həmin borc vaxtında ödənilməmişdir. Ona görə də iddiaçı müqavilənin 7.2-ci bəndinə istinad edərək, cavabdehdən cərimə məbləğinin tutulmasını xahiş etmişdir. Beləliklə, cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən 11523,28 manat (on bir min beş yüz iyirmi üç manat iyirmi səkkiz qəpik) əsas borc, 1000 (min) manat cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı vəkilə ödənilmiş 300 manat və 270 manat rüsumun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, 300 (üç yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 270 (iki yüz yetmiş) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 11523,28 manat (on bir min beş yüz iyirmi üç manat iyirmi səkkiz qəpik) əsas borc, 1000 (min) manat cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 270 (iki yüz yetmiş) manat, 300 (üç yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 13093,28 manat (on üç min doxsan üç manat iyirmi səkkiz qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar