Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2020/2024 10.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun etirafı haqqında mücərrəd müqavilə) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İ. İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında imzalanmış 23 fevral 2023-cü il tarixli, 029 nömrəli alğı-satqı müqaviləsinə və 31 oktyabr 2023-cü il tarixli borcun etirafı haqqında razılaşmaya əsasən əsas borc məbləği qismində 92.400 manat, özgə vəsaitini qanunsuz saxlamaq və ondan faydalanmağa görə hesablanmış faiz qismində 7161 manat, vəkilin xidmətlərindən istifadəyə görə çəkilmiş xərc qismində 520 manat, tələb edilən cəmi 100081 manat ümumi məbləğə görə hesablanmış dövlət rüsumu qismində 391 manat pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 23 fevral 2023-cü il tarixli, 029 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı- İddiaçı MMC müqavilə üzrə tələb olunan tikinti mallarını Alıcı- Cavabdeh MMC-yə təhvil verməyi, alıcı-Cavabdeh MMC isə bunun qarşılığında həmin malların dəyərini müqavilə ilə müəyyən edilmiş şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən tam şəkildə icra edilsə də cavabdeh qəbul etdiyi malın dəyərini ödəməmiş, bununla da müqavilə öhdəliklərini vaxtında və lazımı qaydadaicraetməyərək müqaviləni kobud şəkildə pozmuşdur. Tərəflər dəfələrlə yaranmış borcun qaytarılması üçün danışıqlar aparmış və yekunda cavabdehin xahişinə əsasən, tərəflər arasında müqavilə üzrə yaranmış mövcud borcun etirafına dair 31 oktyabr 2023-cü il tarixli razılaşma imzalanmışdır. Razılaşmada qeyd olunmuşdur ki, Müqavilə üzrə tələbkarİddiaçı MMCöhdəliyi tam şəkildə yerinə yetirmişdir və borclu Cavabdeh MMC tərəfindən Müqavilə üzrə tələbkara qarşı heç bir irad, pretenziya və ya hər hansı iddia yoxdur. Həmin razılaşma əsasında cavabdeh müqavilə üzrə borcunu etiraf etmişdir və öhdəliyinin yerinə yetirilməsi üçün iddiaçıdan möhlət verilməsini istəmişdir. İddiaçı borcun etirafı barədə razılaşması bağlanılması şərti ilə möhlət verilməsinə razılığını bildirmişdir. Bununla da tərəflər aşağıdakılar barədə razılığa gələrək borcun etirafı barədə razılaşmanı bağlamışlar: Borclu Cavabdeh MMC Tələbkar İddiaçı MMC qarşısında Müqavilə üzrə əsas məbləğ 92.400 manat və ƏDV-si 7614 manat borcunu etiraf edir. Borclu tələbkar qarşısında etiraf edilən borc məbləğini iki hissədə olmaqla ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixindən - xx.xx.2023-cü il tarixinə qədər 46 200 AZN məbləğində ilk hissəni, xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixinə qədər 46 200 AZN məbləğində ikincihissəni ödəməyi öhdəsinə götürür. Borclunun Müqavilə üzrə etiraf etdiyi borc məbləğini ödəməməsi tələbkara Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq vurulmuş zərəri tam şəkildə borcludan tələb etmək hüququ verir. Qeyd etmək lazımdır ki, cavabdeh borcla bağlı ƏDV ödənişini ƏDV hesabına ödəsə də razılaşmada göstərilən son ödəniş tarixlərinin keçməsinə baxmayaraq borc məbləği üzrə bu günə qədər heç bir ödəniş həyata keçirməmişdir və ödənilməyən məbləğ qismində 92.400 manat əsas borcu mövcuddur. Odur ki, müqavilənin 10.1-ci bəndini və razılaşmanın 3-cü bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası qanunvericiliyinə əsasən müqavilə üzrə yerinə yetirilməmiş öhdəliyin təmin edilməsi və 92 400 manat məbləğində əsas borc məbləğinin, Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bundan başqa, iddiaçıya məxsus pul vəsaitinin qanunsuz özündə saxlanılması və ondan faydalanmağa görə əlavə faiz məbləği, vəkillik xidmətinə görə çəkilən xərc qismində 520 manat məbləğ, iddianın məhkəməyə təqdim edilməsi ilə bağlı ödənilən dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 425.1, 442, 443.1, 449.1, 881.1-881.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ.Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Satıcı” İddiaçı MMC ilə “Alıcı" Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 29 nömrəli müqavilədən görünür ki, müqaviləyə əsasən Satıcı müqavilənin qüvvədə olduğu müddət ərzində tələb olunan tikinti malları (qaynaq çubuqları və qaynaq aparatları) ilə təmin etməyi, Alıcı isə həmin malların dəyərinin müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödənilməsini öhdəsinə götürür. Satılan malların qiyməti yazılan qaimə faktura ilə göstərilir. Müqaviləyə əsasən “Alıcı” satılan malların dəyərini “Satıcının” bank hesabına ödədikdən sonra təhvil ala bilər. xx.xx.2023-cü il tarixli Qiymətlərin razılaşması protokolundan görünür ki, müxtəlif adda malların cəmi qiymətləri müvafiq olaraq 16877,61 manat məbləğində müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli Razılaşmadan görünür ki, Cavabdeh MMC İddiaçı MMC qarşısında öhdəliyini tam yerinə yetirməmiş və İddiaçı MMC qarşısında əsas məbləğ 92400 manat və ƏDV-si 7614 manat məbləğində borrcunun olmasını etiraf etmiş, borclu tələbkar qarşısında etiraf edilən borc məbləğini iki hissədə olmaqla ödəməyi öhdəsinə götürmüş, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər 46 200 AZN məbləğində ilk hissəni, xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixinə qədər 46 200 AZN məbləğində ikinci hissəni ödəməyi öhdəsinə götürmüşdür. borclunun müqavilə üzrə etiraf etdiyi borc məbləğini ödəməməsi tələbkara Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq vurulmuş zərəri tam şəkildə Borcludan tələb etmək hüququ verir. Tərəflər hər ikisi Razılaşmanı imzaları ilə təsdiq edərək möhürləmişlər. xx.xx.2024-cü il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, Vəkil göstərdiyi hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 520 manat müəyyən olunmuşdur. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1- 882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. İV.Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. V.Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı razılaşdırılmış malları cavabdehə təhvil vermiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nisyə alqı-satqı müqaviləsi əsasında təhvil verilmiş malların dəyərini razılaşdırılmış müddət ərzində iddiaçıya tam ödəməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən nisyə verdiyi malların ödənilməsini tələb etmək hüququ yaranmışdır. Həmçinin tərəflər arasında imzalanmış razılaşma ilə cavabdeh iddiaçıya olan borcunu etiraf etmişdir. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyəri həcmində 92.400 manat pulu ödəmədiyini, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, həmçinin cavabdehin razılaşma ilə borcunu etiraf etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi əsaslıdır, buna görə də 92400 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı 7161 manat faiz borcu ilə bağlı hissəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı cavabdehin hər hansı maddi xeyir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 355 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Bundan başqa məhkəmə, vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, 520 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vİ. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 92400 (doxsan iki min dörd yüz) manat məbləğində borc, vəkilə çəkilmiş xidmət haqqı olaraq 520 (beş yüz iyirmi) manat məbləğ və ödənilmiş dövlət rüsumunun 355 (üç yüz əlli beş) manatının əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2020/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2020/2024
10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver