Məhkəmə qərarları › İş №e-2-2(113)-2021/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2021/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2021/2025 15.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli məhsulların nisyə alqı-satqısı barədə müqavilə üzrə 8021 manat məbləğində pulun və ödənilmiş 100,21 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə barışıq sazişi təqdim edərək sazişin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş 10 aprel 2025-ci il tarixli barışıq sazişindən (iddiaçı “Birinci tərəf” qismində, cavabdeh “İkinci tərəf” qismində) görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 2.1. Tərəflər etiraf və qəbul edirlər ki, “İkinci tərəf”in “Birinci tərəf”ə olan borcu 8021 (səkkiz min iyirmi bir) manat təşkil edir. 2.2. “İkinci tərəf” 8021 (səkkiz min iyirmi bir) manat borcu 01 may 2025-ci il tarixindən başlayaraq 01 oktyabr 2025-ci il tarixədək hər ay 200 (iki yüz) manat olmaqla, 01 oktyabr 2025-ci il tarixdən hər ay 400 (dörd yüz) manat olmaqla 17 (on yeddi) ay müddətinə, 01 mart 2027-ci il tarixədək tam şəkildə ödəməyi öhdəsinə götürür. 2.3. Sazişə əsasən “İkinci tərəf” Cavabdeh ardıcıl olaraq 2 (iki) ay müddətində öhdəlik üzrə ödəniş etmədiyi halda, “Birinci tərəf” olan İddiaçı MMC borcunu və dəymiş ziyanı tam şəkildə tələb etmək hüququna malikdir. 2.4. Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid ediləcək. 2.5. Tərəflər bu barışıq saziş üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, bir-birinin əleyhinə istifadə etməyəcəklər. 3.1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə aydındır və bu Saziş imzalandıqdan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, bu Sazişlə həll edilən məsələlər üzrə gələcəkdə bir-birilərinə qarşı iddia qaldırmaq hüquqlarının olmadıqlarını bilirlər. 3.2. Bu barışıq sazişi imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. 3.3. Bu barışıq sazişi 3 (üç) orijinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, bir nüsxəsi məhkəmədə qalmaqla, sazişin hər bir iştirakçısında bir nüsxə saxlanılır. 3.4. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitəsilə tanışdırlar, razılaşmalar onların iradəsinə uyğundur, məzmunu onlara tam aydındır və hər-hansı qeyri-müəyyənlik yoxdur, onlara öz hüquq məsləhətçiləri tərəfindən izahlar verilmişdir. Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdeh imzalamış, iddiaçının nümayəndəsinə xx.xx.2024-cü il tarixli 1295 nömrəli etibarnamə ilə müvafiq səlahiyyət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, adıçəkilən barışıq sazişində tərəflərin çəkdiyi məhkəmə xərclərinin özlərinə aid edilməsi razılaşdırıldığından həmin razılığa uyğun olaraq da qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı (“Birinci tərəf” qismində) ilə Cavabdeh (“İkinci tərəf” qismində) arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 2.1. Tərəflər etiraf və qəbul edirlər ki, “İkinci tərəf”in “Birinci tərəf”ə olan borcu 8021 (səkkiz min iyirmi bir) manat təşkil edir. 2.2. “İkinci tərəf” 8021 (səkkiz min iyirmi bir) manat borcu 01 may 2025-ci il tarixindən başlayaraq 01 oktyabr 2025-ci il tarixədək hər ay 200 (iki yüz) manat olmaqla, 01 oktyabr 2025-ci il tarixdən hər ay 400 (dörd yüz) manat olmaqla 17 (on yeddi) ay müddətinə, 01 mart 2027-ci il tarixədək tam şəkildə ödəməyi öhdəsinə götürür. 2.3. Sazişə əsasən “İkinci tərəf” Cavabdeh ardıcıl olaraq 2 (iki) ay müddətində öhdəlik üzrə ödəniş etmədiyi halda, “Birinci tərəf” olan İddiaçı MMC borcunu və dəymiş ziyanı tam şəkildə tələb etmək hüququna malikdir. 2.4. Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid ediləcək. 2.5. Tərəflər bu barışıq saziş üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, bir-birinin əleyhinə istifadə etməyəcəklər. 3.1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə aydındır və bu Saziş imzalandıqdan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, bu Sazişlə həll edilən məsələlər üzrə gələcəkdə bir-birilərinə qarşı iddia qaldırmaq hüquqlarının olmadıqlarını bilirlər. 3.2. Bu barışıq sazişi imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. 3.3. Bu barışıq sazişi 3 (üç) orijinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, bir nüsxəsi məhkəmədə qalmaqla, sazişin hər bir iştirakçısında bir nüsxə saxlanılır. 3.4. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitəsilə tanışdırlar, razılaşmalar onların iradəsinə uyğundur, məzmunu onlara tam aydındır və hər-hansı qeyri-müəyyənlik yoxdur, onlara öz hüquq məsləhətçiləri tərəfindən izahlar verilmişdir. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar