Məhkəmə qərarları › İş №e-2-2(113)-2022/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2022/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2022/2021 09.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, pulun tutulması və ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “xxxx” MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğvi, pulun tutulması və ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 17 dekabr 2019-cu il tarixli, 0122 saylı alqı-satqı müqaviləsinin ləğv olunmasını, 12455 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini və maddi ziyana görə 3000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli 0122 №-li alqı-satqı müqaviləsinə əsasən “İcraçı” cavabdeh hazırki müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokolunda göstərilən texniki avadanlıqları “Sifarişçi”yə satır və “Sifarişçi” öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən “İcraçı”ya ödəyir. 0122 №-li 17 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə dair qiymətlərin razılaşdırma protokolunda qeyd edilmişdir ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 2 ədəd SR-1000 Reqistrator ümumi dəyəri 5690 AZN, 5 ədəd Microfon STM2100 ümumi dəyəri 3650 AZN, 5 ədəd Power Suplies ümumi dəyəri 1575 AZN, 1 ədəd WEB-SP dəyəri 630 AZN, quraşdırılma və tənzimləmə dəyəri 900 AZN, yekun məbləğ 12455.00 AZN. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən “Sifarişçi” mallara görə “İcraçı” tərəfindən təqdim edilmiş hesabfakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini “İcraçı”nın hesabına 3-10 gün müddətinə ödəyir. 19 dekabr 2019-cu il tarixli, 2918 nömrəli ödəniş tapşırığına əsasən 12455 (on iki min dörd yüz əlli beş) AZN məbləğində pul vəsaiti iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürülmüşdür. Lakin, ödəniş tapşırığının həyata keçirilməsindən uzun müddət keçməsinə və bununla bağlı tərəflərindən “İcraçı” olan cavabdehə ünvanladıqları 28 yanavar 2021-ci il tarixli pretenziya məktubuna baxmayaraq cavabdeh 17 dekabr 2019-cu il tarixdə sifariş olunan texniki avadanlıqların “Sifarişçi”-yə təhvil verilməsinə dair müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh müqavilə öhdəliklərinə riayət etməməklə onlara maddi ziyan vurmuşdur. Ona görə də cavabdehə ödədikləri 12455 AZN məbləğində pul vəsaiti onlara geri qaytarılmalıdır. Eyni zamanda bu səbəbdən əldə edəcəkləri gəlirlərdən məhrum olmaqla da maddi ziyana uğramışlar. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı ilə cavabdeh arasında 17 dekabr 2019-cu il tarixli, 0122 saylı “Alqı-satqı” müqaviləsi bağlanmış, müqavilə hər iki tərəfin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən icraçı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokollarında göstərilən texniki avadanlıqları sifarişçiyə satır və sifarişçi öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən icraçıya ödəyir. Müqavilənin 2.2-ci maddəsinə əsasən satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir. Müqavilənin 3.1-ci maddəsinə əsasən sifarişçi mallara görə icraçı tərəfindən təqdim olunmuş hesab-fakturalara və qaimə fakturalara uyğun olaraq aldığı malların dəyərini icraçının hesabına 3-10 gün müddətinə ödəyir. Müqavilənin 3.3-cü maddəsinə əsasən hazırkı müqaviləyə əsasən bütün ödənişlər bank köçürülmə yolu ilə manatla həyata keçirilir. Müqavilənin 5.2-ci maddəsinə əsasən öhdəlikləri yerinə yetirmək imkanı olmayan tərəf bu barədə yazılı akt tərtib edir və digər tərəfi dərhal yaranmış şərait, onun nəzərdə tutulan davamlığı və sona çatması müddəti barədə məlumat verir. - 17 dekabr 2019-cu il tarixli 0122 saylı alğı-satqı müqaviləsinə dair “Qiymətlərin razılaşdırma protokolu”ndan məlum olur ki, cavabdeh ümumi dəyəri 5690 manat olan 2 ədəd SR-1000 Reqistrator, ümumi dəyəri 3650 manat olan 5 ədəd Microfon STM2100, ümumi dəyəri 1575 manat olan Power Suplies, ümumi dəyəri 630 manat olan WEB-SP, ümumi dəyəri 900 manat olan Quraşdırma və tənzimləmə dəyəri, cəmi 12445 manatlıq sifarişi icraçıya çatdırmağı razılaşdırmışdır. Protokol hər iki tərəfin imzaları və möhürləri ilə təsdiq edilmişdir. - 19 dekabr 2019-cu il tarixli 2918 nömrəli ödəniş tapşırığından aydın olur ki, 12445 manat pul vəsaiti iddiaçının bank hesabından cavabdehin bank hesabına köçürülmüşdür. - İddiaçı 28 yanvar 2021-ci il tarixdə cavabdehə pretenziya qaydasında məktub ünvanlayaraq aralarında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsini təklif etmiş, cavabdehə ödədiyi 12445 manat pul vəsaitinin iddiaçıya qaytarılmasını, əks təqdirdə pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edəcəyi barəsində xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının cavabdehdən öhdəliyin icrasını tələb etməsi onlar arasında bağlanmış 17.12.2019-cu il tarixli alğı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. İddia ərizəsində cavabdehin iddiaçıya qaytarmalı olduğu əsas borc məbləğinin 12455 manat olması göstərilsə də, tərəflər arasında bağlanmış müqaviləyə dair qiymətlərin razılaşdırma protokolunda, ödəniş tapşırığında, habelə cavabdehə ünvanlanmış pretenziya məktubunda həmin məbləğin 12445 manat təşkil etməsi əks olunmuş, bundan əlavə iddia ərizəsində də cavabdehdən alınmış malların dəyəri sadalanmış, sadə riyazi hesablama nəticəsində həmin malların dəyərinin 12445 manat təşkil etməsini (5690 AZN + 3650 AZN + 1575 AZN + 630 AZN + 900 AZN) müəyyən olunur. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, iddiaçının alğı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliklərini tam icra etdiyini, cavabdehin həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 12445 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının ödədiyi pul vəsaitinin cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsi ləğv edilməli, cavabdehdən 12445 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddia ərizəsində iddiaçı ona dəymiş maddi ziyana görə 3000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi tələbi ilə çıxış edir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını sübut etməlidir. Hazırki halda iddiaçı, Mülki Məcəllənin 21-ci maddəsində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Nəticə: Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli 0122 saylı alqı-satqı müqaviləsi ləğv olunmalı, cavabdehdən 12445 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli 0122 saylı alqı-satqı müqaviləsi ləğv olunsun. Cavabdeh 12445 (on iki min dörd yüz qırx beş) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar