Məhkəmə qərarları › İş №e-2-2(113)-2027/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2027/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2027/2024 11.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 143074,55 manat məbləğində əsas borcun, 9729,10 manat məbləğində müqavilə üzrə gecikdirmə faiz borcunun, 11088,28 manat məbləğində özgəsinin vəsaitindən istifadə üçün faizlərin və 453,89 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 164345,79 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli MB-459/2023 saylı “Təchizat müqaviləsi” bağlanılmışdır. Müqaviləyə əsasən, Alıcının sifarişi əsasında ona Təchizatçı tərəfindən aşağıdakı cədvəldə qeyd olunan məbləğdə veyplər, yəni elektron siqaretlər təchiz edilmiş, Alıcının isə təchiz edilmiş Mallara görə Təchizatçı qarşısında borcu yaranmışdır. Müqavilənin 3.5-ci bəndinə uyğun olaraq, malın Alıcı tərəfindən qəbulu zamanı malın, həmçinin onun qablaşdırılması, etiketi, aksiz markaları (spirtli məhsullar üçün) və malın vizual tərtibatının digər elementlərinin zədələnmə halları aşkar olunmadıqda və ƏNF-də (əmtəə-nəqliyyat fakturasında) əks olunmadıqda, Təchizatçı tərəfindən təchiz edilmiş və Alıcı tərəfindən qəbul edilmiş mal lazımi keyfiyyətli mal hesab olunur və geri qaytarılmır. Bu halda Tərəflər ƏNF-ni imzalayırlar. Cavabdeh yuxarıda qeyd edilən malların qəbulu barədə müvafiq ƏNF-ləri şəxsən imzalamışdır. Bundan sonra cavabdeh xx.xx.2023-cü il tarixdə malların təqdim edilməsini təsdiq edən EBDT 061746 xx.xx.2023 20 900,04 manat, EBDT 446583 xx.xx.2023 121 507,55 manat, EBDU 956122 xx.xx.2023 666,96 manat olmaqla hər 3 elektron qaiməni "səhv göndərilib" qeydi ilə düzəlişə göndərmişdir. xx.xx.2023-cü il tarixində cavabdeh iddiaçının ünvanına 2 ədəd boş A4 vərəq olan sifarişli məktub zərfi göndərmişdir. Onların iddiaçıya nə səbəblə göndərilməsini izah etməmişdir. xx.xx.2023-cü il tarixində cavabdeh iddiaçıya AZ1065/********** saylı teleqram göndərmişdir. Teleqramda cavabdeh tərəfindən “aramızda bağlanmış müqavilənin tələbləri arasında uyğunsuzluq olduğuna görə bəzi hallar aydınlaşana qədər bu müqavilənin qüvvəsini birtərəfli qaydada dayandırmağı” xahiş edilmişdir. Qeyd olunmalıdır ki, nə iddiaçı ilə cavabdeh arasında bağlanmış Müqavilədə, nə də qüvvədə olan qanunvericilikdə müqavilənin bu cür dayandırılması qaydası nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən Müqavilənin şərtlərinin aydınlaşdırılması ilə əlaqədar hər hansı sualla iddiaçıya müraciət etməsi olmamışdır. Buna görə iddiaçı heç bir ağlabatan səbəb göstərmədən Müqavilənin bu cür qeyri-müəyyən müddətə dayandırılmasına razı olmadığını cavabdehə yazılı surətdə bildirmişdir. xx.xx.2023-cü il tarixində yuxarıda qeyd edilən elektron qaimələr sistem tərəfindən bərpa olunmuş, lakin onların statusu “təsdiq gözləyən” olaraq göstərilir. İddiaçıya təsadüfən məlum olmuşdur ki, fərdi sahibkar Cavabdeh kreditoru olan İddiaçı MMC-yə heç bir xəbərdarlıq etmədən fəaliyyətini dayandırmış və hazırda onun fəaliyyəti aktiv deyildir. Bu isə o deməkdir ki, sözügedən e-qaimələrin statusu cavabdeh fəaliyyətini bərpa edənədək “təsdiq edilmiş” və ya “sistem tərəfindən təsdiq edilmiş” olmayacaqdır. Müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflərdən hər biri məhkəmədən kənar birtərəfli qaydada digər tərəfi 7 (yeddi) təqvim günü ərzində yazılı şəkildə xəbərdarlıq etməklə bu müqaviləyə xitam vermək hüququna malikdir. Bu halda bir tərəfin digər tərəfə olan bütün borcları Müqavilənin ləğv olunmasından əvvəl ödənilməlidir. Bir tərəfin o biri tərəfə malın dəyərinin ödənilməsi üzrə öhdəliyi Müqaviləyə xitam verildikdən sonra da ləğv edilmir. Göstərilənləri nəzərə alaraq iddiaçı hesab edir ki, cavabdehin yuxarıda qeyd edilən hərəkətləri son dərəcədə məsuliyyətsizlik və iqtisadi dələduzluq kimi qiymətləndirilməlidir. Bu səbəbdən iddiaçı Müqavilənin 5.2-ci bəndini rəhbər tutaraq Müqaviləyə 10 yanvar 2024-cü il tarixindən birtərəfli qaydada xitam verdiyi və Müqavilə üzrə təchiz edilmiş malların 143 074,55 (bir yüz qırx üç min yetmiş dörd manat 55 qəpik) manat məbləğindəki dəyərini həmin tarixədək ona ödənilməsini tələb etdiyi barədə cavabdehi yazılı surətdə xəbərdar etmişdir. Lakin cavabdeh bu barədə xəbərdar edilməsinə baxmayaraq bu günədək sözügedən borc məbləğini iddiaçıya ödəməmişdir.

3. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ilkin iddiasının rədd edilməsi, cavabdehlə aralarındakı xx.xx.2023-cü il tarixli təchizat müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini, eləcə də cavabdehin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətlərinin olduğunu nəzərə alaraq xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC arasında hara gələk müqaviləni imzalayasınız deyilərək bağlanmış xx.xx.2023-cü il tarixli təchizat müqaviləsi əsasında satılmış malların bir çoxu istifadəyə yararsız vəziyyətdə olmuşdur. Həmin malların istifadəyə yararlıq müddəti ya bitmişdir yada yararlıq müddətinin bitməsinə 1-2 ay qalmışdır. Bu malların yararsız vəziyyətdə oJması səbəbindən satılması mümkün olmadığından malların geri götürülməsi dəfələrlə tələb edilsədə cavabdeh mallar geri qaytarıla bilməz deyərək malları geri götürməkdən imtina etmişdir. Belə ki, təqdim olunan mallar xx.xx.2023-cü il tarixində təhvil verilmişdir. Müvafiq mallar satış üçün paylamaya təqdim olunduqdan sonra məlum olmuşdur ki, təqdim olunan malların yararlıq müddəti ötmüşdür. Qanunvericiliyin tələblərinə əsasən satıcı olan cavabdeh alıcıya keyfiyyəti alqısatqı müqaviləsinə uyğun gələn əşya verməyə borclu olmasına baxmayaraq, yararlıq müddəti keçmiş malları iddiaçının iştirakı olmadan təqdim etmişdir. Halbuki qanunun tələblərində verilən əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət arzındə yararlı olmalıdır tələbi var. Bundan başqa satıcı olan cavabdeh yararlıq müddəti müəyyənləşdirilmiş malları mənə elə hesabla verməlidir ki, yararlıq müddəti bitənədək mallardan təyinatı üzrə istifadə edilə bilsin. Lakin cavabdeh yararlıq müddəti bitmiş və ya yararlıq müddətinin bitməsinə qısa müddət qalmış malları geri qaytarıla bilməz şərti iə təqdim edərək qanunun bu tələblərini də pozmuşdur. Dəfələrlə malların geri götürlməsi şifahi tələb edilsə də cavabdeh tərəfindən mallar götürülməmişdir. Hər dəfəsində bildirirdilər ki, narahat olma səndən yalnız satılmış malların pulunu alacağıq. Son olaraq xx.xx.2023-cü ildə tərəfimdən rəsmi məktub göndərilmişdir. Son çarə olaraq isə xx.xx.2023-cü il tarixində teleqram göndərərək yararlıq müddəti keçmiş mallar təqdim olunduğu üçün müqavilənin tək tərəfli xitam edilməsi tələb olunmuşdur.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ilk iddia tələbini müdafiə edib, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında olan müqavilə üzrə cavabdeh onlara hər hansı irad bildirməmiş, mallarda qüsur olması barədə onlara pretenziya verilməmiş, cavabdeh aldığı malları geri qaytarmamışdır. Müqavilə üzrə cavabdehə təhvil verilmiş malların yararlılıq müddətinin bitməsi barədə cavabdehin dəlili əsassızdır. Cavabdeh özü malları qəbul etmiş, bu barədə aktları imzalamış, onların yararlılıq müddətinin bitməsinə bir neçə ay qalmasını bilmiş, bu səbəbdən malların qiymətində ona əhəmiyyətli endirim edilmişdir. Cavabdeh mallarda nöqsan olduğu halda, ikinci partiya malı qəbul etməkdən imtina edər, malları geri qaytarmağa cəhd göstərərdi, belə ki, cavabdeh onlara xx.xx.2023-cü il tarixdə teleqram etmiş, müqavilənin qüvvəsini birtərəfli qaydada dayandırılmasını xahiş etmiş, mallarla bağlı hər hansı irad bildirməmişdir. Cavabdeh onlardan aldığı malları satıb realizə edə bilmədiyi üçün hazırda müqavilənin etibarsızlığını tələb edir. Belə ki, iddiaçı cavabdehi həmin malları qəbul etməyə məcbur etməmiş, cavabdeh könüllü şəkildə həmin malları qəbul etmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Əvvəlki məhkəmə iclasında cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilədə və təhvil aktlarında olan imzalar ona məxsus olsa da, müqaviləni oxumadan, şərtləri ilə tanış olmadan qol çəkmiş, malları təhvil alan zaman sayca çox olduğu üçün onları bir-bir yoxlamamışdır. Bundan əlavə, iddiaçı ilə o şərtlə müqavilə bağlamağa və yararlılıq müddətləri az qalmış malları qəbul etməyə razılıq vermişdir ki, iddiaçıdan qəbul etdiyi malları satdıqdan sonra onların dəyərini ödəyəcəkdir. Lakin malları sata bilməmiş, iddiaçı malları təhvil verdikdən bir qədər sonra ondan borcun ödənilməsini tələb etdikdə, iddiaçı tərəfindən aldadıldığını bilmişdir. Hazırda aldığı malların bir qismini üçüncü şəxslərə sata bilmiş, digər mallar isə hazırda ona məxsus mənzildə saxlanılır. Ona iddiaçının iddia etdiyi üçüncü partiya mal (666,96 manat) verilməmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 459/2023 saylı məhsulların təchizat müqaviləsindən görünür ki, təchizatçı əmtəə-nəqliyyat fakturalarına və elektron qaimə-fakturalara əsasən adda, çeşiddə və miqdarda malı Alıcının mülkiyyətinə verir, Alıcı isə həmin malı qəbul edir və onun dəyərini ödəyir.

10. Müqavilənin 2.3-cü bəndinə əsasən Alıcı alınmış mala görə ödənişi ƏNF-də göstərildiyi kimi Malın qəbulu günü təqdim olunan elektron qaimə-fakturanın təqdim edilməsindən etibarən 60 (almış) təqvim günü ərzində ödənişi təchizatçının bank hesabına köçürülməsini öhdəsinə götürür.

11. Müqavilənin 2.4-cü bəndinə əsasən Alıcı hazırkı müqavilə üzrə ödənişi vaxtında və ya tam şəkildə etmədikdə, hər gecikdirilmiş gün üçün vaxtında ödənilməmiş məbləğin 0,2 faizi miqdarında penyanı təchizatçı alıcıdan tutmağa haqlıdır, alıcı isə təchizatçıya ödəməyi öhdəsinə götürür.

12. Müqavilənin 3.5-ci bəndinə əsasən Malın Alıcı tərəfindən qəbulu zamanı malın, həmçinin onun qablaşdırılması, etiketi, aksiz markaları (spirtli məhsullar üçün) və malın vizual tərtibatının digər elementlərinin zədələnmə halları aşkar olunmadıqda və ƏNF-də əks olunmadıqda, Təchizatçı tərəfindən təchiz edilmiş və Alıcı tərəfindən qəbul edilmiş mal lazımi keyfiyyətli mal hesab olunur və geri qaytarılmır. Bu halda Tərəflər ƏNF-ni imzalayır.

13. Müqavilənin 3.6-cı bəndinə əsasən əgər müqavilənin 3.5-ci bəndində göstərilən qüsurlar aşkar olunarsa, Alıcı dərhal Təchizatçını xəbərdar edir və ən geci 3 (üç) iş günü ərzində yazılı şəkildə Təchizatçıya pretenziyanı bildirir. Təchizatçı Alıcının pretenziyasına 10 (on) iş günü ərzində yazılı şəkildə cavab verməyi öhdəsinə götürür. Əsaslandırılmış pretenziya üzrə Təchizatçı öz istəyi ilə keyfiyyətsiz malı keyfiyyətli mala əvəz etməyi və ya keyfiyyətsiz malın dəyərini Alıcıya qaytarmağı öhdəsinə götürür, bu da müvafiq elektron qaimə-faktura ilə rəsmiləşdirilir.

14. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən ümumilikdə 121507,55 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən ümumilikdə 20900 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir.

15. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdırıb toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir.

16. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə qarşılıqlı iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunubolunmamasından asılı olaraq ilk iddia tələbi araşdırılmalıdır.

17. Cavabdeh qarşılıqlı iddia ərizəsində tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 459/2023 saylı təchizat müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir.

18. Cavabdeh həmin müqavilənin bağlandığı zaman iddiaçı tərəfindən aldadıldığını, iddiaçı tərəfindən ona verilmiş malların əksəriyyətinin mallar təhvil verildiyi tarixdən daha əvvəl yararlılıq müddətinin bitdiyini iddia edir.

19. Məhkəmə cavabdehin həmin müqavilənin aldadılaraq ona imza etdirilməsi barədə dəlillərini inandırıcı və ağlabatan hesab etmir.

20. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2023cü il tarixli 459/2023 saylı təchizat müqaviləsi imzalanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə müxtəlif çeşidli elektron siqaretlər təhvil verilmişdir.

21. Cavabdeh həmin müqavilə bağlandıqdan 2-3 gün sonra (xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli) təhvil-təslim aktı əsasında malları təhvil almış, aldığı malları iddiaçıya geri qaytarmamış, həmin müqavilə üzrə iddiaçıya (satıcı) xx.xx.2024-cü il tarixdə 3803 manat ödəniş etmişdir.

22. Hazırkı halda tərəflər arasında alqı-satqıdan irəli gələn müqavilə münasibətlərinin mövcudluğu yalnız müqavilə ilə deyil, tərəflər arasında bağlanmış təhvil-təslim aktları, o cümlədən cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə edilmiş ödənişlə təsdiqlənir, cavabdeh həmin müqaviləni bəyənərək iddiaçı ilə alqı-satqı münasibətlərinə daxil olduğundan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən müqavilə etibarlı hesab olunur.

23. Məhkəmə cavabdehin aldığı malların ona təhvil verilən zaman yararlılıq müddətinin keçmiş olması barədə dəlilini də əsassız hesab edir.

24. Belə ki, cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı sübut (iddiaçı tərəfindən cavabdehə həqiqətən yararlılıq müddəti keçmiş malın verilməsini təsdiq edən) təqdim edilməmişdir.

25. Bundan əlavə, cavabdeh məhkəmə iclasında verdiyi izahatında malların ona təhvil verilən zaman yararlılıq müddətinin bitməsinə az qalmış olmasını bildiyini göstərmişdir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

27. 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

28. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

30. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

31. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

32. 351.2-ci maddəsinə əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

33. 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

34. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

35. Belə ki, cavabdeh tərəf qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.

36. Məhkəmə qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı müddəaları özündə əks etdirən Mülki Məcəllənin 14-cü fəslində əqdin etibarsızlığının əsasları konkret göstərilmişdir ki, məhkəmə araşdırması zamanı da bu əsaslar (hallar) müəyyən edilməmişdir.

37. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından təmin edilməməlidir.

38. Bu qənaətə gələrkən Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır.

39. Avropa İnsan Hüquqları Məhkəməsi də özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X1rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ifadə etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

40. Məhkəmə qarşılıqlı iddiaçı tərəfindən cavabdeh barəsində xüsusi qərardad çıxarılması barədə vəsatətini əsassız hesab edir. Belə ki, hazırkı kommersiya mübahisəsi ilə bağlı xüsusi qərardadın çıxarılması üçün əsaslar müəyyən edilməmişdir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

42. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassızdır və təmin edilməməlidir.

43. Materiallardan görünür ki, ilk iddia 3 hissədən ibarətdir: 143074,55 manat pulun tutulması; 9729,10 manat dəbbə pulunun tutulması; 11088,28 manat maddi zərərin ödənilməsi.

44. Məhkəmə ilk iddia ərizəsinin birinci hissəsi ilə əlaqədar olaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

45. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

46. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

47. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

48. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

49. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

50. İddiaçı ilk iddia ərizəsində satılmış malların ümumi dəyərinin 143074,55 manat olmasını iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malların ümumi dəyəri 142407,55 manat (121507,55 manat + 20900 manat) təşkil edir.

51. İddiaçı cavabdehə əlavə olaraq 666,96 manat dəyərində olan malların da təhvil verildiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

52. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır, cavabdehdən satılmış malların dəyəri olan 142407,55 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

53. Məhkəmə ilk iddia ərizəsinin ikinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

54. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 9729,10 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

55. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

56. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

57. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 3000 manat müəyyən edilməlidir.

58. Məhkəmə ilk iddia ərizəsini üçüncü hissədə əsassız hesab edir.

59. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi (7,75 faiz) nəzərə alınmaqla hesablanmış 11088,28 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

60. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.

61. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

62. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.

63. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.

64. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.

65. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, cavabdehdən 142407,55 manat məbləğində əsas borc, 3000 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia rədd edilməlidir.

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən ilk iddia ərizəsi verilərkən ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə, 253,89 manat dövlət rüsumu ilk iddiaçının özünə, qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

68. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk iddiası qismən təmin edilsin. Cavabdeh 142407,55 manat məbləğində əsas borc, 3000 manat dəbbə pulu, 200 manat dövlət rüsumu, ümumilikdə 145607,55 (bir yüz qırx beş min altı yüz yeddi manat əlli beş qəpik) manat nəbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İlk iddia ərizəsi verilərkən ödənilmiş 253,89 manat dövlət rüsumu ilk İddiaçı MMC-nin özünə aid edilsin. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar