Məhkəmə qərarları › İş №e-2-2(113)-2028/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2028/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2028/2025 23.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi X1 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2024-cü il tarixli MQV-T/GC-41/04/24 nömrəli təchizat müqaviləsi bağlanmışdır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. 14.05.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən, tərəflər sözügedən müqavilə üzrə təhvil veriləcək malın ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar. Qiymətlərin razılaşdırılması protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. 08.04.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən,. tərəflər sözügedən müqavilə üzrə təhvil veriləcək malın ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar. Qiymətlərin razılaşdırılması protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə borcun ödənilməsinə dair pretenziya məktubu ünvanlanaraq 3 gün ərzində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 31 289.29 manat məbləğində əsas borc məbləğinin, 320 manat məbləğində vəkil xərclərinin, 200 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış MQV-T/GC-41/04/24 nömrəli, xx.xx.2024 tarixli müqavilə və qiymət razılaşma protokollarına uyğun olaraq Alıcı İddiaçı MMC 1.129.376,43 AZN məbləğində əsas hesabdan və 203 287,76 AZN məbləğində ƏDV hesabından olmaqla ümumi 1 332 664,19 AZN məbləğində vəsaiti Satıcı Cavabdeh MMC-yə ödəmişdir. Göründüyü kimi, 31 289.29 AZN məbləğində mallar Satıcı Cavabdeh MMC tərəfindən təhvil verilməmiş qalmışdır. (1 332 664,19 AZN - 1 301 374,90 AZN). Nəticədə Satıcı Cavabdeh MMC-nin Alıcı İddiaçı MMC qarşısında 31 289.29 AZN məbləğində borcu qalmışdır və borc 150 gündən artıqdır ki, ödənilmir. b) İddiaya qarşı etirazın dəlilləri

7. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi/vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. İddiaçının nümayəndəsi/vəkili məhkəməyə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

12. İddiaçının nümayəndəsi/vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

15. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

16. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

17. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli MQV-T/GC-41/04/24 nömrəli təchizat müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə ilə müəyyən olunan malların dəyərini cavabdehə ödəyərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə və qiymətlərin razılaşdırılması protokollarına əsasən müəyyən olunmuş malları tam şəkildə cavabdehə təhvil verməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Cavabdeh iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlər üzrə nə 31 289.29 manat dəyərində malları iddiaçıya təhvil verməmiş, nədə ki həmin məbləğ iddiaçıya geri qaytarılmamışdır. Halhazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan əsas borcu 31 289.29 manat təşkil edir.

19. İddiaçı mübahisəli müqavilə üzrə ödənişlərin edilməsi faktını sübuta yetirmək üçün cavabdehin hesabına köçürmələrin edilməsini təsdiq edən ödəniş sənədlərini məhkəməyə təqdim etmişdir.

20. Belə olan halda məhkəmə mübahisəli müqaviləyə əsaslanan öhdəlik münasibətində iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 31 289.29 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

21. Məhkəmə xərclərinə gəldikdə iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən vəkil xidmətlərinə görə 320 manat məbləğində xərc çəkilmişdir.

22. Həmçinin, hazırkı iş üzrə 200 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

23. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia tələbi təmin edilsin. 31.289.29 AZN məbləğində əsas borc məbləği, 320 AZN məbləğində vəkil xərcləri, 200 AZN ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində ümumi qaydada Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar