Məhkəmə qərarları › İş №e-2-2(113)-203/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-203/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-203/2022 20.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunun nümayəndəsi və vəkili Nümayəndə, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMC-nin qanuni nümayəndəsi X2, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunun ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “borcun tutulması” və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavoduna qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodu Cavabdeh MMCyə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6.400 ( altı min dörd yüz) manat əsas borcun, həmin borca görə hesablanmış 1280 (min iki yüz səksən) manat məbləğində faiz borcunun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 7.710 (yeddi min yeddi yüz on) manat məbləğində pulun birdəfəlik tutularaq SOCAR Metanol Zavoduna verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (İcraçı) və "xxxx" MMC (Sifarişçi) arasında 5 yanvar 2017-ci il tarixli, 2017-AMC saylı xidmət müqaviləsi (Müqavilə) imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən İcraçı Sifarişçi üçün “1C:Mühasibat Proqramı” proqram məhsulu bazasında Sifarişçinin əmək haqqı və işçi heyətinin idarə olunması sisteminin quraşdırmalı və onun işləməsini (Xidmət) təmin etməli idi. Həmin Müqavilənin 4.3.1-ci bəndinə əsasən, Sifarişçinin İcraçıya 6.400 manat məbləğində vəsaiti avans şəklində ödənilməsi öhdəliyi göstərilmişdir. Həmin avans ödənişinin Sifarişçi tərəfindən 13 mart 2017-ci il tarixdə həyata keçirilməsinə baxmayaraq, İcraçı öz müqavilə öhdəliklərini yerinə yetirməmiş və beləliklə müqavilə şərtlərini pozmuşdur. SOCAR-ın 16 oktyabr 2018-ci il tarixli SOCAR**********00060020C0001 nömrəli əmrinə əsasən "xxxx" MMC hüquqi varis kimi yeni yaradılmış Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol zavoduna qoşulmaqla onun fəaliyyətinə xitam verilmişdir. MMC-nin 01 oktyabr 2018-ci il tarixə olan debitor və kreditor borcları, o cümlədən "xxxx" MMC-yə avans şəklində ödənilmiş 6.400 (altı min dörd yüz) manat məbləği müvafiq təhvil-qəbul aktına uyğun olaraq hüquqi varis kimi Metanol zavoduna ötürülmüşdür. 08 may 2020-ci il tarixində Metanol zavodu və "xxxx" MMC-nin nümayəndələrinin iştirakı ilə qarşılıqlı üzləşmə aparılmışdır və imzalanmış müvafiq qarşılıqlı borcların üzləşdirilməsi Aktına əsasən 6400 manat məbləğində vəsait "xxxx" MMC-nin Metanol zavoduna borcu kimi qeyd edilmişdir. Cavabdeh MMC Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavoduna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodundan 9.600 manat ödənilməmiş borc, həmin borca görə hesablanmış 2.700 manat faiz borcunun, 1.000 maat hüquqi yardıma görə ödənilmiş məbləğin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 13.331 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (İcraçı) və "xxxx" MMC (Sifarişçi) arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 2017-AMC saylı xidmət müqaviləsinə əsasən, İcraçı Şifarişçi üçün “İC: Mühasibat Proqramı” proqram məhsulu bazasında Sifarişçinin əmək haqqı və işçi heyətinin idarə olunması sistemini quraşdırmalı və onun işləməsini təmin etməli, Sifarişçi isə bunun müqabilində müqavilənin 4.3-cii bəndinə əsasən, İcraçının göstərdiyi xidmətlər müqabilində 6.400 manat müqavilə bağlandığı andan 10 iş günü müddətində, növbəti ödəniş 4800 manat 30 % ilk əmək haqqı quraşdırılmış proqram vasitəsilə hesablanarkən, son ödəniş 4800 manat ikinci ay üzrə əmək haqqı quraşdırılmış proqram vasitəsilə hesablanarkən ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. İcraçı olaraq şirkətimiz müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyinə baxmayaraq, sifarişçi müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, bugünədək ödənişi tam həyata keçirməmiş, cəmi 6.400 manat avans ödəmiş, avansdan sonra ödəməli olduğu 9.600 manat məbləği ödəməmişdir. Belə ki, şirkət tərəfindən 1C Proqram Təminatı bazasında əmək haqqının hesablanması üzrə modul quraşdırılmış və təlimlər keçirilmiş, yəni şərtləşdirilmiş öhdəlik tam icra olunmuş, nəticədə 2016-cı ilin noyabr ayından etibarən 2018-ci ilin yanvar ayınadək "xxxx" MMC-də əmək haqqının hesablanması və ödənilməsi 1C Proqram Təminatı üzərindən qurulub aparılmışdır. 2016cı ilin noyabr ayından etibarən 2018-ci ilin yanvar ayınadək "xxxx" MMC-də işləyən işçilərin əmək haqlarının 1C Proqram Təminatı üzərindən qurulub hesablanması və ödənilməsi "xxxx" MMC-yə məxsus 2016-cı ilin noyabr ayından etibarən 2018-ci ilin yanvar aymadək hesablanmış işçilərin əmək haqqı sənədləri və digər sənədlərlə öz təsdiqini tapır. Göründüyü kimi şirkətimiz tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər tam yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, müqavilə üzrə cəmi 16.000 manat məbləğində ödəniş etməli olduğu halda cəmi 6.400 manat ödəniş etmiş, bugünədək 9.600 manat məbləğində borcu qalsa da hələ də ödənişi tam həyata keçirməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunun nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMC-nin qanuni nümayəndəsi X3 və Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə rədd edilməlidir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, "xxxx" MMC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmışdır. Qeyd edilən müqavilə üzrə icraçı Sifarişçi üçün “1C:Mühasibat Proqramı” proqram məhsulu bazasında Sifarişçinin əmək haqqı və işçi heyətinin idarə olunması sisteminin quraşdırmalı və təyin olunmuş əlavə opsiyaların işləməsinin yerinə yetirilməsi ilə bağlı olmuşdur. İşin digər mübahisələndirilməyən halı ondan ibarətdir ki, görülməli olan işə görə ümumi ödənilməli olan məbləğ 16.000 manat təşkil edir və Cavabdeh MMC müqavilə üzrə nəzərdə tutulmuş 1C proqramının hazırlanması məqsədi ilə xx.xx.2017-ci il tarixdə 6.400 manat məbləğində avans olaraq "xxxx" MMC-dən pul almışdır. Pulun qalan 4.800 manat olan hissəsi ilk əmək haqqı quraşdırılmış proqram vasitəsi ilə hesablanarkən, qalan 4.800 manat isə ikinci ay üzrə əmək haqqı quraşdırılmış proqram vasitəsi ilə hesablanarkən ödənilməli idi. Hazırda Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodu müqavilə üzrə nəzərdə tutulmuş 1C proqramının müqavilə üzrə nəzərdə tutulmuş formada təhvil verilmədiyini, proqramın qəbul edilmədiyini, proqramın sınaqdan keçirilən zaman işçilərin əmək haqqlarının hesablanması zamanı nöqsaların olduğunu, Cavabdeh MMCnin direktorunun da müqavilə üzrə öz öhdəliyini icra etməməsi səbəbindən 08 may 2020-ci il tarixində Üzləşmə Aktına imza edərək 6400 manat məbləğində borcunun olduğunu qəbul etdiyini bildirir. X4 işçilərinin əmək haqqlarının hesablanması diskdə göstərildiyi kimi, əvvəllə Excel proqramı vasitəsi ilə sonradan isə SAP proqramı vasitəsilə hesablandığını bildirir. Cavabdeh MMC isə müqavilə ilə nəzərdə tutulmuş 1C proqramının tam hazır edilərək təhvil verildiyini, Metanol Zavodunun işçilərinin əmək haqqlarının MMC tərəfindən hazırlanmış proqramdan istifadə edilmiş olduğunu qeyd edir və müqavilə üzrə ödənilməmiş 9.600 manat pulu tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli ilə bağlı Mülki Məcəllənin Podrat müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.3-ci maddəsinə əsasən Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və tərəflərin bir-birinə qarşı olan tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, tərəflərin bir-birinə qarşı tələbi tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 2017- AMC saylı müqavilədən irəli gəlir. Qeyd edilməlidir ki, hazırkı ilkin və qarşılıqlı iddia ilə mübahisənin həlli baxımından müəyyən edilməli olan ən əsas məqam nəzərdə tutulmuş 1C proqramının müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodu (köhnə adla "xxxx" MMC) təhvil verilib-verilməməsidir. İş materiallarında olan Metanol Zavodunun əməkdaşı kimi qeyd edilən Svetlana Aliyeva tərəfindən Cavabdeh MMC-nin əməkdaşı kimi qeyd dilən Mirsubhan Mirzaliyevə elektron poçt vasitəsi ilə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, “08 dekabr 2017-ci il tarixdə Ümumi şöbənin işçiləri ilə görüş zamanı birlikdə aşağıda qeyd edilən səbəblər yenidən baxılmışdır və məlum olmuşdur ki, səhvlər ümumi şöbənin işçiləri tərəfindən edilməmişdir və səhvlər birbaşa sistemə aid olub. Xahiş edirik bundan sonra belə nöqsanlar olanda öncədən sistemi yoxlayıb sonradan rəhbərlik səviyyəsində məktublar yazasınız” məzmunlu məktub olmuşdur. İş materiallarında olan Metanol Zavodunun əməkdaşı kimi qeyd edilən Xalid Zalov tərəfindən Ülvi Xanbabayevə elektron poçt vasitəsi ilə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, “dekabr ayının əmək haqqı cədvəlinin 1C əmək haqqı modulundan hesablanmış, hesablamalarda problem yaranmamış. Danışdığımız kimi növbəti mərhələdə-hesablama hissəsi tamamlandıqdan sonra interfeys, hesabat və qalan məsələlər üzərində iş getməlidir. Beləliklə, ilkin olaraq qeydə aldığımız çatışmazlıqların, görmək istədiyimiz dəyişikliklərin siyahısını aşağıda nəzərinizə çatdırıram:.....” məzmunlu məktub olmuşdur. İş materiallarında olan Metanol Zavodunun əməkdaşı kimi qeyd edilən Svetlana Aliyeva tərəfindən Ülvi Xanbabayevə elektron poçt vasitəsi ilə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, “Bildirmək istəyirik ki, sonuncu görüşümüz zamanı 1C proqramına əlavə iş saatlarının əlavə edilməsi ilə bağlı söhbətimiz olmuşdur. Hal-hazırda əlavə iş saatları iki işçi tərəfindən sistemə daxil edilir. Bir işçi tabelə salır, digər işçi isə əmrləri sistemə daxil edir. Belə ki, əlavə iş saatları tabel ilə və ya əmrə əsasən hesablanmalıdır. Hər iki işçi bir-bir əlavə iş saatlarını sistemə daxil edir. Bu halda hansısa işçi tərəfindən səhvə yol verilə bilər. Həmçinin hər iki işçinin vaxt itkisinə səbəb olur. Mühasibatlıq şöbəsinin əməkdaşı isə əlavə saatların hesablanmasını tabelə əsasən aparır. Xahiş edirik bu işi bir işçi tərəfindən aparılmasını, yəni tabel ilə aparılmasını təmin edəsiniz.” məzmunlu məktub olmuşdur. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Metanol Zavodunda olan “Dell” markalı “İnspiron N5110” modelli notebook tipli komputerin iş masasında 1C proqramına aid loqo müəyyən olunmuş; Həmin 1C proqram təminatına Metanol Zavodunun əməkdaşı olan Mirzakhan Mirzayev istifadəçi adı və **** şifrəsi ilə giriş edildikdə qeyd olunan proqram təminatında hər hansı əməliyyatın aparılması müəyyən olunmadı ; Cavabdeh MMC-nin nümayəndəsi olan Ülvi Xanbabayev tərəfindən 1C proqram təminatına adminstrator kimi giriş həyata keçirildi və bu zaman işçilərə dair (ad, soyad, istifadəçi adı, zavodun adı və s.) aşkar olundu. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodu tərəfindən təqdim edilmiş və işə əlavə edilmiş diskə məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, Metanol Zavodunun işçilərinin əmək haqqısının hesablanması 2016-cı ilin oktyabr ayından 2019-cu ilin oktyabr ayına kimi Microsoft Excel proqramı vasitəsilə, 2019cu ilin noyabrdan ayından hal-hazırdakək isə SAP proqramı vasitəsi ilə həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, elektron poçt vasitəsi ilə yazışmaların məzmundan göründüyü kimi, xx.xx.2018-ci il tarixdə müqavilə üzrə nəzərdə tutulmuş 1C proqramı Metanol Zavoduna təhvil verilməmiş və proqramın sınaq keçirilməsi zamanı qüsurlar olmuşdur. Həmçinin ekspert rəyindən də göründüyü kimi, Metanol Zavodunun əməkdaşı Mirzakhan Mirzayev istifadəçi adı və **** şifrəsi ilə giriş edildikdə qeyd olunan proqram təminatında hər hansı əməliyyatın aparılması müəyyən olunmamışdır. Həmçinin də diskdə baxış zamanı Zavodun əməkdaşlarının əmək haqqlarının 1C proqramından deyil, Excel və SAP proqramları vasitəsilə hesablandığı müəyyən edilmişdir. Göründüyü kimi, müqavilə ilə nəzərdə tutulmuş öhdəlik Cavabdeh MMC tərəfindən icra edilməmişdir. Yəni müqavilə ilə hazırlanması nəzərdə tutulmuş işçilərin əmək haqqlarının hesablanması ilə bağlı olan 1C proqramı Metanol Zavoduna təhvil verilməmiş və Zavodda işçilərin əmək haqqlarının hesablanması 1 C proqramı vasitəsi ilə deyil, başqa proqramlar vasitəsi ilə hesablanmışdır. Həmçinin də Cavabdeh MMC tərəfindən onun müqavilə üzrə öhdəliyin icra edilməməsini dolayısı ilə də qəbul etmiş və 08 may 2020-ci il tarixində Üzləşmə aktına imza etməklə 6.400 manat borcunun olduğunu qəbul etmişdir. Ona görə də, ilkin iddia 6.400 manat pulun tələb edilməsi hissəsində əsaslı olmaqla təmin edilməldir. İlkin iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edilməklə tələb edilən 1280 (min iki yüz səksən) manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakılar qeyd edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə qismən haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, pretenziya məktubunun Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə alındığını, ilkin iddianın isə məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olduğunu nəzərə alaraq 31 gün gecikmə müəyyən edilir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğ 27,17 (6.400x5/100=320 (1 il üçün) 320/365=0,876 (1 gün üçün) 0,876*31=27,17) manat təşkil edir. Hazırkı halda ilkin iddianın qismən təmin edilməsi qarşılıqlı iddianın təmin edilməsini istisna etdiyindən, qarşılılqlı iddia təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Əsas borc üzrə 6400 manat məbləğində, əsas borca illik 5 faiz hesablanmaqla 27,17 manat, cəmi 6.427,17 Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavoduna ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavoduna ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-nin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavoduna qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ekspertiza xərcinin əvəzi olaraq 80 (səksən) manat məbləğində pul Cavabdeh MMCdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar