Məhkəmə qərarları › İş №e-2-2(113)-2030/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2030/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2030/2023 07.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Nümayəndə2 Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Nümayəndə2 nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh qanuni nümayəndəsi (direktoru) Nümayəndə1 iştirakları ilə, İddiaçı Nümayəndə2 Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Nümayəndə2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdən 2021-ci il ərzində balıq satışından qalıq məbləğ olan 8.770 manat, ödənişin gecikməsinə görə 800 manat zərərin, 100 manat həcmində mediasiya xərcinin, 15,70 manat dövlət rüsumun, ümumilkdə 9.685,70 manat pulun tutularaq Nümayəndə2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Nümayəndə2 ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. 2021-ci il ərzində balıq satışından qalıq məbləğ olan 8770 manat ödənilmədiyindən vergi öhdəliklərini tam yerinə yetirə bilmədiyini və bu səbəbdən ödənişin gecikməsinə görə 800 manat zərərin (mənfəət vergisi) ortaya çıxması ilə nəticələndiyini bildirmişdir. Danışıqlara baxmayaraq, pulun geri ödənilməsinə söz verilsə də bu yalnız iddiaçını yayındırmaq məqsədi güdmüşdür. Elektron qaydada Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli P1205/2022 saylı pretenziya təqdim edilsə də bu günədək qarşı tərəfdən heç bir münasibət bildirilməmişdir. Mübahisənin mediasiyada həll edilməsi üçün aidiyyətı üzrə müraciət etsə də mediasiya prossesində Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. Bununla bağlı Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli MŞB/11-00997 saylı arayış verilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə2 nümayəndəsi və vəkili Nümayəndə3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən My Food” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi (direktoru) Nümayəndə1 məhkəməyə izahat verərək iddia tələbi ilə razı olmadığını bildirdi və iddianın rədd olunması barədə qərar qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

7. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

8. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

9. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Nümayəndə2 ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində alqı-satqı müqaviləsi və həmin müqaviləyə 01 saylı Əlavə imzalanmışdır. Müqavilə və ona 01 saylı əlavə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

12. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı (Nümayəndə2) müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları razılaşdırılmış çatdırılma qaydasında və müddətdə alıcının (Cavabdeh) mülkiyyətinə verməyi, alıcı isə malları hazırkı müqavilədə nəzərdə tutulan şərtlərə uyğun qəbul etməyi və əvəzinə müəyyələşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

13. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 01 saylı Əlavəsinin 2-ci bəndinə əsasən malların təchizat müddəti elektron qaimə-fakturanın təqdim edildiyi tarixdən etibarən 10 iş günü müəyyən edilmişdir.

14. Həmin Əlavənin 3-cü bəndinə əsasən müqavilə üzrə ödənişlər, satıcı tərəfindən alıcıya göndərilən elektron-qaimə fakturanın tarixindən etibarən 10 iş günü ərzində nağdsız hesablaşmalar qaydasında aparılır.

15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

16. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

17. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan Nümayəndə2 üzərinə düşür.

18. Qeyd edilən xüsusatın araşdırılması üçün həm tərəflər arasında bağlanmış olan müqavilələrin bəndinə, həm də, tərəflər arasında olan işgüzar münasibətlərin hansı qaydada formalaşmış olduğuna diqqət yetirilməlidir

19. İşdən görünür ki, Nümayəndə2 tərəfindən xx.xx.2021-ci il tarixli EBBK seriyalı 650625 nömrəli dəyəri 10.003 manat olan, xx.xx.2021-ci il tarixli EBBL seriyalı 507443 nömrəli dəyəri 16.929 manat, xx.xx.2021-ci il tarixli EBBL seriyalı 854696 nömrəli dəyəri 18.154.5 manat, xx.xx.2021-ci il tarixli EBBM seriyalı 435712 nömrəli dəyəri 10.735 manat, xx.xx.2021-ci il tarixli EBBO seriyalı 368428 nömrəli dəyəri 3.420 manat, xx.xx.2021-ci il tarixli EBBO seriyalı 368434 nömrəli dəyəri 9.414,5 manat olan elektron qaimələr alıcı Cavabdeh MMC-yə göndərilmişdir.

20. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 68.656 manat təşkil edir.

21. İşə əlavə edilmiş Accesbankın Hesabdan çıxarışından görünür ki, Cavabdeh MMC tərəfindən Nümayəndə2 hesabına 59.003 manat məbləğ pul köçürülmüşdür.

22. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf qeyd edilmiş elektron qaimələrdəki malların ona verildiyini qəbul etmiş, 59.003 manat məbləğ pulu Bank vasitəsi ilə ödədiyini, qalan təxmini 9.000 manat pulun isə iddiaçının qohumu olan və işin əsl sahibi Mikayılov Anara verdiyini bildirmişdir.

23. Belə olan halda, Məhkəmə hesab edir ki, dəyəri 68.656,5 manat olan mallar (hazırkı halda balıq) cavabdehə təhvil verilmiş və cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

24. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, elektron qaimələrə əsasən 68.656,5 manat dəyərində mal cavabdehə təqdim olunmuş, cavabdeh tərəfindən həmin elektron qaimələr üzrə 59.003 manat pul Bank vasitəsi ilə ödənilmiş, 883 manat məbləğində pul da, nağd qaydada ödənilmişdir.

25. Cavabdehin almış olduğu 68.656 dəyərində mallara görə 59.003 manat pulu Bank vasitəsi ilə, 883 manat isə nağd qaydada ödənməsi nəzərə alındığında aydın olur ki, onun 8.770 (68.656,5-59.003-883) manat ödənilməmiş borcu qalmışdır.

26. Məhkəmə cavabdehin təxmini 9.000 manat pulun iddiaçının qohumu olan və işin əsl sahibi Mikayılov Anara ödənilməsi ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, qeyd edilmiş müqavilənin tərəfi Mikayılov Anar deyil, Nümayəndə2dir.

27. Həmçinin də, o da qeyd edilməlidir ki, müqavilə üzrə verilmiş mallara görə 59.003 manat məbləğində pulun məhz Nümayəndə2 hesabına köçürülməsi müqavilə münasibətlərinin həqiqətən də, iddiaçı və cavabdeh arasında yaranmış olduğunu təsdiq edir.

28. Ona görə də, Məhkəmə hesab edir ki, iddia 8.770 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır.

29. Məhkəmə qeyd edir ki, iddia 2.402,88 manat zərərin tələb edilməsi hissəsində təmin edilə bilməz.

30. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

31. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

32. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə).

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

36. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

37. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış qanunvericilik normalarının tələbləri baxımından iddiaçı tərəf ona dəymiş zərərin nədən ibarət olduğunu və həmin ziyanın məhz cavabdehin ödənişlər etməməsi nəticəsində baş verdiyini (səbəbli əlaqə) sübut edə bilməmişdir.

38. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

39. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

40. Kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

41. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/11-00997 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində mediasiya xərci ödənmişdir.

43. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

44. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 7 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

45. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

46. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 8770 (səkkiz min yeddi yüz yetmiş) manat məbləğində pul Cavabdehndən tutularaq Nümayəndə2 verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdehndən tutularaq Nümayəndə2 verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 7 (yeddi) manat məbləğində pul Cavabdehndən tutularaq Nümayəndə2 verilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar