Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2030/2025 29.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 04 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 702,68 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1732 nömrəli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, iddiaçı sifariş olunmuş malları təsdiqlədikdən sonra cavabdehin sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları cavabdehə təhvil verməyi, cavabdeh sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən tam şəkildə ona təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə 702,68 manat məbləğində qalıq borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. Həmçinin mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının elektron kabineti vasitəsilə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması və qalıq borcun ödənilməsi məqsədilə cavabdeh tərəfindən heç bir addım atılmamışdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.2, 385, 425, 448.1-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2030/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
7. İddiaçının nümayəndələri X2 və X3 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdilər.
8. Məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə edilən iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında bağlanmış 04 dekabr 2019-cu il tarixli 1732 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, bu müqaviləni imzalamaqla tərəflər aşağıdakılar barədə razılığa gəlirlər: Alıcı Satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı Satıcıdan sifariş edəcək; Satıcı malları Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə Alıcıya təhvil verəcək və Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini Satıcıya müqavilədə (müqavilənin müvafiq əlavələri də daxil olmaqla) göstərilən qaydada ödəyəcəkdir (2.1). Alıcı təsdiq edir ki, bu müqaviləyə əsasən malları Satıcıdan təhvil alan, o cümlədən bu hərəkətlərin yerinə yetirilməsini təsdiq edən hər hansı sənədləri tərtib edən və / və ya imzalayan, Alıcıya məxsus eyniləşdirmə kodu vasitəsilə “online” sifariş verilməsini həyata keçirən hər hansı şəxs Alıcının nümayəndəsi və Alıcının adından çıxış etməyə səlahiyyətli şəxs hesab olunur. Satıcı bu cür şəxslərin Alıcının adından çıxış etməsinə səlahiyyətli olduğuna dair hər hansı sənəd tələb edə bilər və Alıcı bu cür sənədləri təqdim etməlidir, ancaq Satıcının bu cür sənədləri tələb etmək öhdəliyi yoxdur. Satıcı malları və sənədləri çatdıran (müşahidə edən), təhvil verən və alan şəxsin etibarnamə üzrə buna və ilkin uçot sənədlərinə, o cümlədən qaimələrə və aktlara imza etməyə səlahiyyətli olduğuna təminat verir (2.2). Satıcı malları Alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq Malların Təhvil- Qəbul Aktını 2 nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri Alıcıya təqdim etməlidir (3.5).
13. Məhkəməyə təqdim edilən malların təhvil-qəbul aktlarından görünür ki, xx.xx.2020-ci il tarixli akt üzrə ƏDV daxil olmaqla 289,08 manat, xx.xx.2020-ci il tarixli akt üzrə ƏDV daxil olmaqla 98,1 manat, xx.xx.2020-ci il tarixli akt üzrə ƏDV daxil olmaqla 105,44 manat, xx.xx.2021-ci il tarixli akt üzrə ƏDV daxil olmaqla 40,75 manat, xx.xx.2021ci il tarixli akt üzrə ƏDV daxil olmaqla 108,22 manat, xx.xx.2021-ci il tarixli akt üzrə ƏDV daxil olmaqla 132,22 manat, xx.xx.2021-ci il tarixli akt üzrə ƏDV daxil olmaqla 205,88 manat, xx.xx.2021-ci il tarixli akt üzrə ƏDV daxil olmaqla 143,75 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 1123,44 manat dəyərində mal cavabdehə təqdim edilmişdir.
14. İş materiallarında olan elektron qaimələrdən görünür ki, xx.xx.2021-ci il tarixli EBAW 595223 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 40,76 manat, xx.xx.2021-ci il tarixli EBAY 090853 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 108,21 manat, xx.xx.2021-ci il tarixli EBBB 505592 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 132,2 manat, xx.xx.2021-ci il tarixli EBBD 457989 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 205,88 manat, xx.xx.2021-ci il tarixli EBBE 756871 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 76 manat, xx.xx.2021-ci il tarixli EBBJ 984424 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 61 manat, xx.xx.2021-ci il tarixli EBBK 736550 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 143,74 manat, xx.xx.2021-ci il tarixli EBBO 720024 seriya və nömrəli elektron qaimə ƏDV daxil 188,01 manat olmaqla ümumilikdə 955,8 manat dəyərində malın verilməsi üçün yuxarıda adıçəkilən malların təhvil-qəbul aktlarına istinad edilməklə tərtib edilərək cavabdehə göndərilmişdir. Bununla yanaşı, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə ƏDV daxil olmaqla 4658,24 manat dəyərində malın verilməsi ilə bağlı daha 33 elektron qaimə tərtib edilərək cavabdehə göndərilmişdir.
15. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, adıçəkilən elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, ləğvə və ya düzəlişə qaytarılmamışdır.
16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 04 dekabr 2019-cu il tarixli 1732 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı iddiaçıdan sifariş etməyi, iddiaçı malları cavabdehin sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə cavabdehə təhvil verməyi, cavabdeh sifarişə uyğun çatdırılmış malları təhvil almağı və malların dəyərini iddiaçıya müqavilədə göstərilən qaydada ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli aktlar əsasında ümumilikdə ƏDV daxil olmaqla 1123,44 manat dəyərində malları cavabdehə təhvil vermiş, həmin təhvil-qəbul aktlarına istinad etməklə xx.xx.2021-ci il tarixli EBAW 595223, xx.xx.2021-ci il tarixli EBAY 090853, xx.xx.2021-ci il tarixli EBBB 505592, xx.xx.2021-ci il tarixli EBBD 457989, xx.xx.2021-ci il tarixli EBBE 756871, xx.xx.2021-ci il tarixli EBBJ 984424, xx.xx.2021-ci il tarixli EBBK 736550 və xx.xx.2021-ci il tarixli EBBO 720024 seriya və nömrəli elektron qaimələr tərtib edilərək cavabdehə göndərilmişdir. Bununla yanaşı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə ƏDV daxil olmaqla 4658,24 manat dəyərində malın verilməsi ilə bağlı daha 33 elektron qaimə tərtib edilərək cavabdehə təqdim edilmişdir. Adıçəkilən elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, ləğvə və ya düzəlişə qaytarılmamışdır.
17. İddiaçı 04 dekabr 2019-cu il tarixli 1732 nömrəli alqı-satqı müqaviləsinin məcburi icrasını, yəni malların qalıq dəyərinin – 702,68 manat məbləğində pulun tutulmasını tələb edir.
18. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
19. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
21. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
22. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
23. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
24. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
27. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
28. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
29. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
30. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
31. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh aldığı malların qalıq dəyərini ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
36. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
37. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 04 dekabr 2019-cu il tarixli 1732 nömrəli alqı-satqı müqaviləsi üzrə 702,68 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
38. İddiaçı eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun da tutulmasını tələb edir.
39. İş materiallarından görünür ki, ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Beləliklə, iddia tələbinin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 233, 242- 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 702,68 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Nərmin Əhmədova