Məhkəmə qərarları › İş №e-2-2(113)-2031/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2031/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2031/2024 06.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: dəymiş ziyanın ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ("xxxx" QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin öhdəliyin icra olunmaması nəticəsində 9146 manat məbləğində nəqliyyat xərcləri, 8146,69 manat (19553,69 manat – 11 047 manat) ƏDV-siz ümumi gömrük yığımları, 10800 manat malların anbarda saxlanma xərcləri, 7024,6 manat əlavə kredit müqaviləsi əsasında yaranan zərər, 15516,75 manat (on beş min beş yüz on altı manat yetmiş beş qəpik) məbləğində maddi zərər (üzləşmə aktına əsasən cavabdeh tərəfindən iddiaçıya artıq ödənilmiş 19600,54 manat məbləğ çıxılmaqla) və 24818,46 manat (iyirmi dörd min səkkiz yüz on səkkiz manat qırx altı qəpik) məbləğində əldən çıxmış fayda olmaqla, əsas borc, həmin borcun gecikdirilməsinə görə 5853,83 manat (beş min səkkiz yüz əlli üç manat səksən üç qəpik), 210 (iki yüz on) manat məbləğində mediasiya ödənişi və 18 (on səkkiz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 46417,04 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC (satıcı) və "xxxx" QSC (alıcı) arasında tender nəticəsi əsasında 11 yanvar 2023-cü il tarixli, 13-1/2-407/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən "xxxx" QSC malın müqavilədə müəyyən olunan qiymətini bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcıya tam və vaxtında ödəyir və 19.2-ci bəndə əsasən müqavilə üzrə gecikdirilməsinə görə "xxxx" QSC İddiaçı QSC-yə müqavilə qiymətinin 10%-indən çox olmamaq şərti ilə cərimə ödəyir. 11 yanvar 2023-cü il tarixli, 13-1/2-407/2023 nömrəli alqısatqı müqaviləsində təqdim edilməli malların siyahısı və sertifikasiyası müqaviləyə Əlavə 1-də, müqavilə qiyməti isə Əlavə 2-də qeyd edilmişdir. Müqavilə bağlandıqdan sonra mallar "xxxx" QSC-yə müqavilədə göstərildiyi kimi, avans qiyməti qədər mal verilmiş, həmin qədər mal qəbul edilsə də, alıcı tərəfdən təqdim edilən malın qüsurlu olduğu vurğulanmış, bu halda yazılı bildiriş göndərilib ekspertiza təyin edilməsi iddiaçı tərəfindən tələb edilsə də, alıcı tərəfdən heç biri həyata keçirilməmişdir. Yerdə qalan mallar isə bu günə kimi müqavilədə qeyd edilməsinə baxmayaraq alınmır. Qeyd edilir ki, İddiaçı QSC tenderi udduqdan sonra "xxxx" QSC ilə bağlanan bu müqaviləyə əsasən müqavilədə tələb etdiyi qədər malları təmin etmək məqsədilə Çindən idxal etmişdir. Nəticədə malların invoys qiyməti, yəni 44221,25 manat (**********1333 nömrəli Gömrük bəyannaməsi əsasında 22403 ABŞ dolları və **********8534 nömrəli Gömrük bəyannaməsi əsasında 3609,50 ABŞ doları) məbləğlə yanaşı, 9146 manat məbləğində nəqliyyat xərcləri (X2 № 1-ə əsasən 780 ABŞ dolları və X2 № 2-yə əsasən 4600 ABŞ dolları), Dövlət Gömrük Komitəsinə ödənilmiş 11047,01 manat ƏDV də daxil olmaqla (**********1333 nömrəli Gömrük bəyannaməsi əsasında 9502,35 manat və **********8534 nömrəli Gömrük bəyannaməsi əsasında 1544,66 manat ƏDV) ümumilikdə 19553,69 manat (16698,91 manat və 2854,78 manat) məbləğində gömrük xərcləri çəkmişdir. Nəticədə şirkət tərəfindən malların Çindən Azərbaycana gətirilməsi üçün 72920,94 manat məbləğində xərc çəkilmişdir. Əgər mallar "xxxx" QSC tərəfindən qəbul edilsə idi, 24818,46 manat məbləğində gəlir əldə edərdi. Beləliklə, əldən çıxmış fayda 24818,46 manatdır (97739,40 manat (müqavilə qiyməti) - 72.920,94 manat (mallara görə sərf olunmuş ümumi xərclər)). Bununla yanaşı, İddiaçı QSC kommersiya təşkilatı və rəsmi distributer olmaqla, alış-satış hərəkətləri həyata keçirərək fəaliyyət göstərir və bu fəaliyyətin nəticəsi olaraq əldə edilmiş gəlirlərə əsasən işçilərin aylıq əmək haqları, vergilər və şirkətin fəaliyyəti ilə əlaqəli digər xərclər və kreditlər ödənilir. Şirkət kapitalında kifayət qədər pul vəsaiti olmadığından kreditlər götürür ki, həmin kreditlərin vaxtında ödənilməsi məhz şirkətin alış-satış fəaliyyətindən asılıdır. Belə ki, şirkət müqavilədə qeyd edilən malları idxal edərək, "xxxx" QSC-yə təmin etmək məqsədi ilə 10 mart 2023-cü il tarixli RQ-1971 nömrəli 12%-li əlavə kredit müqaviləsi bağlayaraq kredit götürmüşdür. İddiaçı QSC tərəfindən bu qədər xərclər çəkilməsinə baxmayaraq, "xxxx" QSC tərəfindən malın qəbul edilib, müəyyənləşdirilmiş ödənişin ödənilməməsi şirkətin fəaliyyətinin əhəmiyyətli şəkildə məhdudlaşdırılmasına və kreditlərin vaxtında ödənilməməsinə səbəb olmuşdur ki, bunun nəticəsi olaraq şirkətimiz hələ də bu zərərin əvəzini ödəməklə məşğuldur. Belə ki, ümumi müqavilə məbləği, yəni 97739,40 manat ilə şirkətə indiyə kimi ödənilmiş məbləğ, yəni 39201,07 manat arasındakı fərqin 12%-i qədər, yəni 7024,6 manat İddiaçı QSC-yə zərər dəymişdir. Əlavə olaraq qeyd etməliyik ki, mallar 10 aydan çoxdur ki, anbarda qalmaqda davam edir və anbarın 50%-ni tutur və nəticədə anbardan saxlanc kimi istifadə etməyi çətinləşdirir və yeni gətirilən malların anbara yerləşdirilməsinə mane olur. Nəticədə dəymiş zərər 10800 manat (10 aylıq 21600 manat məbləğində icarə haqqının yarısı) məbləğinə çatmışdır. Problem o həddə çatmışdır ki, şirkət anbarı daha böyük olan yeni ünvana köçməklə bağlı tədbirlər görməkdədir. Müqavilənin 19.2-ci maddəsinə əsasən alıcının ödənişi vaxtında həyata keçirilməməsi və gecikdirilməsinə görə 5853,83 manat ((97739,40 manat (ümumi müqavilə məbləği) - 39201,07 (iddiaçıya ödənilmiş məbləğ)) x 10%) məbləğində cəriməsi yaranmışdır. Qaynaq çubuqları spesifik mal olduğundan, həmin malların Azərbaycanda "xxxx" QSC-dən başqa bir alıcıya satılması mümkün deyildir. Bu malların Azərbaycana gətirilməsi məhz "xxxx" QSC-yə satılması ilə əlaqədardır. Bu baxımdan 2023-cü il ilin sonunadək malların cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı dəfələrlə edilən zənglərə və göndərilən pretenziya məktublarına baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. İddia ərizəsinə əlavə edilən sənədlərdən də aydın görünür ki, "xxxx" QSC üçün idxal edilən malın geri qaytarılması ilə bağlı malın alındığı Çin şirkətinə xx.xx.2024-cü il tarixdə oferta ünvanlanmış, lakin xx.xx.2023-cü il tarixli cavab məktubunda rədd verilmişdir. 9 yanvar 2024-cü il tarixdə İddiaçı QSC mübahisəni məhkəmədənkənar həll etmək üçün Bakı 2 saylı Mediasiya təşkilatına müraciət etmiş, lakin qarşı tərəf ödənişdən imtina etdiyi üçün heç bir razılıq əldə edilməmişdir. 22 yanvar 2024-cü il tarixdə Bakı 2 saylı Mediasiya təşkilatı MŞB/2-0008 nömrəli arayış tərtib etməklə iş barədə xitam protokolu qəbul edilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublika Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 567, 596.1-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, ümumi məbləğdən 19547,88 manat iddiaçıya ödənilmiş əlavə avans məbləği çıxılmaqla, aşağıda qeyd olunan zərər məbləğlərinin - əldən çıxmış fayda 24818,46 manat, mediasiya ödənişi 210 manat, məhkəməyə ödənilmiş dövlət rüsumu 18 manat, nəqliyyat xərcləri 9146 manat, gömrük xərcləri 8506,68 manat, əlavə kredit müqaviləsi nəticəsində yaranan faiz borcu 4675,03 manat, anbarda saxlanma xərcləri 10800 manat, cərimə 5853,83 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslanıdırılmışdır ki, "xxxx" QSC-nin 2022-ci ilin oktyabr ayında açdığı tenderdə iştirak edərək udduqdan sonra İddiaçı QSC (satıcı) və "xxxx" QSC (alıcı) arasında tender nəticəsi əsasında 11 yanvar 2023-cü il tarixli, 13-1/2-407/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən "xxxx" QSC malın müqavilədə müəyyən olunan qiymətini bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcıya tam və vaxtında ödəyir və 19.2ci bəndə əsasən müqavilə üzrə gecikdirilməsinə görə Cavabdeh QSC İddiaçı QSC-yə müqavilə qiymətinin 10%-dən çox olmamaq şərti ilə cərimə ödəyir. 11 yanvar 2023-cü il tarixli, 13-1/2-407/2023 nömrəli alqı-satqı müqaviləsində təqdim edilməli malların siyahısı və sertifikasiyası müqaviləyə Əlavə 1-də, müqavilə qiyməti isə Əlavə 2-də qeyd edilmişdir. Müqavilə bağlandıqdan sonra mallar "xxxx" QSC-yə müqavilədə göstərildiyi kimi, avans qiyməti qədər mal verilmiş, həmin qədər mal qəbul edilsə də, alıcı tərəfdən təqdim edilən malın qüsurlu olduğu vurğulanmış, bu halda yazılı bildiriş göndərilib ekspertiza təyin edilməsi iddiaçı tərəfindən tələb edilsə də, alıcı tərəfdən heç biri həyata keçirilməmişdir. Yerdə qalan mallar isə bu günə kimi müqavilədə qeyd edilməsinə baxmayaraq alınmır. "xxxx" QSC tenderi udduqdan sonra “Azərbaycan Dəmir Yolları" QSC ilə bağlanan bu müqaviləyə əsasən müqavilədə tələb etdiyi qədər malları təmin etmək məqsədilə Çindən idxal etmişdir. Nəticədə malların invoys qiyməti, yəni 44221,25 manat ödənilmişdir. Bu məbləği məhkəməyə təqdim edilən gömrük bəyannamələrindən də görmək mümkündür. Belə ki, 1) № **********1333 Gömrük bəyannaməsi əsasında 22403 ABŞ dolları; 2) № **********8534 Gömrük bəyannaməsi əsasında 3609,50 ABŞ dolları olmaqla, ümumilikdə 44221,25 manat ((22403+3609,50 ABŞ dolları) x1,7) ödənilmişdir. Bununla yanaşı, malların Çindən Azərbaycana daşınması üçün 9146 manat məbləği qədər nəqliyyat xərcləri çəkilmişdir. Belə ki; 1) X2 № 1-ə əsasən 780 ABŞ dolları; 2) X2 № 2-yə əsasən 4600 ABŞ dolları olmaqla, ümumilikdə 9146 ABŞ dolları ((780+4600 ABŞ dolları) x 1.7). AR Dövlət Gömrük Komitəsinə ödənilmiş 19553,69 manat (16698,91 manat və 2854,78 manat) məbləğində gömrük xərcləri çəkmişdir və aşağıda qeyd edilən kimidir; 1) № **********1333 Gömrük bəyannaməsinə əsasən; - Gömrük rüsumları: 6885,76 manat; - Gömrük yığımları: 240 manat; - ƏDV: 9502,35 manat; - Elektron xidmət haqqı: 60 manat; Elektron xidmət haqqı ƏDV: 10,80 manat olmaqla, ümumilikdə 16698,91 manat (6885,76+240+9502,35+60+10,80 manat). 2) № **********8534 Gömrük bəyannaməsinə əsasən - Gömrük rüsumları: 1119,32 manat; - Gömrük yığımları: 120 manat; - ƏDV: 1544,66 manat; - Elektron xidmət haqqı: 60 manat; - Elektron xidmət haqqı ƏDV: 10,80 manat olmaqla, ümumilikdə 2854,78 manat (1119,32+120+1544,66+60+10,80 manat). Nəticədə şirkət tərəfindən malların Çindən Azərbaycana gətirilməsi üçün 72920,94 manat (44221,25+9146+19553,69 manat) məbləğində xərc çəkilmişdir. Əgər mallar "xxxx" QSC tərəfindən alınsa idi, 24818,46 manat məbləğində gəlir əldə edərdi. Beləliklə, əldən çıxmış fayda 24818,46 manatdır. (97739,40 manat (müqavilə qiyməti) - 72920,94 manat (mallara görə sərf olunmuş ümumi xərclər)). Buna əlavə olaraq, cavabdeh tərəfindən avans ödənişi səhvən iki dəfə köçürülmüşdür. Nəticədə № 631 üzləşmə aktına, eləcə də təqdim edilən cavabdehin ödədiyi ödəniş tapşırıqlarına əsasən indiyə kimi iddiaçıya 39101,07 manat (ödəniş tapşırıqlarında qeyd olunan məbləğlər; 16566+2981,88+16566+2981,88+4,50 +0,81 manat) məbləğində ödəniş köçürülmüşdür. Lakin faktiki olaraq və eləcə də təhviltəslim aktlarına əsasən 19553,19 manat məbləğinə bərabər mal təhvil verilmişdir (təhviltəslim aktlarında qeyd olunan məbləğlər; 1333,16+6348,40+7332,52+4539,11 təhvil təslim). Bu o deməkdir ki, müqavilədə qeyd olunan avans ödənişi 19547,88 manat (39101,07 - 19553,19 manat) qədər məbləğ iddiaçıya artıq ödənilmişdir. Bu baxımdan tələb edilən ümumi zərər məbləğindən 19547,88 manat avans məbləği çıxılacaqdır. Bununla yanaşı, İddiaçı QSC malların "xxxx" QSC-yə vaxtında təmin etmək məqsədi ilə öz dövriyyəsindən Çin şirkətinə malın invoys qiymətini, yəni 44221,25 manat məbləği xx.xx.2022 və xx.xx.2023-cü il tarixində ödəmişdir. Lakin faktiki olaraq dövriyyədən pul xərcləmək şirkətin digər fəaliyyətlərinin məhdudlaşmasına və ləngiməsinə gətirib çıxarmışdır, çünki nəzərə alınmalıdır ki, şirkət kommersiya şirkəti olaraq “Azərbaycan Dəmir Yolları" QSC kimi bir çox müştərilərlə əməkdaşlıq həyata keçirir. Malların satışından gəlir əldə edilməsi üçün ilk öncə alış həyata keçirmək lazımdır ki, bu da xərc tələb edir. Bununla yanaşı, malların invoys qiymətinin ödənilməsi onun Azərbaycana idxal edilərək alıcıya təmin edilməsi üçün kifayət deyil, bunun üçün çəkilən nəqliyyat xərcləri, eləcə də gömrük xərcləri ödənilməlidir. Bu baxımdan şirkət müqavilədə qeyd edilən malları idxal edərək, "xxxx" QSC-yə təmin etmək məqsədi ilə 10 mart 2023-cü il tarixli № RQ-1971 11.5%-li əlavə kredit müqaviləsi bağlayaraq, 50000 manatlıq kredit götürmüşdür. 10 mart 2023-cü il tarixli, № RQ-1971 saylı Əlavə kredit müqaviləsinə Əlavə 1 ödəniş cədvəlinə əsasən 50000 manat əsas borc ödənişindən əlavə ABB-yə 4675,03 manat faiz borc ödənişi edilməsi müəyyənləşdirilib. Bu baxımdan bu qədər xərclər çəkilməsinə baxmayaraq, "xxxx" QSC tərəfindən malın alınmaması və müəyyənləşdirilmiş müqavilə qiymətinin ödənilməməsi şirkətin nəinki gəlir əldə etməməsinə səbəb olmuş, eyni zamanda fəaliyyətinin əhəmiyyətli şəkildə məhdudlaşdırılmasına və kreditlərin vaxtında ödənilməməsinə səbəb olmuşdur ki, bunun nəticəsi olaraq şirkət hələ də bu zərərin əvəzini ödəməklə məşğuldur. Əlavə olaraq, mallar 10 aydan çoxdur ki, 2023-cü ilin may ayından anbarda qalmaqda davam edir və anbarın 50%-ni tutur və nəticədə anbardan saxlanc kimi istifadə etməyi çətinləşdirir və yeni gətirilən malların anbara yerləşdirilməsinə mane olur. Nəticədə dəymiş zərər 10800 manat (10 aylıq 21600 manat məbləğində icarə haqqının yarısı) məbləğinə çatmışdır. Problem o həddə çatmışdır ki, şirkət anbarı daha böyük olan yeni ünvana köçməklə bağlı tədbirlər görməkdədir. Zərərin hesablanması aşağıdakı kimidir; 10800= 2160/2x10ay. Müqavilənin 19.2-ci maddəsinə əsasən alıcının ödənişi vaxtında həyata keçirilməməsi və gecikdirilməsinə görə 10% maksimal hədd müəyyən edilmişdir. Nəticədə 5853,83 manat ((97739,40 manat (ümumi müqavilə məbləği) - 39201,07 (iddiaçıya ödənilmiş məbləğ)) x 10%) məbləğində cərimə yaranmışdır. Lakin gömrük xərcləri arasında ödənilən ƏDV məbləği iddia tələbi kimi irəli sürülmür. Səbəb də ondan ibarətdir ki, faktiki olaraq mallar iddiaçıda olduğundan sonuncu ƏDV ödəyicisi iddiaçı hesab olunur və verilməmiş malların ƏDV-ni tələb etmək ədalətli sayılmır. Bu baxımdan ödənilmiş ƏDV məbləği iddia tələbinə əlavə edilən gömrük xərclərinə əlavə edilməyəcək; - ümumi gömrük xərcləri: 19553,69 manat; - ƏDV: 11047,01 manat (Gömrük bəyannamələrində qeyd olunan məbləğlər; 9502,35+1544,66 manat). Tələb olunan gömrük xərcləri: 8506,68 manat (19553,69-11047,01 manat). Qaynaq çubuqları spesifik mal olduğundan, həmin malların Azərbaycanda "xxxx" QSC-dən başqa bir alıcıya satılması mümkün deyildir. Bu malların Azərbaycana gətirilməsi məhz "xxxx" QSC-yə satılması ilə əlaqədardır. Bu baxımdan 2023-cü il ilin sonunadək malların cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı dəfələrlə edilən zənglərə və göndərilən pretenziya məktublarına baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. İddia ərizəsinə əlavə edilən sənədlərdən də aydın görünür ki, “Azərbaycan Dəmir Yolları" QSC üçün idxal edilən malın geri qaytarılması ilə bağlı malın alındığı Çin şirkətinə xx.xx.2024-cü il tarixdə oferta ünvanlanmış, lakin xx.xx.2023-cü il tarixli cavab məktubunda rədd verilmişdir.

6. Cavabdeh "xxxx" QSC tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı QSC cavabdeh "xxxx" QSC-yə (ADY) qarşı “zərərin əvəzinin ödənilməsinə” dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh ADY-dən İddiaçı QSC-nin xeyrinə 46417,04 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk öncə qeyd edilir ki, iddianı qəbul etmirlər və hesab edirlər ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, cavabdeh ADY (alıcı) ilə İddiaçı QSC (satıcı) arasında xx.xx.2023-cü il tarixli, 13-1/2-407/2023 nömrəli qaynaq çubuqlarının satın alınmasına dair müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən alıcının sifarişinə əsasən satıcı müqaviləyə əlavə 1-də göstərilən qaynaq çubuqlarını müqaviləyə müvafiq qaydada alıcıya çatdıraraq təqdim etməyi, alıcı isə öz növbəsində müqaviləyə müvafiq qaydada təqdim edilən malları müəyyən edilmiş qaydada təhvil alıb, müqavilədə müəyyən olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Qeyd olunan müqavilənin 12.2-ci bəndinə əsasən müqavilə üzrə alıcı tərəfindən satıcıya əvvəlcədən müqavilə qiymətinin 20%-i (iyirmi faizi), yəni 19547,88 manat məbləğində avans ödənişi ödənilir, Müqavilənin 12.3-cü bəndinə əsasən müqavilə qiymətinin geri qalan 80%-i, yəni 78191,52 manat məbləği isə satıcı tərəfindən alıcıya faktiki olaraq təqdim edilən mallar müqabilində satıcının təqdim etdiyi sənədlər əsasında alıcı tərəfindən 15 bank günü ərzində satıcının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir. Müqavilənin xüsusi şərtlərinə əsasən (13) satıcı malların sifariş bildirişində qeyd olunan qismini sifariş bildirişini aldıqdan sonra 5 (beş) iş günü ərzində təhvil verməlidir. Alıcı yalnız müqavilə üzrə sifariş verdiyi malları qəbul edəcək və sifariş olunmayan malları qəbul etməyə bilər. ADY müqavilə üzrə avans ödənişini ödəmiş, sifariş bildirişini verərək avansa uyğun malı təhvil almışdır. ADY müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, təhvil alınmış malın dəyərini tam ödəmişdir. Lakin avans ödənişinə uyğun təhvil alınan mallar keyfiyyətsiz və yarım yararlı olmuşdur (aktlar əlavə olunur). Buna baxmayaraq, alıcı alınan malları satıcıya qaytarmamış və məbləği geri tələb etməmişdir. Onu da qeyd etmək lazımdır ki, iddiaçının yalanları və əsassız varlanma istəyi nəticəsində yazılan iddia tələbi da qeyri-müəyyəndir, rəqəmlər üst-üstə düşmür, yekün məbləğlə uyğun gəlmir və ən əsası göndərilən pretenziyaya və mediasiya təklifinə uyqun deyildir. Həmçinin iddiaçı tərəfindən təqdim edilən sənədlər çəkilən xərcləri və vurulmuş zərərləri sübuta yetirmir. İddiaçının Çin şirkətinə ünvanlanan 15 yanvar 2024-cü il tarixli məktubunda qeyd olunur ki, “Şirkətinizdən aldığımız mallar (26012,50 ABŞ dolları dəyərində 08 dekabr 2022-ci il tarixli arayış faktura nömrəsi TY********) müştərimiz tərəfindən qəbul edilməmişdir”. Lakin cavabdeh ADY ilə müqavilə yalnız xx.xx.2023-cü il tarixdə bağlanılmışdır. İddiaçı vaxtilə öz təşəbbüsü ilə sifariş verilən mala görə çəkilən xərcləri cavabdeh ADY-dən heç bir halda tələb edə bilməz. Onu da qeyd etmək lazımdır ki, iddiaçı məktubunda Çin şirkətini da aldadır və deyir ki, malın 80%-ni sata bilmirlər, halbuki Çin şirkətindən alınan malın 45%-i (yəni 19547,88 manat məbləğində mal) cavabdehə satılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli icarə müqaviləsini əlavə etmiş, lakin qaynaq çubuqların alışından 1 il keçdikdən sonra bağlanılan icarə müqavilənin çubuqlara hansı aidiyyəti var, aydın deyildir. Bir sözlə, ADY tərəfindən müqavilə üzrə götürülən öhdəliklərə riayət edilmiş, İddiaçı QSC-yə heç bir xərc və zərər vurulmamışdır.

7. İddiaçı tərəfindən cavabdehin etirazına mülahizə verilmişdir. Mülahizə onunla əsaslandırılmışdır ki, müqaviləyə əsasən alıcının sifarişinə əsasən satıcı müqaviləyə Əlavə 1-də göstərilən qaynaq çubuqlarını (ümumi çəkisi 28200 kq olan) müqaviləyə müvafiq qaydada alıcıya çatdıraraq təqdim etməyi, alıcı isə öz növbəsində müqaviləyə müvafiq qaydada təqdim edilən malları müəyyən edilmiş qaydada təhvil alıb, müqavilədə müəyyən olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Qeyd olunan müqavilənin 12.2-ci bəndinə əsasən müqavilə üzrə alıcı tərəfindən satıcıya əvvəlcədən müqavilə qiymətinin 20%-i qədər (iyirmi faiz), yəni 19547,88 manat məbləğində avans ödənişi ödənilir, müqavilə qiymətinin geri qalan 80%-i, yəni 78191,52 manat məbləği isə satıcı tərəfindən alıcıya faktiki olaraq təqdim edilən mallar müqabilində satıcının təqdim etdiyi sənədlər əsasında alıcı tərəfindən 15 bank günü ərzində satıcının bank hesabına köçürülmə yolu ilə həyata keçiriləcəkdir. Müqavilədə qeyd edildiyi kimi, müqavilə qiymətinin 20%-i qədər mal satılıb, müəyyənləşdirilmiş pul məbləği ödənilsə də, daha sonra alıcı tərəfindən müqavilədə konkret qiyməti və çəkisi müəyyənləşdirilən geridə qalan malların satın alınmasına dair heç bir sifariş bildirişi daxil olmamışdır. Alıcı tərəflə aparılan telefon danışıqlarında lazım olduqca sifariş bildirişi göndərəcəklərini vurğulasalar da, bu günə kimi hər hansı bildiriş iddiaçı tərəfə daxil olmamışdır. Müqavilənin müddəti bitənə qədər, yəni 31 dekabr 2023-cü il tarixinə qədər sifariş verilməsi gözlənilmiş, bu tarixə qədər göndərmədikləri üçün geri qalan malların müəyyən miqdarına münasibətdə xx.xx.2024-cü il tarixdə EBDY Seriyalı 757205 nömrəli elektron qaimə-faktura həm sistem üzərindən, həm də poçt vasitəsilə təqdim edilmişdir. Lakin göndərilən qaimə-faktura alıcı tərəfindən təsdiq edilib imzalanmamış və bir nüsxəsi geri qaytarılmamışdır. Cavabdeh tərəf müqavilədə müəyyənləşdirilmiş və spesifik olduğundan bazarda aktiv satışı olmayan malları sifariş etməyəcəkdisə, niyə istər müqavilədə, istərsə də müqaviləyə Əlavə 1 və 2də ümumi konkret müqavilə qiyməti və Əlavə 1-də malların spesifikasiyası, sayı, hər birinin ayrılıqda məbləği və miqdarı və ümumilikdə 28200 kq-lıq miqdarı göstərilmişdir, aydın deyil. Digər bir tərəfdən mallar spesifik mallar olduğundan Çindən idxal edilərək təmin edilir. Cavabdeh tərəf malların xaricdən idxal olunduğunu bilirdi. Cavabdeh tərəf bilir ki, əməkdaşlıq etdiyi şirkət (İddiaçı QSC) alış-satış fəaliyyəti həyata keçirir və hər hansı malları istehsal etmək potensialında deyil. Bununla yanaşı, müqavilənin xüsusi şərtlərinin 13-cü maddəsinin 1-ci cümləsinə əsasən satıcı malların sifariş bildirişində qeyd olunan qismini sifariş bildirişini aldıqdan sonra 5 (beş) iş günü ərzində təhvil verməlidir. Malların Azərbaycana gəmi ilə, daha sonra iran sərhədindən quru yolu ilə idxal olunmasına aylar sərf olunduğu üçün yanlız əvvəlcədən idxal edilərək təmin edilən mallar müəyyənləşdirilmiş gün daxilində təhvil verilə bilərdi. Bu baxımdan oktyabr ayında ADY QSC tərəfindən tender təklifi qəbul olunduqdan sonra malların cavabdehə təmin edilməsi məqsədilə xaricdən idxal edilməsi üçün Çin şirkəti ilə əməkdaşlıqlara başlanmalı idi. Odur ki, 44221,25 manat invoys dəyərində olan mallar Çindən idxal edilmiş və buna görə 9146 manat məbləğində nəqliyyat xərcləri və 8146,69 manat məbləğində ƏDV-siz gömrük xərcləri çəkilmişdir, 10800 manat saxlanc xərcləri (hər bir məbləğin iddia ərizəsində açıqlaması qeyd edilib) və 7024,60 manat əlavə kredit müqaviləsi əsasında yaranan zərər (əlavə kredit müqaviləsi əsasında yaranan zərər onunla əlaqədardır ki, İddiaçı QSC sırf qaynaq çubuqlarının idxal edilməsi məqsədilə 50000 manat məbləğində 12%-li kredit götürmüşdür və kreditin vaxtında ödənilməsi şirkətin satış fəaliyyətindən asılıdır. Malların alıcı üçün xaricdən təmin edildiyi halda sifariş edilməməsi nəinki gəlir əldə etməyə maneə olmuş, eyni zamanda şirkətin maliyyə vəziyyətində geriləməyə səbəb olmuşdur) ilə birlikdə ümumilikdə 15516,75 manat (satıcıya artıq ödənilmiş 19600,54 manat məbləği (satıcıya ödənilmiş 39201,07 manat məbləğinin yarısı) maddi zərərdən çıxılmışdır) məbləğində maddi zərər dəymişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda iddia tələbi ilə pretenziyada qeyd edilən tələbin üst-üstə düşməməsini iddia etsə də, maddi zərərilə yanaşı 24818,46 manat məbləğində əldən çıxmış fayda da daxil olmaqla, ümumilikdə 40335,21 manat, yəni cavabdehə təqdim edilən pretenziyada və pretenziya bildirişində, eləcə də Mediasiya təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda qeyd edilmiş məbləğ qədər satıcıya zərər dəymişdir. Pretenziyada irəli sürülən pul tələbinin üzərinə 210 manat mediasiya üçün ödənilmiş rüsum və 18 manat məhkəməyə ödənilən dövlət rüsumu əlavə edilərək iddia ərizəmizdə tələb edilmişdir. Malların qüsurlu olmasına dair aktların təqdim edilməsinə münasibətdə iddiaçıya bu barədə yazılı bildiriş təqdim edilmədiyindən iddiaçı tərəfindən səlahiyyətli nümayəndə iştirak etməmişdir. Halbuki müqavilənin xüsusi şərtlərinin 17, 18-ci maddələrinə əsasən malların qüsurlu olmasına dair ekspertiza keçirilməsi barədə satıcıya bildiriş təqdim edildiyi halda, o gəlməsə, alıcı satıcının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan ekspertiza keçirməkdə haqlıdır. Bununla yanaşı, bu bildiriş müqavilənin 21.1-ci maddəsinin 1-ci cümləsinə əsasən yazılı şəkildə aparılmalıdır. Alıcı tərəf məhkəməyə malların qüsurlu olmasına dair aktlar təqdim edirsə, ekspertiza keçirilərkən satıcıya bildirişin daxil edilməsini təsdiq edən sənədi də aktların arasına əlavə etməli idi, əks halda həmin aktların imzalanmasının nə dərəcədə ədalətli olduğu sual doğurur. Digər tərəfdən, cavabdeh tərəfin maddi sübut kimi tədqim etdiyi aktlar daxili aktlardır və onları imzalayan şəxslər onun işçiləri, səlahiyyəti daxilində işləyən şəxslərdir. Bununla yanaşı, mallar alıcının iddia etdiyi kimi həqiqətən də keyfiyyətsiz idisə, o, malı qaytarıb pulunu tələb etmək hüququna sahib olduğu halda malı qaytarmamışdır. Cavabdeh tərəf məhkəmə portalına əlavə etdiyi etirazda malların 20% deyil, 45% satıldığını vurğulasa da, istər faktiki olaraq, istərsə də təhvil-təslim aktlarına əsasən 28200 kq-lıq maldan yanlız 5850 kq-İıq qaynaq çubuqları (№ 261 hesab-fakturaya əsasən 1430 kq, № 824 hesab-fakturaya əsasən 420 kq, № 985 hesab-fakturaya əsasən 2000 kq, № 1000 hesab-fakturaya əsasən 2000 kq), yəni təqribi 20,8% mal satıcı tərəfdən alıcıya təqdim edilmişdir.

Tədqiq olunan sübutlar:

8. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

9. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.

10. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı QSC ilə alıcı qismində "xxxx" QSC arasında 11 yanvar 2023-cü il tarixli, 13-1/2-407/2023 nömrəli “Qaynaq çubuqlarının satın alınmasına dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə (müqavilənin predmeti) əsasən alıcının sifarişinə əsasən satıcı müqaviləyə Əlavə 1-də göstərilən qaynaq çubuqlarını müqaviləyə müvafiq qaydada alıcıya çatdıraraq təqdim etməyi, alıcı isə öz növbəsində müqaviləyə müvafiq qaydada təqdim edilən malları müəyyən edilmiş qaydada təhvil alıb müqavilədə müəyyən olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən satıcı malları müqavilədə nəzərdə tutulmuş qaydada, alıcının tələblərinə uyğun olaraq alıcıya təhvil verməlidir. Satıcı malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları alıcıya müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən satıcı müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra müqaviləni imzalayır. Müqavilə imzalandıqdan sonra satıcının bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən satıcı müqavilənin icrası ilə bağlı qanuna əsasən tələb olunan bütün icazələrin, lisenziyaların və müvafiq razılaşmaların alınmasını öz hesabına təmin edir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən alıcı müqavilə üzrə göndərilmiş malların təxirəsalınmadan (aşkar olunan qüsurların satıcı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən alıcı müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş hüquqi və təşkilatı məsələlərin həllini, ona aid olan icazələrin və razılaşmaların alınmasını təmin edir. Həmin müqavilənin 5.6-cı bəndinə əsasən alıcı müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və satıcıya vaxtında çatdırılmasına təminat verir. Həmin müqavilənin 5.7-ci bəndinə əsasən satıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların alıcının tələblərinə uyğun olaraq çatdırılmasını və təqdim edilməsini müqavilə qiyməti çərçivəsində həyata keçirməyi və təhvil verməyi öhdəsinə götürür. Mallar alıcının tələbinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, satıcı qüsurların alıcının tələbinə uyğun olaraq aradan qaldırılmasına, mümkün olmadıqda isə əvəzinin ödənilməsinə təminat verir. Həmin müqavilənin 12.1-ci bəndinə əsasən yekun müqavilə qiyməti tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil olmaqla 97739,40 (doxsan yeddi min yeddi yüz otuz doqquz manat qırx qəpik) manat (bundan sonra “Müqavilə qiyməti" adlanacaq) təşkil edir. Müqavilə qiymətinin tərkibinin təsviri hazırkı müqaviləyə Əlavə 2 (qiymət və ödəniş qaydası) olaraq qoşulmuşdur. Həmin müqavilənin 12.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə alıcı tərəfindən satıcıya əvvəlcədən müqavilə qiymətinin 20%-i (iyirmi faizi), yəni 19547,88 (on doqquz min beş yüz qırx yeddi manat səksən səkkiz qəpik) manat məbləğində avans ödənişi (bundan sonra “Avans” adlanacaq) ödənilir. Avansın alınması üçün satıcı tərəfindən alıcıya avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır. Bank zəmanəti avans qaytarılanadək qüvvədə qalır. Satıcı avans ödənişindən yalnız müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir. Satıcı avansın müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərin surətlərini alıcıya təqdim etməlidir. Satıcıya ödənilmiş avans müqaviləyə uyğun olaraq satıcı tərəfindən verilmiş aidiyyəti sənədlər əsasında alıcı tərəfindən əvəzləşdiriləcəkdir. Satıcı avans təminatının qarantı və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək barədə sorğu göndərir. Satıcı bu cür sorğuya 1 (bir) bank günü müddətində cavab verməlidir. Həmin müqavilənin 12.3-cü bəndinə əsasən müqavilə qiymətinin geri qalan 80%-i (səksən faizi), yəni 78191,52 (yetmiş səkkiz min bir yüz doxsan bir manat əlli iki qəpik) manat məbləği isə satıcı tərəfindən alıcıya faktiki olaraq təqdim edilən mallar müqabilində satıcının təqdim etdiyi sənədlər (qaimələr, fakturalar, aktlar, digər sənədlər) əsasında alıcı tərəfindən 15 (on beş) bank günü ərzində satıcının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir. Həmin müqavilənin 12.4-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilə qiyməti dəyişilməz qalır. Həmin müqavilənin 12.5-ci bəndinə əsasən müqavilə satıcı və ya alıcı tərəfindən ləğv olunursa, tərəflər ödənişlərin məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 (on beş) bank günü müddətində ödənilir. Həmin müqavilənin 19.1-ci bəndinə əsasən satıcı müqavilə üzrə öhdəliklərini müqavilədə müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), alıcı digər hüquqlara xələl gətirmədən satıcıya müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyaları (qarşısı alınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi Müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ Müqavilə qiymətinin 10 (on) faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş yuxarı həddə çatdıqdan sonra Alıcı Müqaviləni ləğv edə bilər. Həmin müqavilənin 19.2-ci bəndinə əsasən alıcı müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilədə göstərilmiş qaydada ödəmələri aparmasa, satıcı alıcıya müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilə qiymətinin 10 (on) faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş yuxarı həddə çatdıqdan sonra satıcı müqaviləni ləğv edə bilər.

11. İddiaçı QSC ilə "xxxx" QSC arasında qaynaq çubuqlarının satın alınmasına dair müqavilənin xüsusi şərtləri razılaşdırılmışdır. Həmin xüsusi şərtlərin 13-cü bəndində qeyd edilmişdir ki, satıcı malların sifariş bildirişində qeyd olunan qismini sifariş bildirişini aldıqdan sonra 5 (beş) iş günü ərzində təhvil verməlidir. Alıcı yalnız müqavilə üzrə sifariş verdiyi malları qəbul edəcək və sifariş olunmayan malları qəbul etməyə bilər. Həmin xüsusi şərtlərin 19-cu bəndində qeyd edilmişdir ki, satıcı müqavilə üzrə öhdəliklərini müəyyən olunmuş qaydada yerinə yetirmədikdə (gecikdirdikdə), alıcı digər hüquqlara xələl gətirmədən (qarşısı alınmaz qüvvənin təsiri istisna olmaqla) satıcıya öhdəliklərinin icrasının hər gecikdirildiyi günü üçün gecikdirilmiş öhdəliyin 0,1% (sıfırtam onda bir) (faizi) dəyərində cərimə tətbiq edə bilər; alıcı müqavilədə müəyyən olunmuş müddət ərzində ödəmələri aparmasa, satıcı alıcıya ödənişin hər gecikdirilən günü üçün gecikdirilmiş məbləğin 0,1% (sıfırtam onda bir) (faizi) dəyərində cərimə tətbiq edə bilər; satıcı müqavilənin xüsusi şərtlərində göstərilmiş müddətdə qüsurları aradan qaldırmazsa, alıcı satıcıya qüsurların aradan qaldırılmasının hər gecikdirilən günü üçün qüsurlu malların 0,2% (sıfır tam onda iki) (faizi) dəyərində cərimə tətbiq edə bilər.

12. İddiaçı QSC ilə "xxxx" QSC arasında bağlanmış qaynaq çubuqlarının satın alınmasına dair müqaviləyə bağlanmış malların siyahısı və spesifikasiyası adlı 1 nömrəli əlavədən görünür ki, tərəflər əlavədə qeyd edilən 12 adda mal(lar)ın qiyməti - 97739,40 manat (82830 manat + 19909,40 manat ƏDV 18%) barədə razılığa gəlmişlər. Sözgedən əlavə hər iki tərəfin izası və möhürü ilə təsdiq edilmişdir.

13. İddiaçı QSC ilə "xxxx" QSC arasında bağlanmış qaynaq çubuqlarının satın alınmasına dair müqaviləyə qiymət və ödəniş qaydası adlı 2 nömrəli əlavə bağlanmışdır. Həmin əlavənin 1.4-cü bəndinə əsasən hazırkı müqavilə üzrə alıcı tərəfindən satıcıya əvvəlcədən müqavilə qiymətinin 20%-i (iyirmi faizi), yəni 19547,82 (on doqquz min beş yüz qırx yeddi manat səksən iki qəpik) manat məbləğində avans ödənişi (bundan sonra “Avans” adlanacaq) ödənilir. Həmin əlavənin 1.5-ci bəndinə əsasən müqavilə qiymətinin geri qalan 80%-i (səksən faizi), yəni 78191,3 (yetmiş səkkiz min bir yüz doxsan bir manat otuz qəpik) manat məbləği isə satıcı tərəfindən alıcıya faktiki olaraq təqdim edilən mallar müqabilində satıcının təqdim etdiyi sənədlər (qaimələr, fakturalar, aktlar, digər sənədlər) əsasında alıcı tərəfindən 15 (on beş) bank günü ərzində satıcının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir.

14. xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 893748 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən "xxxx" QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1333,16 manat təşkil edir.

15. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 013572 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən "xxxx" QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6348,40 manat təşkil edir.

16. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 089095 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən "xxxx" QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7332,52 manat təşkil edir.

17. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 403609 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən "xxxx" QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4539,11 manat təşkil edir.

18. İddiaçı tərəfindən iş materiallarına yuxarıda qeyd olunan elektron qaimələrin əsasında dayanan hesab-fakturalar və qaimə fakturalar əlavə edilmişdir.

19. "xxxx" ASC tərəfindən tərtib edilmiş 320İNTL222930015 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" QSC-nin hesabına 84,75 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı kimi açıq tenderdə iştirak qeyd edilmişdir.

20. "xxxx" ASC tərəfindən tərtib edilmiş 205OPEX230650561 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı QSC-nin AZ75AİİB******************** nömrəli hesabına 16566 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı qismində muq 13-1/2-407/20** HF ***0-000604 mal alışı avans qeyd edilmişdir.

21. "xxxx" ASC tərəfindən tərtib edilmiş 205OPEX230720599 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı QSC-nin AZ75AİİB******************** nömrəli hesabına 16566 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı qismində muq 407/2023 mal material alışı avans qeyd edilmişdir.

22. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 000İPX1230665FDA ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı QSCnin AZ75AİİB******************** nömrəli hesabına 16566 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı qismində muq 13-1/2-407/20** HF ***0-000604 mal alışı avans qeyd edilmişdir.

23. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 000İPX********** ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı QSC-nin AZ75AİİB******************** nömrəli hesabına 16566 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı qismində muq 407/2023 mal material alışı avans qeyd edilmişdir.

24. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 000İPX12317325CA ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı QSCnin AZ75AİİB******************** nömrəli hesabına 4,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı qismində muq 13-1/2-407/2023 elektron qaimə EBDG 403609 089095 EBDE 013572 EBDC 893748 mal alışı qeyd edilmişdir.

25. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" QSC (VÖEN: **********) tərəfindən İddiaçı QSC-nin (VÖEN: **********) hesabına 2981,88 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı qismində muq 13-1/2-407/20** HF ***0- 000604 mal alışı avans qeyd edilmişdir.

26. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" QSC (VÖEN: **********) tərəfindən İddiaçı QSC-nin (VÖEN: **********) hesabına 2981,88 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı qismində muq 407/2023 mal material alışı avans qeyd edilmişdir.

27. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" QSC (VÖEN: **********) tərəfindən İddiaçı QSC-nin (VÖEN: **********) hesabına 0,81 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı qismində muq 13-1/2-407/2023 elektron qaimə EBDG 403609 089095 EBDE 013572 EBDC 893748 mal alışı qeyd edilmişdir.

28. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 631 nömrəli üzləşmə aktında qeyd edilmişdir ki, "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixə İddiaçı QSC-yə 19547,88 manat borcunun olduğu qeyd edilmişdir. Qarşılıqlı borcların üzləşdirilməsi barədə akt hər yalnız İddiaçı QSC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin imza hissəsi olan qrafa boş saxlanılmışdır.

29. İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03/23 nömrəli müqaviləyə qiymətlərin razılaşdırma protokolu adlı 1 nömrəli əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə adı qeyd olunmuş xidmət(lər)in qiyməti – 780 ABŞ dolları (daşıma xidməti Ningbo – Bakı 2665 kg) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

30. İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03/23 nömrəli müqaviləyə qiymətlərin razılaşdırma protokolu adlı 2 nömrəli əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə adı qeyd olunmuş xidmət(lər)in qiyməti – 4600 ABŞ dollar (daşıma xidməti Shangai – Bakı 20o Container) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

31. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 6 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" MMC-nin AZ58BRES40050AZ**********001 nömrəli hesabına 3000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı qismində EBDD 227747 elektron qaiməyə əsasən ödəniş qeyd edilmişdir.

32. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 6 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" MMC-nin AZ58BRES40050AZ**********001 nömrəli hesabına 2000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı qismində EBDD 227747 elektron qaiməyə əsasən ödəniş qeyd edilmişdir.

33. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 5 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" MMC-nin AZ58BRES40050AZ**********001 nömrəli hesabına 2500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı qismində EBDD 227747 elektron qaiməyə əsasən ödəniş qeyd edilmişdir.

34. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 2 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" MMC-nin AZ58BRES40050AZ**********001 nömrəli hesabına 2326 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı qismində EBDD 227747 EBDF 137448 elektron qaiməyə əsasən ödəniş qeyd edilmişdir.

35. xx.xx.2023-cü il tarixli, TÇT-2 saylı aktda qeyd edilmişdir ki, biz, aşağıda imza edənlər (K.H.Novruzov, B.İ.Ələsgərov, Z.Q.Abbasov), bu aktı tərtib edirik ondan ötrü ki, mərkəzi anbardan nümunə üçün 4mm ölçüsündə olan dəyişən cərəyanlı qaynaq çubuqları götürülmüşdür. İstifadə zamanı məlum oldu ki, nümunə üçün götürülmüş 4mm ölçüsündə olan dəyişən cərəyanlı qaynaq çubuqları istifadəyə yararsızdırlar.

36. xx.xx.2023-cü il tarixli aktda qeyd edilmişdir ki, biz, aşağıda imza edənlər, Şimal vaqon istismar deposunun baş mühəndisi Bəşirov Nüsrət, təchizat üzrə mühəndis Abbasov Mehman, Biləcəri vaqonların cari təmir sexinin ustası Talıbov Raqil bu aktı tərtib edirik ona görə ki, mərkəzi anbardan bizə yoxlamaq üçün verilən 6013 D-2mm, 6013 D- 3mm, 6013 D-4 mm qalınlıqlarında olan qaynaq çubuqları və xx.xx.2023-cü ildə verilən 4mm-lik qanaq çubuğu da bizim iştirakımızla sınaqdan keçirildi, əvvəl verilən nümünə kimi keyfiyyətli olmadı. Axrıncı verilən 4 mm-lik qaynaq çubuğu istifadə üçün qismən yararlıdır.

37. xx.xx.2023-cü il tarixli aktda qeyd edilmişdir ki, biz, aşağıda imza edənlər, Bakı vaqon təmiri zavodunun baş mühəndisi Süleymanov Məqsəd, Texniki nəzarət şöbəsinin rəisi Safibekov Dair, Avtoqoşqu sexinin ustası Haşımov Toğrul bu aktı tərtib edirik ona görə ki, mərkəzi anbardan bizə yoxlamaq üçün verilən 6013 D-2mm, 6013 D-3mm, 6013 D- 4mm qalınlıqlarında olan qaynaq çubuqları kimi (bu xx.xx.2022-ci il tarixli aktda göstərilib) xx.xx.2023-cü ildə verilən 4mm-lik qaynaq çubuğu da bizim müşahidəmiz altında yenidən sınaqdan keçirildi, bizə əvvəl verilən nümunə kimi keyfiyyətli olmadı. Axırıncı verilən 4mmlik qaynaq çubuğu istifadəmiz üçün qismən yararlıdır.

38. xx.xx.2023-cü il tarixli Gömrük bəyannaməsindən görünür ki, İddiaçı QSC-yə (AZ1025, Bakı şəhəri, Xətai rayonu, Mərkəzi Bulvar küçəsi, ev 5, giriş C, 1-ci mərtəbə, qapı 1) ümumilikdə çəkisi 26300 kq Çin mənşəli elektrodlar gətirilmişdir.

39. xx.xx.2023-cü il tarixli Gömrük bəyannaməsindən görünür ki, İddiaçı QSC-yə (AZ1025, Bakı şəhəri, Xətai rayonu, Mərkəzi Bulvar küçəsi, ev 5, giriş C, 1-ci mərtəbə, qapı 1) ümumilikdə çəkisi 2500 kq Çin mənşəli elektrodlar gətirilmişdir.

40. İddiaçı tərəfindən “commercial invoice” adlı sənədlər iş materiallarına əlavə edilmişdir.

41. "xxxx" ASC tərəfindən təsdiq edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı QSC tərəfindən “X4 CO LTD” hesabına 7803,75 ABŞ dolları və 18208,75 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür.

42. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RQ-1971 saylı əlavə kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasında İddiaçı QSC bankdan 18 (on səkkiz) ay müddətinə, illik faiz dərəcəsi 11.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür.

43. İcarədar qismində X1 ilə icarəçi qismində İddiaçı QSC arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarədar ünvan 1 ünvanında yerləşən “Xammal-İstehsalat Bazası”nda 432 (dörd yüz otuz iki) kv.m anbar sahəni qanunvericiliyə zidd olmayan əməliyyatlar aparmaq üçün icarəçiyə icarəyə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icarə haqqının bir aylıq məbləği bütün vergilər də daxil olmaqla 1200 (min iki yüz) manatdır.

44. İddiaçı QSC tərəfindən “X4 CO LTD” ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1501 nömrəli elektrodların geri qaytarılması barədə məktubda qeyd edilmişdir ki, şirkətinizdən aldığımız mallar (26012,50 ABŞ dolları dəyərində 08 dekabr 2022-ci il tarixli arayış faktura № TY********) müştərimiz tərəfindən qəbul edilməmişdir. Məhsulun birinci hissəsini - 20%ni qəbul edən və təəssüf ki, elektrodların qalan hissəsini heç bir səbəb olmadan almaqdan imtina edən müştəri ilə satış müqaviləmiz mövcuddur. Buna görə bu elektrodların 80%-ni sata bilmirik və elektrodlarımızla itkilərə məruz qalırıq. Bu vəziyyət qalan elektrodların sizə qaytarmağımıza səbəb oldu. Zəhmət olmasa, bu iddianı qəbul edin.

45. “X4 CO LTD” tərəfindən İddiaçı QSC-yə ünvanlanmış məktubda qeyd edilmişdir ki, qalan elektrodların qaytarılması ilə bağlı müraciət məktubunu almışıq. Bununla belə, sizə təəssüflə bildiririk ki, şirkət siyasətinə görə mütərişiniz satınalmadan imtina etmək üçün əsaslı səbəb göstərmədiyinə görə geri qaytarmaları qəbul edə bilmirik. Biz qarşılaşdığınız çətinlikləri başa düşürük və şirkət siyasətləri çərçivəsində həll yollarını tapmaqda sizə yardım etməyə hazırıq. Qarşılıqlı faydalı əsasla alternativləri araşdıra bilməmiz üçün bu vəziyyət haqqında ətraflı məlumat verməyinizi xahiş edirik. Bu məsələdə anlayışınıza və əməkdaşlığınıza görə təşəkkür edirik. Biz əməkdaşlıq əlaqələrimizə böyük əhəmiyyət veririk və şirkətinizin biznesinin inkişafına dəstək olmağa çalışırıq.

46. İddiaçı QSC tərəfindən "xxxx" QSC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 404-1-ci maddəsinə əsasən dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir.

48. 2024-cü il yanvarın 1-ə qədər qüvvədə olan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Bu Qanun, bu Qanunun 1.2–1.7-ci maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir; 2-ci maddəsinə əsasən satınalma müqaviləsi - satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəddir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

50. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

51. İşin faktiki hallarından göründüyü kimi, satıcı qismində İddiaçı QSC ilə alıcı qismində "xxxx" QSC arasında 11 yanvar 2023-cü il tarixli, 13-1/2-407/2023 nömrəli “Qaynaq çubuqlarının satın alınmasına dair” müqavilə bağlanmış, həmin müqavilə üzrə tərəflər öz üzərlərinə öhdəliklər götürmüşlər. Həmin müqavilənin 1-ci bəndinə (müqavilənin predmeti) əsasən alıcının sifarişinə əsasən satıcı müqaviləyə Əlavə 1-də göstərilən qaynaq çubuqlarını müqaviləyə müvafiq qaydada alıcıya çatdıraraq təqdim etməyi, alıcı isə öz növbəsində müqaviləyə müvafiq qaydada təqdim edilən malları müəyyən edilmiş qaydada təhvil alıb müqavilədə müəyyən olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə nəzərdə tutulan miqdarda iddiaçı tərəfindən alınan qaynaq çubuqları ÇXR-dən ölkəyə gətirilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçıya əvvəlcədən müqavilə qiymətinin 20%-i, yəni 19547,88 manat məbləğində avans ödənişi ödənilmiş (səhvən 2 dəfə ödənilmişdir), həmin dəyərdə mallar cavabdehə təhvil verilmişdir. Daha sonra isə cavabdeh tərəfindən mal sifarişi olunmamışdır.

52. Cavabdeh iddiaya etiraz etmiş, etirazının əsası kimi müqavilənin müvafiq normalarına (1-ci bənd, müqavilənin xüsusi şərtlərinin 13-cü bəndi və s.) istinad etmişdir.

53. Tərəflər arasında bağlanmış müqavilənin müvafiq normaları və müqavilənin xüsusi şərtlərinin 13-cü bəndinin məzmunundan da görünür ki, satıcı malların sifariş bildirişində qeyd olunan qismini sifariş bildirişini aldıqdan sonra təhvil verməlidir. Alıcı yalnız müqavilə üzrə sifariş verdiyi malları qəbul edəcək və sifariş olunmayan malları qəbul etməyə bilər.

54. İddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində ona zərər dəydiyini bildirərək, ümumi məbləğdən 19547,88 manat iddiaçıya ödənilmiş əlavə avans məbləği çıxılmaqla, əldən çıxmış fayda kimi 24818,46 manat, nəqliyyat xərcləri 9146 manat, gömrük xərcləri 8506,68 manat, əlavə kredit müqaviləsi nəticəsində yaranan faiz borcu 4675,03 manat, anbarda saxlanma xərcləri 10800 manat, cərimə 5853,83 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.

55. Məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin olunmamalıdr. Belə ki, qanunvericilik normalarına əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Hazırkı halda cavabdehin müqavilə üzrə öhdəliklərini pozması müəyyən edilmir. Belə ki, müqavilə şərtlərindən göründüyü kimi, satıcı malların sifariş bildirişində qeyd olunan qismini sifariş bildirişini aldıqdan sonra təhvil verməlidir. Alıcı yalnız müqavilə üzrə sifariş verdiyi malları qəbul edəcək və sifariş olunmayan malları qəbul etməyə bilər.

56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır.

57. Eləcə də, iddiaçı 210 manat mediasiya xərci və 18 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

58. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar