Məhkəmə qərarları › İş №e-2-2(113)-2034/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2034/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2034/2024 23.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, işçinin hüquqi şəxsin öhdəlikləri üçün məsuliyyəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (İddiaçı MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (bundan sonra Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli tədbir müqaviləsi üzrə 24850 manat məbləğində pulun və ödənilmiş 164,55 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 5 noyabr 2022-ci il tarixində GYDMB2191 nömrəli tədbir xidmətləri müqaviləsi bağlanmışdır. Həmin müqavilə şərtlərinə əsasən iddiaçı üzərinə götürülən öhdəlikləri tam icra etmiş və müvafiq tədbirin həyata keçirməsini təmin etmişdir. Cavabdeh müvafiq ödənişləri icra etməyərək müqavilə üzrə öhdəliklərini pozmuş və razılaşdırılmış xidmət haqqını ödəməmişdir. Bundan sonra iddiaçı cavabdehlə əlaqə saxlamaq və ödənişi tələb etmək üçün dəfələrlə cəhd etsə də, bu cəhdlər nəticəsiz qalmışdır. Cavabdehin adıçəkilən müqavilə üzrə borcu 24 850 manat təşkil edir. Həmin borc müqaviləyə uyğun olaraq hesablanmış qalıq xidmət haqqıdır. Tərəflərin razılığına əsasən, xidmət haqqının 100%-i 13 mart 2023-cü il tarixindən gec olmayaraq iddiaçıya ödənilməli olmuş və iddiaçı bununla bağlı cavabdehə 10 yanvar 2023-cü il tarixində müvafiq hesab-faktura təqdim etmişdir. Buna baxmayaraq, cavabdehin nümayəndəsi iddiaçıya müraciət edərək, müvafiq ödənişi tədbirdən sonra 1 həftə ərzində həyata keçirməyi xahiş etmiş və iddiaçı bununla bağlı öz razılığını vermişdir. 14, 15, 16 aprel 2023-cü il tarixlərində tədbirin keçirilməsinə və iddiaçının bütün öhdəliklərinin həyata keçirilməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günədək ödənilməli olan ümumi məbləğin (30 750 manatın) yalnız 5900 manatlıq hissəsi ödənilmiş və bundan sonra onun tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Cavabdeh müqavilə üzrə borcunu 31 oktyabr 2023-cü il tarixində imzaladığı qarşılıqlı borcların üzləşdirilməsi barədə aktla qəbul etsə də, ödənişin edilməsi üçün zəruri hərəkətləri etməmişdir. İddiaçı tərəfindən 11 dekabr 2023-cü il tarixində cavabdehin faktiki ünvanına rəsmi pretenziya məktubu göndərilmişdir, lakin cavabdeh öhdəliyini pretenziya məktubunda müəyyən olunmuş vaxt ərzində də icra etməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehin hərəkətləri barəsində aidiyyəti üzrə Xətai Rayon Polis İdarəsinə xx.xx.2023-cü il tarixdə müraciət edilərək, müvafiq tədbir görülməsi xahiş edilmiş, aparılmış araşdırma zamanı 13 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərar qəbul edilən zaman Cavabdeh1 özü izahat verərək, müvafiq borcu etiraf etmişdir. Həmin araşdırma zamanı sonuncu əslində bütün hərəkətlərin onun tərəfindən edildiyini bildirmiş, sifarişin də onun tərəfindən verildiyini qeyd etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 398, 425, 442 və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, xx.xx.2022-ci il tarixli tədbir müqaviləsi iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlansa da, digər Cavabdeh1 hüquqi şəxsin faktiki rəhbəri kimi tədbirlərin keçirilməsini təşkil etmişdir və bu, 13 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla da təsdiq olunur. Belə olan halda, iddia həm də Cavabdeh1 münasibətdə təmin olunmalıdır.

7. Məhkəmə bildirişləri Cavabdeh2 MMC-nin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, sonuncunun qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, adıçəkilən cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə bildirişləri Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, adıçəkilən cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İddia ərizəsinə əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli GYDMB2191 nömrəli tədbir müqaviləsinin şərtlərindən görünür ki, tədbir xidmətləri üzrə bu Müqavilə üzrə İddiaçı MMC Cavabdeh2 MMC-yə xüsusi qiymətlərlə Müqavilədə göstərilən haqq müqabilində mehmanxana xidmətlərini təqdim edəcəkdir. xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində 09:00 – 19:00 saatlarında tədbirin keçirilməsi sifariş edilir. Xidmət haqqı 18% ƏDV və 5% xidmət haqqı daxil olmaqla 30750 manat təşkil edir. Müqavilənin 1.13-cü bəndinə uyğun olaraq, Tədbirdən öncə Toplam Məbləğin 100%-nin (yüz faiz) ödənilməsi tələb olunur. Şirkət həmin bənddəki öhdəliklərini tam həyata keçirmədiyi halda, Mehmanxana Sifarişi ləğv etmək və otağı digər müştəriyə vermək hüququnu özündə saxlayır, ödəniş bank köçürməsi, nağd və ya təsdiq edilmiş kredit kartı ilə həyata keçirməlidir (1.1). Bütün göstərilən xərclər şirkət tərəfindən bank köçürməsi yolu İlə, nağd və ya təsdiq edilmiş kredit kartı ilə ödəniləcəkdir. 13 Mart 2023 tarixindən gec olmayaraq Toplam Məbləğin 100%-i ödənilməlidir (1.13).

14. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli EBDD 767489 seriya və nömrəli elektron qaimədən görünür ki, ƏDV daxil olmaqla 30750 manat dəyərində xidmətin göstərilməsi üçün qaimə-faktura tərtib edilərək cavabdehə göndərilmişdir.

15. İş materiallarında olan hər iki hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş xx.xx.2023cü il tarixli qarşılıqlı borcların üzləşdirmə aktından görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixə olan borc ƏDV daxil olmaqla 30750 manat təşkil edir.

16. İş materiallarına əlavə edilən hər iki hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirmə aktından görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixə olan borc ƏDV daxil olmaqla 24850 manat təşkil edir.

17. Məhkəməyə təqdim edilən Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X2 tərəfindən qəbul edilən 13 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, aparılmış araşdırma zamanı Cavabdeh1 izahat verərək bildirmişdir ki, dövlət və beynəlxalq tədbirlərin təşkili ilə məşğul olan Cavabdeh2 MMC-nin layihə rəhbəridir. Həmin şirkət 06 dekabr 2021-ci il tarixdə anası Qanuni nümayəndə tərəfindən təsis edilsə də, şirkətə demək olar ki, özü rəhbərlik edir. 2022-ci ilin oktyabr ayında “Yoqa Karnavalı” təşkil etməyi qərarlaşdırmış və bununla bağlı Türkiyə Respublikasında yaşayan məşhur yoqist Çetin Çetintaşla əlaqə saxlayıb bu fikrini ona bildirmişdir. Sonuncu da onunla razılaşmışdır. Tədbir keçirilməsi üçün ən ideal yerin “X4 Hotel” olduğunu düşünüb bu barədə hotelin səlahiyyətli şəxsi Dürdanə Bağıyeva ilə əlaqə saxlayıb danışmışdır. Aralarında baş tutan danışıqlardan sonra 14, 15 və 16 aprel 2023-cü il tarixlərdə hoteldə yoqa karnavalının təşkil edilməsi barədə razılığa gəlmişlər. Bununla bağlı şirkətlər arasında müvafiq müqavilə bağlanmış və müqavilənin şərtlərinə görə o, xidmət haqqı olaraq hotelə əlavə dəyər vergisi daxil olmaqla ümumilikdə 30750 manat pul ödəməli idi. Tədbirlə əlaqədar təxminən 150-200 biletin satılacağını düşünsə də, nəticədə ümumilikdə 67 bilet satılmışdır. Bundan əlavə həmin ərəfədə vergi borcları olduğu üçün Dövlət Vergi Xidməti tərəfindən bank hesabı dondurulmuşdur. Bu səbəblərdən hotelin xidmət haqqını ödəyə bilməmiş və aralarında narazılıq yaranmışdır. Hazırda bank hesabına qoyulmuş qadağa aradan qalxmadığı üçün hotelin pulunu ödəyə bilmir, lakin qoyulmuş qadağa götürülən kimi hotelin pulunu ödəyəcəkdir.

18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixli GYDMB2191 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 14, 15 və 16 aprel 2023cü il tarixlərində tədbirin keçirilməsi üçün mehmanxana xidmətinin göstərilməsini, Cavabdeh2 MMC də xidmətinin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli EBDD 767489 seriya və nömrəli elektron qaimə əsasında ƏDV daxil olmaqla 30750 manat dəyərində xidmət göstərilmiş, Cavabdeh2 MMC xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirmə aktı ilə borc məbləğini ƏDV daxil olmaqla 30750 manat olaraq təsdiq etmişdir. Daha sonra ƏDV daxil olmaqla 5900 manat məbləğində ödəniş edilmiş və xx.xx.2023-cü il tarixli üzləşdirmə aktı ilə qalıq borc məbləği ƏDV daxil olmaqla 24850 manat kimi təsdiq edilmişdir.

19. İddiaçı göstərilən xidmətin dəyəri olan ƏDV daxil olmaqla 24850 manat məbləğində pulun tutulmasını tələb edir.

20. Cavabdehlər hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmirlər.

21. Məhkəmə cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

24. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmalarına baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

25. Məhkəmə mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

26. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

29. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli GYDMB2191 nömrəli tədbir müqaviləsi xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

30. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

31. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

32. Məhkəmə qeyd edir ki, müqavilənin ödəniş şərtlərində xidmətlərin dəyərinin bank köçürməsi yolu ilə, nağd və ya təsdiq edilmiş kredit kartı ilə 13 Mart 2023 tarixindən gec olmayaraq 100% ödənilməsi şərtləşdirilmiş, lakin xidmətlərin dəyəri ödənilməmişdir.

33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

34. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

35. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

38. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

39. Beləliklə, məhkəmə Cavabdeh2 MMC-nin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbi xx.xx.2022-ci il tarixli GYDMB2191 nömrəli xidmət müqaviləsi üzrə 24850 manat borcun tutulması hissəsində əsaslıdır.

40. Lakin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Həmin Məcəllənin 456-cı maddəsinə əsasən, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

41. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli GYDMB2191 nömrəli tədbir müqaviləsinin tərəfi olmayan və Cavabdeh2 MMC-nin işçisi kimi çıxış edən Cavabdeh1 hüquqi şəxsin öhdəlikləri üçün məsuliyyət daşıması mümkün deyildir və həmin hissədə iddia təmin edilə bilməz.

42. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli GYDMB2191 nömrəli tədbir müqaviləsi üzrə 24850 manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. b) Məhkəmə xərcləri ilə bağlı

43. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 164,55 manat məbləğində pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

44. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli **********93 nömrəli mədaxil qəbzindən görünür ki, 164,55 manat məbləğində pul iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.

45. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

46. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Beləliklə, məhkəmə Cavabdeh2 MMC-yə qarşı iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 164,55 manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin olunsun. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə 24850 (iyirmi dörd min səkkiz yüz əlli) manat məbləğində pul Cavabdeh2ndən tutularaq İddiaçınə ödənilsin. İddia Cavabdeh1 pulun tutulması hissəsində təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 164 (bir yüz altmış dörd) manat 55 (əlli beş) qəpik məbləğində pul Cavabdeh2ndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar