Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2035/2021 25.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı “xxxx” MMC-nin cavabdehlər “xxxx” MMC və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “əmlakın qaytarılması” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh “xxxx” MMC-yə (üçüncü şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçının qanuni mülkiyyətində olan 1 ədəd İSUZU NPR-75 K zibil yığan maşının (şassi-JAANPR75KF7101342) iddiaçıya geri qaytarılmasına və həmin avtomobilin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 29.04.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin cavabdeh kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin 30 aprel 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, kommersiya mübahisəsi baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, elektron sistemdən əldə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın surətindən görünür ki, cavabdeh “xxxx” MMC Abşeron rayonu, Xırdalan-Binəqədi şossesi 4 ünvanında rəsmi olaraq qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə görə hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2017-ci il 11 aprel tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibatiiqtisadi məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Abşeron rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən məhkəmə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin hüquqi ünvanı Abşeron rayonunda yerləşdiyindən kommersiya mübahisəsinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44, 45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin cavabdehlər “xxxx” MMC və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “əmlakın qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2035/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2035/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver