Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2043/2021 30.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Cavabdehin iştirakı olmadan İddiaçı İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “pul öhdəliyi” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16.115.33 manat əsas borcun, həmin borcu vaxtında ödəmədiyinə görə 08.09.2020-ci il tarixinə hesablanmış 1,611.53 manat faiz borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında sürtkü yağları filterlərin alqısatqısına dair 22 fevral 2018-ci il tarixli, 220218ML nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə görə malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan “qiymət razılaşdırması protokolu” ilə müəyyən edilmişdir. Qeyd edilən müqaviləyə əsasən tərəflər arasında imzalanmış 26 fevral 2019-cu il 17 saylı razılaşma protokoluna və elektron qaiməfaktura əsasən cavabdehə ümumi dəyəri 2031.10 manat, 22 may 2019-cu il 19 saylı razılaşma protokoluna və elektron qaimə-fakturaya əsasən ümumi dəyəri 6640.69 manat, 16 iyul 2019-cu il 20 saylı Razılaşma Protokoluna və elektron qaimə-fakturaya əsasən ümumi dəyəri 1769.37 manat, 22 iyul 2019-cu il 20 saylı Razılaşma Protokoluna və elektron qaimə-fakturaya əsasən ümumi dəyəri 180.70 manat, 14 oktyabr 2019-cu il tarixli 22 saylı Razılşma Protokoluna və elektron qaimə-fakturaya əsasən isə ümumi dəyəri 5493.47 manat olmaqla, cəmi 16,115.33 manat məbləğində mallar təqim edilsə də, həmin malların dəyəri cavabdeh tərəfindən ödənilməmişdir.Yaranmış borcun müqavilə şərtlərinə əsasən ödənilməsi üçün tərəflər arasında hər hansı razılıq əldə edilmədiyindən hazırki mübahisənin (əsas borc, faiz borcu, əsas borcun vaxtında ödənilməməsi ilə əlaqədar vurulmuş ziyan və vəkilə çəkiləcək əlavə xərclər də daxil olmaqla) məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin Müqavilənin 7.2.1-ci bəndinin şərtlərinə əsasən “alıcı” tərəfindən ödənişlər mallar təhvil verildikdən sonra, 5 iş günü ərzində həyata keçirilir. Ödənişin hər gecikdirilmiş günü üçün ümumi məbləğin 0,2 %-i həcmində, toplam ildə 10%-dan artıq olmayaraq cərimə tətbiq edilir. İddia ərizəsinə əlavə olunmuş pretenziya məktubunun tərtib edildiyi tarixə cavabdehin 2020-ci il üzrə artıq 1 il gecikmə borcu yaranmışdır ki, bu da (16,115.33x10%x1=1611.53) 1,611.53 manat məbləğində cərimə borcunun olduğunu təsdiq edir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən 16.115.33 manat əsas borcun, həmin borcu vaxtında ödəmədiyinə görə 08.09.2020-ci il tarixinə hesablanmış 1,611.53 manat cərimə borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Bir tərəfdən satıcı adlandırılacaq İddiaçı MMC, digər tərəfdən alıcı adlandırılacaq Cavabdeh ASC arasında bağlanmış 22 fevral 2018-ci il tarixli, 220218 ML nömrəli müqaviləyə əsasən satıcı hazırki müqavilənin şərtlərinə uyğun olaraq, sürtkü yağlarını və filterləri alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndə əsasən malların qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2” nda göstərilir. 6.1. Bu müqavilə qüvvəyə mindikdən sonra, satıcı alıcının sifarişlərinə əsasən satdığı malı qaimə-faktura və /və ya təhvil-təslim aktı əsasında alıcının Bakı şəhərindəki anbarlarında təhvil verir. Malı alıcıya verildiyi andan, malların təsadüfən məhv olması və ya zədələnməsi riski alıcının üzərinə düşür. 7.1. Hazırki müqavilə üzrə ödənişlər X2na əsasən həyata keçirilir. 7.2. Ödəniş şərtləri X1 göstərilmədiyi halda mallar təhvil verildikdən sonra 5 iş günü ərzində həyata keçirilir. 7.2.1. Ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,2 % həcmində, toplam ildə 10% dan artıq olmayaraq, cərimə ödəməyi alıcı öz öhdəsinə götürür. 7.2.2 Malların dəyəri və 7.2.1 bəndində göstərilən ödənişlər Hesabda USD (ABŞ dolları ilə) ilə qeyd olunduğu halda satıcının bankının təyin etdiyi USD satış məzənnəyə uyğun AZN ilə ödəniləcək. - 26 fevral 2019-cu il tarixli 17 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən tərəflər 1 ədəd Mobil Super 3000 X1 5W40 (1LT), 1 ədəd Mobil Super 3000 X1 5W40 (4LT), 3 ədəd Mobil 1ESP FORMULA 5W30(1LT), 1 ədəd Mobil 1ESP FORMULA 5W30(4LT), 1ədəd Mobil DELVAC XHP EXTRA 10 W40(208LT) və 1 ədəd Mobil DELVAC MX 15 W40 (208 LT) olmaqla malların ümumi qiymətinin 330.20 ABŞ dolları ƏDV daxil olmaqla 2164.62 ABŞ dolları olması barədə razılığa gəlmişlər. - EAAQ seriyalı 849191 nömrəli 26.02.2019-cu il tarixli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə satılan malların dəyəri 3683.10 manat təşkil etmişdir. - 22 may 2019-cu il tarixli 19 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən tərəflər 22 fevral 2018-ci il tarixli ******* ML müqavilədə nəzərdə tutulmuş malların – 5 ədəd Mobil DTE 25(208LT) qiymətinin 595.35 ABŞ dolları ƏDV olmaqla, ümumilikdə 3902.85 ABŞ dolları olması barədə razılığa gəlmişlər. - EAAU seriyalı 782433 nömrəli 22.05.2019-cu il tarixli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə satılan malların dəyəri 6640.69 manat təşkil etmişdir. - 16 iyul 2019-cu il tarixli 20 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən tərəflər 1 ədəd Mobil DELVAC MX 15 W40 (208 LT), 2 ədəd Mobil 1ESP FORMULA 5W30(1LT), 1 ədəd Mobil 1ESP 5W30(5LT), 2 ədəd Mobil Super 3000 X1 5W40 (1LT) və 1 ədəd Mobil Super 3000 X1 5W40 (4LT) olmaqla malların ümumi qiymətinin 1039.90 ABŞ dolları olması barədə razılığa gəlmişlər. - EAAX seriyalı 219193 nömrəli 16.07.2019-cu il tarixli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə satılan malların dəyəri 1769.37 manat təşkil etmişdir. - 22 iyul 2019-cu il tarixli 20 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən tərəflər 1 ədəd 1 ədəd Mobil 1ESP 5W30(4LT) –nin qiymətinin 106.20 ABŞ dolları məbləğində müəyyən edilməsi barədə razılığa gəlmişlər. - EAAX seriyalı 460215 nömrəli 22.07.2019-cu il tarixli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə satılan malların dəyəri 180.70 manat təşkil etmişdir. - 14 oktyabr 2019-cu il tarixli 22 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən tərəflər 1 ədəd MOBİLUBE HD 80W90(208LT) VƏ 3 ədəd MOBİLDTE 25(208 LT) olmaqla ümumilikdə malların dəyərinin 492.21 ABŞ dolları ƏDV olmaqla, 3226.71 ABŞ dolları olması barədə razılığa gəlmişlər. - EBAB seriyalı 159837 nömrəli 14.10.2019-cu il tarixli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə satılan malların miqdarı 5493.47 manat təşkil etmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə 17 sentyabr 2020-ci il tarixdə pretenziya qaydasında məktub ünvanlanaraq cəmi 16,115.33 manat təşkil edən əsas borcun və 1611.53 manat təşkil edən cərimə borcunun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 22 fevral 2018-ci il tarixli, 220218ML saylı alğı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. MM-nin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin hallarından məlum olur ki,tərəflər arasında bağlanmış 22 fevral 2018-ci il tarixli, 220218ML nömrəli alğı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş 26.02.2019-cu il tarixli 17 nömrəli, 22.05.2019-cu il tarixli 19 nömrəli, 16.07.2019-cu il tarixli 20 nömrəli, 22.07.2019-cu il tarixli 20 nömrəli və 14.10.2019-cu il tarixli 22 nömrəli qiymətlərin razılaşdırılması protokollarına əsasən iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 16,115.33 manat təşkil edən mallar satılmışdır. İddiaçı müqavilə və razılaşma protokollarına əsasən öhdəliyini icra edərək malları cavabdehə təhvil verməsinə baxmayaraq, cavabdeh tərəfindən ümumiyyətlə heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 16,115.33 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddia tələbindən görünür ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 7.2.1-ci bəndinə istinad edərək 1,611.53 manat məbləğində cərimə borcunun ödənilməsini tələb etmişdir. Belə ki, 22.02.2018-ci il tarixli, 220218 ML nömrəli müqavilənin 7.2.1-ci bəndinin şərtlərinə əsasən alıcı tərəfindən ödənişlər mallar təhvil verildikdən sonra 5 iş günü ərzində həyata keçirilir. Ödənişin hər gecikdirilmiş günü üçün ümumi məbləğin 0,2 % həcmində, toplam ildə 10%-dan artıq olmayaraq cərimə tətbiq edilir. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hazırkı iş üzrə borcun 16,115.33 manat təşkil etməsini, borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 150 (yüz əlli) manat məbləğində dəbbə pulu tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən 16,115.33 manat əsas borc, 150 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 16295,33 (on altı min iki yüz doxsan beş manat, otuz üç qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2043/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2043/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver