Məhkəmə qərarları › İş №e-2-2(113)-2043/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2043/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2043/2022 29.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddiası üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə ödənilmiş 6000 manat əsas məbləğ, 9438.88 AZN ƏDV məbləğinin və ödənilmiş 137 manat məbləğində dövlət rüsmununun, ümumilikdə 15575.88 AZN məbləğində vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında CAR-ASM-04/21 nömrəli, 13 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə əsasında Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 25705 kq polietilen xammal təhvil verilmişdir. 25705 kq polietilen xammal İddiaçı MMC-yə təhvil verildikdən sonra e-qaimə tərtib olunmuş, e-qaimənin əsasında qəbul edilmiş xammalın yoxlanılmasına qədər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə əsas məbləğdən 6.000 manat və bütün ƏDV məbəği – 9438.88 manat tam olaraq ödənilmişdir. Həmin xammalın 2145 kq miqdarı boru istehsalı məqsədilə sınaq üçün istifadə olunmuş və xammalın tam yararsız olduğu aşkar olunmuşdur. Xammalın yararsız olması ilə bağlı protokol tərtib olunmuş və qalan 23560 kq xammal geri qaytarılmışdır. 2145 kq xammal da sınaq üçün istifadə olunmuş və yararsız olduğu aşkar olunduğu üçün Cavabdeh MMC-yə geri qaytarılacağı bildirilmişdir. Buna görə də Cavabdeh MMC-yə ödənilmiş 6000 manat və bütün ƏDV məbəği – 9438.88 manat İddiaçı MMC-yə geri qaytarılmalıdır. Müqavilənin 3.3cü maddəsinə əsasən, malların kəmiyyətində uyğunsuzluq olarsa, satıcı alıcının tələbi ilə əlavədə qeyd olunan müddət ərzində ya bu uyğunsuzluğu aradan qaldırır, ya çatdırılmayan mala görə ödənilən avans məbləği 3 (üç) iş günü ərzində geri qaytarır, ya da ki onu növbəti sifarişlə kompensasiya edir. Müqavilənin 6.1.2-ci maddəsinə əsasən satıcı bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, müqavilənin icrasından birtərəfli imtina etmək və satıcıdan vurulmuş zərərin ödənilməsini tələb edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: “alıcı” İddiaçı MMC, “satıcı” Cavabdeh MMC olmaqla imzalanmış CAR-ASM-04/21 nömrəli, 13 sentyabr 2021-ci il tarixli alğı-satğı müqaviləsinə əsasən satıcı satır, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrində (bundan sonra “Əlavə” adlandırılacaq) göstərilən tərkibdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malı alır. 3.2-ci bəndə əsasən satıcı keyfiyyətsiz mala görə tam məsuliyyət daşıyır və alıcıya keyfiyyətsiz malın verilməsi və/və ya onun hər hansı qaydada istifadə edilməsi və ya kəmiyyətcə uyğun olmayan malın təchiz olunması ilə dəymiş ziyanın əvəzini ödəməlidir. xx.xx.2021-ci il tarixli 612917-127 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə məxsus bank hesabına 6.000 manat köçürülmüşdür. EBBJ seiyalı 649423 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 61877,08 manat Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli sınaq nəticələrinə dair protokolda qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC tərəfindən qəbul edilən 25.705 kq polietelin xammaldan sınaq olaraq 2.145 kq borcu hazırlanması üçün istehsala buraxılmışdır. Sınaq nəticəsində istehsal olunan borcular tam yararsız olmuşdur. Qeyd olunana protokol baş mühasib Bəxtiyar İsmayılov və satış nümayəndəsi Orxan Məmmədov tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2.1-ci maddəsin əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək, təhvil verilmiş mallar üzrə ödənişi həyata keçirsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuş, malları müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə təqdim etməmişdir. Belə olan halda məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilmiş pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, iddia tələbi 6.000 manat əsas məbləğ hissəsində təmin olunmalıdır. Məhkəmə iddia tələbinin 9.438,88 manat ƏDV-nin geri qaytarılması hissəsində qeyd edir ki, iddia tələbi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübuta yetirilməmiş, bununla bağlı məhkəməyə sübutlar təqdim edilməmişdir. Bununla bağlı iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından isə görünür ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 137 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 137 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. CAR-ASM-04/21 nömrəli, 13 sentyabr 2021-ci il tarixli müqavilə üzrə Cavabdeh MMC-dən 6.000 (altı min manat) manat və 137 (bir yüz otuz yeddi) manat İddiaçı MMCnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar