Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2044/2022 03.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1962,36 manat xidmət haqqı ödənişinin və ilkin mediasiya sessiyası üçün ödənilmiş 60 manat, cəmi 2022,36 manat pulun tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ********** saylı VÖEN-nin sahibidir, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı ilə cavabdeh arasında 25.11.2010-ci il tarixli 115/20 nömrəli “maliyyəçi xidmətinin yerinə yetirilməsinə” dair müqavilə bağlanmışdır. Həmin müqavilə münasibətlərində iddiaçı “icraçı”, cavabdeh isə “sifarişçi” olaraq iştirak etmişdir. Müqavilənin 1-ci bəndinə görə icraçı hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə sifarişçi üçün maliyyəçi xidmətini yerinə yetirir, sifarişçi isə göstərilən xidmətin dəyərini ödəyir. Müqavilənin predmeti qismində çıxış edən xidmətlər isə həmin müqavilənin 2 saylı əlavəsinə əsasən “İcraçı” tərəfindən xidməti aktların tərtibi (hər xidmət göstərənin sayına əsasən), aktlar əsasında qaimələrin göndərilməsi (hər xidmət üzrə), hesabatların təqdim edilməsi, borcların yoxlanılması və DSMF hesabatlarının təqdim edilməsi təşkil edir. Həmin müqavilənin 2-ci bəndinə əsasən xidmətin qiyməti ay ərzində göstərilmiş xidmətə dair icraçının verdiyi hesabatın sifarişçi tərəfindən qəbul edildiyi halda, həmin hesabata müvafiq olaraq müəyyən edilməklə, ödəniş 20 təqvim günü müddətində icraçının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Cavabdeh tərəfindən sözügedən müqavilə ilə üzərinə götürdüyü öhdəliyi bu günədək icra etməmişdir. Belə ki, müqaviləyə uyğun olaraq, qeyd edilən xidmətlər iddiaçı tərəfimdən göstərilmiş, 05.04.2021-ci il tarixli 676446 nömrəli göstərilən xidmətlərin dəyəri 1142.47 manat və 16.05.2021-ci il tarixli 668221 nömrəli göstərilən xidmətlərin dəyəri 819.89 manat olan elektron qaimələr cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh 1962.36 manat manat təşkil edən göstərilən xidmətlərin dəyərini bugünədək ödəməmişdir. Bununla da, adıçəkilən müqavilə ilə üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra müqavilə üzrə öhdəliklər tərəfindən icra edilmiş, e-mail vasitəsilə hesabatlar cavabdehə təqdim edilmişdir. Pandemiya şəraiti olduğu üçün o, məsafədən həmin işləri yerinə yetirmiş, hesab-fakturaları elektron qaimə şəklində cavabdehə göndərmiş, cavabdeh tərəfindən həmin qaimələrə etiraz verilməmişdir. Ümimilikdə göstərilmiş xidmətlərə görə 4 qaimə göndərilmiş, cavabdeh iki qaimə üzrə ödəniş etmiş, qalan iki qaimə üzrə ödənişləri etməkdən yayınır. Cavabdeh ondan qarşılıqlı təhvil-təslim aktının imzalanmasını heç vaxt tələb etməmiş, belə tələb olsaydı, o üzərinə düşən öhdəlikləri icra edərdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi M.Verdiyev iddia tələbinə etiraz edərək, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən görülmüş işlərə dair hər hansı təhvil-təslim aktı yoxdur. Tərəflərindən 02.03.2021-ci il tarixdə ödənilmiş 1680,25 manat, 19.03.2021-ci ildə 1142,47 manat isə avanslardır, qaimələrə də etiraz verməmələrinin səbəbi pandemiya zamanı mühasibatlıqlarının fəaliyyət göstərməməsi olmuşdur. İddiaçı tərəfindən onlara hər hansı xidmət göstərilməmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 25.11.2020-ci il tarixli 115/20 nömrəli xidmət müqaviləsinə əsasən icraçı hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə sifarişçi üçün maliyyəçi xidmətini yerinə yetirir, sifarişçi isə göstərilən xidmətin dəyərini ödəyir. Müqavilənin 2-ci bəndinə əsasən xidmətin qiyməti ay ərzində göstərilmiş xidmətə dair icraçının verdiyi hesabatın sifarişçi tərəfindən qəbul edildiyi halda, həmin hesabata müvafiq olaraq müəyyən edilməklə, ödəniş 20 təqvim günü müddətində icraçının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 3.1.5-ci bəndinə əsasən göstərilmiş xidmətə görə hesabatı sifarişçiyə təqdim etmək icraçının öhdəliyidir. İddiaçı tərəfindən cavabdehə EBAX seriyalı 477039 saylı 15.02.2021-ci il tarixli elektron qaiməyə əsasən 1680 manat, EBAY seriyalı 515222 saylı 10.03.2021-ci il tarixli elektron qaiməyə əsasən 1142,47 manat, EBAZ seriyalı 676446 saylı 05.04.2021-ci il tarixli elektron qaiməyə əsasən 1142,47 manat, EBBB seriyalı 668221 saylı 16.05.2021-ci il tarixli elektron qaiməyə əsasən 819,89 manat məbləğində xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən iddiaçının bank hesabına cavabdeh tərəfindən 02.03.2021-ci il tarixdə ödənilmiş 1680,25 manat, 19.03.2021-ci ildə 1142,47 manat ödənilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 15 fevral 2022-ci il tarixli MŞB/5-00102 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 25.11.2020-ci il tarixli 115/20 nömrəli xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə 1962,36 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh iddiaya etiraz edərək, hazırda hər hansı borcunun olmadığını, iddiaçının tələb etdiyi 1962,36 manat məbləğində xidmətin göstərilmədiyini, buna dair hər hansı təhvil-təslim aktının olmadığını göstərsə də, məhkəmə araşdırması zamanı əvvəlki ödənişlər üzrə də göstərilmiş xidmətlərə dair hər hansı təhvil-təslim aktının tərtib edilmədiyi, cavabdehin iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr əsasında ödəniş etdiyi, iddiaçının təqdim etdiyi qaimələrə dair hər hansı etiraz verilmədiyi müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi izahatında 02.03.2021-ci il tarixdə ödənilmiş 1680,25 manat, 19.03.2021-ci ildə 1142,47 manat pulun avans olduğunu bildirsə də, həmin ödənişlərin məhz iddiaçı tərəfindən təqdim edilmiş EBAX seriyalı 477039 saylı 15.02.2021-ci il tarixli və EBAY seriyalı 515222 saylı 10.03.2021-ci il tarixli qaimələr əsasında, həmin qaimələrdə göstərilmiş məbləğlərdə ödənilməsinin, avans olduğu təqdirdə həmin ödənişlərin müqavilə bağlandıqdan təxminən 4 ay sonra edilməsinin, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə öhdəliklərinin icra edilməsi ilə bağlı xəbərdarlıq və ya pretenziya göndərilməməsinin səbəblərini izah edə bilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1962,36 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallarda olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 15 fevral 2022-ci il tarixli MŞB/5-00102 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Göründüyü kimi, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, tərəflər arasında barışıq əldə edilməmişdir. Bu səbəbdən ödənilmiş 60 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 1962,36 (bir min doqquz yüz altmış iki manat otuz altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2044/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2044/2022
03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver