Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2046/2020 15.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən xx xxxx 2019-cu il tarixli, 015/2019-EDU nömrəli alqı-satqı müqaviləsi üzrə 2006,00 ABŞ dollarının, xx xxxx 2019-cu il tarixli 012/2019-EDU nömrəli “İT xidmətlərin göstərilməsinə dair müqavilə” üzrə 18.000 manat pulun, o cümlədən 30,40 manat məbləgində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qiyabi qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən xx xxxx 2019-cu il tarixli, 015/2019-EDU nömrəli alqı-satqı müqaviləsi üzrə 2006,00 ABŞ dollarının, xx xxxx 2019-cu il tarixli 012/2019-EDU nömrəli “İT xidmətlərin göstərilməsinə dair müqavilə” üzrə 18.000 manat pulun, o cümlədən 30,40 manat məbləgində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2019-cu il tarixli, 015/2019 EDU saylı alqı-satqı və xx xxxx 2019-cu il tarixli 015/2019-EDU №-li "İT xidmətlərin göstərilməsinə dair Müqavilə” bağlanmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 015/2019 EDU saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə Özbəkistan və Azərbaycan ofisləri üçün, dəyəri 1000 ABŞ dollar təşkil edən 1 ədəd "PG-60L-UTM BDM Firewall” və dəyəri 700 ABŞ dolları təşkil edən 1 ədəd “FG-60E-UTM BDM Firewall” markalı kompyuter avadanlıqları satılmışdır. Cavabdeh müqaviləyə uyğun olaraq iddiaçıya təqdim olunmuş malın dəyərini malları aldığı an yerində və ya hüquq verən sənədi, ya da qeydiyyata alına bilən satış hesabını aldığı an yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməkdən imtina etmiş, ƏDV daxil olmaqla malın dəyərini təşkil edən 2006,00 ABŞ dollarını ödəməkdən müxtəlif bəhanələrlə imtina etmişdir. O cümlədən, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2019-cu il tarixli, 012/2019-EDU saylı "İT xidmətlərin göstərilməsinə dair Müqavilə" bağlanmışdır. “İT Xidmətlərin göstərilməsinə dair Müqavilə”nin 1.1-ci bəndinə əsasən iddiaçı bu müqavilənin 2 saylı qoşmasında verilmiş forma əsasında hazırlanmış Sifarişçinin yazılı xidmət sifarişlərinə əsasən Sifarişçiyə İT xidmətlərini göstərəcək, Sifarişçi isə həmin xidmətə görə bu müqavilədə nəzərdə tutulmuş xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə uyğun olaraq iddiaçı cavabdehə bir il müddətində Microsoft Azure bulud xidmətlərini və digər vendorların xidmətlərindən istifadə etməklə İT infrastrukturun yaradılması, müştərinin ofisləri arasında müxtəlif səviyyəli vpn şəbəkələrinin yaradılması, təhlükəsiz bağlantı mühitinin qurulması və texniki xidmətinin təşkili, İT infrastruktur üçün informasiya təhlükəsizliyi prosedurların, qaydaların hazırlanması, Veb səhifələrinin təhlükəsizlik işlərinin görülməsi və veb portalların yaradılmasında məsləhətlər vermişdir. Müqavilənin 3.6-cı bəndinə uyğun olaraq iddiaçı hər ayın sonunda cavabdehə imza üçün ay ərzində göstərilmiş xidmətin təhvil-təslim aktını cavabdehə təqdim etmişdir. Lakin cavabdeh tərəfindən aylıq təhvil-təslim aktı təqdim edildiyi tarixdən 7 (yeddi) iş günü ərzində imza edib geri qaytarmalı olduğu halda bunu etməmiş və imza etməkdən imtina etməsinin səbəbini yazılı şəkildə bildirməmişdir. Cavabdeh tərəfindən xidmətə görə iddiaçıya ödənilməli olduğu məbləğ 18.000 manat təşkil edir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq xidmətə görə ödənilməli olan 18.000 manat cavabdeh tərəfindən ödənilməmiş və borcun ödənilməsindən müxtəlif bəhanələrlə imtina edilmişdir. Cavabdeh tərəfindən yaranmış borcun ödənilməməsi iddiaçının da, dövlət ödənişlərinin, digər hüquqi və fiziki şəxlər qarşısında öhdəliklərinin vaxtında həyata keçirilməməsinə, o cümlədən işlərinin icrasında böyük çətinliklər yaradır. İşin sadalanan hallarından açıq-aydın görünür ki, cavabdehin qərəzli hərəkətləri nəticəsində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bunu nəticəsində də iddiaçıya külli miqdarda maddi ziyan dəymişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 238 və 241-ci maddələrinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı isə buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razı olduğunu bildirmişdir. Buna görə də məhkəmə işə qiyabi icraat qaydasında baxmağı qərara almışdır. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin və Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətlərindən görünür ki, İddiaçı xx xxxxxx 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 015/2019 EDU nömrəli Satış müqaviləsindən görünür ki, iddiaçı Özbəkistan və Azərbaycan ofisləri üçün, dəyəri 1000 ABŞ dollar təşkil edən 1 ədəd "PG-60L-UTM BDM Firewall” və dəyəri 700 ABŞ dolları təşkil edən 1 ədəd “FG-60E-UTM BDM Firewall” markalı, ümumilikdə ƏDV daxil 2006 ABŞ dolları dəyərində olan kompyuter avadanlıqlarını cavabdehə satmağı, cavabdeh isə mallar alındığı yerdə və ya alındığı vaxtda və ya Alıcı əmlak hüququnu təsdiq edən sənəd və ya fakturanı aldığı zaman mallara görə ödəniş etməyi öhdələrinə götürmüşlər. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 012/2019-EDU saylı "İT xidmətlərin göstərilməsinə dair" müqavilədən görünür ki, iddiaçı bu müqavilənin 2 saylı qoşmasında verilmiş forma əsasında hazırlanmış cavabdehin yazılı xidmət sifarişlərinə əsasən cavabdehə İT xidmətləri göstərməyi, cavabdeh isə həmin xidmətə görə bu müqavilədə nəzərdə tutulmuş xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. xx xxx 2019-cu il tarixli 01 nömrəli Xidmət sifariş formasından görünür ki, iddiaçının cavabdehə göstərdiyi xidmətə görə xidmət haqqı aylıq ƏDV xaric 1500 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 015/2019 EDU nömrəli Satış müqaviləsinə əsasən iddiaçı Özbəkistan və Azərbaycan ofisləri üçün, dəyəri 1000 ABŞ dollar təşkil edən 1 ədəd "PG-60L-UTM BDM Firewall” və dəyəri 700 ABŞ dolları təşkil edən 1 ədəd “FG-60E-UTM BDM Firewall” markalı, ümumilikdə ƏDV daxil 2006 ABŞ dolları dəyərində olan kompyuter avadanlıqlarını cavabdehə satmağı, cavabdeh isə mallar alındığı yerdə və ya alındığı vaxtda və ya Alıcı əmlak hüququnu təsdiq edən sənəd və ya fakturanı aldığı zaman mallara görə ödəniş etməyi öhdələrinə götürmüşlər. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 012/2019-EDU saylı "İT xidmətlərin göstərilməsinə dair" müqaviləyə əsasən iddiaçı bu müqavilənin 2 saylı qoşmasında verilmiş forma əsasında hazırlanmış cavabdehin yazılı xidmət sifarişlərinə əsasən cavabdehə İT xidmətləri göstərməyi, cavabdeh isə həmin xidmətə görə bu müqavilədə nəzərdə tutulmuş xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçının cavabdehə göstərdiyi xidmətə görə xidmət haqqı aylıq ƏDV xaric 1500 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən, eyni zamanda xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş və xidmətlər göstərmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilələr üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilələr üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilələrdən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, müqavilələrə əsasən cavabdehin iddiaçıya ödəməli olduğu 2006,00 ABŞ dolları və 18.000 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 238, 241, 242, 244, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx xxxx 2019-cu il tarixli, 015/2019-EDU nömrəli alqı-satqı müqaviləsi üzrə 2006,00 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, xx xxxx 2019-cu il tarixli 012/2019-EDU nömrəli “İT xidmətlərin göstərilməsinə dair müqavilə” üzrə 18.000 manat pul və 30,40 manat məbləgində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra qiyabi qətnamədən 1 ay müddətinə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə çıxarıldığı gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2046/2020
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2046/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver