Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2058/2024 09.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daxili lizinq müqaviləsi, lizinq müqaviləsinin ləğvi, iradənin ifadə üsulları, yazılı sübutun həqiqiliyi prezumpsiyası, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra İddiaçı MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli F589 saylı daxili maliyyə lizinqi müqaviləsi və əlavələrinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada həmin müqavilə üzrə 5067 manat əsas borc, 4135 manat faiz borcu, 762 manat cərimənin və ödənilmiş 119,64 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli F589 saylı daxili lizinq müqaviləsinə əsasən sonuncunun sifarişi ilə 2013-cü il buraxılışı, “BMW” markalı avtomobil 31500 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh1 illik 22% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1203 manat, ümumilikdə isə 43307,97 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. 2.2. Cavabdeh1 tərəfindən iddiaçıya sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə 2191,20 manat məbləğində olmuşdur. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdehlər tərəfindən əməl edilməmiş, cavabdehlər lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqaviləyə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3% hesablanmaqla cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, daxili lizinq müqaviləsinin 15.1.4-ci bəndinə əsasən, X6 obyektindən müqavilənin şərtlərini pozmaqla, nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daxili lizinq müqaviləsinin 16.1-ci bəndinə əsasən, lizinq alan bu müqavilənin 4.1, 5.1, 5.2, 5.4, 5.6, 7.2, 8.1, 9.2, 10.4, 17.1-ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. 2.3. xx.xx.2022-ci il tarixli F589 saylı daxili lizinq müqaviləsinin təminatı kimi Cavabdeh2 (zamin) ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə zamin lizinq alan Cavabdeh1 xx.xx.2022-ci il tarixli F589 saylı daxili lizinq müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyi təqdirdə, həmin müqavilədə qeyd olunmuş öhdəliklərin icrasını öz üzərinə götürmüşdür. X6 ödənişi ilə bağlı iki aydır, yuxarıda qeyd edilmiş cədvələ uyğun olaraq lizinq ödənişlərini etməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 747.1, 748-1.8, 748-1.12-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçı tərəfindən nəqliyyat vasitəsi 2024-cü il yanvar ayının sonunda təhvil alınmışdır. Daha əvvəl də lizinq obyekti ödənişin gecikdirilməsi ilə bağlı alınmış, sonradan qaytarılmışdır.
6. Məhkəmənin ödənişlərlə bağlı suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, Cavabdeh1 tərəfindən əlbəəl hər hansı ödəniş olmamışdır. Lizinq ödənişlərinin köçürmə yolu edilməsi şərtləşdirilsə də, həmin ödənişlər Cavabdeh1 tərəfindən iddiaçının əməkdaşlarına edilmiş, sonuncular da hesaba köçürmüşdürlər. Cavabdeh1 qəbzləri ilə hesabdan çıxarışda əks olunan ödənişlər arasında təqribən 200 manat fərqin olması həmin ödənişlərin nəqliyyat vasitəsinə yazılmış cərimələrə və lizinq obyektinin bir gün ödənişli dayanacaqda saxlanması xərcinə yönəldilməsidir.
7. Məhkəmənin nəqliyyat vasitəsinin təhvil alınması ilə bağlı suallarına münasibətdə iddiaçının nümayəndəsi bildirdi ki, Cavabdeh1 nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə təhvil alınsa da, bu barədə akt tərtib edilməmiş, iddia ərizəsi məhkəmənin icraatında olarkən Cavabdeh1 ofisə çağırılmış, nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə təhvil alınmasını təsdiq edən sənəd imzalanmışdır. Sənəddə adıçəkilən iddiaçının nümayəndəsi təhvil-təslim prosesində iştirak etməmişdir.
8. Məhkəmənin xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən edilmiş 600 manat məbləğində pulun nə üçün qaytarıldığı sualına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, “borcu çox olduğu üçün bildirildi ki, yəni biz o pulu qəbul edə bilmərik, tam bu günə olan borcu bağla, ondan sonra avtomobili al ... Tərəf deyib ki, 600 manatı ödəyirəm, maşını götürürəm. Biz də demişik ki, al bu 600 manatı. Get, bütün pulu gətir” (13 iyun 2024-cü il tarixli baxış iclası 05:49 – 06:23). Məhkəmənin verilən cavabla bağlı nəqliyyat vasitəsini 2023-cü ilin sentyabr ayının əvvəli qəbul etdiklərini təsdiq edib-etməməsi ilə bağlı sualından sonra iddiaçının nümayəndəsi izahatını dəyişmiş, 600 manatı qəbul etməmələrinin səbəbi kimi göstərmişdir ki, cavabdeh həmin pulu verərək lizinq münasibətlərini davam etdirmək istəyirdi, lakin iddiaçı pulu qaytararaq tam ödənilməsini tələb etmiş, əks halda lizinq obyektinin geri alınacağını bildirmişdir.
9. Cavabdeh1 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və bildirdi ki, iddiaçının qəbul etdiyindən daha çox ödəniş edilmiş, ödənişlərin bir qismi iddiaçının əməkdaşlarının bank kartlarına, bir qismi isə əlbəəl edilmişdir. İddiaçı tərəfindən sonuncu dəfə lizinq obyekti 2023-cü ilin avqustun sonu, sentyabrın əvvəli alınmışdır. Belə ki, iddiaçı “GPS” vasitəsilə lizinq obyektinin yerini müəyyən etmiş, ondan avtomobili məcburi qaydada almışdır. O, avtomobilin qaytarılması üçün 600 manat ödəniş edib iddiaçıya yaxınlaşmış, lakin sonuncu vəsaitin tam ödənilməsini tələb etmiş, 600 manatı qaytarmışdır.
10. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh1 göstərdi ki, savadsız olduğundan lizinq obyektinin xx.xx.2024-cü il tarixdə təhvil alınması ilə bağlı akta imza etmişdir. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə icraatı gedişində onu ofisə çağırmış, aktın avtomobildə hər hansı əşyasının qalmamasının təsdiq edilməsi üçün tərtib edildiyini bildirmiş, bu səbəbdən də o, akta imza etmişdir.
11. Məhkəmənin birinci baxış iclasında iştirak edən Cavabdeh2 digər cavabdehin qonşusu olduğunu, nəqliyyat vasitəsinin 2023-cü ilin sentyabr ayının əvvəli məcburi şəkildə geri alındığını, maddi çətinliklərlə bağlı ödənişləri edə bilmədiyini bildirdi.
12. Cavabdehlər məhkəmənin sonuncu baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirakı etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi X1 isə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə ərizə ünvanlayaraq məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqaviləsinin ləğvi və lizinq ödənişlərinin tutulması tələbi ilə bağlı
14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
16. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı Cavabdeh1 sifarişi ilə xx.xx.2022-ci il tarixli F589 nömrəli alqı-satqı müqaviləsi əsasında dəyəri 31500 manat olan, 2013-cü il buraxılışı, WBAFR7C56DC827096 şassi nömrəli “BMW 5351” minik markalı nəqliyyat vasitəsini X2 alaraq Cavabdeh1 xx.xx.2022-ci il tarixli F589 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinqə vermiş, həmin müqaviləyə əsasən, Cavabdeh1 36 ay müddətinə 29 yanvar 2023-cü il tarixdən 29 dekabr 2025-ci il tarixədək 31 500 manat əsas ödəniş, 11807,97 manat mükafat məbləği ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda lizinq müqaviləsi bitdikdən, lizinq alan tərəfindən müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququnun lizinq alana keçə biləcəyi şərtləşdirilmişdir. Sözügedən lizinq müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, sonuncu Cavabdeh1 öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.
17. İddiaçı xx.xx.2022-ci il tarixli F589 nömrəli daxili lizinq müqaviləsinin əlavələri ilə birlikdə ləğv edilməsini, həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixinə 5067 manat əsas borc və 4135 manat faiz məbləğinin tutulmasını tələb edir.
18. Cavabdehlər iddiaya etiraz edərək nəqliyyat vasitəsinin 2023-cü ilin avqust ayının sonu, sentyabr ayının əvvəli alındığını, edilmiş bütün ödənişlərin nəzərə alınmadığını bildirir.
19. Məhkəmə kommersiya mübahisəsinin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
20. Məhkəmə hesab edir ki, əvvəlcə bağlanmış lizinq müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir.
21. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
22. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, X6 obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
23. xx.xx.2022-ci il tarixli F589 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 15-ci hissəsinə əsasən, X5 Alanı xəbərdar etməklə, Lizinq Alana hər hansı bir zərərin əvəzini ödəmədən aşağıdakı hallarda bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər: X6 Obyektindən bu Müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə; X6 obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə; X6 Verənin yazılı icazəsi olmadan Lizinq Obyektini sublizinqə və ya kirayəyə verdikdə; X6 ödənişlərini bu Müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə. X6 obyektinə quraşdırılmış xüsusi GSM izləmə qurğusunu zədəlikdə və ya itirdikdə. Bu Müqavilənin 15.1-ci bəndində sadalanmış hallar baş verdikdə Lizinq Verən həmçinin Lizinq Alandan öz xeyrinə mübahisəsiz, qaydada pul vəsaitlərinin və cərimələrin silinməsi və Lizinq Obyektinin geri tələb edilməsi hüququna malikdir. Bu zaman Lizinq Verənə ödənilmiş lizinq ödənişləri Lizinq Alana geri qaytarılmır.
24. Göründüyü kimi, istər mülki qanunvericilikdə, istərsə də tərəflər arasındakı razılaşmada lizinq alanın öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur.
25. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
26. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
27. Hazırda isə müəyyən edilməli hal konklyudent hərəkətin baş vermə anıdır. Belə ki, iddiaçı məhkəməyə iddia ərizəsi məhkəmənin icraatında olarkən Cavabdeh1 tərəfindən imzalandığı mübahisəsiz olan təhvil-təslim aktı təqdim edir. Həmin aktda onun xx.xx.2024-cü il tarixdə tərtib edildiyi, xx.xx.2022-ci il tarixli F589 nömrəli lizinq müqaviləsi ilə lizinq alan Cavabdeh1 aylıq ödənişi ödəyə bilmədiyi üçün nəqliyyat vasitəsinin iddiaçıya könüllü olaraq təhvil verdiyi üçün tərtib edildiyi göstərilmişdir.
28. Ümumi qaydaya görə imza ilə təsdiq olunan aktın məzmununun onu imzalayan şəxslər üçün həqiqiliyi prezumpsiyası qüvvədir. Başqa sözlə, əksi sübut edilməyincə, aktın məzmunu düzgün hesab edilməlidir. Lakin təqdim edilən təhvil-təslim aktının məzmununda nəqliyyat vasitəsinin hansı vaxtda təhvil verildiyi əks olunmamış, aktın tarixinin (xx.xx.2024) isə düzgün olmadığını (keçmiş tarixin yazıldığını) iddiaçı və Cavabdeh1 mübahisəsiz qəbul etmişlər (akt məhkəmə icraatının gedişində tərtib edilmişdir).
29. Belə olan halda, məhkəmə xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsinin cavabdehdən geri alınması faktının təsdiqi üçün təqdim edilən təhvil-təslim aktını mötəbər sübut hesab etmir. Digər tərəfdən, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən 600 manat ödəniş edilmiş, həmin ödəniş iddiaçı tərəfindən geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi geri qaytarılmanın səbəbi ilə bağlı əvvəlcə göstərmişdir ki, cavabdeh nəqliyyat vasitəsini almaq üçün 600 manat vermiş, iddiaçı isə 600 manat borcu tam əhatə etmədiyindən tam məbləğin ödənilməsini tələb etmiş və pulu qaytarmışdır. Sonradan isə iddiaçı izahatını dəyişmiş, cavabdehin 600 manatı müqavilə münasibətlərinin davam etməsi, lizinq obyektinin geri alınmaması üçün təqdim etdiyini, iddiaçının isə məbləğin tam ödənilməsini tələb etdiyini və pulu qaytardığını ifadə etmişdir. Başqa sözlə, 600 manat ödəniş edilərkən nəqliyyat vasitəsinin iddiaçı yoxsa cavabdehə olması mübahisəli haldır.
30. Məhkəmə iddiaçının sonuncu izahatını ağlabatan hesab etmir. Belə ki, tərəflər arasında lizinq münasibətləri davam etdiyi halda, edilmiş ödənişin bütün borcu əhatə etməməsi ilə bağlı geri qaytarılması əsassız olardı. Həmçinin ödənişi xx.xx.2023-cü il tarixdə qəbul etməyən, lizinq obyektinin geri alınacağını cavabdehə bildirən iddiaçı həmin tarixdən sonra ödəniş edilməməsinə baxmayaraq, özünün dediyinə görə, lizinq obyektini yalnız xx.xx.2024-cü il tarixdə almışdır. Halbuki lizinq təşkilatları maliyyə təşkilatları hesab olunurlar, sahibkarlıq fəaliyyəti subyektləri kimi onların lizinq obyektini uzun müddət ödəniş olmadan geri almaması lizinq təşkilatlarının fəaliyyət məqsədinə ziddir. Bu isə 600 manat ödənişin geri qaytarılması səbəbi kimi iddiaçının sonrakı mövqeyinin deyil, əvvəlki mövqeyinin həqiqəti əks etdirdiyini göstərir və belə olan halda, cavabdehin də qeyd etdiyi kimi, ödənişin edilməsinə səbəb iddiaçı tərəfindən geri alınmış nəqliyyat vasitəsinin cavabdehə yenidən verilməsi olmuş, iddiaçı isə bütün məbləğin ödənilməməsini əsas gətirərək məbləği geri qaytarmış və lizinq obyektinin verilməsindən imtina etmişdir.
31. Belə olan halda məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli F589 nömrəli lizinq müqaviləsi iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdən birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir (müqaviləyə əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi olduğundan müqaviləyə əlavələrin ləğvinə ayrıca hüquqi qiymət verilməsinə isə lüzum yoxdur). İddiaçının isə həmin tarixədək lizinq ödənişlərini tələb etmək hüququ vardır.
32. İddiaçının təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 1272 manat, xx.xx.2023-cü il tarixdə 2130 manat, xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 2200 manat olmaqla ümumilikdə 6302 manat ödəniş edilmişdir.
33. Cavabdehin təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 1272,15 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, 730 manat, 800 manat, xx.xx.2023-cü il tarixdə 2200 manat, olmaqla ümumilikdə 6502,15 manat ödəniş edilmişdir.
34. Maliyyə arayışından görünür ki, 1272 manat, 2130 manat, 700 manat, 2191,20 manat olmaqla ümumilikdə 6293,2 manat ödəniş edildiyi qeyd edilmiş, həmin ödənişlərdən 3244,31 manat əsas borca, 2836,73 manat faiz (mükafat) borcuna, 212,16 manat cərimə məbləğinə silinmişdir.
35. İddiaçı hesabdan çıxarış ilə təqdim edilən qəbzlər arasındakı fərqi nəqliyyat vasitəsinə yazılan cərimə və nəqliyyat vasitəsinin dayanacaqda saxlanılması üçün ödənilən haqla əlaqələndirsə də, qeyd edilən halları təsdiq edən sübutları, cavabdeh isə əlbəəl ödənişlər edildiyini bildirsə də, həmin halları təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin, iddiaçının özünün təqdim etdiyi hesabdan çıxarışda xx.xx.2023-cü il tarixdə 2200 manat ödəniş əks olunsa da, maliyyə arayışında həmin məbləğ 2191,20 manat kimi qeyd olunmuşdur. Belə olan halda, məhkəmə edilən ödənişlərin ümumi məbləğinin 6502,15 manat (cavabdehin təqdim etdiyi ödəniş qəbzlərinə əsasən 1272,15+1500+730+800+2200) olduğu qənaətinə gəlir.
36. xx.xx.2022-ci il tarixli F589 nömrəli daxili lizinq müqaviləsinə 3 nömrəli əlavə olan ödəniş cədvəlindən görünür ki, 04 sentyabr 2023-cü il tarixə ödənilməli əsas borc 5457,7(625,5+636,97+648,64+660,54+672,65+684,98+697,54+710,32+ 723,35 manat/30 gün x 5 gün)) manat, faiz (mükafat) borcu 4366,79 (577,5+566,03+554,35+542,46+530,35+518,02+505,46+492,68+479,65 manat/30 gün *5 gün )) manat təşkil edir.
37. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əsas borca 3244,31 manat silinmənin aparıldığı nəzərə alındığında xx.xx.2022-ci il tarixli F589 nömrəli daxili lizinq müqaviləsi üzrə əsas borc 2213,4 (5457,7-3244,31) manat, mükafat (faiz) məbləği üzrə 2836,73 manat silinmənin aparıldığı və 208,95 manat (məhkəmənin müəyyən etdiyi ödəniş məbləği 6502,15 manat – iddiaçının nəzərə aldığı ödəniş məbləği 6293,2 manat) ödənişin hesablanmadığı nəzərə alındığında xx.xx.2022-ci il tarixli F589 nömrəli daxili lizinq müqaviləsi üzrə mükafat borcu 1321,11 (4366,79-2836,73-208,95) manat müəyyən edilməlidir.
38. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
39. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
40. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
41. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixli F589 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 2213,4 manat əsas borc, 1321,11 manat mükafat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Lizinq müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
42. İddia ərizəsində iddiaçı 762 manat cərimənin də cavabdehlərdən tutulmasını xahiş etmişdir.
43. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 13.9-cu bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğinə cərimə kimi gündəlik 0,3% hesablanır və Lizinq alan tərəfindən Lizinq verənə ödənilir.
44. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
45. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
46. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
47. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə ilə mübahisənin məhkəməyə qədər qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin mübahisə məhkəməyəqədər mərhələsində həll olunmamışdır. Həmçinin iddiaçı da xx.xx.2022-ci il tarixli F589 nömrəli daxili lizinq müqaviləsi üzrə nəzərə aldığı sonuncu ödəniş xx.xx.2023cü il tarixdə edilməsinə baxmayaraq, uzun müddət sonra – xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir. Həmçinin iddiaçı 212,16 manat cərimə məbləğinə görə silinmə aparmışdır.
48. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 110 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması tələbi qismən təmin edilməli, 110 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
50. İddiaçı ödənilmiş 119,64 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş edir.
51. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 119,64 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
52. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Məhkəmə iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 589 saylı daxili maliyyə lizinqi müqaviləsi ləğv edilmiş hesab olunsun. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 2213 (iki min iki yüz on üç) manat 40 (qırx) qəpik əsas borc, 1321 (bir min üç yüz iyirmi bir) manat 11 (on bir) qəpik mükafat məbləği, 110 (bir yüz on) manat cərimə məbləği olmaqla ümumilikdə 3644 (üç min altı yüz qırx dörd) manat 51 (otuz üç) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44 (qırx dörd) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova