Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-206/2022 05.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 159.300,57 ABŞ dollarının, 59.419, ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 218.719,68 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" MMC-dən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (”Satıcı”) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“Alıcı”) arasında meyvə, tərəvəz və digər qida məhsullarının alınıb satılması məqsədilə ümumi dəyəri 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində 92/17 nömrəli 30 dekabr 2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı malı satmağı, Alıcı isə malı qəbul edib, əvəzində malın qiymətini Alıcıya ödəməyi öhdəsinə götürüb. Müqavilənin 3.1-ci bəndinə əsasən, malların ödənilməsi Alıcının hesabından Satıcının hesabına köçürərək Rusiya Federasiyasının ərazisində malların gömrük rəsmiləşdirilməsindən sonra 10 (on) iş günü müddətində həyata keçirilir. Müqavilə bağlanılan vaxtdan Satıcı Alıcıya ümumi dəyəri 962.577,10 ABŞ dolları dəyərində mal göndərmişdir. Tərəflər arasında imzalanmış 2018-ci il tarixli Akta əsasən müəyyən olunur ki, Alıcı 638.235,63 ABŞ dolları məbləğində Satıcıya pul vəsaiti ödəniş etmiş, Satıcı isə ödənişi qəbul etmişdir. Bundan sonra Alıcı 10 yanvar 2019-cu il tarixdə 17.955 ABŞ dolları, 15 yanvar 2019-cu il tarixdə 38.263,6 ABŞ dolları, 16 yanvar 2019-cu il tarixdə 36.374,3 ABŞ dolları və 72.448 ABŞ dolları məbləğində pul Alıcı tərəfindən Satıcıya ödəniş edilmişdir. Lakin hazırki günə qədər Alıcının 159.300,57 ABŞ dolları dəyərində borc öhdəliyi qalmışdır. Nəticədə Satıcı üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməyərək Müqavilənin şərtlərini pozmuşdur. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Lakin, qeyd olunan müraciət heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Həmçinin mövcud borcun ödənişi gecikdirildiyi üçün müqavilənin 6.2-ci bəndinə əsasən Satıcı hər gecikmə gününə görə Alıcıdan gecikmiş ödənişin 0.1 faizi həcmində, yəni 59.419,11 ABŞ dolları məbləğində cərimə tələb etmək hüququ yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsilə Rusiya Federasiyasının aidiyyəti Məhkəməsinə məhkəmə tapşırığı verilmiş və qeyd edilən məhkəmə tapşırığı Moskva Arbitraj Məhkəməsinin xx.xx.2022-ci il tarixli A40-89483/22-68-580 saylı qərardadı ilə icra edilmişdir. Moskva Arbitraj Məhkəməsinin xx.xx.2022-ci il tarixli A40-89483/22-68-580 saylı qərardadının məzmunundan da göründüyü kimi, məhkəmə iclası xx.xx.2022-ci il tarixinə saat 16:35-ə əyin edilmiş, eyni zamanda da sənədlər Cavabdeh-yə göndərilmişdir, buna baxmayaraq Cavabdeh-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ünvanına da göndərilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh X2 Prossesual Məcəlləsinin 123-cü maddəsinə əsasən məlumatlandırılmış hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC (”Satıcı”) və "xxxx" MMC (“Alıcı”) arasında meyvə, tərəvəz və digər qida məhsullarının alınıb satılmasına dair 92/17 nömrəli 30 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı malı satmağı, Alıcı isə malı qəbul edib, əvəzində malın qiymətini Alıcıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. İş materiallarında olan hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2018-ci il tarixə olan Üzləşmə Aktından (Aкт сверки) görünür ki, iddiaçı tərəfindən cavabdehə 962.577,10 ABŞ dolları dəyərində mallar verilmiş, qeyd edilmiş malların verilməsinə dair 638.235,63 ABŞ dolları ödənilmiş və cavabdehin ödənilməmiş 324.341,47 ABŞ dolları borcu qalmışdır. Həmçinin iş materiallarında olan Kapital Bankın ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına xx.xx.2019-cu il tarixdə 17.955 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 38.263,6 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 36.374,3 və 72.448 ABŞ dolları məbləğində pul ödənilmişdir. Göründüyü kimi, verilmiş 962.577,10 ABŞ dolları dəyərində mallara görə cavabdeh tərəfindən iddiaçıya cəmi 803.276,53 ABŞ dolları məbləğində pul ödənilmişdir. Belə olan halda cavabdehin verilmiş mallara görə ödənilməmiş 159.300,57 (962.577,10-803.276,53) ABŞ dolları məbləğində borcu qalmışdır. Göründüyü kimi işin faktiki halları iddia tələbinin qanuni əsasını təşkil edən yuxarıda qeyd edilmiş maddələrin dispozisiya şərtlərinə uyğundur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia əsas borc olan 159.300,57 ABŞ dolları pulun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın 59.419,11 ABŞ dolları cərimə borcunun tələb edilməsi ilə bağlı hissəsi üçün aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsinin əsası tərəflər arasında bağlanmış 92/17 nömrəli 30 dekabr 2017-ci il tarixli müqavilənin 6.2-ci bəndində nəzərdə tutulmuşdur. Həmin bəndə əsasən ödəmə müddətinin pozulduğu halda satıcı alıcının hər bir gecikmə günü üçün 0,1 % həcmində cərimə ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı halda isə tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən ödənişlərin 10 iş günü müddətində həyata keçirilməli olmasını nəzərə alaraq görünür ki, cavabdeh ödənişləri üç ildən də artıq müddətdir ki ödəmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 159.300,57 ABŞ dolları məbləğində əsas borcuna münasibətdə 15.000 ABŞ dolları məbləğində cərimə daha ağlabatan və ədalətlidir. Ona görə də, cərimə borcunun da əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 15.000 ABŞ dolları məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 92/17 saylı alqısatqı müqaviləsinə əsasən əsas borc üzrə 159.300 (yüz əlli doqquz min üç yüz) ABŞ dolları 57 (əlli yeddi) sent məbləğində, cərimə borcu üzrə 15.000 (on beş min) ABŞ dolları məbləğində, ümumilikdə 174.300 (yüz yetmiş dörd min üç yüz) ABŞ dolları 57 (əlli yeddi) sent məbləğində pul Cavabdeh-dən tutularaq "xxxx" ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul Cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-206/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-206/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver