Məhkəmə qərarları › İş №e-2-2(113)-2062/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2062/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2062/2021 05.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9345,60 manat məbləğində pulun və hər keçən günə göstərilən məbləğin 2% dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, 22.04.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, cavabdehdən 9345.60 manat borcun və həmin məbləğin 2 %-nin, yəni 112521.024 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 22.07.2019cu il tarixdə, 004 №li malların alqı-satqısı ilə bağlı 9345,60 manat dəyərində və göstərilən (9345,60 manat) məbləğin 100 %-ni 15 (on beş) təqvim günü ərzində köçürdülməsə, hər gecikən günə 2% dəbbə pulu hesablanmaqla müqavilə bağlanmış, iddiaçı müqavilə şərtlərini yerinə yetirib, malları təhvil versə də, müqavilə üzrə müddət başa çatmasına baxmayaraq müqavilə şərtləri yerinə yetirilməmiş-malların dəyəri və dəbbə pulu ödənilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: - İddiaçı ilə cavabdeh arasında 22 iyul 2019-cu il tarixli 004 nömrəli müqavilə imzalanmış, həmin müqavilənin 1-ci bəndinə əsasən sifarişçi sifariş verir. Təchizatçı isə hazırkı müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda nəzərdə tutulmuş mallarla təmin edir. 2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 9345.60 manat təşkil edir. 3.1-ci bəndinə əsasən elektron vergi hesab-faktura yazılan tarixdən 15 təqim günü ərzində sifarişçi təchizatçının hesabına göstərilən məbləğin 100 %-i ödəməyi öz üzərinə götürür. 3.2-ci bəndinə əsasən göstərilən məbləğin 100%-i 15 təqvim günü ərzində köçürülməsə, hər gecikən günə 2% dəbbə pulu hesablanacaq. - İddiaçı ilə cavabdeh arasında 22 iyul 2019-cu il tarixli 004 nömrəli imzalanmış müqaviləyə əlavə olan X1 surətinə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 5652.00 manat məbləğində 3600 ədəd termoetiket 600 etiketli, ümumilikdə 2268.00 manat məbləğində 2160 ədəd termoetiket 400 etiketli, cəmi 9345.60 manat (ƏDV daxil) malların satılması razılaşdırılmışdır. - 23.07.2019-cu il tarixli EAAX seriyalı, 499726 nömrəli elektron qaimədən görünür ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə ödənilməli olan məbləğ 9345.60 manat təşkil edir. - İddiaçı tərəfindən 18 mart 2021-ci il tarixdə cavabdehə pretenziya qaydasında məktub ünvanlanaraq cavabdehdən müqavilə üzrə onun üzərinə düşən öhdəliklərini icra etməyi və ondan aldığı mallara görə ümumilikdə 9345.60 manat olan borcunu 5 gün ərzində ödəməyi tələb etmiş, əks təqdirdə qanunvericiliyə əsasən müvafiq addımların atılacağı barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə işin hallarından məlum olur ki, tərəflər arasında 22.07.2019-cu il tarixli alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaratmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda, cavabdeh həmin müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 9345.60 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 9345.60 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış hazırkı müqavilənin 3.2-ci maddəsinə əsasən hesablanmış 112521.024 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 9345.60 manat məbləğində əsas borc və 112521.024 manat məbləğində dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 9345,60 manat (doqquz min üç yüz qırx beş manat altmış qəpik) məbləğində əsas borc, borcun gecikdirilməsinə görə 112.521,024 manat (bir yüz on iki min beş yüz iyirmi bir manat iyirmi dörd qəpik) məbləğində dəbbə pulu, ümumilikdə 121.872,024 manat (bir yüz iyirmi bir min səkkiz yüz yetmiş iki manat iyirmi dörd qəpik) və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar