Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2069/2020 12.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçı Ərizəçi, İddiaçının nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Ərizəçi Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi”tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən onun xeyrinə 17075,78 manat əsas borc, 643,77 manat gecikməyə görə faiz məbləği, cəmi 17719,55 manat borcun, 200 manat vəkil xərci və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə onunla Cavabdeh MMC arasında sonuncuya əmtəə betonu satılması haqqında alqı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdehə veriləcək malın qiyməti və miqdarı müqavilənin 2.1ci maddəsinə əsasən onun tərkib hissəsi olan X2 ilə müəyyənləşdirilmişdir. Bağlanmış müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə tələb olunan əmtəə betonu verilmiş və cavabdeh tərəf malın dəyərinin bir hissəsini ödəsə də, hal-hazırda cavabdehin iddiaçıya ümumi qalıq borcu 17075,78 manat, əsas məbləğ 14471 manat, ƏDV 2604,78 manat təşkil edir. Həmçinin borc tərəflər arasında tərtib edilmiş xx xxxx 2020-ci il tarixli üzləşmə aktı ilə də təsdiq olunmuşdur. Aparaılan danışıqlara vı yazışmalara baxmayaraq cavabdeh tərəf 2019-cu ilin dekabr ayından bu günə kimi hər dəfə vəd verməsinə baxmayaraq borcunu ödəməkdən yayınır. Həmçinin müqavilənin 4.3-cü maddəsinə əsasən, cavabdeh hər gecikdirilən gün üçün verilmiş malın dəyərinin 0,01 faiz miqdarında cərimə ödəməlidir ki, bu da 643,77 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi X3 cavabdeh tərəfindən 10000 manat ödəniş edildiyini bildirdi və iddia tələbinin qalan hissədə təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Satıcı Ərizəçi ilə alıcı Cavabdeh MMC arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən satıcı alıcıya əmtəə betonu satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Malın çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. Müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. Müqavilənin 2.2-ci bəndinə əsasən, malın alıcının ünvanına çatdırılması malın qiymətinə daxildir. Müqavilənin 4.2-ci bəndinə əsasən, satıcı malın təhvil verilməsi haqqında hesabfakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. Müqavilənin 4.3-cü bəndinə əsasən, malın təhvil verilməsindən sonra alıcıya hər gecikdirilən gün üçün verilmiş malın dəyərinin 0,01 faizi miqdarında cərimə ödəməlidir. xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin fiziki şəxs Ərizəçi xx xxxx 2020-ci il tarixə olan ümumi borc məbləği 17075,78 manat (əsas məbləğ 14471 manat, ƏDV-2604,78 manat) təşkil edir. Ərizəçi tərəfindən Cavabdeh MMC-yə ünvanlanan 01 saylı xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, xx xxxx 2020-ci il tarixinə fiziki şəxs Ərizəçi 17075,78 manat məbləğində borcu vardır, Borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2020-ci il tarixli mədaxil orderindən görünür ki, Ərizəçi 608 nömrəli müqavilə üzrə 12 saylı vəkil bürosuna 200 manat məbləğində ödəniş etmişdir. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, Cavabdeh MMC İD 441925 saylı qaiməyə əsasən, Ərizəçi 5000 manat məbləğində ödəniş etmişdir. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, Cavabdeh MMC İD 441925 saylı qaiməyə əsasən, Ərizəçi 5000 manat məbləğində ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, satıcı Ərizəçi ilə alıcı Cavabdeh MMC arasında xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı alıcıya əmtəə betonu satmağı, alıcı isə həmin malı qəbul edib və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələri yaranmışdır. Satıcı müqavilə üzrə öhdəliyini tam yerinə yetirmiş və malı alıcıya təhvil vermişdir. Alıcı isə malın dəyərinin ödənilməsinə dair öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə satıcıya borcu yaranmışdır. Mövcud olan borc məbləğinin mqidarı tərəflər arasında bağlanmış üzləşmə aktı ilə öz təsdiqini tapmışdır. Belə ki, Ərizəçi və Cavabdeh MMC xx xxxx 2020-ci il tarixdə üzləşmə aktı tərtib edərək alıcının satıcıya xx xxxx 2020-ci il tarixə olan ümumi borc məbləğinin 17075,78 manat (əsas məbləğ 14471 manat, ƏDV-2604,78 manat) olmasını müəyyən etmişlər. Həmin üzləşmə aktı ilə cavabdeh iddiaçı qarşısında yaranmış öhdəliyini miqdarını etiraf etmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı iddia tərəfindən məhkəməyə təqdim edilən xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixli ödəniş sənədləri ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən 10000 manat məbləğində ödəniş edilmişdir. Bununla da məhkəmə belə qənaətə gəlir ki, hazırda cavabdehin iddiaçı qarşısında xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 7075,78 manat (17075,78-10000=7075,78) məbləğində borcu qalmışdır.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMCdən 17075,78 manat əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində qismən təmin edilərək 7075,78 manat pul cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 643,77 manat cərimənin 64 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və vəkilə ödənilən məbləğin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-dən 7075,78 (yeddi min yetmiş beş manat yetmiş səkkiz qəpik) manat əsas borc, 64 (altmış dörd) manat cərimə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və iddiaçı tərəfindən ödənilmiş vəkil xərcinin əvəzi olaraq 200 (iki yüz) manat olmaqla, cəmi 7369,78 (yeddi min üç yüz altmış doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ərizəçi xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-dən 7075,78 (yeddi min yetmiş beş manat yetmiş səkkiz qəpik) manat əsas borc, 64 (altmış dörd) manat cərimə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və iddiaçı tərəfindən ödənilmiş vəkil xərcinin əvəzi olaraq 200 (iki yüz) manat olmaqla, cəmi 7369,78 (yeddi min üç yüz altmış doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ərizəçi xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2069/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2069/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver