Məhkəmə qərarları › İş №e-2-2(113)-2069/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2069/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2069/2021 21.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndələri X7 və X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə Cavabdeh MMC (VÖEN: **********) arasında bağlanmış 19 iyul 2019-cu il tarixli 004 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehin müəssisəsində AZS İSO 9001:2009 (İSO 9001:2015), AZS 0** EN ***01(İSO 14001:2015) və AZS CTB 18001:2008(OHSAS 18001:2007) standartlarının tələblərinə uyğun tətbiq edilmiş idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını və 2020 və 2021-ci illər üçün sertifikatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətinə inspeksiya nəzarətinin həyata keçirilməsini öz üzərinə götürmüşdür. İstinad edilən müqavilənin 2.3-cü bəndinə əsasən cavabdeh AZS İSO 9001:2009 (İSO 9001:2015), AZS 0** EN ***01(İSO 14001:2015) və AZS CTE 18001:2008(OHSAS 18001:2007) standartlarının tələblərinə uyğun tətbiq edilmiş idarəetmə sistemlərinin fəaliyyətinə 2020 və 2021-ci illərdə inspeksiya nəzarətinin həyata keçirilməsi üçün hər il hər sertifikat üçün İddiaçı MMC-yə 1000 (bir min) manat, ümumilikdə isə 3000 (üç min) manat pul ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi C.Hüseynov iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndələri L.İmanov və F.Sadıqova ayrıayrılıqda iddiaya etiraz edib iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı MMC ilə “X9” arasında bağlanmış 19 iyul 2019-cu il tarixli 004 nömrəli müqavilədən görünür ki, sifarişçi tapşırığı ilə icraçı “X9” MMC-də AZS İSO 9001:2009 (İSO 9001:2015) “X1. Tələblər”, AZS 054 EN İSO 14001 (İSO 14001:2015) “Ətraf mühiti idarəetmə sistemləri” və AZS CTБ 18001-2008 (OHSAS 18001:2007) “Əməyin mühafizəsinin idarəetmə sitemləri” standartlarının tələblərinə uyğun tətbiq olunmuş idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını və sertifikatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətinə 2020 və 2021-ci illər üçün inspeksiya nəzarətini həyata keçirir. Müqavilənin 2.1-ci bəndinə əsasən görülmüş sertifikatlaşma işlərinə görə sifarişçi icraçıya aşağıda göstərilən məbləği 3000 AZN ödəyir. 2.2-ci bəndinə əsasən Sifarişçi müqavilə imzalandıqdan sonra (işlər başlamadan öncə) avans olaraq müqavilə dəyərini 100% (3000 AZN) İcraçı tərəfindən təqdim olunmuş hesaba əsasən 5 iş günü ərzində icraçının hesabına köçürmə yolu ilə ödəyir. Müqavilənin 2.3-cü bəndinə əsasən 2020 və 2021-ci illər üçün AZS İSO 9001:2009 (İSO 9001:2015) “X1. Tələblər”, AZS 054 EN İSO 14001 (İSO 14001:2015) “Ətraf mühiti idarəetmə sistemləri” və AZS CTБ 18001-2008 (OHSAS 18001:2007) “Əməyin mühafizəsinin idarəetmə sitemləri” standartlarının tələblərinə uyğun tətbiq olunmuş idarəetmə sistemlərinin fəaliyyətinə inspeksiya nəzarətinin keçirilməsi üçün hər il sertifikat üçün 1000 AZN ödəyir. Müqavilə tərəflərin nümayəndələri tərəfindən imzalanmış, hüquqi şəxslərin möhürü ilə təsdiq edilmişdir. - İddiaçı tərəfindən cavabdehə verilmiş 25.07.2019-cu il tarixli AZ 031.01.25.0006.2019 qeydiyyat nömrəli uyğunluq sertifikatının qüvvədə olma müddəti 25.07.2022-ci il tarixədək müəyyən edilmişdir. Həmin sertifikatla təsdiq edilmişdir ki, “Bina və qurğuların tikintisi və quraşdırılması üçün tətbiq olunan X4 AZS 054 EN İSO 14001 (İSO 14001:2015) standartının tələblərinə uyğundur. - İddiaçı tərəfindən cavabdehə verilmiş 25.07.2019-cu il tarixli AZ 031.01.25.0005.2019 qeydiyyat nömrəli uyğunluq sertifikatının qüvvədə olma müddəti 25.07.2022-ci il tarixədək müəyyən edilmişdir. Həmin sertifikatla təsdiq edilmişdir ki, “Bina və qurğuların tikintisi və quraşdırılması üçün tətbiq olunan X5 Sistemləri AZS CTБ 18001:2008 (OHSAS 18001:2007) standartının tələblərinə uyğundur. - İddiaçı tərəfindən cavabdehə verilmiş 25.07.2019-cu il tarixli AZ 031.01.25.0004.2019 qeydiyyat nömrəli uyğunluq sertifikatının qüvvədə olma müddəti 25.07.2022-ci il tarixədək müəyyən edilmişdir. Həmin sertifikatla təsdiq edilmişdir ki, “Bina və qurğuların tikintisi və quraşdırılması üçün tətbiq olunan X1 AZS İSO9001:2009 (İSO 9001:2015) standartının tələblərinə uyğundur. - “X9” MMC-də AZS İSO 9001:2009 (İSO 9001:2015); AZS 054 EN İSO 14001 (İSO 14001:2015); AZS CTБ 18001-2008 (OHSAS 18001:2007) Standartlarının tələblərin uyğun tətbiq edilmiş Keyfiyyətin, Ətraf mühitin və Əməyin mühafizəsinin və təhlükəsizliyin idarəetmə sistemlərinin, inspeksiya auditinin nəticələri əsasında qiymətləndirilməsi haqqında 27 yanvar 2021-ci il tarixli aktdan məlum olur ki, “X9” MMC-də AZS İSO 9001:2009 (İSO 9001:2015); AZS 054 EN İSO 14001 (İSO 14001:2015); AZS CTБ 18001- 2008 (OHSAS 18001:2007) Standartlarının tələblərin uyğun tətbiq edilmiş Keyfiyyətin, Ətraf mühitin və Əməyin mühafizəsinin və təhlükəsizliyin idarəetmə sistemlərinin sənədləri işlənməli və “X9” MMC-nin əmri ilə tətbiq edilməli və işçi vəziyyətində saxlanılmalıdır. Lakin müşahidə zamanı Keyfiyyətin, Ətraf mühitin və Əməyin mühafizəsinin və təhlükəsizliyinin idarəetmə sistemlərinin sənədləri təqdim olunmadı. Kadrların səriştəliyinin təmini üçün onlarla dövrü olaraq yuxarıda sadalanan standartlar üzrə təlimlər keçirilməlidir və keçirilən təlimlərin effektivliyi qiymətləndirilir, ancaq müşahidə zamanı məlum oldu ki, müəssisədə kadrların səriştəliyinin təmini üçün onlarla təlimlər keçirilməmişdir. Müəssisədə tətbiq olunan Keyfiyyətin, Ətraf Mühitin və Əməyin Mühafizəsinin və təhlükəsizliyinin idarəetmə sistemlərinin standartların tələblərinə uyğunluğunun müəyyən edilməsi üçün müəyyən olunmuş müddətdə müəssisənin struktur bölmələrində daxili audit aparılmalıdır, lakin müşahidə zamanı məlum oldu ki, müəssisədə 2019 və 2020-ci illər üçün daxili audit işləri aparılmamışdır. Fövqəladə vəziyyətlərə hazırlıq işləri üçün müəssisədə praktik işlər aparılmalı və aparılan işlərin qeydləri saxlanılmalıdır, lakin müşahidə zamanı qeydlərin olmaması aşkar olundu. Bina və qurğuların tikintisi və quraşdırılması işləri zamanı risklərin qiymətləndirilməsi aparılmalıdır və aparılan qiymətləndirmə qeydləri işçi vəziyyətdə saxlanılmalıdır, lakin müşahidə zamanı risklərin qiymətləndirilməsi qeydlərinin olmaması aşkar olundu. Hər il müəssisənin dirrektoru tərəfindən Keyfiyyətin, Ətraf mühitin və Əməyin mühafizəsinin və təhlükəsizliyinin idarəetmə sistemlərinin fəaliyyətinin təhlilini keçirilməli və sistemin təkmilləşdirilməsi üçün qərar qəbul edilməli və uyğun olaraq tədbirlər həyata keçirilməlidir. Ancaq müşahidə zamanı məlum oldu ki, müəssisənin direktoru tərəfindən 2019 və 2020-ci illər üçün Keyfiyyətin, Ətraf mühitin və Əməyin mühafizəsi və təhlükəsizliyinin idarəetmə sistemlərinin fəaliyyətinin təhlili keçirilməmişdir. Müəssisə tərəfindən Bina və qurğuların tikintisi və quraşdırılması işləri planlaşdırılmalı və həyata keçirilməlidir. Ancaq müşahidə zamanı məlum oldu ki, müəssisədə planlaşdırma işləri həyata keçirilmir. Müəssisənin fəaliyyətləri ilə əlaqədar aşkar olunan uyğunsuzluqların aradan qaldırılması üçün düzəldici fəaliyyətlər tətbiq edilməli və onun effektivliyi qiymətləndirilməlidir. Ancaq müşahidə zamanı məlum oldu ki, müəssisənin fəaliyyəti ilə əlaqədar aşkar olunan uyğunsuzluqların aradan qaldırılması üçün düzəldici fəaliyyətlər həyata keçirilmir. İddiaçı MMC Cavabdeh MMC-yə 01 fevral 2021-ci il tarixdə 01/p nömrəli müqavilə üzrə öhdəliyinin icra edilməsi tələbinə dair pretenziya məktubu göndərərək “X9” MMC-dən 5 gün müddətində müqavilə üzrə öhdəliklərini icra edərək 3000 manat məbləğində müqavilə üzrə borcunu ödəməyi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 19 iyul 2019-cu il tarixli, 004 saylı müqavilədən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 3000 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 3000 (üç min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar