Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2071/2021 29.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə (“Cavabdeh” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə “Cavabdeh” MMC arasında bağlanmış 16.05.2019-cu il tarixli POS-Terminalın quraşdırılması və istifadəsi üzrə ******* saylı müqaviləyə görə cavabdeh “Cavabdeh” MMC-dən İddiaçı ASC-nin xeyrinə 9267,52 manat (doqquz min iki yüz altmış yeddi manat əlli iki qəpik) və 224,04 ABŞ dolları (iki yüz iyirmi dörd ABŞ dolları dörd sent) borcun, həmçinin ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə “Cavabdeh” MMC arasında POS-Terminalın quraşdırılması və istifadəsi üzrə 16.05.2019-cu il tarixli ******* saylı Müqavilə bağlanılmışdır. Bu müqaviləyə əsasən İddiaçı ASC nağdsız ödənişlərin həyata keçirilməsi məqsədi ilə POS-Terminalın istifadəsi ilə bağlı xidmətlərin göstərilməsini təşkil edərək, ünvan 1 ünvanında yerləşən “X3” obyektində 24 may 2019-cu il tarixində 1(bir) ədəd POS-Terminal quraşdırmışdır. Öhdəliyin yaranma səbəbi Səbail rayonu, Məmmədyarov küçəsi, 49/55 B ünvanında yerləşən “X3”-da quraşdırılmış posterminal (pos İD:********) vasitəsilə “Manual Keyentry" üsulu ilə aparılmış 6 ədəd əməliyyata daxil olmuş etiraz sorğusudur. “VİSA” və “Mastercard” Beynəlxalq kart təşkilatlarından daxil olmuş etiraz sorğuları (chargeback) barədə filiala e-mail ilə məlumat verilmiş, təsdiqedici sənədlər istənilmişdir. “Cavabdeh” MMC hər hansı sənəd təqdim etmədiyi üçün chargeback uduzulmuş hesab olunmuş və həmin məbləğ İddiaçı ASC-nin hesabından silinmişdir. Lakin uzun müddətdir ki, silinmə ilə bağlı filiala göndərdikləri e-mail müştəri hesabında kifayət qədər vəsait olmaması səbəbindən icra olunmur. Müqavilənin şərtlərinə əsasən “Cavabdeh” MMC-nin 15.02.2021-ci il tarixinə borcu 9267,52 (doqquz min iki yüz altmış yeddi manat əlli iki qəpik) manat və 224,04 ( iki yüz iyirmi dörd ABŞ dolları dörd sent) ABŞ dolları təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, “Cavabdeh” MMC götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdeh POS-Terminalın quraşdırılması və istifadəsi üzrə 16.05.2019-cu il tarixli ******* saylı Müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən Müqavilə üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehin Krеdit Müqaviləsinə əsаsən “Аzər-Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyətinə оlаn bоrcu 9267,52 (doqquz min iki yüz altmış yeddi manat əlli iki qəpik) manat və 224,04 (iki yüz iyirmi dörd ABŞ dolları dörd sent) ABŞ dolları təşkil edir ki, bu bоrcun dа cavabdeh tərəfindən ödənilməsi təmin еdilməlidir. İddiaçı “Аzər-Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iıtirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasının məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı ASC-nin Mərkəz filialı ilə “Cavabdeh” MMC arasında POS-Terminalın quraşdırılması və istifadəsi üzrə 16.05.2019-cu il tarixli ******* saylı Müqavilə bağlanılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin predmetini Kontragent tərəfindən təqdim edilən mal və xidmətlərə görə kart istifadəçisi tərəfindən nağdsız ödənişlərin aparılmasını həyata keçirmək məqsədi ilə Bank tərəfindən verilmiş POS-Terminal(lar)ın quraşdırılması və POS terminalların istifadəsi ilə bağlı müvafiq bank xidmətlərinin göstərilməsi təşkil edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən aparılan əməliyyatlara görə Bank tərəfindən Kontragentdən tutulan komissiya haqqı (Bank komissiyası) ölkəxarici bankların MasterCard ödəniş kartları və ölkədaxili bankların ödəniş kartları ilə aparılmış hər bir əməliyyatın məbləğindən 2% (iki faiz), sponsor bank ilə bağlanmış müqaviləyə əsasən tutulacaq komissiyadan əlavə 0,35% (sıfır tam yüzdə otuz beş faiz) və İddiaçı ASC-nin ödəniş kartları ilə aparılmış hər bir əməliyyatın məbləğindən isə 1% (bir faiz) təşkil edir. POS-Terminal(lar)ın istifadəsi ilə bağlı minimal aylıq komisyon haqqı 30 (otuz) manat təşkil edir. Kontragentin dövriyyəsi Bankın tarif cədvəlində müəyyən edilmiş aylıq dövriyyə məbləğini təşkil edərsə, aylıq komisyon (xidmət) haqqı ödənilməyəcək. - “xxxx” ASC ilə “Cavabdeh” MMC (X3 əsasında fəaliyyət göstərən) arasında 16.05.2019-cu il tarixli ******* saylı Müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən beynəlxalq kart təşkilatlarının ekvayrinq lisenziyanın sahibi kimi müvafiq hüquq və səlahiyyətlərə malik olan bank, TS-i vəkil edir ki. ödəniş kartlarını malların və xidmətlərin dəyərini ödəmək üçün qəbul edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bank ödəniş kartları ilə aparılmış əməliyyatların məbləğini bu müqavilədə qeyd edilən komisyon haqlarını çıxqdıqdan sonra TS-nin müvafiq bank hesabına köçürür. -POS Terminalın quraşdırılması üçün ərizə blankının surətindən görünür ki, cavabdeh POS Terminalın quraşdırılması üçün iddiaçıya müraciət etmişdir. - İcarəyə verən - “xxxx” MMC ilə icarəçi - “Cavabdeh” MMC arasında 01.03.2019-cu il tarixli İcarə Müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən "İcarəyə verən” Səbail rayonu, Məmmədyarov küçəsi 49/55B 3 (üç) mərtəbəli fərdi yaşayış evini «İcaraçi»yə icarəyə verməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ümumi icarə haqqı bir ayda 7000 (yeddi min) manat təşkil edir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Məmmədyarov küçəsində istifadədə olan 0,02893 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 10 otaqlı, 275,28 kv.m yaşayış, 388,18 kv.m köməkçi sahədən ibarət 49/55b nömrəli fərdi yaşayış evi X1 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində 17 mart 2006-cı tarixdə qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: 1********) - 24 may 2019-cu il tarixli POS-terminal avadanlığının quraşdırılması və təhvil-təslimi aktından görünür ki, İddiaçı ASC tərəfindən ünvan 2 ünvanında yerləşən “Cavabdeh” MMC (X3) müəsissəsinə 314-053-877 nömrəli terminal quraşdırılmış, terminalın işləmə qabiliyyəti yoxlanılmış və istismara qəbul olunmuşdur. Tərəflərin hər ikisi tərəfindən akt imzalanmışdır. - 13 noyabr 2019-cu il tarixli təhvil-təslimi aktından görünür ki, 314-053-877 nömrəli terminal 314-272-202 nömrəli terminal ilə dəyişdirilmişdir. Tərəflərin (İddiaçı ASC və “Cavabdeh” MMC) hər ikisi tərəfindən akt imzalanmışdır. - İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı ASC-nin hesabından 1834 manat məbləğində pul vəsaiti silinmişdir. - İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı ASC-nin hesabından 1239,30 manat məbləğində pul vəsaiti silinmişdir. - İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı ASC-nin hesabından 2900 manat məbləğində pul vəsaiti silinmişdir. - İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı ASC-nin hesabından 2200 manat məbləğində pul vəsaiti silinmişdir. - İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı ASC-nin hesabından 880 manat məbləğində pul vəsaiti silinmişdir. - İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı ASC-nin hesabından 214,22 manat məbləğində pul vəsaiti silinmişdir. - İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı ASC-nin hesabından 224,04 ABŞ dolları məbləğində pul vəsaiti silinmişdir. - İddiaçı ASC tərəfindən “Cavabdeh” MMC-yə göndərilmiş 14.12.2020-ci il tarixli, 07/05-4701 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 iş gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə cavabdeh “Cavabdeh” MMC arasında POS-Terminalın quraşdırılması və istifadəsi üzrə müqavilə bağlanmışdır. Öhdəliyin yaranma səbəbi isə ünvan 3 ünvanında yerləşən “X3”-da quraşdırılmış POS-Terminal (pos İD:********) vasitəsilə “Manual Keyentry" üsulu ilə aparılmış 6 ədəd əməliyyata daxil olmuş etiraz sorğusu olmuşdur. “VİSA” və “Mastercard” Beynəlxalq kart təşkilatlarından daxil olmuş etiraz sorğuları (chargeback) barədə cavabdehə e-mail ilə iddiaçı tərəfindən məlumat verilərək təsdiqedici sənədlər istənilmiş, lakin “Cavabdeh” MMC hər hansı sənəd təqdim etmədiyi üçün chargeback uduzulmuş hesab olunmuş və həmin məbləğ İddiaçı ASC-nin hesabından silinmişdir. İddiaçı ASC-nin hesabından silinən 9267,52 (doqquz min iki yüz altmış yeddi manat əlli iki qəpik) manat, 224,04 (iki yüz iyirmi dörd ABŞ dolları dörd sent) ABŞ dolları məbləğ isə iş materiallarına əlavə olunmuş sənədlərlə öz əksini tapmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 9267,52 (doqquz min iki yüz altmış yeddi manat əlli iki qəpik) manat, 224,04 (iki yüz iyirmi dörd ABŞ dolları dörd sent) ABŞ dolları məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətindən 9267,52 (doqquz min iki yüz altmış yeddi manat əlli iki qəpik) manat, 224,04 (iki yüz iyirmi dörd ABŞ dolları dörd sent) ABŞ dolları Azərbaycan manatının ödəniş gününə məzənnə nisbəti ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat (otuz manat qırx qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2071/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2071/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver