Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2072/2021 15.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Müstəqil Tele-Radio Kompaniyasının Cavabdehnə (MMC) qarşı pul tələbi barədə, Cavabdeh MMC-nin İddiaçı Müstəqil Tele-Radio Kompaniyasına qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Müstəqil Tele-Radio Kompaniyası iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 27000 manat əsas borcun, 1237,5 manat pulun ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə hesablanmış faiz borcunun, 2000 manat cərimə borcunun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 30267,5 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Müstəqil Tele- Radio Kompaniyasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 19.02.2020-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı Müstəqil Tele-Radio Kompaniyası arasında, 48 seriyadan ibarət olmaqla “Ər vs Arvad” serialının istehsalı və serialın ATV efirində yayımlanması ilə bağlı T-********** nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq serialın istehsalı üçün iddiaçı tərəfindən cavabdehə 25.02.2020-ci il tarixdə 27000 manat avans pul ödənilmişdir. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş və avans məbləğini aldıqdan sonra serialın müqavilə ilə müəyyən edilmiş seriyalarını iddiaçıya təqdim etməmişdir. 19.02.2020-ci il tarixli, T-********** nömrəli müqavilənin 4.3.8-ci bəndinə görə “İstehsalçı” hər avans məbləğini aldıqdan 30 gün müddətində “Yayımçı”ya 12 seriya təqdim etməlidir. 19.02.2020-ci il tarixli, T-********** nömrəli müqavilənin 5.1.1-ci bəndinə görə serialın yayımlanmasının dayandırılması və ya müqaviləyə xitam verilməsi hallarında əgər “İstehsalçı” “Yayımçı”dan avans almışsa, həmin avans məbləğinin əvəzləşdirilməyən hissəsi 1 ay ərzində “İstehsalçı” tərəfindən “Yayımçı”ya ödənilməlidir. Dəfələrlə cavabdehə şifahi xəbərdarlıqlar olunsa da, cavabdeh müqavilə şərtlərini yerinə yetirməmişdir. Buna görə də, 25.01.2021-ci il tarixli 259 nömrəli pretenziya məktubu ilə ödənilmiş 27000 manat avans pul məbləğinin iddiaçıya geri qaytarılması cavabdehdən tələb olunmuş və 19.02.2020-ci il tarixli, T-********** nömrəli müqavilənin 10.1-ci bəndinin “c” yarımbəndinə uyğun olaraq müqavilənin ləğv ediləcəyi bildirilmişdir. Lakin cavabdeh pretenziya məktubunda göstərilən müddətdə öhdəliyi icra etməmiş və ödənilmiş avans məbləğini geri qaytarmamışdır. Tərəflər arasında bağlanmış 19.02.2020-ci il tarixli, T-********** nömrəli müqavilənin 6.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin tam yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf, Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və ya mənəvi zərəri (o cümlədən əldən çıxmış fayda şəklində də) ödəməlidir. Cavabdeh qanunla nəzərdə tutulmuş qaydada pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Buna görə də, cavabdeh iddiaçıya olan 27000 manat borcuna görə illik 5% bank uçot dərəcəsinə uyğun olaraq hər ay üçün 112,5 manat ümumi məbləğdən əlavə faiz ödəməlidir. (27000 manat x 5 % = 1350 / 12 ay = 112,5 manat). Beləliklə də, Azərbaycan Respublikasının Qanunvericiliyinin tələblərinə və müqavilə şərtlərinə görə Cavabdeh MMC-nin "Azad Azərbaycan" MTRK-na faktiki borcu əsas borc 27000 manat, faiz borcu (11 ay üçün) 1237,5 manat, cərimə borcu – 2000 manat olmaqla ümumilikdə 30237,5 manat təşkil edir. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Müstəqil Tele-Radio Kompaniyasından 250000 manat maddi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 19.02.2020-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı Müstəqil Tele-Radio Kompaniyası arasında, 48 seriyadan ibarət olmaqla “Ər vs Arvad” serialının istehsalı və serialın ATV efirində yayımlanması ilə bağlı T-********** nömrəli müqavilə bağlanmışdır. Cavabdeh MMC-nin istehsalçısı olduğu “Ər vs Arvad” serialı ATV kanalında 2016-cı ildən yayımlanır. “Ər vs Arvad” serialı 2 aktyordan ibarət Yaşar və Könül obrazlarının həyatını canlandırır. 19.02.2020-ci il tarixdən öncə müqavilənin şərtləri kanalın rəhbəri ilə razılaşdırldıqdan sonra həmin tarixdə müqavilə imzalanmışdır. Müqavilənin 5 bəndində tam aydın olaraq münasibətlər şərtləndirilmişdir. Serial ATV-də yayımlandığı müddətdə baş sponsor “Kontakt Home” şirkəti olmuşdur. Serialda çəkilən aktyorlar kanal tərəfindən yaradılan “1 Kişi 1 Qadın” serialına aparılır və həmin serialda Yaşar və Könül obrazını canlandırırlar, eyni zamanda “Kontakt Home” şirkətinin rəqibi olan “Optimal” şirkətinin baş sponsorluğu ilə. Kanal tərəfindən Cavabdeh MMC-yə ödənilən 27000 manat məbləğ, “Kontakt Home” şirkəti tərəfindən kanala 3 aylıq sponsor məbləği (3x10000 man) kimi ödənildikdən sonra olmuşdur. Daha sonra kanal yeni formatda serial çəkilməsini Cavabdeh MMC-dən xahiş edir, bu problemi ictimailəşdirilməməsini xahiş edir. 6 aktyordan ibarət serial yeni formatda çəkilərək, baxılması üçün ATV kanalının rəhbərliyinə eyni zamanda iddia ərizəsini imzalamış, şirkətin hüquqşünasına bildirilir. Lakin seriala baxılmadan istəmədiklərini bildirirlər. Müqavilə tərəfi İddiaçı Müstəqil Tele-Radio Kompaniyası müqaviləni bəndlərini pozmaqla, Cavabdeh MMC-yə ziyan vurmuşdur. Belə ki, müqavilənin 5.1.5-ci bəndinə əsasən, müqavilənin 1.1ci bəndində nəzərədə tutulan bir baş sponsor və ya iki sponsorlardan ən az biri ilə müqavilə bağlandığı halda “İstehsalçı”nın xahişi ilə “Yayımçı”, ən azı 27000 manat məbləğində “İstehsalçı”ya avans ödəyə bilər. “Yayımçı” tərəfindən avans ödənildikdən sonra “İstehsalçı”ya aid sponsor gəlirləri “Yayımçı”ya ötürülməklə avans məbləği əvəzləşdirilir. Avans məbləği tam əvəzləşdirilmədikdə “Yayımçı” yenidən (təkrar) avans verməyə bilər. 2016-cı ildən yayımlanan serialın aktyorlarını “1 Kişi Qadın” serialında çəkməklə və öz kanalında yayımlamaqla, həm də eyni obrazlarla Cavabdeh MMC-yə 250000 manat ziyan vurmuşdur. Müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərin tam yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf, Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və ya mənəvi zərəri (o cümlədən əldən çıxmış fayda şəklində də) ödəməlidir. İddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı isə qəbul etmədiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - 19.02.2020-ci il tarixli “Teleserialın yayımlanması haqqında” T-********** saylı müqaviləyə əsasən “Yayımçı” “ATV” efirində müəllif hüquqları Aqil M Quliyevə məxsus və müqavilə hüququ əsasında “İstehsalçı” tərəfindən təqdim olunan “Ər vs Arvad” serialını bir ay ərzində 4 dəfə, hər həftənin cümə günü saat 23:00-dan 01:00-dək vaxt dairəsində “Yayımçı”nın “İstehsalçı” ilə razılaşdırılması əsasında efir vaxtı, bir baş sponsor, iki sponsor və bu Müqavilənin 5.1.4-cü bəndinə göstərilən şərtlərlə digər sponsor paketi verir. - 25.02.2020-ci il tarixli 154 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC-nin hesabına 27000 manat məbləğində ödəniş edilmişdir. - 04.03.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin əsas məbləğ üzrə borcu 27000 manat, faiz borcu 11 ay üçün 1237,5 manat, cərimə borcu 2000 manat olmaqla cəmi borcu 30237,5 manat müəyyən edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər arasında bağlanmış 19.02.2020-ci il tarixli “Teleserialın yayımlanması haqqında” T-********** saylı müqaviləyə əsasən “Yayımçı” “ATV” efirində müəllif hüquqları Aqil M Quliyevə məxsus və müqavilə hüququ əsasında “İstehsalçı” tərəfindən təqdim olunan “Ər vs Arvad” serialını bir ay ərzində 4 dəfə, hər həftənin cümə günü saat 23:00dan 01:00-dək vaxt dairəsində “Yayımçı”nın “İstehsalçı” ilə razılaşdırılması əsasında efir vaxtı, bir baş sponsor, iki sponsor və bu Müqavilənin 5.1.4-cü bəndinə göstərilən şərtlərlə digər sponsor paketi verir, həmçinin, müqavilənin 4.3.8-ci bəndinə əsasən istehsalçı hər avans məbləğini aldıqdan 30 gün müddətində şirkətə 12 seriya təqdim etməlidir, 5.1.1-ci bəndinə görə isə serialın yayımlanmasının dayandırılması və ya müqaviləyə xitam verilməsi hallarında əgər “İstehsalçı” “Yayımçı”dan avans almışsa, həmin avans məbləğinin əvəzləşdirilməyən hissəsi 1 ay ərzində “İstehsalçı” tərəfindən “Yayımçı”ya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin halları ilə təsdiq olunur ki, İddiaçı Müstəqil Tele-Radio Kompaniyası müqaviləyə əsasən üzərinə düşən öhdəliyi icra edərək avans məbləği olan 27000 manat məbləğində pul vəsaitini Cavabdeh MMC-yə ödəsə də, sonuncu öz öhdəliyini icra etməmiş, avans məbləğini aldıqdan 30 gün müddətində 12 seriyanı iddiaçıya təqdim etməmişdir. Cavabdeh qarşılılıqlı iddia ərizəsində öhdəliyi yerinə yetirə bilmədiyini iddiaçının təqsiri üzündən baş verdiyini bildirsə də bu halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbləri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunan mövqe nəzərə alınaraq iddia 1237,5 manat məbləğində faiz borcunun tutulması hissəsində də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. İddianın bu hissəsi müqavilənin 6.1-ci bəndi ilə əsaslandırılsa da, nəinki həmin bənddə, ümumiyyətlə müqavilədə öhdəliyin icra edilmədiyi halda cərimə, dəbbə pulu ödənilməsi nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsində yayımçı tərəfin onlara məxsus obrazların başqa teleserialda istifadə edilməsi nəticəsində onlara hansı zərərin dəyməsi, bu dəymiş zərərin nələrdən ibarət olması, o cümlədən zərərin məbləğinin hansı səbəbdən 250000 manat qiymətləndirilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, müqavilənin 6.2-ci bəndinə əsasən, zərərçəkmiş tərəf zərərin vurulmasının həqiqiliyini və həcmini, habelə öhdəliklərin yerinə yetirilməməsi ilə zərərin vurulması faktı arasında mövcüd olan səbəbli əlaqəni müvafiq sübutlarla təsdiq etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 28 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Müstəqil Tele-Radio Kompaniyasının Cavabdehnə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 27000 manat məbləğində əsas borc və 1237,5 manat faiz borcu olmaqla ümumilikdə 28237,5 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı Müstəqil Tele-Radio Kompaniyasına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 28 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı Müstəqil Tele-Radio Kompaniyasına ödənilsin. Cavabdeh İddiaçı Müstəqil Tele-Radio Kompaniyasına qarşı pul tələbi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2072/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2072/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver