Məhkəmə qərarları › İş №e-2-2(113)-2073/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2073/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2073/2020 11.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilib borcun və maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2019-cu il tarixli İB/19-01 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və 20.492,08 manat məbləğində əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli İB/19-01 nömrəli alqı-satqı müqaviləsi üzrə qoyulmuş öhdəliyi yerinə yetirmişlər. Həmin müqavilə ilə bağlı cavabdehlə razılaşdırılmış xx xxxxx 2019-cu il tarixli 19-01 nömrəli Qiymətlərin Razılaşdırılması protokolunda nəzərdə tutulmuş 47 növ mal cavabdehə təhvil verilmiş və qaimə-fakturalarla rəsmləşdirilmişdir. Alğı-satqı müqaviləsinin “Qiymət və ödəmə şərtləri” nəzərdə tutan 3-cü maddəsinin ikinci hissəsinə görə alıcı mallara görə ödənişi malların çatdırılmasından əvvəl, müqavilə imzalandıqdan sonra təqdim olunmuş hesab-fakturaya əsasən 5 təqvim günü ərzində nağdsız hesablaşma yolu ilə satıcının bank hesabına köçürməklə həyata keçirir. Həmin hesab-fakturanın tərtib olunmasından 7 aydan çox vaxt keçməsinə və malların cavabdehə təhvil verilməsinə baxmayaraq, Cavabdeh MMC ödəməli olduğu borcu ödəməmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə tərəflərə bildiriş göndərilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Cavabdeh tərəf məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, eləcə də iddiaya qarşı etiraz və ya mülahizəsini təqdim etməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: -xx xxxxx 2019-cu il tarixli İB/19-01 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, hazırki müqavilə üzrə “satıcı” bu müqavilənin 1.1.-ci və 1.2-ci yarımbəndində göstərilən malları “alıcı”ya satmağı, “alıcı” isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. -Həmin müqavilənin 2.2.1-ci hissəsinə əsasən, “alıcı” ya razılaşdırılmış keyfiyyətdə mal satmağı öz öhdəsinə götürür. -Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malın qiyməti “Razılaşma Protokoluna” uyğun olaraq müəyyən edilir. Müqavilənin 6.1-ci yarımbəndinə əsasən, müqavilə 3 (üç) il müddətinə bağlanmışdır. -xx.xx.2019-cu il tarixli X1 görünür ki, tərəflər xx xxxxx 2019-cu il tarixli İB/19-01 nömrəli alqı-satqı müqaviləsində nəzərdə tutulan malların miqdarınını və qiymətlərinin müəyyənləşdırılməsi barədə razılığa gəlmişlər. Belə ki, razılaşmaya əsasən təhvil verilən hər partiyanın məbləği ƏDV daxil 20.492,08 manat miqdarında olmalıdır. -EAAT seriyalı 379067 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən, görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ümumilikdə 20.492,08 manat dəyərində məhsul satılmışdır. -xx.xx.2019-cu il tarixli 122 nömrəli pretenziya məktubundan görünür ki, İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə əsasında satılmış malların dəyəri olaraq 20.492,08 manat məbləğində pul vəsaitinin 3 gün müddətində ödənilməsini təklif etmiş, əks halda dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət edəcəkləri barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.1.2-ci maddəsinə görə mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Həmin Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredotorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətləri etməkdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.3-cü maddəsinə görə bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə həmin Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, borclu öz öhdəliklərini hər bir təqsirli pozuntu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır, borclunun təqsirinə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 451-ci maddəsinə görə borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görəı satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 596.1-ci maddəsinə görə alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Həmin Məcəllənin 596.2-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Həmin Məcəllənin 597.1-ci maddəsinə görə alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmənin qənaəti belədir ki, tərəflər arasında xx xxxxx 2019-cu il tarixli İB/19-01 nömrəli alqı-satqı müqaviləsi bağlanmış olsa da, İddiaçı MMC həmin müqavilə üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi, yəni müvafiq miqdarda və çeşiddə malların cavabdeh Cavabdeh MMC-yə təhvil verilməsinə dair heç bir mötəbər sübut, o cümlədən təhvil-təslim aktı təqdim etmədiyindən, cavabdeh Cavabdeh MMC-dən 20.492,08 manat pul vəsaitini tələb etməkdə haqlı hesab oluna bilməz. Odur ki, İddiaçı MMC- nin iddiası əsassız sayılır. MPM-in 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş təbəblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilib borcun və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, iddia qaldırılarkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə digər məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı "müqavilənin ləğv edilib borcun və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia qaldırılarkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar