Məhkəmə qərarları › İş №e-2-2(113)-2074/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2074/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2074/2023 19.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Binyamin oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehn nümayəndəsi, X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 409436 avro əsas borcun və 40943,60 avro cərimənin, ümumilikdə 450379,60 avro borcun ödəniş günü Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatında, 405 manat mediasiya xərci, 756,32 manat qalıq dövlət rüsumu məbləğinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “İddiaçı”) ilə Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında bağlanmış № 181225/08-280 nömrəli, xx.xx.2018-ci il tarixli və № SA/1220 nömrəli, xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən iddiaçı tərəfindən ümumi dəyəri 4657971,51 manat dəyərində olan müxtəlif çeşiddə malların Cavabdehə satışı həyata keçirilmişdir. Cavabdeh bu işlərin müqabilində İddiaçıya cəmi 3791648,46 manat ödəniş etmişdir. Bu müqavilələr üzrə Cavabdehin İddiaçıya 734172,08 əsas borcu, 132150,97 manat ƏDV borcu olmaqla, ümumilikdə 866323,05 manat məbləğində borcu qalmışdır. İddia ərizəsinə əlavə olunan müvafiq təsdiqedici sənədlərdən də göründüyü kimi, İddiaçı Müqavilələrlə bağlı üzərinə düşən öhdəlikləri vaxtlıvaxtında və lazımi qaydada icra etsə də, cavabdeh həmin Müqavilədən irəli gələn öhdəliklərini pozmuş, satılan malların, görülmüş işlərin və xidmətlərin dəyərinin tam ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin, bu danışıqlar heç bir fayda verməmişdir. Cavabdehə borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi, X4 izahatında "xxxx" MMC-nin satdığı avadanlığın quraşdırılmadığını, həmin avadanlığın hələ də qutularda qaldığına görə onların keyfiyyətli olub-olmadığının müəyyən olmadığını və bu səbəbdən borcun tam həcmdə ödənilmədiyini bildirərək tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli SA/1220 nömrəli iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən “təhvil-təslim aktını imzalamaqla malların gözlə görünən qüsurların olmadığını təsdiq edir”, 4.1-ci bəndinə əsasən “malların quraşdırılması, sazlanması, sınağı və istismara hazır vəziyyət gətirilməsi avadanlığın istehsalçısı tərəfindən həyata keçirilir”, 2.1-ci bəndinə əsasən “alıcı tərəfindən malların dəyəri 10%-i avans olaraq, qalan 90%- isə 2021-ci ilin mart ayının sonunadək satıcıya ödənilməlidir". xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin Cavabdeh MMC-nin borcu haqqında arayışından görünür ki, hazırda Cavabdeh MMC-nin "xxxx" MMC-yə SA/1220//11268 müqavilə üzrə 409436 avro məbləğində borcu qalmışdır, həmin borcun 346825,44 avro əsas, 62610,56 avro ƏDV təşkil edir. xx.xx.2023-cü il tarixli 1/4009 saylı Cavabdeh MMC-nin "xxxx" MMC-yə ünvanlandığı məktubundan görünür ki, SA/1220//11268 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh MMC-nin "xxxx" MMC-yə 409436 avro borcu qalmışdır. Həmçinin həmin məktubda sözegedən borcun 2023-cü ilin iyul-avqust ayları ərzində ilkin olaraq 50000 avro olmaqla 2023-cü ilin sonunadək borcun tam ödənilməsi ilə bağlı zəmanət vermişlər. xx.xx.2023-cü il tarixli MŞB/2-02096 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" MMC ilkin mediasiya sessiyasında iştirak etmiş və 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, "xxxx" MMC 756,32 manat dövlət rüsumu ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, satıcı üzərinə düşən öhdəliyi yerinə yetirərək transformatorların istehsalı üçün nəzərdə tutulmuş avadanlığı alıcı Cavabdeh MMC-yə satmaqla təhvil vermiş və bununla bağlı müvafiq təhvil-təslim aktları tərtib edilmiş, alıcı isə satılan avadanlığa görə müəyyən məbləğdə ödəniş etsə də, 409436 avro məbləğində borcu ödəməməklə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə baxışında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi 4657971,51 manat dəyərində avadanlığı qəbul etdiyini mübahisələndirməsə də, həmin avadanlığın hələ də qutularda qaldığını, avadanlıqların quraşdırılmamasına görə onun keyfiyyətli olubolmadığının müəyyən olunmadığını və bu səbəbdən borcun tam həcmdə ödənilmədiyini bildirərək tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunanlarla bağlı bildirir ki, alıcı Cavabdeh MMC xx.xx.2020-ci il tarixli SA/1220 nömrəli müqavilənin 3.4-cü bəndinə əsasən “təhvil-təslim aktını imzalamaqla malların gözlə görünən qüsurların olmadığını təsdiq edir”, 4.1-ci bəndinə əsasən “malların quraşdırılması, sazlanması, sınağı və istismara hazır vəziyyət gətirilməsi avadanlığın istehsalçısı tərəfindən həyata keçirilir”, 2.1-ci bəndinə əsasən “alıcı tərəfindən malların dəyəri 10%-i avans olaraq, qalan 90%- isə 2021-ci ilin mart ayının sonunadək satıcıya ödənilməlidir. . Göründüyü kimi Cavabdeh MMC təhvil-təslim aktını imzalamaqla (işə aktlar əlavə edilib) malların gözlə görünən qüsurlarının olmadığını təsdiq etmiş, avadanlığın quraşdırılması isə satıcı "xxxx" MMC tərəfindən deyil, avadanlığın istehsalçısı olan “Georg” şirkəti tərəfindən həyata keçirilməli və müqavilə şərtlərinə görə "xxxx" MMC satıcı qismində çıxış etmiş, ödənişlər isə şərtsiz 2021-ci ilin mart ayının sonunadək həyata keçirməli idi. Bununla yanaşı məhkəmə qeyd edir ki, alıcı Cavabdeh MMC-nin satıcı "xxxx" MMCyə ünvanladığı xx.xx.2023-cü il tarixli 1/4009 saylı məktubda Cavabdeh MMC "xxxx" MMC-yə 409436 avro borcu 2023-cü ilin iyul-avqust aylar ərzində ilkin olaraq 50000 avro olmaqla 2023-cü ilin sonunadək tam ödəməyi ilə bağlı zəmanət vermişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının 409436 avro borc tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsi ilə 2 il üçün tələb etdiyi 40943,60 (409436 avro x 5% x 2 il) avro cərimə tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, müqavilənin 2.1-ci bəndinə əsasən “alıcı tərəfindən malların dəyəri 10%-i avans olaraq, qalan 90%-i isə 2021-ci ilin mart ayının sonunadək satıcıya ödənilməlidir", halbuki alıcı Cavabdeh MMC 409436 avro borcu 2 ildən artıq olan müddət ərzində ödəməmişdir. Həmçinin məhkəmə hesab edir ki, 405 manat məbləğində mediasiya xərci və 756,32 manat məbləğində dövlət rüsumu tələbi əsaslı olduğundan təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh MMC-dən ödənilməmiş əsas borc üzrə 409436 avro əsas və 40943,60 avro cərimə, ümumilikdə 450379,60 avro borc ödəniş günü Mərkəzi Bankın məzənnəsi ilə manatla, həmçinin 405 manat mediasiya xərci və 756,32 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən ödənilməmiş əsas borc üzrə 409436 avro əsas, 40943,60 avro cərimə, ümumilikdə 450379,60 avro borc ödəniş günü Mərkəzi Bankın məzənnəsi ilə manatla, həmçinin 405 manat mediasiya xərci və 756,32 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar