Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2074/2024 06.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, hüquqi yardım və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 067-GMC/PT/22 alğı-satqı müqaviləsinə əsasən 18% ƏDV daxil 55000 manat borcun, 8250 manat dəbbə pulunun, 200 manat hüquqi yardıma görə xərcin, 281 manat dövlət rüsumun toplam 63.731 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnam qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixli, 067-GMC/PT/22 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin ümumi dəyəri 18% ƏDV daxil 300000 manat olmuşdur. Həmin müqavilənin X3 tərəfindən seçilmiş 1 ədəd X2 DX210WA model texnikanı satmağı, Alıcı isə Əmlakın dəyərini Satıcıya ödəməyi öz öhdəsinə götürmək təşkil edir. İddiaçı olaraq öz üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməyinə baxmayaraq cavabdeh tərəfindən hal-hazırkı vaxtadək ödənilməmiş 55000 manat qalıq borcu vardır. xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktına əsasən yuxarıda qeyd olunan texnika Cavabdehə təhvil verilmişdir. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə elektron qaiməfaktura və 0138/GMC/24 nömrəli, xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün ona müvafiq müddət təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən qeyd olunan borc məbləğindən bu günədək heç bir ödəniş edilməmişdir. Bundan başqa cavabdehə göndərilən pretenziyaya heç bir rəsmi etirazı da olmamışdır. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Alıcı Satıcının təqdim etdiyi hesab əsasında “Əmlak”ın dəyərinin 100% hissəsini müqavilə bağlandıqdan sonrakı 2 iş günü ərzində “Satıcı” ya ödəməlidir. Həmin Müqavilənin 4.1-ci maddəsinə əsasən X6 2.1.1-ci bəndində göstərilən öhdəliklərini vaxtında yerinə yetirməsə öhdəliklərin icrasının hər gecikdirilmiş günü üçün bu Müqavilənin 1.2-ci bəndində göstərilən ümumi qiymətindən 0.1% məbləğində dəbbə ödəməyi öhdəsinə götürür. Qeyd olunan Müqavilə üzrə Cavabdeh tərəf ödəməni təhviltəslim aktından sonra 2(iki) iş günü müddətində tam icra etməli olmasına baxmayaraq gecikdirmə etmiş və bunun nəticəsində 8250 manat ( bir gün – 55000*0.1/100=55 manat) dəbbə pulu ödəməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmiş, həqiqətən də cavabdehin iddiaçıya 55000 manat borcun olduğunun etiraf etmiş və borcun ödənilməsi üçün məhkəmədən vaxt istəmişdir.
5. Cavabdehə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Satıcı -İddiaçı QSC ilə Alıcı-Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 067-GMC/PT/22 alğı-satqı müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı Alıcı tərə tindən seçilmiş 1 ədəd X2 DX210WA model texnikanı - Əmlakı satmağı, "Alıcı" Əmlakın dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürürlər.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin ümumi məbləği ƏDV ilə birgə 300000 mnat təşkil edir.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən Satıcının təqdim etdiyi hesab əsasında "Alıcı” Əmlakın dəyərinin 100% hissəsini yəni, 300000 manatı müqavilə bağlandıqdan 2 iş günü ərzində Satıcıya ödəməlidir.
12. Müqavilənin 2.3-cü bəndinə əsasən Satıcıya ödəniş köçürmə yolu ilə həyata keçirilir.
13. Müqavilənin 3.2-ci bəndinə əsasən əmlakın satıcıdan alıcıya təhvil təslimi təhviltəslim aktı ilə rəsmiləşdirilir. Əmlakların təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmala iki nüsxədə tərtib edilir. Satıcı və alıcının səlahiyyətli nümayəndələri tərəfindən imzalanır.
14. Müqavilənin 4.1-ci bəndinə əsasən X6 2.1.1-ci bəndində göstərilən öhdəliklərini vaxtında yerinə yetirməsə öhdəliklərin icrasının hər gecikdirilmiş günü üçün bu Müqavilənin 1.2-ci bəndində göstərilən ümumi qiymətindən 0.1% məbləğində dəbbə ödəməyi öhdəsinə götürür.
15. “Malların təhvil verilməsi haqqında” xx.xx.2022-ci il tarixli akta əsasən DOOSAN DX210WA model ekskavator tərəflər arasında tərtib edilmiş akta əsasən satıcı tərəfindən alıcıya təhvil verilmiş və hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
16. İddiaçı QSC müqavilə üzrə Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli EBCG544370 saylı 300.000 manat dəyərində e-qaimə göndərmişdir.
17. xx.xx.2024-cü il tarixli 0136/GMC/24 saylı maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli, 067-GMC/PT/22 alğı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-nin ƏDV daxil toplam borcunun 55000 manat təşkil etdiyi qeyd olunmuşdur.
18. 09.01.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı QSC tərəfindən Femida vəkil burosuna 200 manat ödəniş edilmişdir.
19. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
22. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
23. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
25. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 067-GMC/PT/22 alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən Satıcı Alıcı tərəfindən seçilmiş 1 ədəd X2 DX210WA model texnikanı - Əmlakı satmağı, "Alıcı" Əmlakın dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür.
26. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktı, elektron qaimə ilə təstiq olunduğu və cavabdeh tərəfindən 55.000 manat məbləğində borcun olması etiraf edildiyini üçün 55000 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
27. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 55000 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 55000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
28. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.4-cü bəndinə əsasən hesablanmış 8250 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
30. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
31. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
32. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 2750 manat məbləğində müəyyən edilməlidir.
33. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 281 manat dövlət rüsumu və 200 manat məbləğində vəkil xərci ödənilmişdir.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 200 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 281 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli, 067-GMC/PT/22 saylı alqı-satqı müqaviləsinə əsasən 55.000 manat borc məbləği, 2750 manat dəbbə pulu, vəkil xərcinin əvəzi olaraq 200 manat və dövlət rüsumunun əvəzi olaraq 281 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova