Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-208/2022 25.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı tərəflər arasında imzalanmış AZ01/19 saylı 09 iyul 2019cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən məhsulun dəyərinə görə ödənilmiş 40326 ABŞ dollarının, 5.000 ABŞ dolları mənəvi ziyanın, 5000 ABŞ dolları penyanın, 510 manat vəkil xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı tərəflər arasında imzalanmış AZ01/19 saylı 09 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən məhsulun dəyərinə görə ödənilmiş 40326 ABŞ dollarının, 5.000 ABŞ dolları mənəvi ziyanın, 5000 ABŞ dolları penyanın, 510 manat vəkil xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında AZ01/19 saylı 09 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilə 01.11.2022-ci il tarixədək qüvvədədir. Müqaviləyə əsasən iddiaçı tərəfindən uzun müddət ərzində dayanıqlı və etibarlı əlaqələr qurulmuş və ayrı-ayrı vaxtlarda xeyli miqdarda baytarlıq preparatlarının alqı-satqısı həyata keçirilərək ölkədə satışı həyata keçirilmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 5-ci bəndində şifariş edilən məhsulların ödəniş qaydası öz əksini tapmışdır. Həmin bəndə nəzər saldıqda müəyyən edilir ki, məhsulun dəyərinin 50% sifariş təsdiqləndikdə, məhsulun dəyərinin 50% hissəsini isə məhsullar satıçı tərəfindən yükləndikdən sonra həyata keçirilir. Həmçinin müqavilənin 4-cü bəndində məhsulun çatdırması qaydası və müddətləri müəyyən edilmişdir. Həmin bəndə əsasən tərəfindən məhsullar sifariş verildikdən və ilkin dəyərinin 50% ödənildikdən sonra 60 gün müddətində məhsul hazır edilməlidir, daha sonra isə məhsul yükləndikdən sonra onun qalan dəyəri ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən cavabdehdən ümümi dəyəri 80.652 ABŞ dolları olan məhsulların alınması sifariş edilmişdir. Daha sonra müqavilə şərtlərinə uyğun olaraq tərəfindən məhsulun 50% dəyəri, 18.09.2020-ci il tarixdə 15.000 ABŞ dolları, 05.10.2020-ci il tarixdə isə 25.326 ABŞ dolları, cəmi 40326 ABŞ dolları cavabdehin təqdim etdiyi Praforma İnvoice №2806/2020 hesabına bank vasitəsi ilə keçirilmişdir. Lakin, iddiaçı tərəfindən verilmiş sifarişdən və ödənişdən xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 9-cu bəndində mübahisələrin həlli qaydaları (arbitraj) əks olunmuşdur. Həmin bənddə tərəflər arasında eletron yazışmanın rəsmi yazışma kimi qəbul edilməsi razılaşdırılmışdır. Buna uyğun olaraq cavabdehin istifadəsində olan rəsmi Elektron ünvan eletron mail adresa 27.04.2021-ci il tarixdə pretenziya məktubu göndərilmiş və müqavilə üzrə öhdəliklərinin 20 gün müddətində icra edilməsi xahiş edilmişdir. Bundan sonra cavab məktubunda cavabdeh müxtəlif bəhanələr gətirərək, məhsula görə iddiaçı tərəfindən ödənilmiş pulu iddiaçıya göndərmək imkanlarının olmamasını bəhanə gətirmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: AZ01/19 saylı 09 iyul 2019-cu il tarixli Satış müqaviləsindən görünür ki, cavabdeh baytarlıq əczaçılıq dərmanlarını satmağı, iddiaçı isə bu dərmanları almağı öhdələrinə götürmüşlər. 84873720 saylı və 86120020 saylı ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən dərmanların alınması ilə bağlı cavabdehin hesabına 18.09.2020-ci il tarixdə 15.000 ABŞ dolları, 05.10.2020-ci il tarixdə isə 25.326 ABŞ dolları, cəmi 40326 ABŞ dolları pul vəsaiti köçürülmüşdür. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında AZ01/19 saylı 09 iyul 2019-cu il tarixli Satış müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh baytarlıq əczaçılıq dərmanlarını satmağı, iddiaçı isə bu dərmanları almağı öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən dərmanların alınması ilə bağlı cavabdehin hesabına 18.09.2020-ci il tarixdə 15.000 ABŞ dolları, 05.10.2020-ci il tarixdə isə 25.326 ABŞ dolları, cəmi 40326 ABŞ dolları pul vəsaiti köçürülmüşdür. Lakin cavabdeh tərəfindən dərmanlar iddiaçıya göndərilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, malların dəyərini cavabdehə ödəmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış AZ01/19 saylı 09 iyul 2019-cu il tarixli Satış müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə ödənilmiş 40326 ABŞ dolları pul vəsaiti öhdəliyini yerinə yetirmədiyinə görə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh Satış müqaviləsi üzrə dərmanları üzürlü səbəb olmadan iddiaçıya verməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur ki, qeyd olunan xüsusat AZ01/19 saylı 09 iyul 2019-cu il tarixli Satış müqaviləsinin ləğv edilməsinə əsas verir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış AZ01/19 saylı 09 iyul 2019cu il tarixli Satış müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, əsas öhdəlik haqqında bağlanmış müqavilənin formasından asılı olmayaraq onun icrasının təmin edilməsi üsuli kimi dəbbə pulu haqqında razılaşma yazılı formada tərtib olunmalıdır. Dəbbə pulu haqqında razılaşma əsas öhdəlik haqqında müqavilənin bir hissəsi kimi onun tərkibində nəzərdə tutula bilər. İddiaçı dəbbə pulunun ödənilməsini tələb etsə də, dəbbə pulu haqqında razılaşma nə tərəflər arasında bağlanmış AZ01/19 saylı 09 iyul 2019-cu il tarixli Satış müqaviləsinin bir hissəsi kimi onun tərkibində nəzərdə tutulmuş, nə də ayrıca yazılı formada tərtib olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz. Məhkəmə iddia tələbinin mənəvi ziyan hissəsinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı həmin əsasa görə cavabdehdən 5.000 ABŞ dolları məbləğində pul tələb etsə də, tələbi əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda mənəvi ziyanın nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində əsaslı olmadığından təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 510 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı ilə cavabdeh arasında imzalanmış AZ01/19 saylı 09 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi ləğv edilməli, cavabdehdən məhsulun dəyərinə görə ödənilmiş 40326 ABŞ dolları və 510 manat vəkil xidmət haqqı tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 80 faizini təşkil etdiyini nəzərə alaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 24 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 6 manat məbləği iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında imzalanmış AZ01/19 saylı 09 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdehndən məhsulun dəyərinə görə ödənilmiş 40326 ABŞ dolları və 510 manat vəkil xidmət haqqı tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 24 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 6 manat məbləği İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-208/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-208/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver