Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-208/2025 14.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Qanuni nümayəndə, Cavabdeh4 və Cavabdeh5 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X12 və X13) qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta, subroqasiya, öhdəlikdə şəxslərin dəyişməsi, reqres öhdəlik, icarəyə verənin məsuliyyəti, icarəyə götürülmüş əşyanın üçüncü şəxslərə verilməsi, delikt) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə4, Cavabdeh2, Cavabdeh, həmçinin Cavabdeh1 nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə, Üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Qanuni nümayəndə, Cavabdeh4 və Cavabdeh5 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X12 və X13) qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh2, Cavabdeh1, Qanuni nümayəndə, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 17059 manat məbləğində pul vəsaitinin və ödənilmiş 141,18 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, RAZ********** nömrəli xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən sığortalı X13nun istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə daşınmaz əmlakın icbari sığortası qaydasında iddiaçı tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə yanğın hadisəsi nəticəsində zərər dəymişdir. Bakı şəhər 11 saylı notariat ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiq olunmuş X17 ilə Cavabdeh1 adından X5 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsində göstərilmişdir ki, X17 ilkin icarə müqaviləsi əsasında Cavabdeh4 və X8 icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən avtomobillərə texniki xidmət sahəsinin 80 kv.m sahəsini icarəçi Cavabdeh1nə xx.xx.2023-cü il tarixədək icarəyə vermişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin 12 may 2023-cü il tarixli 1516 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.1, 6.2, və 6.3-cü bəndlərinin tələbləri pozulmuşdur. Obyektin elektrik qurğuları müvafiq qaydalara və digər normativ sənədlərə uyğun quraşdırılıb istismar edilmədiyinə, elektrik aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri) müvafiq qaydaların tələblərinə uyğun seçilib quraşdırılmadığına, eləcə də artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.3-cü bəndi obyektin icarədarı Qanuni nümayəndə və qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində yerləşən restoranı sonuncu tərk etmiş şəxs Cavabdeh2 tərəfindən pozulmuşdur. Vurulmuş zərərə görə 17059 manat sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş 17059 manat məbləği qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 936, 1108-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdeh2 iddiaya yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddia ərizəsində ünvan 1 ünvanında qeyri-yaşayış obyektinə yanğın nəticəsində zərər dəydiyi göstərilmişdir. İddia ərizəsində yanğın baş vermiş obyekt, obyektin sahibkarları, icarədarları konkret olaraq göstərilmişdir. Cavabdeh2 isə həmin yanğın baş vermiş obyektlə heç bir əlaqəsi olmamış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, obyekti icarəyə götürməmiş, heç bir cavabdehliyi olmamışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin 12 may 2023-cü il tarixli cinayət işinin araşdırılması zamanı Cavabdeh2 heç bir istintaqa, araşdırmaya cəlb edilməmişdir. Sadəcə olaraq iş üzrə cavabdeh X2 tanıdığı üçün ona kömək məqsədi ilə yanğınla əlaqədar onun yanına gedib-gəlmişdir. Lakin iddiaçının onu müştərək qaydada cavabdeh X5 ilə birlikdə məhkəməyə verməsi əsassız və qanunsuzdur. Bu səbəbdən də ona qarşı olan iddia rədd edilməlidir.
5. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə iddiaya yazılı etiraz təqdim edərək qeyd etmişlər ki: 5.1. iddiaçı cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 may 2023-cü il tarixli qərar ilə müəyyən edilmiş halları təhrif edərək təqdim etmişdir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 may 2023-cü il tarixli qərar ilə müəyyən edilmişdir ki, 19 iyul 2022-ci il tarixdə, saat 10 radələrində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mansard mərtəbəsində, mətbəx otağının yerləşdiyi sahədə olan elektrik naqillərində yaranmış qəza halından, həmin qəza halı yaranmış naqilə bitişik (və ya yanaşı) yerləşən alışqan təbiətli konstruksiya, əşya və ya materialın alışmasından yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.1 və 6.2-ci bəndlərinin tələbləri, qeyri-yaşayış sahəsinin sahibləri Cavabdeh4 və Cavabdeh5 tərəfindən, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının” 6.3-cü bəndinin tələbi isə qeyriyaşayış sahəsinin ikinci mərtəbəsində yerləşən restoranı sonuncu tərk etmiş şəxs Cavabdeh2 tərəfindən pozulmuşdur. 5.2. Göründüyü kimi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 may 2023-cü il tarixli qərar ilə baş vermiş yanğın hadisəsinin Cavabdeh1 və X5 tərəfindən deyil, qeyri-yaşayış sahəsinin sahibləri Cavabdeh4 və Cavabdeh5 və həmin qeyri-yaşayış sahəsini sonuncu tərk etmiş şəxs Cavabdeh2 tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.1, 6.2 və 6.3-cü bəndlərinin tələblərinin pozulması nəticəsində baş verməsi öz təsdiqini tapmışdır. Yuxarıda qeyd edilənlərdən görünür ki, Cavabdeh1 və X5 tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın hər hansı bir tələbi pozulmamışdır və onlar baş vermiş yanğın hadisəsinə görə heç bir maddi məsuliyyət daşımır. Bundan əlavə məhz cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 may 2023-cü il tarixli qərar ilə Cavabdeh1nə və X3 baş vermiş yanğın hadisəsi nəticəsində 345 000 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. 5.3. Yəni Cavabdeh1 və X5 baş vermiş hadisədə zərərvuran deyil, zərərçəkmiş olmuşdur. Belə olan halda iddiaçının hazırkı iddia ərizəsi ilə Cavabdeh1nə və X3 qarşı iddia qaldırmaq hüququ olmamış və iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bu səbəbdən də həmin cavabdehlərə qarşı iddia rədd edilməlidir.
6. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə iddiaya yazılı etirazında maddi hüquqi əsas kimi Mülki Məcəllənin 936.5-ci maddəsinə istinad edilmişdir.
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə cavabdehlər Cavabdeh4 və Cavabdeh5 tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadları ilə X12 və X13nun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaları qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
9. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə1, X13 və Nümayəndə4 iddianın məzmununa uyğun izahlar verdilər və eyni zamanda göstərdilər ki, sığorta şəhadətnaməsinin verilməsi yolu ilə sığorta müqaviləsi bağlanmış, daşınmaz əmlak icbari sığortalanmışdır. Sığorta hadisəsi baş verdikdən sonra sığorta aktı əsasında sığorta ödənişi edilmişdir, hazırda yanğın hadisəsində təqsiri olan şəxslərdən subroqasiya qaydasında sığorta ödənişi tələb edilir.
10. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi Nümayəndə4 göstərdi ki, sığortalı qismində X13 çıxış etmişdir. Həmin şəxs birbaşa sığorta ödənişindən faydalanmaq istəyən şəxs kimi sığortalı qismində çıxış etmişdir. Sığorta müqaviləsi mübahisələndirilməyib, demək, etibarlıdır.
11. Cavabdeh, həmçinin Cavabdeh1 nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, 80 kv.m sahə Cavabdeh1 tərəfindən X6 icarəyə götürülmüş, faktiki icarə sahəsi çox olmuş, Ağayeva Güllü icarə obyektinin 2-ci mərtəbəsini icarəyə vermək istəmiş, sonuncunun məlumatı daxilində Cavabdeh1 də icarə obyektinin 2-ci mərtəbəsini Cavabdeh2 icarəyə vermişdir. İcarə obyektinin elektrik enerjisi ilə təchizatı lazımi qaydada olmadığından Cavabdeh2 elektrik enerjisindən istifadə edərkən ehtiyatlı olmaq tapşırılmışdır. Səhər saatlarında obyektdə yanğın hadisəsinin baş verdiyi məlum olmuşdur. Yanğın yuxarı mərtəbədə - kafedə baş verib. Nəticədə Cavabdeh1nə 340 000 manatdan çox zərər dəymişdir. Sonuncu zərərçəkən olduğu halda zərərin ondan tələb edilməsi yolverilməzdir.
12. Cavabdeh2 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz edərək qeyd etdi ki, obyekti Qanuni nümayəndə icarəyə götürmüşdür. Hadisə olan gün soyuducunu elektrik cərəyanına taxılı vəziyyətdə qoyaraq obyekti tərk etmişdir. Qanuni nümayəndə ona elektrik cərəyanı ilə ehtiyatlı olmaq lazım olduğunu bildirsə də, soyuducunu cərəyandan ayırmaq barədə xüsusi tapşırığı olmamışdır.
13. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh4 iddiaya etiraz edərək göstərdi ki, icarə obyekti tam işlək və təmirli vəziyyətdə X9 icarəyə verilmişdir. İcarə obyektinə dəyən zərər üçün məsuliyyəti də məhz icarəçi daşıyır.
14. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh4 qeyd etdi ki, yanğın hadisəsinə görə dəyən zərər üçün icarəçidən hər hansı pul tələb edilməmişdir, icarəçinin sığorta ödənişi alması barədə məlumatı mövcud deyildir. Müqaviləyə xitam veriləcəyi təqdirdə obyekt tam təmirli vəziyyətdə icarəçidən tələb ediləcək, çünki elə vəziyyətdə də icarəçiyə verilmişdir.
15. Cavabdeh5 nümayəndəsi – oğlu Nümayəndə3 məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iddiaya etiraz edərək göstərdi ki, hazırda hansı əsasla mülkiyyətçilərə qarşı tələbin irəli sürüldüyü aydın deyildir.
16. Üçüncü şəxs, eyni zamanda üçüncü şəxs X7 nümayəndəsi – oğlu X13 əvvəlki məhkəmə iclaslarında iştirak edərək bildirdi ki, icarə obyekti Cavabdeh4 və Cavabdeh5 tərəfindən X9 icarəyə verilmiş, sonuncu da icarə obyektini Cavabdeh1nə subicarəyə vermişdir. Tikili icarəyə veriləndə hazır vəziyyətdə olmuşdur. Yanğın hadisəsindən sonra icarə obyekti təmir etdirilməmişdir. Obyektə təxminən 20000 – 25000 manat həcmində zərər dəymişdir.
17. Məhkəmənin suallarına cavab olaraq X13 qeyd etdi ki, Cavabdeh1 icarə obyektinin 2-ci mərtəbəsini başqa şəxsə icarəyə verəcəyini bildirsə də, bu barədə icarəyə verənin razılığı olmamışdır.
18. Üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək göstərdi ki, tapşırıq müqaviləsi əsasında vəkalət alan qismində çıxış edən X13 obyekti öz adından, lakin X7 hesabına sığorta etdirmiş, iddia tələbini təşkil edən məbləğ sığorta ödənişi qismində X12 tərəfindən əldə edilmişdir. Lakin icarə obyektinin təmirinə çəkilməli olan xərc sığorta ödənişindən dəfələrlə yüksək olduğundan icarə obyekti təmir edilməmişdir. İcarə obyektinin ikinci mərtəbəsinin Cavabdeh2 icarəyə verilməsindən X7 məlumatı olmamışdır.
19. Məhkəmənin suallarına cavab olaraq üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil qeyd etdi ki, sığorta ödənişini Ağayev X10 Güllü Abdulla qızı adından sığorta şirkətindən alaraq X9 təqdim etmişdir.
20. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5, üçüncü şəxs X13 məhkəmənin sonuncu baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
21. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Subroqasiya qaydasında pulun tutulması tələbi ilə bağlı
22. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər, mümkün və aid sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
23. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
24. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – XXXX istifadədə olan 0,08554 ha torpaq sahəsində yerləşən 11/33 nömrəli 743,8 kv.m ümumi, 600,4 kv.m əsas, 143,4 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh4 və Cavabdeh5 adlarına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 452 nömrəli vərəqində qeydiyyata alınmışdır; – Cavabdeh4 və Cavabdeh5 tərəfindən X12 ilə notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən, XXXX yerləşən avtomobillərə texniki xidmət sahəsinin 160 kv.m hissəsi xx.xx.2024-cü il tarixinədək aylıq 300 manat icarə haqqı ödənilməsi şərtilə sonuncuya icarəyə verilmişdir; – X12 ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən, XXXX yerləşən avtomobillərə texniki xidmət sahəsinin 80 kv.m hissəsi Cavabdeh1nə xx.xx.2023-cü il tarixədək aylıq 400 manat icarə haqqı ödənilməsi şərtilə icarəyə verilmişdir; – X12 ilə X13 arasında bağlanmış xx.xx.2019-cu il tarixli qeyri-yaşayış sahəsinin istifadə və idarə edilməsinə dair tapşırıq müqaviləsinə əsasən X12 icarəyə götürdüyü XXXX yerləşən 160 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsini X13na istifadəyə, tam təsərrüfat ixtiyarına verərək həmin qeyri-yaşayış obyektinin effektiv istifadəsini və idarə edilməsini sonuncuya tapşırmışdır; – Daşınmaz əmlakın icbari sığortası barədə RAZ********** nömrəli xx.xx.2022-ci il tarixli şəhadətnaməyə əsasən ünvan 2 ünvanında yerləşən 300 kv.m sahəli qeyri-yaşayış binası – restoran şəbəkəsi ümumilikdə 87821 manat sığorta məbləği həddində 300 manat azadolma məbləği ilə sığortalı X13 tərəfindən sığortalanmışdır; – X13 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli dəymiş zərərin məbləğinin razılaşdırılması barədə sazişə əsasən, tərəflər xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, XXXX küçəsində yerləşən X13nun istifadəsində olan qeyri-yaşayış obyektində baş vermiş yanğın hadisəsini və daşınmaz əmlaka 17359 manat məbləğində zərərin dəyməsini təsdiqləmişlər; – xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli CFİ-0154/2022 – AKT1846/23 nömrəli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində Bakı şəhəri, XXXX küçəsində yerləşən əmlaka dəyən zərər 17359 manat müəyyən edilmiş, 300 manat azadolma məbləği çıxılmaqla sığorta ödənişi 17059 manat olaraq təsdiq edilmişdir və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında X13na ödənilmişdir.
25. İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektində xx.xx.2022-ci il tarixdə baş vermiş yanğın hadisəsi ilə bağlı ödənilmiş 17059 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh1, Qanuni nümayəndə, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulmasını tələb edir.
26. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə yanğın hadisəsində təqsirli olmadıqlarını, yanğınla bağlı Cavabdeh1nə 340 000 manatdan artıq zərər dəydiyini bildirərək iddianın onlara münasibətdə rədd edilməsini xahiş edirlər.
27. Cavabdeh2 iddiaya etirazında yanğın hadisəsi ilə bağlılığı olmadığını, Qanuni nümayəndə ilə dostluq münasibətində olduğundan hadisə yerinə getdiyini bildirərək, məhkəmə iclaslarında isə obyektin ikinci mərtəbəsini icarəyə götürdüyünü, soyuducuları elektrik mənbəyindən ayırmadığını, lakin dəymiş zərərinin ağlabatan olmadığını bildirərək iddianın rədd edilməsini xahiş edir.
28. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 icarə obyektinin mülkiyyətlərində olduqlarını, öz əmlaklarına dəyən zərər üçün sığortaçıya pul ödəməli olmalarının qanunsuz olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etdilər.
29. Üçüncü şəxs Ağayev X10 XXXX qızı adından çıxış edərək icarə obyektinin bir hissəsini Cavabdeh1nə subicarəyə verdiyini, lakin obyektin bir hissəsini digər şəxslərin istifadəsinə verməyə razı olmadıqlarını bildirdi.
30. Üçüncü şəxs X1 XXXX oğlunun onun adından çıxış edərək əmlakı sığorta etdirdiyini, X13nun sığorta ödənişini aldığını və ona təqdim etdiyini göstərdi.
31. Məhkəmə kommersiya mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
32. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
33. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
34. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
35. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, subroqasiya hüququ mahiyyəti etibarilə qanunun göstərişinə əsasən tələbin güzəşti nəticəsində öhdəlikdə şəxslərin dəyişməsidir. Belə ki, əmlaka dəyən zərərlə bağlı zərərçəkənin zərərvuran şəxsə qarşı olan tələb hüququ sığorta ödənişi həddində sığortaçıya keçir, beləcə sığortaçı zərərçəkən şəxsi sonuncu ilə zərərvuran şəxs arasında olan öhdəlik münasibətində əvəz edir.
36. Əks yanaşma, yəni subroqasiya hüququnun reqres öhdəlik hesab edilməsi mümkün deyildir. Belə ki, reqres öhdəlik əvvəlki öhdəliyin icra nəticəsində xitam edilməsi və əvvəlki öhdəliyi icra edən şəxsin yeni kreditor kimi çıxış etdiyi tələb hüququnun yaranmasıdır. Başqa sözlə, reqres öhdəlikdə şəxslərin dəyişməsi baş vermir, əvvəlki öhdəliyə xitam verilir və yeni öhdəlik yaranır. Lakin mülki qanunvericilikdə subroqasiya verilən anlayışdan da göründüyü kimi, zərərçəkənin zərərvuran şəxsə qarşı olan tələb hüququ sığorta ödənişi həcmində sığortaçıya keçir, “zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq ... sığortaçıya ... keçir”. Yəni qanunun göstərişi sığortaçı üçün yeni tələb hüququ yaratmır, qanunun göstərişi öhdəlikdə şəxsləri dəyişdirir. Bu səbəbdəndir ki, sığortaçı ilə zərərvuranlar arasındakı öhdəlik münasibətinin məzmunu zərərçəkənlə zərərvuran arasındakı öhdəlik münasibəti ilə eynilik təşkil edir.
37. Digər mövqe, “heç kəs özündə olandan artığını başqasına verə bilməz” (nemo plus iuris transfere (ad alium) potest quam ipse habet) prinsipinə, borclunun ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditora qarşı da irəli sürmək hüququna dair Mülki Məcəllənin 199.1-ci və 202-ci maddələrinə zidd olar, faktiki olaraq zərərvuranı sığortaçı qarşısında müdafiəsiz hala gətirərdi. Belə ki, bu zaman zərərvuranla zərərçəkən arasında olan öhdəliyin xarakterinə uyğun olaraq zərərvuranın maddi məsuliyyətinin həcmi məhdudlaşdırıldığı halda (məsələn əmək münasibətləri zamanı işçinin işəgötürənə münasibətdə maddi məsuliyyəti), sığortaçıya münasibətdə zərərvuran tam maddi məsuliyyət subyektinə çevrilə bilər.
38. Eyni zamanda sığortaçıya reqredient kimi yanaşılması sığortaçı üçün də əlverişsiz nəticələrə səbəb ola bilər. Bu zaman sığortaçı zərərvuranla zərərçəkən arasındakı öhdəlik münasibətində zərərçəkənin həmin münasibətin xarakterinə uyğun olaraq sübut etməli olmadığı halları sübut etmək vəzifəsi daşımış olardı. Məsələn, zərərçəkənlə zərərvuran arasındakı öhdəlik münasibətində zərərçəkəninin tələblərinə təqsirin prezumpsiya edilməsi qaydası (qanunda zərərvuranın təqsirli olmadığını sübut etmək vəzifəsinin müəyyən edildiyi hallar), zərərvuran üçün obyektiv məsuliyyət (qanunda zərərvuranın təqsiri olmadıqda da zərərin əvəzini ödəməli olduğunun müəyyən edildiyi hallar) və s. tətbiq edildiyi halda, sığortaçıya reqredient kimi yanaşmaq, qeyd edilən halların da sübut edilməsi vəzifəsini yükləmək sonuncu üçün də ədalətsiz mövqe olardı.
39. Bu mənada subroqasiya qaydasında pulun tutulması tələblərində hər bir halda zərərvuranla zərərçəkən arasında yaranmış öhdəliyin xarakteri qiymətləndirilməli, sığortaçının həmin münasibətlərdə zərərçəkəni əvəz etdiyi diqqətə alınmalıdır.
40. Hazırkı işin hallarından görünür ki, Cavabdeh4 və Cavabdeh5 tərəfindən XXXX istifadədə olan 0,08554 ha torpaq sahəsində yerləşən 11/33 nömrəli qeyri-yaşayış sahəsinin bir hissəsi X9 icarəyə verilmiş, sonuncu tapşırıq müqaviləsi əsasında həmin sahə ilə bağlı effektiv istifadə və idarə edilmə ilə bağlı səlahiyyətləri, o cümlədən bütün hüquqi hərəkətlərin yerinə yetirilməsi, Azərbaycan Respublikasının bütün dövlət və qeyridövlət təşkilatları, o cümlədən sığorta şirkətləri ilə münasibətlərə dair səlahiyyətləri X13na vermişdir. X13 sığortalı qismində icarə obyektini RAZ********** nömrəli xx.xx.2022-ci il tarixli şəhadətnaməyə əsasən daşınmaz əmlakın icbari sığortası qaydasında sığortalatmış, sonuncu faydalanan şəxs qismində xx.xx.2022-ci il tarixli sığorta hadisəsi nəticəsində ödənilmiş 17059 manat sığorta ödənişini vəkalət verənə – X9 vermişdir. Eyni zamanda işin müəyyən olunan hallarıdır ki, X12 tərəfindən icarə obyektinin bir hissəsi Cavabdeh1nə subicarəyə verilmiş, sonuncu da subicarəyə götürdüyü icarə obyektin bir hissəsini Cavabdeh2 istifadəyə vermişdir.
41. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısı X18 14 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğın hadisəsi ilə bağlı 12 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, yoxlama zamanı toplanmış materialla müəyyən edilmişdir ki, 19 iyul 2022-ci il tarixdə, saat 10 radələrində qeyri-yaşayış sahəsinin mansard mərtəbəsində, mətbəx otağının yerləşdiyi sahədə olan elektrik naqillərində yaranmış qəza halından, həmin qəza halı yaranmış naqilə bitişik (və ya yanaşı) yerləşən alışqan təbiətli konstruksiya, əşya və ya materialın atışmasından yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.1, və 6.2-ci bəndlərinin tələbləri qeyri-yaşayış sahəsinin sahibləri Cavabdeh4 və Cavabdeh5 tərəfindən, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalan”nın 6.3-cü bəndinin tələbi isə qeyri-yaşayış sahəsini ikinci mərtəbəsində yerləşən restoranı sonuncu tərk etmiş şəxs Cavabdeh2 tərəfindən pozulmuşdur. Lakin yoxlama materiallarından da göründüyü kimi, yanğın nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, hadisə ölümə və ya digər ağır nəticələrə səbəb olmamışdır. Odur ki Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanılması rədd edilməlidir.
42. Adıçəkilən qərarda istinad olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1793 saylı məhkəmə yanğıntexniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən, Cavabdeh1 tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.1, 6.2, və 6.3-cü bəndlərinin tələbləri pozulmuşdur. Obyektin elektrik qurğuları müvafiq qaydalara və digər normativ sənədlərə uyğun quraşdırılıb istismar edilmədiyinə, elektrik aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri) müvafiq qaydaların tələblərinə uyğun seçilib quraşdırılmadığına, eləcə də artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.1 və 6.2 bəndlərinin tələbləri obyektin sahibi tərəfindən pozulmuşdur. İşin sonunda bütün otaqlarda elektrik qurğu və cihazların dövriyyədən açılmasını təmin etmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın 6.3-cü bəndinin tələbi restoranı sonuncu tərk etmiş Cavabdeh2 tərəfindən pozulmuşdur.
43. Beləliklə, hadisə ilə bağlı aparılmış araşdırma nəticəsində yanğın hadisəsinin baş verməsində icarə obyektinin mülkiyyətçiləri Cavabdeh4, Cavabdeh5 və obyekti sonuncu tərk etmiş Cavabdeh2 təqsirli hesab edilmişlər.
44. Mülki Məcəllənin 782.3-ci maddəsinə əsasən, əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir. Həmin Məcəllənin 780.4-cü maddəsinə əsasən, hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. Məhkəmə qeyd edir ki, X13 xx.xx.2019-cu il tarixli tapşırıq müqaviləsindən irəli gələrək X7 hesabına, lakin öz adından müvafiq sığorta münasibətinə daxil olduğundan və yuxarıda qeyd olunan normaların tələbinə əsasən, vəkalət alanın vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı əldə etdiyi tələb hüquqları vəkalət verənə keçdiyindən və hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə biləcəyindən hazırda sığortaçının tələbləri də məhz mülkiyyətçilərə (Cavabdeh4, Cavabdeh5) münasibətdə 18 iyul 2019-cu il tarixli icarə müqaviləsi, Cavabdeh1, Qanuni nümayəndə münasibətdə xx.xx.2019-cu il tarixli icarə müqaviləsi, Cavabdeh2 münasibətdə isə delikt hüququ əsasında qiymətləndirilməlidir.
45. Belə ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
46. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
47. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Həmçinin subicarə müqaviləsi icarə müqaviləsinin növü hesab olunduğundan bu münasibətlərə Mülki Məcəllənin 34-cü fəslinin (“icarə”) normaları tətbiq olunur. Bu halda subicarəyə verən və subicarəçi arasındakı münasibətlərə müvafiq qaydada və şərtlərlə (mutatis mutandis) icarəyə verən və icarəçi arasındakı münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilir.
48. İcarə obyektinə xx.xx.2022-ci il tarixli yanğın hadisəsi nəticəsində dəymiş zərərlə bağlı mülkiyyətçilərə qarşı tələb Mülki Məcəllənin 676.0-cı maddəsinə əsaslanır. Həmin maddəyə əsasən, bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır; üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir; yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə elə vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi ilə bağlı olmasın.
49. Başqa sözlə, icarəçinin icarəyə verəndən icarə obyektinin yararlı vəziyyətdə olmasını tələb etmək hüququ mövcuddur. Bu səbəbdən də mülkiyyətçilər icarəçi qarşısında yanğın hadisəsi üçün maddi məsuliyyət daşıyırlar.
50. Cavabdeh2 münasibətdə isə göstərilməlidir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yəni öhdəlik bir tərəfin müəyyən hərəkətlər etməsi və ya müəyyən hərəkətlərdən çəkinməsi, digər tərəfin isə tələb etmək hüququ ilə xarakterizə edilən qarşılıqlı hüquqi münasibətdir. Hər bir hüquqi münasibət kimi öhdəlik hüquq münasibətinin də müəyyən yaranma - əmələ gəlmə əsası olur. Mülki Məcəllənin 386-cı maddəsi öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir. Belə ki, öhdəliyin əmələ gəlmə əsaslarına başlıcası müqavilə olmaqla zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar aid edilir. Mülki hüquq nəzəriyyəsində bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin zərər vurulması ilə, yəni mülki hüquq pozuntusu (deliktlər) nəticəsində əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur.
51. Mülki Məcəllənin doqquzuncu bölməsi mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər adlanır. Mülki Məcəllənin 1096-cı maddəsi mülki hüquq pozuntusuna anlayış verir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Verilən anlayışdan aydın olur ki, mülki hüquq pozuntusunun tərkibi hüquqazidd əməl, bu əməllə zərər arasında səbəbli əlaqə və təqsirdir.
52. Göründüyü kimi, deliktin yaranması üçün üç mühüm şərtin olması vacibdir və bu, bütün deliktlər üçün ümumi normadır.
53. 12 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh2 bilavasitə təqsiri müəyyən edilmiş, yanğın hadisəsində sonuncunun obyekti tərk edən şəxs kimi elektrik cihazlarını elektrik mənbəyindən ayırmadığı, nəticədə yanğın hadisəsinin baş verdiyi təsbit edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 da qeyd edilən faktı – elektrik cihazlarını elektrik mənbəyindən ayırmadığı qəbul etmişdir. Belə olan halda, Cavabdeh2 da maddi məsuliyyət daşıması öz təsdiqini tapır.
54. Sığortaçının cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə münasibətdə tələb hüququ ilə bağlı isə göstərilməlidir ki, Cavabdeh1 subicarəyə götürdüyü obyektin bir hissəsini Cavabdeh2 istifadəsinə verməsi işin mübahisələndirilməyən halıdır. Belə olan halda, Cavabdeh1 Cavabdeh2 hərəkətləri üçün öz hərəkətləri kimi məsuliyyət daşıyır.
55. Belə ki, Mülki Məcəllənin 683.3-cü maddəsinə əsasən, istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır.
56. Göründüyü kimi, Cavabdeh1 xx.xx.2022-ci il tarixli yanğın hadisəsinə görə maddi məsuliyyəti məhz üçüncü şəxsin – Cavabdeh2 müəyyən edilən təqsiri ilə bağlı yaranır.
57. Lakin Qanuni nümayəndə qeyd edilən icarə müqaviləsi üzrə öz adından hüquqlar və vəzifələr əldə etməmiş, xx.xx.2022-ci il tarixli yanğın hadisəsində sonucunun vəzifəli şəxs kimi təqsiri müəyyən edilməmişdir.
58. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər.
59. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
60. Qanunvericiliyindən tələbinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Həmçinin nümayəndə vasitəsi ilə bağlanmış əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
61. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli icarə müqaviləsini Qanuni nümayəndə Cavabdeh1 qanuni təmsilçisi kimi bağlamış, həmin müqavilə üzrə mülki hüquq və vəzifələr hüquqi şəxs üçün yaranmışdır. Belə olan halda, cavabdeh hüquqi şəxsin təmsilçisi kimi bağladığı əqddən irəli gələn hər hansı vəzifə daşıya bilməz.
62. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, sığortaçı qarşısında sığorta hadisəsi ilə bağlı maddi məsuliyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 daşıyırlar.
63. Zərərin həcminə münasibətdə göstərilməlidir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3415/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinə xx.xx.2022-ci il tarixdə baş vermiş yanğın nəticəsində dəymiş zərər (qeyri-yaşayış sahəsinə baxış keçirilməklə) nə qədər təşkil edir (işçilik haqqı və mal materiallar ayrı-ayrılıqda göstərilməklə)?
64. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2024-cü il tarixli 3-16-16/2-10/7958 nömrəli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinə tikinti üzrə dəymiş maddi ziyan 17361 manat (işçilik və materialla birlikdə) təşkil edir.
65. Qeyd edilən məbləğ iddia tələbini təşkil edən 17059 manat məbləğində pul vəsaitindən çox olduğundan (azadolma məbləği də nəzərə alınmaqla) və mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün olmadığından məhkəmə bu qənaətə gəlir ki, dəymiş zərər məhz 17059 manat müəyyən edilməlidir.
66. Məhkəmə cavabdehlərin məsuliyyətinin həcmi ilə bağlı isə göstərir ki, xx.xx.2022-ci il tarixli yanğın hadisəsinin baş verməsində obyektin mülkiyyətçiləri və obyekti sonuncu tərk etmiş Cavabdeh2 təqsiri müəyyən edildiyindən, eyni zamanda Cavabdeh1 Cavabdeh2 təqsiri üçün məsuliyyət daşıdığından zərərin 8529,5 manat hissəsi cavabdehlər Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada, qalan 8529,5 manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə müştərək qaydada aid edilməlidir.
67. Məhkəmə həmçinin göstərməyi zəruri hesab edir ki, xx.xx.2022-ci il tarixli sığorta hadisəsi ilə bağlı cavabdehlərin müvafiq şərtlər olduqda dəymiş zərərin ödənilməsini tələb etmək hüquqları istisna edilmir.
68. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 8529,5 manat, Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 8529,5 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
69. İddiaçı ödənilmiş 141,18 manat dövlət rüsumunun da cavabdehlərdən tutulmasını xahiş edir.
70. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 141,18 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
71. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 16 dekabr 2024-cü il tarixli 3-16-16/2- 10/7958 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.
72. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
73. Həmin Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.
74. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
75. Beləliklə, məhkəmə iddia tələbinin qismən edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 70,59 manat, Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 70,59 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə, ekspertiza xərci olaraq 50 manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh4 və Cavabdeh5, 50 manat məbləğində pul müştərək qaydada Cavabdeh2 və Cavabdeh1ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
76. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 8529,5 manat, Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 8529,5 manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 70,59 manat, Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 70,59 manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 50 manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh4 və Cavabdeh5, 50 manat məbləğində pul müştərək qaydada Cavabdeh2 və Cavabdeh1ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X4 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova