Məhkəmə qərarları › İş №e-2-2(113)-2080/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2080/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2080/2022 31.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 4271 manat əsas borc, ödənişin gecikdirilməsinə görə Mərkəzi Bankın müəyyən etdiyi 15%-lə 640 manat bank uçot dərəcəsi, hüquqi xidmətlərə görə ödənilmiş 300 manat, mediasiya xidmətinə görə 60 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş əlavə 3 manat dövlət rüsumu cəmi 5274 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 16.08.2019-cu il tarixli, 0111 saylı “Avtonəqliyyat vasitələri və xüsusi texnikalara texniki xidmətin göstərilməsi və ehtiyat hissələri ilə təmin olunması barədə” müqaviləyə əsasən İddiaçı MMC müqavilənin 1.1-ci bəndinə əsasən müvafiq material və ehtiyat hissələri ilə Cavabdeh MMC-ni təmin etməyi, Cavabdeh MMC isə malı qəbul edib dəyərini pul şəklində satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə İddiaçı MMC göstərilən malları Cavabdeh MMC-yə təhvil vermiş, sonuncu isə bu malları qəbul etmişdir. Müqavilə üzrə satılan malın cəmi dəyəri 7221,60 manat təşkil etmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən sifarişçi 30 bank günü ərzində alınan malın əvəzi olaraq 7221,60 manat məbləğində pul ödəməlidir. Sifarişçi tərəfindən alınan mallara görə icraçıya 2360 + 360 (ƏDV) manat ödəniş edilsə də, 4271,60 manat borc bu günə kimi ödənilməmiş qalmışdır. Bununla bağlı dəfələrlə şifahi şəkildə Cavabdeh MMC-nin rəhbərliyinə və səlahiyyətli şəxslərə müraciət etməyimizə, danışıqlar aparmağımıza baxmayaraq onlar tərəfindən pulun ödənilməsi istiqamətində heç bir tədbir görülmür və hazırda həmin pullar iddiaçıya ödənilmir. Qeyd edilən borcun könüllü olaraq ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etməyimizə baxmayaraq, cavabdeh yaranmış borcun məhkəmədən kənar qaydada ödənilməsinə heç bir təşəbbüs göstərməmiş, pretenziyanı cavabsız qoymuşdur. Beləliklə iddiaçı müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri qüsursuz şəkildə yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsindən qərəzlişəkildə boyun qaçırır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Bu pulların ödənilməsini gecikdirməklə özündə saxlayaraq həmin vəsaitlərdən faydalanmışdır. Buna görə cavabdeh həmin pul vəsaitinin məbləğindən icra edildiyi gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə faizlər ödəməlidir. Məhkəməyə iddia verilən günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi 15% təşkil etdir. 4271,60 manatın 15%-i 640 manat təşkiledir. Məhkəmə iclasında yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmənin elektron sisteminə ərizə yükləyərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 16.08.2019-cu il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 0111 saylı “Avtonəqliyyat vasitələri və xüsusi texnikalara texniki xidmətin göstərilməsi və ehtiyat hissələri ilə təmin olunması barədə” müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə məxsus avtonəqliyyat vasitələri və xüsusi texnikalara bu müqavilənin əlavəsində nəzərdə tutulmuş xidmət haqlarına əsasən texniki baxışın yerinə yetirilməsini, cari və əsaslı təmir, texniki xidmət işlərini, bu xidmətlərin göstərilməsi üçün müvafiq material və ehtiyat hissələri ilə təmin etməyi öhdəsinə götürür, Cavabdeh MMC isə həmin xidmətlərin dəyərini qeyd olunan əlavədə nəzərdə tutulmuş qiymətlərə uyğun olaraq ödəyir. 17.03.2020-ci il tarixli EBAH seriyalı 827974 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılan malların ümumi dəyəri 7221,60 manat təşkil edir. İddiaçı MMC tərəfindən tərtib olunmuş arayışdan görünür ki, 17.07.2020-ci il tarixində 2360 manat və 13.08.2020-ci il tarixində 360 manat Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına ödənilmiş, qalıq 4271,60 manat borc hələ də qarşı tərəfdən ödənilməmişdir. 24.01.2022-ci il tarixli AZ0010214 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində xidmət haqqı ödəmişdir. 24.05.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı MMC 5 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında müvafiq müqavilə bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh satılan mallara görə qalıq borc olan 4271 manat məbləğində pulu İddiaçı MMC-yə ödəməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin 4271 manat əsas borc və 60 manat mediasiya xərci, 300 manat hüquqi yardım və 3 manat məbləğində dövlət rüsumu tələbi əsaslı olduğundan təmin olunmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı 640 manat məbləğində faiz borcu məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən tələb etdiyinə görə iddia tələbi həmin hissədə rədd edilməlidir, belə ki, iddiaçı cavabdehin 4271 manatı toplamaqla ondan faydalanması ilə bağlı sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 4271 manat əsas borc, 60 manat mediasiya xərci, hüquqi yardım üçün ödənilmiş 300 manat və dövlət rüsumu kimi ödənilmiş 3 manat cəmi 4634 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia 640 manat faiz borcu tələbi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4271 manat əsas borc, 60 manat mediasiya xərci, hüquqi yardım üçün ödənilmiş 300 manat və dövlət rüsumu kimi ödənilmiş 3 manat cəmi 4634 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia 640 manat faiz borcu tələbi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar