Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2081/2021 21.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşıpu tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.629 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ********** qeydiyyat nömrəsi ilə, 19.03.2009-cu il tarixdə 4 saylı Ərazi Vergilər İdarəsində rəsmi dövlət qeydiyyatına alınmış, həmin andan etibarən də hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Şirkətin əsas fəaliyyəti alkoqollu və alkoqolsuz içkilərin istehsalatı və satışı üzərində qurulmuşdur. İddiaçı MMC ilə fərdi sahibkar ƏləkbərovTeymur Aydın oğlu arasında 21.06.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır və müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh satıcı İddiaçı MMC-dən aldığı məhsulun dəyərini ödəməklə qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürmə yolu ilə hər ayın sonu yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi alınmaqla ödəyir. Lakin cavabdeh aldığı məhsullara dair ödənişi vaxtı-vaxtında etmədiyinə görə ümumillikdə satıcı İddiaçı MMC-yə 5.629 manat borcu yaranmışdır Tərəflər arasında bağlanmış 11.05.2018ci il tarixli alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən alıcı tərəfindən məhsulun faktura dəyərini bu müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin 0.1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən artıq olduqda isə 31-ci gündən başlayaraq hər gecikdirilən gün 0.2% miqdarında dəbbə pulu ödəməlidir. Qeyd edir ki, yaranmış 5.629 manat məbləğində borc dəbbə pulu nəzərə alınmadan, yalnız məhsulun alışından yaranan borcdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 21 iyun 2020-ci il tarixdə 149 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: - 1.1-ci bəndinə əsasən satıcı istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri, suları və alkoqollu içkiləri müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı əlavədə qeyd edilən miqdarda, çeşiddə və alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərini ödəyib, qəbul etməyi öz öhdəsinə götürür. - 2.1.1-ci bəndinə əsasən müqavilənin 2.04-cü maddəsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra olunmasını və onların pozulmasına yol verilməməsini alıcıdan tələb etmək satıcının hüququdur. - 2.2.2-ci bəndinə əsasən alıcının səlahiyyətli nümayəndəsi tərəfindən verilən sifarişə uyğun vaxtda, uyğun sayda və keyfiyyətdə təhvil aktı, qaimə-faktura əsasında alıcının ünvanına və ya ərazisindəki digər obyektinə çatdırmaq satıcının vəzifəsidir. - 3.6-cı bəndinə əsasən alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürülmə formasında hər ayın sonu, lakin ayın 30-dan gec olmamaq şərti ilə yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi almaqla ödəyir. Bu qaydanın alıcı tərəfindən pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı tərəf daşıyır. Müqavilə satıcının imzası və möhürü, alıcının imzası ilə təsdiq edilmişdir. 19.10.2020-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 5.629,92 manat məbləğində mal təhvil verilmişdir. 21.08.2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında borcun etirafı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 21.06.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonradan ödəmə şərti ilə aldığı mallara görə İddiaçı MMC-yə 5.629,92 dəyərində borcunun olduğunu etiraf etmiş və göstərilən məbləğin 30 sentyabr 2020-ci il tarixə qədər İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 19.10.2020-ci il tarixli borcun etirafı ərizəsində Cavabdeh İddiaçı MMC-dən aldığı məhsullara görə 5.629,92 manat məbləğində borcunun yarandığını etiraf etmişdir. İddiaçı MMC Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 22 oktyabr 2020ci il tarixli pretenziya məktubu ünvanlanaraq yaranmış 5.629 manat məbləğində borcun ödənilməsini 5 gün müddətdə icra edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən sifariş edilmiş malları cavabdehə təqdim etməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh təqdim edilmiş malın dəyərini ödəməmiş, bununla da müqavilə üzrə öhdəliklərini pozmuşdur. 21 avqust 2020-ci il tarixdə eyni tərəflər arasında barədə bağlanmış borcun etiraf müqaviləsinə əsasən cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə iddiaçıya 5.629 manat məbləğində borcunun olması etiraf edilmişdir. Mülki Məcəllənin: 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Belə olan halda məhkəmə tərəflər arasında bağlanmış 21 avqust 2020-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən Cavabdeh alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC–yə 5.629 manat məbləğində borcunun olmasını etiraf etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5.629 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5.629 (beş min altı yüz iyirmi doqquz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2081/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2081/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver