Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2088/2025 08.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, lizinq müqaviləsinin birtərəfli ləğvi, avans ödənişinin lizinq ödənişlərinə daxil edilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 010/24 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi, həmin müqavilə üzrə 2840 manat əsas borc, 2167 manat lizinq mükafatı, 395 manat cərimə məbləği olmaqla ümumilikdə 5402 manat məbləğində pulun və ödənilmiş 80 manat dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış 28 iyun 2024-ci il tarixli 010/24 saylı daxili lizinqi müqaviləsinə əsasən, “Jeep Wrangler” minik markalı 77YN082 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cəmi 57120 manata 36 aylıq müddətinə illik 22%-lə lizinq alanın istifadəsinə verilmişdir. Eyni zamanda lizinq predmeti olan nəqliyyat vasitəsi də cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Lakin bir müddət sonra cavabdeh müqavilə üzrə öhdəliklərini pozmuş, ödənişləri gecikmələrlə ödəmişdir. Bununla bağlı lizinq verən onu dəfələrlə həm yazılı, həm şifahi, həm də elektron qaydada xəbərdar etmişdir. Bu səbəbdən cavabdeh qarşılıqlı razılıq əsasında 06 dekabr 2024-cü il tarixində lizinq predmetini iddiaçıya təhvil vermişdir. Nəqliyyat vasitəsini təhvil verərkən bir neçə gün ərzində lizinq predmetinin onda qaldığı müddətdə yaranmış borcunu ödəyəcəyini bildirmişdir. Dəfələrlə ona borcun ödənilməsi üçün müraciət edilsə də, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır. Cavabdeh öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, tərəfə müqavilənin xitamına dair bildiriş, həm də pretenziya məktubu elektron mühasibatlıq vasitəsi ilə göndərilmişdir. Həmçinin lizinq predmetinin təhvil verilməsi tarixinə - 06 dekabr 2024-cü il tarixə cavabdehin iddiaçıya 28 iyun 2024-cü il tarixli 010/24 saylı lizinq müqaviləsi üzrə 2840 manat əsas borcu, 2167 manat lizinq mükafatı, 395 manat cərimə borcu olmaqla cəmi 5402 manat borcu vardır. Eyni zamanda artıq mübahisə danışıqlar yolu ilə həll edilə bilmədiyi üçün bu məsələnin məhkəmə qaydasında həll edilməsi, iddia ərizəsinin hazırlnması, məhkəmədə iddianın müdafiə edilməsi üçün “Arbitrium” vəkil bürosunun üzvü Vəkil ilə 500 manat məbləğində vəkil xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 430.1, 747.1, 748-7.1-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, nəqliyyat vasitəsi cavabdehdən xx.xx.2024-cü il tarixdə geri alınmış, lakin cavabdeh qısa müddətdə ödənişləri edib nəqliyyat vasitəsini alacağını bildirdiyindən təhvil-təslim aktı tərtib edilməmişdir.
6. Məhkəmənin suallarında cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, 24480 manat ilkin ödəniş cavabdeh tərəfindən iddiaçıya ödənilmiş, iddiaçı tərəfindən satıcıya verilmişdir.
7. Cavabdehin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana məhkəmə bildirişləri göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla, telefonoqramlar ötürülməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi və pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (lizinq verən qismində) və cavabdeh (lizinq alan qismində) arasında bağlanmış xx.xx.2024-cü il tarixli 010/24 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin şərtlərindən görünür ki, Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və bu Müqaviləyə Əlavə 2-də qeyd olunmuş və ətraflı təsviri verilmiş əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və Lizinq alanın xahişi əsasında lizinq vasitəsilə lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu Müqavilənin müddəalarına uyğun olaraq Lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür (1.1). Lizinq Alan bu Müqavilənin imzalanmasından sonra Lizinq verənin Satıcı ilə bağladığı müqavilə üzrə Alıcının hüquq və öhdəliklərini, o cümlədən əmlakın saxlanılması, istifadəsi, təmiri, sahibliyi, habelə Satıcıya qarşı tələblərin irəli sürülməsi üzrə hüquq və öhdəliklərini qəbul edir (1.2). Əmlakın Lizinq verən tərəfindən Satıcıdan mülkiyyət hüququ ilə əldə etməsindən 1 gün ərzində Lizinq alan Əmlakı qəbul etməlidir (2.1). Əmlakın qəbul edilməsi Tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında həyata keçirilir (2.2). Əmlak Lizinqalana Lizinqverən tərəfindən 36 (otuz altı) ay müddətinə lizinqə verilir (2.5). Qiymətin 24480 (iyirmi dörd min dörd yüz səksən) AZN hissəsi hazırkı Müqavilənin imzalanması tarixindən 1 gün ərzində avans şəklində Lizinq alan tərəfindən Lizinq verənə ödənilir. Qalan məbləğin 57120 (əlli yeddi min bir yüz iyirmi) AZN hissəsi isə Tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra Lizinq alan tərəfindən Müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəmə cədvəli”ndə (Əlavə 1) göstərilən qaydada və müddətdə ödənilir (3.1). Bu müqaviləyə əsasən Lizinq verən tərəfindən Lizinq obyektinin satın alınması üçün çəkdiyi bütün xərclər lizinq üzrə kredit məbləği hesab edilir. Lizinq haqları həmin kredit məbləğinə Lizinq verənin gəliri olaraq qalıq dəyərinə illik 22% faiz dərəcəsi əlavə etməklə sabit lizinq haqları olaraq hesablanır (3.2). Lizinq üzrə Rəsmiləşdirmə komissiyası kredit məbləğinin 6% təşkil edir (3.3). Lizinq obyektindən istifadəyə edilməsinə görə lizinq ödənişlərinin ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəmə cədvəli”ndə (əlavə 1) tam əks edilir (3.4). Bu Müqavilə üzrə hesablaşmalar nağdsız qaydada Lizinq verənin hesabına köçürmə yolu keçirilir (3.5). Lizin verən müqavilə üzrə öhdəliklərin icrası başa çatandan sonra Lizinq alana lizinq predmetinin sənədlərini təqdim edən zaman 100 manatadək komissiya tuta bilər (3.6).
12. Həmin müqaviləyə 1 nömrəli əlavə olan ödəmə cədvəlindən görünür ki, 57120 manat əsas məbləğ və 21411,77 manat mükafat məbləği olmaqla ümumilikdə 78531,77 manat məbləğində lizinq ödənişinin 28 iyul 2024-cü il tarixdən 28 iyun 2027-ci il tarixədək 36 ay müddətində hər ay üçün 2181,44 manat (sonuncu ay 2181,37 manat) ödənilməsi razılaşdırılmışdır.
13. Həmin müqaviləyə 02 nömrəli əlavədən görünür ki, lizinq obyekti kimi “Jeep Wrangler” minik markalı (mühərrik – N/Z silinmə, ban – 1C4HJXDN2MW648618, buraxılış ili – 2021, rəngi – boz) avtomobil şərtləşdirilmişdir.
14. Məhkəməyə təqdim edilən iddiaçı və cavabdehin təsdiq etdiyi 28 iyun 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Satıcı”ya məxsus və qeyd olunan müqavilənin 1ci bəndində nəzərdə tutulan avtonəqliyyat vasitəsi (lizinq predmeti) sahiblik və istifadə edilməsi üçün “Lizinq alan”a təhvil verilmiş, “Lizinq alan” isə onu təhvil almışdır. Təhvil verilən lizinq predmeti üzrə qüsur və çatışmazlıqlar müəyyən olunmamışdır və tam, saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğundur.
15. İş materiallarına əlavə edilən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən edilmiş ödənişlərdən xx.xx.2024-cü il tarixdə 13,72 manat dəbbə pulu, 1052,04 manat mükafat, 1134,24 manat əsas məbləğ, xx.xx.2024-cü il tarixdə 124,34 manat dəbbə pulu, 1039,19 manat mükafat, 1155,03 manat əsas məbləğ, xx.xx.2024-cü il tarixdə 1000 manat mükafat, xx.xx.2024-cü il tarixdə 16,72 manat mükafat, 1083,28 manat əsas məbləğ üzrə silinmişdir. Həmçinin ümumilikdə cavabdeh tərəfindən 6620 manat ödəniş olmuşdur.
16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 010/24 nömrəli daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdeh tərəfindən seçilmiş və müqaviləyə əlavə 2-də qeyd olunmuş və ətraflı təsviri verilmiş əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və cavabdehin xahişi əsasında lizinq vasitəsilə lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə müqavilənin müddəalarına uyğun olaraq cavabdehin müvəqqəti istifadəsinə və sahibliyinə verməyi, cavabdeh isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Qeyd edilən lizinq müqaviləsi üzrə lizinq ödənişlərindən 24480 manat hissənin avans qaydasında, qalan 57120 manat məbləğin illik 22 faiz dərəcəsi ilə 28 iyul 2024-cü il tarixdən 28 iyun 2027-ci il tarixədək ödənilməsi razılaşdırılmışdır. Lizinq obyekti iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən ümumilikdə 6620 manat ödəniş edilmişdir.
17. İddiaçı xx.xx.2024-cü il tarixli 010/24 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsini, həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixə 2840 manat əsas məbləğ, 2167 manat lizinq mükafatı, 395 manat cərimə məbləğinin cavabdehdən tutulmasını tələb edir.
18. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
19. Məhkəmə hesab edir ki, əvvəlcə bağlanmış lizinq müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir.
20. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
21. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
22. xx.xx.2024-cü il tarixli 010/24 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 21.1-ci bəndinə əsasən, Lizinq verən aşağıdakı hallarda Müqaviləyə birtərəfli qaydada xitam verə bilər: b) Lizinq alan lizinq müddəti ərzində Ödəmə Cədvəlinə uyğun olaraq iki dəfə lizinq haqqını ödəməzsə.
23. Göründüyü kimi, istər mülki qanunvericilikdə, istərsə də tərəflər arasındakı razılaşmada lizinq alanın öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur.
24. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
25. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
26. Hazırda isə müəyyən edilməli hal konklyudent hərəkətin baş vermə anıdır. Belə ki, iddiaçı xx.xx.2025-ci il tarixli 010/25 nömrəli lizinq müqaviləsinin xitamına dair bildirişlə cavabdehə müraciət edərək lizinq ödənişlərinin 74 gündür icra edilməməsi əsası ilə müqaviləyə vaxtından əvvəl xitam verildiyini bildirmiş, həmin bildirişi xx.xx.2025-ci il tarixdə X1 Sistemi vasitəsilə cavabdehə göndərmişdir. Lakin iddiaçı xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsinin cavabdehdən alındığını, bu səbəbdən də borc məbləğinin həmin tarixdə hesablanaraq tələb edildiyini bildirmişdir.
27. Belə olan halda lizinq müqaviləsi lizinq obyektinin geri alındığı xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilməli, “ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva etdiyindən nəticə olaraq lizinq müqaviləsinə həmin tarixdən xitam verilmiş hesab olunmalıdır.
28. Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
29. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
30. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.
31. Məhkəmə aylıq lizinq ödənişinin 2181,44 manat olduğunu nəzərə alaraq təqdim edilən ödəniş cədvəlinə və hesabdan çıxarışa əsasən qeyd edir ki, lizinq müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi 06 dekabr 2024-cü il tarixə qədər ödənilməli lizinq ödənişlərinin cəmi 11416,2 (5 ay üçün lizinq ödənişi: 2181,44 * 5 + 28 noyabr 2024-cü il tarixdən 06 dekabr 2024-cü il tarixədək olan 7 gün üçün lizinq ödənişi: 2181,44 / 30 * 7) manat təşkil edir. Eyni zamanda işin müəyyən olunan halı odur ki, ümumilikdə 6620 manat ödəniş edilmiş, onun 6481,94 manatı lizinq ödənişləri üzrə silinmişdir.
32. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixə xx.xx.2024-cü il tarixli 010/24 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənilməli lizinq ödənişlərinin cəmi 4934,26 manat təşkil edir.
33. Digər tərəfdən, iddiaçı 395 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
34. xx.xx.2024-cü il tarixli 010/24 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 11.1-ci bəndinə əsasən, ödəmə cədvəlində (müqavilənin 1 saylı Əlavəsi ) göstərildiyi tarixdə Lizinq alan Lizinq haqqını Lizinq verənin hesabına ödəməzsə, o, hər gecikdirilmiş gün üçün Lizinq haqqının 0,2%-i miqdarında Cərimə faizi ödəyəcək.
35. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
36. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
37. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
38. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə olsa da, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
39. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 250 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
40. Lakin Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
41. Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir. Qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Belə olan halda, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı avadanlığın əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni avans kimi ödədiyi məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir.
42. Əks yanaşma Mülki Məcəllənin müddəalarına ziddir. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir. Həmçinin iddiaçının lizinq obyektini yenidən lizinqə veridiyi iddiaçı tərəfindən təsdiq edilmişdir.
43. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lizinq ödənişi və dəbbə punun cəmini təşkil edən 5184,26 (lizinq ödənişi: 4934,26 + cərimə: 250) manat məbləğində puldan avans məbləği olan 24480 manat çıxılmalıdır.
44. Belə olan halda, iddia tələbi lizinq ödənişlərinin və cərimə məbləğinin tutulması hissəsində təmin edilməməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
45. İddiaçı eyni zamanda ödənilmiş 500 manat hüquqi yardım xərcinin, 80 manat dövlət rüsumunun tutulmasını tələb edir.
46. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən **********91 nömrəli mədaxil qəbzi əsasında 80 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
47. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşığından görünür ki, xx.xx.2024-cü il tarixdə 500 manat məbləğində pulun 616 saylı müqavilə üzrə “Arbitrium” vəkil bürosunun hesabına köçürülməsi tapşırılmışdır (xx.xx.2024-cü il tarixli ******* nömrəli vəkil orderində göstərilən müqavilə).
48. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
49. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
50. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
51. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 500 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
52. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Beləliklə, yuxarıda göstərilənləri və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 iyun 2024-cü il tarixli 010/24 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova