Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-209/2022 11.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «borcun ödənilməsi» tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 3000 (üç min) manat məbləğində əsas borcun, 2212 (iki min iki yüz on iki) manat məbləğində cərimə-dəbbə pulunun, 1000 (bir min) manat əldən çıxmış fayda haqqının, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 151 (bir yüz əlli bir) manat və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 28.04.2020-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 113/20 №li Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMCnin sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimicavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 3000 (üç min) manat məbləğində borcu cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 015132, 013636 nömrəli aktlarla və AR İnternet Vergi İdarəsindən çıxarılmış elektron qaimələrlə də təsdiq edilir. Əlavə olaraq bildirirəm ki, müqavilənin 8.3cü bəndinə əsasən Sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə gün üçün ümumi dəyərin 0.2 (sıfır onda iki) % əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 2212 (iki min iki yüz on iki) manat cərimə hesablanmışdır. Lakin qeyd edilən pul şirkətə ödənilməmişdir. Sonradan Cavabdeh MMC İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin iddiasının rədd edilməsini, İddiaçı MMCdən 2.354,10 manat əsas, gecikdirilmiş günlər üçün 300 manat cərimə və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmıışdır ki, tərəflər arasında 17.12.2018-ci il tarixdə ofis icarəsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh MMC müqavilənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası, Bakı şəhəri,C.Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plazada” Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında İddiaçı MMC-yə icarə verir. 1 Saylı Əlavəyə əsasən aylıq icarə haqqı 1995 manat+18 faiz ƏDV təşkil edir. İddiaçı MMC 2020-ci ilin mart ayı üçün olan 2354,1 manat icarə haqqını ödəməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X2 ilkin iddianın məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddiada göstərilmiş mart ayı üçün borcunun da, qaldığını etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən həm ilkin, həm də qarşılıqlı iddia qismən təmin olunmalıdır. Məhkəmə ilkin iddia ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 850-ci maddəsinə müvafiq olaraq yük daşınması müqaviləsinə görə daşıyıcı əşyaları haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduqları yerdən təyinat yerinə daşımağı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 851-ci maddəsinə əsasən Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. İşin ilkin iddia ilə bağlı olan hissəsi üçün müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 28.04.2020-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 113/20 №li Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüşdür. İş materiallarında olan 05.06.2020-ci il tarixli 013636 saylı Göstərilmiş xidmətlərin təhvil verilməsi aktından görünür ki, Cavabdeh MMC 1830 manat məbləğində xidmətin göstərilməsini qəbul etmiş və akt MMC-nin möhürü ilə təsdiq edilmişdir və eyni tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1830 manatlıq xidmətin göstərilməsinə dair elektron qaimə göndərilmişdir. Həmçinin 04.08.2020-ci il tarixli 015132 saylı Göstərilmiş xidmətlərin təhvil verilməsi aktından görünür ki, Cavabdeh MMC 1170 manat məbləğində xidmətin göstərilməsini qəbul etmiş və akt MMC-nin möhürü ilə təsdiq edilmişdir və eyni tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1170 manatlıq xidmətin göstərilməsinə dair elektron qaimə göndərilmişdir. Göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-cəyə ümumilikdə 3000 manat dəyərində xidmətin göstərilməsinə baxmayaraq, sonuncu hər hansı bir ödəniş etməmişdir. Ona görə də, ilkin iddia 3000 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə ilkin iddianın 2212 manat dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İlkin növbədə qeyd edilməlidir ki, İddiaçı MMC dəbbə pulunun tərəflər arasında bağlanmış müqavilənin 8.3-cü bəndinə istinad edir. Həmin bəndə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə gün üçün ümumi dəyərin 0.2 (sıfır onda iki) % əlavə hesablanacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 3000 manat olduğu mübahisəli olmayan əsas borcuna münasibətdə iddiaçı 2212 manat cərimə hesablayıb tələb etmişdir və məhkəmənin qənaətinə görə həmin məbləğ əsas borca mütənasib deyildir və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 300 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə ilkin iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə 151 manat pulun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə qismən haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış Yükdaşıma müqaviləsinin 5.2-ci bəndindən görünür ki, təhvil-təslim aktı ilə təsdiq edilmiş xidmət haqqının aylıq məbləği 5 bank günü ərzində sifarişçi tərəfindən icraçıya ödənilməlidir. Hazırkı halda məhkəməyə iddia 16.07.2021-ci il tarixdə verilmiş, ilk təhvil aktı 05.06.2020-ci il tarixdə imzalanmışdır. İlk təhvil aktından iddia verilənədək 12 aydan çox vaxt keçməsinə baxmayaraq illk 5 faizin 12 ay üçün hesablanmalıdır. Bu məbləğ isə 91,5 (1830x5%=91,5) manat təşkil edir. İkinci təhvil aktı isə 04.08.2020-ci il tarixdə imzalanmasını nəzərə alaraq iddia qaldırılanadək 11 aydan çox vaxt keçsədə illik 5 faiz məbləği 11 ay üçün hesablanmalıdır. Bu məbləğ isə 53,6 (1170x5%=58,5; 1 ay üçün 58,5/12=4,875; 11 ay üçün 4,875x11=53,6) manat təşkil edir. Beləliklə cəmi əsas borca illik 5 faiz hesablanmaqla 145 manat məbləğində pul Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, əldən çıxmış faydanın tutulması barədə iddia təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin iddiaçı qeyd olunan maddənin dispozisiya şərtinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni həmin məbləğin yenidən kreditə verilməsi ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqını ödəməyə borcludur. İşin qarşılıqlı iddia ilə bağlı müəyyən edilmiş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 17.12.2018-ci il tarixdə ofis icarəsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh MMC müqavilənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası, Bakı şəhəri,C.Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plazada” Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında İddiaçı MMC-yə icarə verir. 1 Saylı Əlavəyə əsasən aylıq icarə haqqı 1995 manat+18 faiz ƏDV təşkil edir. İddiaçı MMC 2020-ci ilin mart ayı üçün olan 2354,1 manat icarə haqqını ödəməmişdir. 2020-ci ilin mart ayı üçün 2354,1 manat məbləğində borcun olmasını İddiaçı MMC-də məhkəmə iclasında təsdiq etmişdir. Belə olan halda, qarşılıqlı iddia 2354,1 manat məbləğində borcun tələb edilməsi hissəsində əsaslıdır. Dəbbə borcunun tutulması ilə bağlı məhkəmə qeyd edir ki, dəbbə pulunun tutulması imkanı tərəflər arasında olan müqavilənin 5.1-ci maddəsində qeyd edilmişdir. Məhkəmə hesab edir ki, dəbbə pulunun 200 manat məbləğində müəyyən edilməsi daha ağlabatandır. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq isə 20 manat məbləğində pul İddiaçı MMCdən tutularaq Cavabdeh MMC-yə verilməlidir. Beləliklə həm ilkin iddia, həm də qarşılıqlı iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Əsas borc üzrə 3000 manat, cərimə borcu üzrə 300 manat, əsas borca illik 5 faiz hesablanmaqla 145 manat, cəmi 3445 (üç min dörd yüz qırx beş) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Əsas borc üzrə 2354,10 manat, cərimə borcu üzrə 200 manat cəmi, 2554 (iki min beş yüz əlli dörd) manat, 10 (qəpik) məbləğində pul İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul İddiaçı MMCdən tutularaq Cavabdeh MMC-yə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-209/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-209/2022
11.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver