Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2098/2021 29.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nümayəndəliyin pul borcunun, istifadəsində olan avtomobil və soyuduculara dair” 22.10.2020-ci il tarixli Bakı şəhərində tərtib edilmiş üzləşmə aktı qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün etibarsız hesab edilməsi, “Nümayəndəliyin pul borcunun, istifadəsində olan avtomobil və soyuduculara dair” 22.10.2020-ci il tarixli Bakı şəhərində tərtib edilmiş üzləşmə aktında pul borcu kimi qeyd edilmiş 64530 manat məbləğinin faktiki və hüquqi baxımdan mövcud olmaması müəyyən edilməklə həmin məbləğin silinməsi öhdəliyinin cavabdeh "xxxx"MMCnin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində fərdi sahibkar kimi 01.04.2019-cu il tarxində qeydiyyatdan keçməklə Fiziki şəxsin vergi uçotu haqqında ********** saylı VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh "xxxx" MMC isə Azərbaycan Respublikası qanunları əsasında hüquqi şəxs kimi 25.07.2016-cı il tarixində dövlət qeydiyyatından keçməklə Millenium markalı dondurmaların istehsalı ilə məşğuldur. Tərəflər arasında 01.04.2019-cu il tarixində və 01.04.2020-ci il tarixində malların alqısatqısına dair müqavilə imzalanmışdır. Bağlanmış müqavilələrin və aparılan əməkdaşlığın predmetini cavabdeh tərəfindən malların iddiaçıya verilməsi və iddiaçı tərəfindən həmin malların cavabdehin dediyi marketlərə çatıdırılması, həmin marketlərdən iddiaçıya pulun nağd şəkildə toplanaraq cavabdehin kassassına çatıdırılması təşkil etmişdir. Bundan başqa tərəflər arasında olan şifahi razılaşmanın şərtlətinə görə cavabdeh iddiaçıya müəyyən sayda soyuducular vermişdir ki, həmin soyuducular cavabdehin dondurmalarının mağazalarda saxlanması xidmət edir. Həmçinin cavabdeh iddiaçını 1 ədəd soyuducu yük maşını ilə təchiz etmişdir ki, həmin yük maşınının idarə edilməsinə görə cavabdeh iddiaçıya yol vərəqəsi əsasında idarəetmə hüququ verirdi. Lakin, həmin yük maşının sürücüsünün əmək haqqını, yanacaq sərfiyyatını, təmir xərclərini iddiaçı ödəməli idi. Həmçinin, istehlaka yararlılıq müddətini itirmiş utilizasiya edilməsi üçün geri qaytarılan dondurmalara görə də xərclər də iddiaçıya aid olaraq cavabdeh yəni istehsalçı şirkət həmin yararsız malların pulunu iddiaçıya geri qaytarmırdı. Halbuki, bu malların dəyəri iddiaçı vaxtilə ödəyərək götürmüş, lakin, geri qaytarılma halında bu birbaşa iddiaçının ziyanı hesab edilirdi. Tərəflər arasında hazırda münasibətlər pozulmuşdur. Belə ki, hazırda belə məlum olur ki, cavabdeh “üzləşmə aktı” adı altında faktiki və hüquqi baxımdan mövcud olmayan bir borcu iddiaçının üzərinə yazmışdır. “üzləşmə aktı”nda 3 qrafa mövcuddur. Onlardan birincisi, pul borcu, ikincisi, soyuducu təhvili, üçüncü qrafa isə nəqliyyat vasitəsi təhvili ilə əlaqdardır. Hazırki iddia ilə məhkəməyə müraciət etmək zərurəti məhz bu qeyd edilən “üzləşmə aktı”nın mübahisələndirilməsi ilə əlaqədardır. Çünki, həmin aktın əsaslılığı hazırda şübhə altındadır. İddiaçı olaraq hesab edirlər ki, həmin aktın birinci qrafasında qeyd edilən pul məbləği nə hüquqi və nə faktiki baxımdan mövcud olmadığı halda orada qeyd edildiyi məlum olur. İddiaçı kimi məhkəməyə müraciət etmədən öncə müvafiq pretenziya məktubu ilə cavabdehə müraciət edərək ya həmin borc məbləğini təsdiq edən müvafiq sənədlərin təqdim edilməsini və ya olmadığı təqdirdə həmin məbləğin faktiki və hüquqi baxımdan olmayan məbləğ olduğu üçün silinməsini tələb etmişlər. Həmin müraciətlərinə təəssüf ki, cavabdeh tərəfindən müsbət cavab verilməmişdir. Ona görə də hesab edirlər ki, həmin borcun olmasını təsdiq edən sənəd olmadığı üçün bird daha sübut olunur ki, iddiaçının cavabdehə üzləşmə aktında qeyd edildiyi kimi borcu yoxdur. Ona görə də hazırki iddialarının predmetində mövcud olmayan borc məbləğinin əsk edildiyi “üzləşmə aktının” etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət ünvanlamışlar. üzləşmə aktının etibarsızlığı bir sıra hallarla müəyyən olunur. Belə ki, bu akt mötəbər sənəd hesab edilə bilməz. Ona görə ki, həmin sənəddə nə direktorun imzası var nə də onun maliyyə işlərini həyata keçirən və hansı müqavilə tərəfdaşının nə qədər borcu olmasını təsdiq etmək səlahiyyəti olan baş mühasibinin imzası mövcud deyildir. Bu hal isə öz növbəsində həqiqətən də borcun olmasının mötəbərliyini təsdiq edə bilməz. Beləki, “Mühasibat uçotu” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 6-cı bəndinə müvafiq olaraq baş mühasib və ya mühasibat xidmətinin rəhbəri müəssisənin rəhbəri ilə birlikdə əmtəələrin, materialların və başqa sərvətlərin, pul vəsaitlərinin qəbulu və verilməsi üçün əsas olan sənədlərə, habelə hesablaşma, kredit və maliyyə öhdəliklərinə imza edir. Göstərilən sənədlər baş mühasibin imzası olmadıqda etibarsız sayılmalıdır. Digər tərəfdən, qarşılıqlı üzləşmə aktında 22.10.2020-ci il tarixinə olan borcun məbləği göstərilsə də, borclu kreditorun ondan borcun ödənilməsini tələb etmək hüququnu tanımağı öhdəsinə götürməmişdir. Bu məbləğin orada əks olunması belə iddiaçıya çox-çox sonra məlum olur. Belə ki, adətən marketlərdən yığılacaq pulların hesabını tərəflər ayrıca öz qeydlərində aparırlar. Lakin, üzləşmə aktından belə məlum olur ki, marketlərin cavabdehə olan borclarını da cavabdeh iddiaçının borcu kimi qələmə verib. Bununla yanaşı, marketlərə daxil olmaq üçün tələb edilən qeyri-rəsmi ödənişin (o ödənişi ki, marketərə malının satılması üçün giriş pulunu istehsalçı verməlidir, mal təhvil verən deyil) sonda hesablaşma zamanı malların pulları ilə əvəzləşmədə həmin məbləğin kəsrini iddiaçının adına yazmışdır. Qeyd edilənləri rəhbər tutub belə hesab edirlər ki, iddia tələbləri üzrə bilavasitə sübutetmə yükü onların üzərinə düşdüyü üçün müvafiq sorğu ilə "xxxx" MMC-yə müraciət etmişlər ki, həmin borcun yaranmasına əsas olmuş sənədlərin surəti onlara təqdim edilsin. Lakin, həmin sənədlər cavabdeh tərəfindən təqdim edilmir. Ona görə də elə qənaətə gəlirlər ki, həmin borcu təsdiqləyən sənədlər mövcud deyildir. Cavabdeh "xxxx" MMC iddiaya etiraz verərək, bildirmişdir ki, iddia ərizəsində irəli sürülmüş tələb tamamilə əsassızdır. Belə ki, 22.10.2020-ci il tarixli “Nümayəndəliyin pul borcunun, istifadəsində olan avtomobil və soyuduculara dair üzləşmə aktı” lazımi qaydada tərtib edilmiş, akt bütün aidiyyəti şəxslər, o cümlədən iddiaçı - F. Məmmədov tərəfindən imzalanmış, cəmiyyətin möhürü ilə möhürlənmişdir. İddiaçı məhkəməyə hansı aktı təqdim etməsindən məlumatları yoxdur. Yəni bu xüsusat üzrə akt tam rəsmi, mötəbər sənəddir. Bundan başqa “borcun ödənilməsini tələb etmək hüququna" münasibətdə bildirirlər ki, tərəflər arasında bağlanmış 09.10.2018 və 01.04.2019-cu il tarixli alqı-satqı müqavilələlərində tərəflərin hüquq və vəzifələri, ödəniş şərtləri, eləcə də malın qiyməti bəndlərində alqı-satqı prosesi, ödənişlərin hansı qaydada həyata keçirilməsi aydın şəkildə öz əksini tapmışdır. Bundan əlavə mülki qanunvericilik tərəflərə müqavilə azadlığı, yəni müqavilə bağlamaq sərbəstliyi verdiyi üçün tərəflər arasında mövcud olan münasibətlər yalnız qanunvericliyiin müddəaları və müqavilə ilə deyil, həmçinin işgüzar adətlərlə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.7-ci maddəsinə əsasən, əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Buradan belə nəticəyə gəlinir ki, müqavilə özü, işgüzar adətlər, eləcə də sadə məntiq, götürülmüş pul məbləğinin qaytarılmalı olduğunu açıqaşkar təsdiqləyir. Yəni, üzləşmə aktında “borcun ödənilməsini tələb etmək hüququnu tanımağı öhdəsinə götürmək” deyə cümlənin olmaması heç də iddiaçının mövcud borc məbləğini qaytarmamasına əsas vermir. Bundan əlavə həm İddiaçı tərəfindən öz xətti ilə yazılaraq imzalanmış 16.09.2020-ci il tarixli Razılaşma aktı, həm də sərbəst auditor tərəfindən həyata keçirilmiş müstəqil auditorun hesabatı İddiaçı Cəmiyyətdən ümumilikdə 112984,73 manat pul mənimsədiyini tam təsdiqləyir. Bu mənimsəmə ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində cinayət təqibi aparılır. Ehtimal edirlər ki, Cəmiyyətə qarşı əsassız iddia qaldırılmasında məqsəd iddiaçı - İddiaçı törətdiyini hesab etdikləri mənimsəmə cinayətinə “mülki don" geyindirməklə cinayət məsuliyyətindən yayınmaq cəhdidir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş edirlər. İddiaçı cavabdeh "xxxx" MMC tərəfindən iddia ərizəsinə verilmiş etiraza dair öz mülahizəsini təqdim edərək, qeyd etmişdir ki, hazırki mülahizənin tərəflərindən təqdim edilməsinə bir neçə zərurət yaranmışdır. İlk növbədə iddiaya etirazda qeyd edilmiş bəzi məqamlara münasibət bildirmək istəyir. Həmin etirazda üzləşmə aktına münasibətdə məhkəmənin nəzərinə çatdırır ki, faktiki olaraq üzləşmə aktı İddiaçı təqdim edilərkən onun üzərinə nə mühasibatlığın nə də şirkətin rəhbərliyinin imza və möhürü olmamışdır. Cavabdeh iddiaçı tərəfindən bu xüsusat məhkəmədə haqlı narazılıqlı bildirildikdən sonra həmin aktın üzərində saxtalaşdırma aparılaraq çatışmayan halları düzəltməyə çalışsalar da, yenə də “Mühasibat uçotu” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 6-cı bəndinə əməl etməmişlər. Həmin maddənin tələbinə müvafiq olaraq baş mühasib və ya mühasibat xidmətinin rəhbəri müəssisənin rəhbəri ilə birlikdə əmtəələrin, materialların və başqa sərvətlərin, pul vəsaitlərinin qəbulu və verilməsi üçün əsas olan sənədlərə, habelə hesablaşma, kredit və maliyyə öhdəliklərinə imza edir. Sadəcə möhürü və müəssisənin rəhbərinin “klişe” (hazır imza nümunəsini) sonradan akta vuraraq onu məhkəməyə təqdim etməklə işlər bitmir. Bu tip sənədlər üçün qanun qəti imperativ norma müəyyən etmişdir. Elə bu kimi normaların da qanunla müəyyən edilməsinin məqsədi bu kimi halların qarşısının alınmasına yönəlib. İddiaya etirazda öz təsvirini tapmış ziddiyyətli məqam audit rəyi, mübahisələndirilən akt və iddiaya etiraz ərizəsində qeyd edilən məbləğ arasındakı fərqlərdədir. Belə ki, iddiaya etirazda cavabdeh bildirir ki, 2-ci səhifə 2-ci abzas: “..........16.09.202-ci il tarixli Razılaşma aktı, həm də sərbəst auditor tərəfindən həyata keçirilmiş müstəqil auditorun hesabatı İddiaçı Cəmiyyətdən ümumilikdə 112984.73 manat pul mənimsədiyini tam təsdiqləyir” Bu cür fikir mənimsəmə cinayətində birbaşa ittiham xaraktleri bəyanatdır. Hesab edir ki, məhkəmə bu cür ağır cinayətdə iştiraka qiymət verməlidir. Mübahisələndirilən aktda Məmmədovun borclu olduğu məbləğin 64530 manat civarinda olması qeyd edilir. Audit rəyində isə Məmmədovun borcunun 93883,45 manat olması qeyd edilir. Bu 3 məbləğ arasında olan ziddiyyətlərə hesab edir ki, cavabdeh tərəfindən aydınlıq gətirilməlidir. İddiaçı tərəfindən Rich S.A. MMC-nin bank və kassa hesabına ümumilikdə mədaxil edilmiş məbləğ kifayət qədər böyük olmuşdur. Lakin, təqdim edilmiş audit rəyindən görünür ki, cavabdeh şirkət İddiaçı tərəfindən 82875 manat həcmində ödənişin edilməsini etiraf edir. Deməli işin mübahisəsiz hallarında biri İddiaçı tərəfindən 82875 manat həcmində məbləğin Rİch S.A.MMC-yə ödənilməsidir. Göründüyü kimi bu məbləğin şirkətə ödənilməsi cavabdeh tərəfindən etiraf edilir. Məhkəmənin elektron sisteminə iş materiallarına əlavə edilməsi üçün Məmmədovun saxladığı bəzi qəbzləri əlavə etmişlər. Həmin qəbzlərdən üzərində rəngli etiketlər olanları cavabdeh tərəfindən təqdim edilmiş audit rəyində nəzərə alınmamış və dolayısı ilə Məmmədov tərəfindən ödənişin edildiyi halda hansısa müəmmalı bir şəkildə şirkətin mühasibatlığı tərəfindən nəzərə alınmayan məbləğlərdir. Məmmədov tərəfindən ödənilmiş, lakin, şirkətin hesaba qatmadığı məbləğin cəmi 27576,48 manat həcmindədir. Bu halın mövcudluğu yəni ödənişin hesaba qatılmamasının sübutu faktı artıq özü-özülyündə cavabdeh tərəfindən təqdim edilmiş audit rəyini nəinki mötəbər sübut hesab etməyə mane olur, hətta həmin auditi həyata keçirən və onu sifraiş edən tərəflər arasında etibarsızlığına dair mübahisənin açılmasına da şərait yaradır. Lakin, bu iddiaçının subyektiv hüququna daxil olmadığı üçün bu günləri bu mübahisə onları maraqlandırmır. Fakt odur ki, cavabdeh tərəfindən təqdim edilmiş audit rəyi düzgün hesablamalara dayanmır və onun mötəbərliyini şübhə altına alır. Lakin, bununla belə audit rəyinin tərəflərindən qismən qəbul edilməsi mümkündür. Beləki, həmin audit rəyinə əsasən Məmmədov tərəfindən 82875 manat həcmində məbləğin cavabdeh şirkətin hesabına ödənilməsi hissəsi qaçınılmazdır. Həmçinin məhkəmənin nəzərinə çatdırırlar ki, İddiaçı tərəfindən soyuducular və yük maşını da cavabdeh şirkətə geri təhvil verilmişdir, lakin, bununla belə nədənsə cavabdeh şirkət bu barədə iddiaya etirazında bir cümlə belə olsun fikir səsləndirmir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində və cavabdeh "xxxx" MMC tərəfindən iddia ərizəsinə verilmiş etiraza dair İddiaçı mülahizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, üzləşmə aktı mühasib tərəfindən imzalanmadığından və borcun və tələb olunan əşyaların həmin həcmdə olmadığını, həmçinin əşyalır bir qisminin geri qaytarıldığını nəzərə alaraq üzləşmə aktının etibarsız hesab edilməklə yanaşı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, iddiaya qarşı verilmiş etirazla eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 01 aprel 2020-ci il tarixli, 77 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı - "xxxx" MMC məhsulu alıcı - İddiaçı tərəfindən verilən sifarişə əsasən hər iki tərəfin razılaşdırdığı müddətdə alıcıya təhvil verməyi öz öhdəsinə götürür, müqavilənin məbləği və qiyməti hər iki tərəf arasında razılaşdırılır və onun qiyməti manatla müəyyən edlir, alıcı malı mərhələlərlə və qaimələrdə yazılan qiymətlərlə qəbul etməyi öz üzərinə götürür və onun müqabilində tam ödəniş etməyə borcludur. Hazırki müqavilə 01.04.2020-ci ildən 31.12.2020-ci il müddətinə bağlanır. 22 oktyabr 2020-ci il tarixli üzləşmə aktından görünür ki, İddiaçı "xxxx" MMC-yə 64530 manat məbləğində borclu olduğunu, 57 soyuducunun və bir ədəd **-JP-*** dövlət nömrə nişanlı “Mercedes-Benz” avtomobilin istifadəsində olduğunu etiraf etmişdir. Aktın doğruluğu "xxxx" MMC-nin direktoru Əvəz Səfərli, şirkətin nümayəndələri İddiaçı, Elşad Əhmədov və Mahir Mədətov imzaları ilə (o cümlədən "xxxx" MMC-nin möhürü ilə) təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.2-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4-cü maddəsinə bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iddiaçının nümayəndəsi vəkilin izahatında qeyd olunanlarla bağlı bildirir ki, üzləşmə aktı mühasib tərəfindən imzalanmaması, borcun və tələb olunan əşyaların həmin həcmdə olmaması, həmçinin əşyaların bir qisminin geri qaytarılması 22 oktyabr 2020-ci il tarixli üzləşmə aktının etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, İddiaçı "xxxx" MMC-yə 64530 manat məbləğində borclu olduğunu, 57 soyuducunun və bir ədəd **-JP-*** dövlət nömrə nişanlı “Mercedes-Benz” avtomobilin istifadəsində olduğunu 22 oktyabr 2020-ci il tarixli sənədə imza atmaqla həmin tarixə olan borcu və əşyaların istifadəsində olduğunu etiraf etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, 22.10.2020-ci il tarixdə imzalanmış üzləşmə aktı qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və onun etibarsızlığına əsas olan digər hallar da müəyyən edilmədiyinə görə birinci tələb “Nümayəndəliyin pul borcunun, istifadəsində olan avtomobil və soyuduculara dair” 22.10.2020-ci il tarixli Bakı şəhərində tərtib edilmiş üzləşmə aktı qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. Göründüyü kimi məhkəmə tərəfindən birinçi tələb rədd olunduğuna görə həmin tələblə birbaşa bağlı olan ikinçi “Nümayəndəliyin pul borcunun, istifadəsində olan avtomobil və soyuduculara dair” 22.10.2020-ci il tarixli Bakı şəhərində tərtib edilmiş üzləşmə aktında pul borcu kimi qeyd edilmiş 64530 manat məbləğinin faktiki və hüquqi baxımdan mövcud olmaması müəyyən edilməklə həmin məbləğin silinməsi öhdəliyinin cavabdeh "xxxx"MMC-nin üzərinə qoyulması” tələbi də təmin edilə bilməz. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “Nümayəndəliyin pul borcunun, istifadəsində olan avtomobil və soyuduculara dair” 22.10.2020-ci il tarixli Bakı şəhərində tərtib edilmiş üzləşmə aktı qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün etibarsız hesab edilməsi, “Nümayəndəliyin pul borcunun, istifadəsində olan avtomobil və soyuduculara dair” 22.10.2020-ci il tarixli Bakı şəhərində tərtib edilmiş üzləşmə aktında pul borcu kimi qeyd edilmiş 64530 manat məbləğinin faktiki və hüquqi baxımdan mövcud olmaması müəyyən edilməklə həmin məbləğin silinməsi öhdəliyinin cavabdeh "xxxx"MMCnin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “Nümayəndəliyin pul borcunun, istifadəsində olan avtomobil və soyuduculara dair” 22.10.2020-ci il tarixli Bakı şəhərində tərtib edilmiş üzləşmə aktı qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün etibarsız hesab edilməsi, “Nümayəndəliyin pul borcunun, istifadəsində olan avtomobil və soyuduculara dair” 22.10.2020-ci il tarixli Bakı şəhərində tərtib edilmiş üzləşmə aktında pul borcu kimi qeyd edilmiş 64530 manat məbləğinin faktiki və hüquqi baxımdan mövcud olmaması müəyyən edilməklə həmin məbləğin silinməsi öhdəliyinin cavabdeh "xxxx"MMC-nin üzərinə qoyulması” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2098/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2098/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver