Məhkəmə qərarları › İş №e-2-2(113)-2099/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2099/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2099/2020 15.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişi və dəbbə pulunun verilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 4562 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 % faiz hesablamaqla 1000 manat, 30 dövlət rüsumu olmaqla, cəmi 5592 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Changan Alsvin V3” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı, Ban LS5A2ABR6JH006417 minik avtomobili xx.xx.2018-ci ildə “xxxxxxxxxx” ASC-də sığortalanmış və MC********** saylı kasko sığorta şəhadətnaməsi verilmişdir. Sığortalı avtomobili 04.12. 2019 ci il tarixdə saat təxminən 01:00 radələrində etibarnamə üzrə idarə edən sürücü X4 Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçəsi istiqamətində hərəkətdə olan zaman qəfildən qarşısına çıxan naməlum şəxsə xəsarət yetirməməsi üçün idarəetməni itirmiş, əks istiqamətdə olan “Daimler Chrysler C- 200” markalı, ** XE *** qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Sığortalı avtomobilin sığorta şəhadətnaməsi ilə təminat verilən riskin avtonəqliyyat hadisəsindən baş verməsi, avtomobili idarə edən şəxsin ayıq olması, avtomobilə dəyən zərərlər yuxarıda istinad edilən müvafiq dövlət orqanı tərəfindən qəbul edilən qərarda birmənalı göstərilmişdir. Bildirir ki, avtoqəza nəticəsində kasko (Qərarın surəti iddiaya əlavə edilir) sığortalı avtomobilə 4562,00 manat ziyan dəymişdir. Bundan əlavə, sığortalı olaraq sığorta haqqı “xxxxxxxxxxx“ ASC-yə ödənilib. Yol nəqliyyat hadisəsi barədə (sığorta hadisəsi) səlahiyyətli dövlət orqanına - Binəqədi Rayon Polis İdarəsinə məlumat verilmişdir, hadisə yerində sürücü qalmışdır və avtomobili idarə etmək hüququnu verən sürücülük vəsiqəsini təqdim etmişdr. Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı xx.xx.2019 ci il tarixdə cinayət isinin başlanmasının rədd edilməsi haqqmda Qərar qəbul etmişdir. Sığorta hadisəsi bas verən zaman hadisə verinə Azərbaycan Respublikası Daxili İslər Nazirliyinin Binəqədi rayon DYPS-nin əməkadı gəlmiş, inzibati tənbehetmə haqqında qərar qəbul etmişdir. Sürücülər ayıq vəziyyətdə olmuş, avtomobili idarə etmək hüququ verən müvafiq sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Hadisə nəticəsində sığortalı avtomobilərə əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Hadisə baş verdikdən sonra sığortaçıya məlumat verilmiş və sığorta ödənişinin verilməsi xahiş edilmişdir. Sığortaçıya müraciət edilməsinə baxmayaraq, bu günə qədər avtomobillərə dəymiş ziyan ödənilmir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, izahatında bildirdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, yəni sığorta hadisəsi baş verdikdən 15 gün sonra sığortaçıya məlumat vermişdir. Ona və eləcə də digər əsaslara görə sığorta ödənişinin verilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan MC********** nömrəli Sığorta şəhadətnaməsinə əsasən sığortaçı “xxxxxxxxxx” ASC tərəfindən sığortalı İddiaçı MMC-nin mülkiyyətində olan “Changan Alsvin V3” minik markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır, 14000 manat məbləğində sığorta haqqı ödənilmiş və 974 manat hər hadisə üzrə şərtsiz azadolma nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki: - İddiaçı MMC mülkiyyətində ** PB *** dövlət qeydiyyat nişanlı “Changan Alsvin V3” minik markalı avtomobili 12051 nömrəli etibarnaməyə əsasən X3 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək idarə etməyə vermişdir. - Binəqədi RPİ-nin TB-nin xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, “Changan” markalı ** PB *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X2 barəsində AR İXM-in 327.1-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsi üçün qərarın surətinin Binəqədi rayon DYPS-yə göndərilməsi qərara alınmışdır. - xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən İddiaçı MMC-nin Servis Mərkəzində texniki baxış keçirilmiş, “Changan Alsvin V3” minik markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4562 manat məbləğində müəyyən edilmişdir. - pretenziya məktubuna əsasən İddiaçı MMC “xxxxxxxxxx” ASC-də sığortalanmış və kasko sığorta şəhadətnaməsi almış avtomobillərə dəymiş zərərin İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. - “xxxxxxxxxx” ASC-nin İddiaçı MMC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli AS-20/331 məktublara əsasən “xxxxxxxxxx” ASC İddiaçı MMC-yə tələb edilən sığorta ödənişlərinin verilməsindən xx.xx.2019-cu il yol nəqliyyat hadisəsi barədə məlumat sığortaçıya xx.xx.2019-cu il tarixdə, yəni 15 gün sonra məlumat verildiyinə görə imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadığı, sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədiyi, digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduğu hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması sığortaçının sığorta ödənişinin verilməsindən imtinası üçün əsasdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan işin halları və maddi hüquq normalarının tələblərindən göründüyü kimi iddiaçı həmin tələblərə əməl etməyərək sığorta hadisəsi barədə sığortaçıya vaxtında məlumat verməmişdir. Ona görə də sığorta ödənişinin ödənilməsinə dair iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh “xxxxxxxxxx” ASC tərəfindən sığorta ödənişinin ödənilməməsi qanuni və əsaslı olduğundan, dəbbə pulunun ödənilməsi tələb oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 4562 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 % faiz hesablamaqla 1000 manat, 30 dövlət rüsumu, cəmi 5592 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 4562 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 % faiz hesablamaqla 1000 manat, 30 manat dövlət rüsumu olmaqla, cəmi 5592 manat pulun tutularaq, iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar