Məhkəmə qərarları › İş №e-2-2(113)-2104/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2104/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2104/2021 16.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, cavabdehin nümayəndəsi X7, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X6 iştirakları ilə, iddiaçı X13 X1 cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X13 X2 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 2017, 2018 və 2019-cu illərdə hasil edilmiş yeraltı şirin sulara görə 25.704.450 manat məbləğdə X3na ayırmaların alınıb X3 üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmiş məlumatlara əsasən yerin təkindən aşağıdakı həcmdə yeraltı şirin sular hasil edilmişdir: 2017-ci ildə 1.785.400.000 m3; 2018-ci ildə 1.826.400.000 m3; 2019-cu ildə 2.100.300.000 m3. Lakin yeraltı şirin sulara görə X3na ayırmalar ödənilməmişdir. Cavabdeh tərəfindən 2020-ci ildə təqdim edilmiş məlumatlara əsasən son üç il üzrə istismar edilmiş yeraltı suyun həcminə uyğun olaraq bərpa fonduna ayırmaların miqdarı aşağıdakı qaydada hesablanmışdır: 2017-ci il üçün 1.785.400.000 m * 0.15 manat * 3% = 8.034.300 manat 2018-ci il üçün 1.826.400.000 m * 0.15 manat * 3% = 8.218.800 manat 2019-cu il üçün 2.100.300.000 m * 0.15 manat * 3% = 9.451.350 manat. 2017, 2018 və 2019-cu illər üçün fonda ödənilməli olan ümumi məbləğ 25,704,450 manat təşkil edir. Ayırmaların könüllü ödənilməsi ilə bağlı cavabdehə ünvanlanmış tələbə cavab olaraq bildirilmişdir ki, 13 sentyabr 2019-cu il tarixli 833 nömrəli Fərmana əsasən cavabdeh təbii mənbələrdən götürülən sulara görə ödənişlərdən azad edilmişdir. “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1652-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanın 2.26-cı bəndinə uyğun olaraq cavabdeh təbii mənbələrdən götürülən sulara görə ödənişlərdən azad edilmişdir. Lakin yeraltı sular, faydalı qazıntı hesab olunur, onların yerin təkindən çıxarılması üçün mühəndis qurğulardan istifadə olunur, elektrik enerjisi sərf edilir, yeraltı sular təbii mənbələrdən (çaylardan, göllərdən) götürülmür. Eyni zamanda Azərbaycan Respublikasının Milli X5 və Geofizika İnstitutunun 25-7/198 nömrəli rəyinə əsasən yeraltı şirin sular faydalı qazıntı kimi qiymətləndirilir. Bu səbəbdən cavabdehdən yerin təkindən hasil etdiyi yeraltı şirin sulara görə X3na ayırmaların ödənilməsi tələb edilir. Cavabdeh "xxxx" ASC iddia tələbinə yazılı etirazı məhkəməyə təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 351 nömrəli sərəncamı ilə təsdiq edilmiş X3 üzrə Dövlət Fondu haqqında Əsasnaməsinə müvafiq olaraq Fondun maliyyələşdirilmə mənbələrindən biri kimi mineral-xammal bazasının bəpasına yönəldilmiş ayırmaların müəyyənləşdirildiyini və ayırmaların əhatə dairəsinə faydalı qazıntılar ilə yanaşı, yeraltı suların da aid edildiyini bildirməklə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən təqdim edilmiş hesabata əsasən yerin təkindən hasil edilmiş su həcminə uyğun olaraq Fonda ayırmaların həyata keçirilməsinin nəzərdə tutulduğunu göstərmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmiş məlumatlara əsasən Agentlik tərəfindən yerin təkindən son üç il üzrə hasil edilmiş yeraltı suyun həcminə uyğun olaraq bərpa fonduna ayırmaların miqdarı aşağıdakı qaydada hesablanmışdır: 2017-ci il üçün 1.785.400.000 m3 *0,15 manat *3 % =8.034.300 manat 2018-ci il üçün 1.826.400.000 m 3 *0,15 manat *3 % =8.218.800 manat 2019-cu il üçün 2.100.300.000 m3 *0,15 manat *3 % =9.451.350 manat. Beləliklə, X8 Bərpası üzrə Dövlət Fonduna ödənilməli olan məbləğin 25.704,450 manat təşkil etdiyi göstərilmişdir. X8 Bərpası üzrə Dövlət Fondu haqqında əsasnamənin 2.4-cü maddəsinə istinad olunaraq X3na ayırmaların miqdarı faktiki çıxarılmış faydalı qazıntılardan əldə olunan və realizə edilən birinci əmtəə məhsulunun dəyərindən faizlə müəyyən edilir. Həmin Əsasnaməyə əlavəyə əsasən faktiki qazıntılardan əldə olunan və realizə edilən birinci əmtəə məhsulunun dəyərindən ayırmalar şirin sular üçün 3 faiz müəyyən edilmişdir. Bildirir ki, həmin iddianı tamamilə əsassız hesab edir. Belə ki, "Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında" 12 iyul 2019-cu il tarixli 1652-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa və "Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında" 12 iyul 2019-cu il tarixli - 52 nömrəli Qanunun tətbiqi və "Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Su Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2019-cu il tarixli 833 nömrəli Fərmanına əsasən Azərbaycan Meliorasiya və X14 Səhmdar Cəmiyyəti təbii mənbələrdən götürülən sulara görə ödənişlərdən azad edilmişdir. Qeyd olunanlar barədə Dövlət Mineral X4 Agentliyinə göndərilmiş 26 fevral 2021-ci il tarixli 03/03-39 nömrəli məktubla əlaqədar Agentlik iddia ərizəsində yeraltı suların faydalı qazıntı hesab olunduğunu, onların yerdən çıxarılması üçün mühəndis qurğulardan istifadə olunduğunu, elektrik enerjisi sərf edildiyini yeraltı suların təbii mənbələrdən götürülmədiyini, eyni zamanda Azərbaycan Respublikasının Milli X5 və Geofizika İnstitutunun 25-7/198 nömrəli rəyinə əsasən yeraltı şirin suların faydalı qazıntı kimi qiymətləndirildiyini göstərmişdir. Həmin məktub əsassız olaraq iddia ərizəsində rəy kimi göstərilmişdir. Yeraltı suların təbii mənbələrdən götürülən sulara aid edilib-edilməməsi elmi və praktiki cəhətdən əsaslandırılmış müvafiq ekspert rəyi ilə müəyyən olunmalıdır. Hesab edir ki, yeraltı şirin sular faydalı qazıntı olmaqla yanaşı, daha geniş məfhum olan təbii mənbələrdən əldə olunan sulara aid edilir. Həmin məsələyə aydinlıq gətirilməsi məqsədilə bu sahədə xüsusi bilik tələb edilən mütəxəssislərin elmi cəhətdən əsaslandırılmış məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyinin alınması zəruridir, ekspertizanın keçirilməsinə dair vəsatət təqdim ediləcəkdir. Eyni zamanda qeyd edir ki, Azərbaycan Meliorasiya və X14 Səhmdar Cəmiyyəti dövlət büdcəsindən maliyyələşən təşkilatdır. Səhmdar Cəmiyyətin məqsədi meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, suların su təminatını həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yetirməkdən ibarətdir. Cəmiyyənin qarşısında qoyulmuş vəzifələrin və tapşırıqların yerinə yetirilməsi ilə bağlı Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş xərclər, müəyyən olunmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsindən ayrılan hesabına həyata keçirilir. Həmin vəsaitin xərc istiqamətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli 440 nömrəli və 2017-ci il tarixli 514 nömrəli Qərarları ilə təsdiq edilmiş vahid büdcə təşkilatının xərclərinin iqtisadi təsnifatı üzrə müəyyən olunmuş xərc maddələri çərçivəsi daxilində icra edilir. Bu xərc maddələri daxilindəki təsnifatda Cəmiyyət tərəfindən yeraltı şirin sulara görə X3na ayırmaların ödənilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Su Məcəlləsinin 18-ci maddəsində göstərilmişdir ki, su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələrindən biri də su obyektlərində sudan ödənişli istifadənin təyinatlarını müəyyən etməkdir. O cümlədən, istifadəyə görə güzəşt və azadolmalar yalnız təbii su mənbələrindən aşağıdakı ilərlə götürülən suya görə tətbiq edilir: -müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) emal edilməmiş su ilə təmin edilməsi; -müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ali su təchizatı; -müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi. “Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında" 18 mart 2006-cı il tarixli Əsasnamə Azərbaycan Meliorasiya və X14 Səhmdar Cəmiyyətinin su təsərrüfatı istismar təşkilatları ilə respublika ərazisində yerləşən su istehlakçıları arasında sudan pullu istifadə ilə bağlı yaranan münasibətləri tənzımləyir. Əsasnamənin 3.1-ci maddəsinə əsasən Sudan pullu istifadə Cəmiyyətin su təsərrüfatı istismar təşkilatları ilə su istehlakçıları arasında bağlanmış müqavilələr və aktlar əsasında həyata keçirilir. Əsasnamənin 3.2-ci maddəsinə görə Cəmiyyətin su təsərrüfatı istismar təşkilatları və su istehlakçıları tərəfindən təyin edilmiş şəxslər suyun verilməsini, alınmasını və ondan istifadə olunmasını göstərən və hər iki tərəfin imzaları ilə təsdiq olunan hesabat aparırlar. Bu hesabatlar əsasında ayda bir dəfə və hər suvarmadan sonra bu Əsasnaməyə əlavə edilmiş formada aktlar tərtib olunur. Azərbaycan Respublikasının Su Məcəlləsinin sudan ödənişli istifadə qaydalarına həsr edilmiş 97-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. Sudan ödənişli istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir. Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən su obyektlərinin istifadəsi, bərpası və mühafizəsinin iqtisadi tənzimlənməsi prinsiplərini, su obyektindən və sudan istifadəyə görə haqqı və onların ödəmə qaydalarını, sudan istifadəyə görə güzəşt və azadolmaları müəyyən etmək dövlətin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Bildirir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən yerin təkindən aşağıdakı həcmdə yeralttı şirin sular hasil edilmişdir: 2017-ci ildə 1.785.400.000 m3, 2018-ci ildə 1.826.400.000 m3, 2019-cu ildə 2.100.300.000 m3. Cəmiyyət tərəfindən satılan suyun hər 1000 m3- tarif qiyməti Azərbaycan Respublikasının Tarif Şurasının 12 aprel 2006-cı il tarixli 06 nömrəli qərarı ilə 0, 50 manat məbləğində müəyyən olunmuşdur. Təsdiq olunmuş tarif qiymətinə uyğun olaraq Səhmdar Cəmiyyətinə yuxarıda qeyd olunan həcmdə yerin təkindən hasil edilmiş suyun satışından müvafiq olaraq 2017-ci ildə 892.700 manat, 2018ci ildə 913,200 manat, 2019-cu ildə 1.050.100 manat, yəni son üç ildə cəmi 2.856.000 manat vəsait daxil olmuşdur. Bu vəsaitin 3 faizi isə 85.680 manat təşkil etmişdir. Göründüyü kimi, X9 Bərpası üzrə Dövlət Fonduna ödənilməli olan məbləğinin 25.704,450 manat təşkil etməsi barədə hesablama da düzgün aparılmamışdır. Səhmdar Cəmiyyəti üzrə büdcədənkənar vəsaitlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq, gəlir və xərclərinin məbləği “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada dövlət büdcəsinin tərtibi prosesində proqnozlaşdırılır və xərcləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iqtisadi təsnifatın paraqraflarına uyğun təsdiqlənmiş xərclər smetası əsasında, xəzinədarlıq orqanları vasitəsilə həyata keçirilir. Bildirir ki, Cəmiyyət üzrə su satışından əldə olunmuş pul vəsaitləri ilə bağlı müstəqil olaraq maliyyə əməliyyatları aparılmır, o cümlədən hansısa dövlət qurumlarına pul ayırmaları da həyata keçirilmir. Eyni zamanda məlumat üçün diqqətə çatdırır ki, Cəmiyyət üzrə bütövlükdə yerüstü və yeraltı sular daxil olmaqla su satışından il ərzində 3,4-3,6 milyon manat vəsait edilir. Daxil olan vəsait Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xərclər smetası əsasında xəzinədarlıq orqanları vasitəsi ilə sistemin istismar və təmirinə, əsasən elektrik enerjisi xərclərinin ödənilməsinə sərf edilir. Beləliklə, yuxarıda qeyd edilənlərdən bu nəticəyə gəlmək olur ki, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 X2 2017, 2018 və 2019-cu illərdə hasil edilmiş yeraltı şirin sulara görə 25.704.450 manat məbləğində pul vəsaitinin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən ıb X8 Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə tələbinin heç bir hüquqi əsası olmadığına görə onun iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə məhkəmə iclasının təxirə salınması barədə ərizə ünvanlamış, lakin məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsini təsdiq edən sübutları ərizəsinə əlavə etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Vergi Xidmətinin nümayəndəsi H.Həsənli işin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Faydalı qazıntı ehtiyatlarının 2017-ci il üzrə balans hesabatından görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 2017-ci ildə 1785,4 mln. m3 həcmində yeraltı su hasil edilmişdir. Faydalı qazıntı ehtiyatlarının 2018-ci il üzrə balans hesabatından görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 2018-ci ildə 1826,4 mln. m3 həcmində yeraltı su hasil edilmişdir. Faydalı qazıntı ehtiyatlarının 2019-cu il üzrə balans hesabatından görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 2019-cu ildə 2100 mln. m3 həcmində yeraltı su hasil edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı X13 X1 irəli sürdüyü iddia tələbi 2017, 2018 və 2019-cu illərdə hasil edilmiş yeraltı şirin sulara görə 25.704.450 manat məbləğində X3na ayırmaların cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən alınaraq X3 üzrə Dövlət Fondunun hesabına ödənilməsindən ibarətdir. Göründüyü kimi X13 X2 digər bir qurumun - X3 üzrə Dövlət Fondunun hesabına pul vəsaitinin ödənilməsi tələbini irəli sürmüşdür. Belə olan halda isə məhkəmə iddia tələbinin əsaslılığı məsələsinə qiymət verilməmişdən əvvəl iddiaçının hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olub-olmaması məsələsinə münasibət bildirilməsini zəruri sayır. “Yerin Təki haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə X3na ayırmalar dövlət vəsaiti hesabına kəşfiyyatı aparılmış bütün faydalı qazıntı növlərinin çıxarılmasına görə yer təki istifadəçilərindən alınır. Ayrımaların dərəcələri Azərbaycan Respublikasının X3na tələb olunan xərcləri təmin edə biləcək miqdarda müəyyən edilir və eyni növ mineral-xammal çıxaran yer təkinin bütün istifadəçiləri üçün eynidir. X3na ayırmaların miqdarı faktiki çıxarılan faydalı qazıntıların dəyərindən faizlə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “X3 üzrə Dövlət Fondu haqqında Əsasnamə”nin 2.1-ci bəndinə əsasən X3na ayırmalar dövlət fondunun vəsaitlərinin əmələ gəlmə mənbələrindən biridir. 3.7-ci bəndinə görə isə ödənişlər üzrə mükəlləfiyyətlərin yerinə yetirilməsi üzərində nəzarəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş X13 X1 Nizamnaməsinin: 1.1-ci bəndinə görə X13 X2 “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə (bundan sonra - müvafiq sahə) xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirir. 3.1.11-ci bəndinə görə yer təkinin istifadəsinə və yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək; 3.1.20-ci bəndinə görə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yer təkinin bütün istifadəçilərinin yer təkindən istifadəyə dair müəyyən edilmiş qaydalara, qanunvericiliyin tələblərinə, standartlara, normalara əməl etmələrinə nəzarət etmək; 3.1.25-ci bəndinə görə yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görmək, faydalı qazıntı yataqlarının işlənilməsi, dağ-mədən sənayesinin istehsalat tullantılarından istifadədə müəyyən edilmiş normalara və qaydalara, habelə faydalı qazıntı karxanalarının rekultivasiyasına və keyfiyyətinə, onların istifadəçilərə verilməsi müddətinə nəzarət etmək Agentliyin vəzifələrinə aid edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaq üçün istinad etdiyi “X3 üzrə Dövlət Fondu haqqında Əsasnamə”nin yuxarıda göstərilən 3.7-ci bəndinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, həmin bənddə fonda ödənişlərə nəzarətin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Vergilər Nazirliyi tərəfindən həyata keçirməli olması nəzərdə tutulsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından həmin nəzarətin məhz Agentlik tərəfindən həyata keçirilməsi barədə müddəa yer almamışdır. Bununla yanaşı Agentlik hazırkı iddianı qaldırmaq hüququna malik olmasını sübuta yetirmək üçün ona Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından sözügedən nəzarəti həyata keçirmək hüququ verən hər hansı sənədə istinad etməmişdir. İkincisi, sözügedən bənddə fonda ödənişlərə nəzarətin həyata keçirilməsi prosesində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı nəzərdə tutulsa da, nəzarəti həyata keçirməli olan əsas subyekt qismində Vergilər Nazirliyi (hazırda Dövlət Vergi Xidməti) qeyd edilmişdir. Məhkəmə hesab edir ki, həmin müddəanın ifadə tərzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fonda ödənilşlərə nəzarəti təkbaşına həyata keçirmək hüququna malik olmasını istisna edir. Üçüncüsü, sözügedən bənddə əks olunmuş “ödənişlər üzrə mükəlləfiyyətlərin yerinə yetirilməsi üzərində nəzarət” anlayışının mahiyyətinə gəldikdə məhkəmə qeyd edir ki, dövlət orqanların fonda ödənişlərə nəzarətin keçirilməsində iştirak etməsi həmin orqana ayırmaların tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnun verilməsi anlamına gəlmir. “X13 X1 Nizamnaməsi”nə görə yer təkinin istifadəsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülməsinin Agentliyin vəzifələrinə aid edilməsi barədə iddiaçının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, hazırkı mübahisənin predmeti cavabdeh tərəfindən yer təkinin istifadəsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı deyil. Belə ki, əvvəla iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən yerin təkindən istifadə nəticəsində dəymiş zərərin deyil, yerin təkindən istifadə ilə bağlı X3na ayırmaların tutulması tələbini irəli sürmüşdür. İkincisi, iddiaçı iddia tələbinin əsası kimi cavabdeh tərəfindən yerin təkindən istifadə edilərkən maddi zərərin vurulmasına səbəb olmuş qanunsuz təqsirli əmələ (deliktə) yol verilməsinə dəlalət edən hər hansı faktiki hala istinad etməmişdir. MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə edir ki, iddiaçı X13 X2 X3na ayırmaların tutulmasını tələb etməyə, yəni hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa da malik deyildir. Odur ki, hazırkı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X13 X1 cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar