Məhkəmə qərarları › İş №e-2-2(113)-2106/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2106/2025

20.02.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2106/2025 20.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qanunçuluq, legitim məqsəd, mütənasiblik) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) dövlət büdcəsinə olan 262 004,75 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 549 430,7 manat, İşsizlikdən Sığorta Fonduna olan 7473,34 manat, İcbari Tibbi Sığorta Fonduna olan 29630,74 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" ASC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 29630,74 manat, İşsizlikdən Sığorta Fonduna 7473,34 manat, Dövlət Sosial Müdafiə Fonduna 549430,7 manat, dövlət büdcəsinə 262004,75 manat məbləğində (o cümlədən vergilər üzrə 175713,28 manat, faizlər üzrə 86051,47 manat, maliyyə sanksiyası üzrə 240 manat) olmaqla ümumilikdə 848539,53 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********034500, xx.xx.2024-cü il tarixli **********841100, xx.xx.2024-cü il tarixli **********302400, xx.xx.2024-cü il tarixli **********030300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:

3. Əvvəlki məhkəmə iclaslarında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil ərizəyə etiraz etdi və eyni zamanda göstərdi ki, Maraqlı şəxs "xxxx" ASC-yə yeni direktor təyin edilmişdir. Borc isə əvvəlki qanuni təmsilçinin dövründə yaranmışdır. Maraqlı şəxs "xxxx" ASC-nin direktoru təyin edildikdən sonra borcun ödənilməsi üçün addımlar atmışdır.

4. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

5. Maraqlı şəxsə məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçi və maraqlı şəxsin iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

III. Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Konstitusiyasının: – 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. – 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; – 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

8. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”.

9. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: – 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. – 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

10. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. – 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. – 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. – 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə ilk növbədə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun (o cümlədən məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı üzrə yaranmış borcun) mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olubolmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır.

13. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı icraat üçün qanunverici tərəfindən müəyyən edilmiş dar çərçivədə vergi borcunun mübahisələndirilməsi, borcun (borc məbləğinin) əsaslı olub-olmaması məsələlərinin araşdırılmasına yol verilmir.

14. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" ASC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur.

15. "xxxx" ASC-nin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 319 568,36 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 570 700,5 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 8327,07 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 32960,09 manat təşkil edir.

16. "xxxx" ASC-nin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 316 764,55 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 565 962,7 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 8327,07 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 32960,09 manat təşkil edir.

17. Vergi orqanı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildirişlərin və xəbərdarlığın surətindən görünür ki, "xxxx" ASC-dən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

18. Ərizəçinin təqdim etdiyi vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildiriş və xəbərdarlıq maraqlı şəxs "xxxx" ASC-nin elektron kabinetinə yerləşdirilmişdir.

19. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan "xxxx" ASC vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcları yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicilərinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində "xxxx" ASC tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir.

20. Odur ki borclu hüquqi şəxsin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Lakin məhkəmə qeyd edilən borcla əlaqədar maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyü ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

21. Avropa Məhkəməsinin “Qoçev Bolqarıstana qarşı iş” üzrə qərarında isə göstərilmişdir ki, işin faktları ərizəçinin əvvəldən avtomatik xarakterli tədbirə məruz qaldığını göstərir. Sözügedən tədbir direktor tərəfindən ərizəçinin şəxsi vəziyyəti və hətta borclarının ödənilməməsi ilə bağlı hallar barədə izahat tələb edilmədən və qərarında bu məsələlərə baxılmadan təyin edilib. Qabaqlayıcı tədbirin effektivliyi çox vaxt onun icra sürətindən asılı olduğuna baxmayaraq, bu, müvafiq yerli orqanı tədbir tətbiq edildikdən sonra müvafiq məlumat toplamaq öhdəliyindən azad etmir. Hazırkı işdə direktor öz qərarlarını verməzdən əvvəl ərizəçiyə sadəcə olaraq onun kreditorlarına təminat veribvermədiyini bildirmək təklif etmişdir. Beləliklə, inzibati orqan ərizəçinin hərəkət azadlığının məhdudlaşdırılmasının işin halları baxımından əsaslı və mütənasib olmasını təmin etmək üçün bütün müvafiq məlumatları nəzərə almamışdır (Qoçev Bolqarıstana qarşı, № 34383/03, 2009-cu il 26 noyabr tarixli qərarı, §53).

22. Məhkəmə xüsusilə qeyd edir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab veribverməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

23. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

24. Mütənasiblik prinsipinin məhkəmə təcrübəsində tətbiqinin bir çox aspektləri vardır. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Beləliklə, işin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət “ədalət mühakiməsi” anlayışı ilə ziddiyyət təşkil edir. Təsadüfi deyil ki, qanunverici vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhz ədalət mühakiməsini həyata keçirən məhkəmələrə həvalə etmişdir.

25. Qeyd edilənlərin əksinə olan istənilən yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüqunun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir.

26. Hazırda vergi orqanı hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən digər tədbirlərin (öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) nəticə veribverməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir.

27. Əksinə, maraqlı şəxs tərəfindən təqdim edilən avtonəqliyyat vasitəsinin siyahıya almaya təqdim edilməsi barədə ərizəçi tərəfindən "xxxx" ASC-yə ünvanlanan xəbərdarlıqda aparılmış araşdırma zamanı X4 orqanlarının qeydiyyat məlumatlarına əsasən, hüquqi şəxsin mülkiyyətində “KAVZ 3271” avtobus markalı 50AC173 dövlət nömrə nişanlı, “QAZ 3102” minik markalı 50AA114 dövlət nömrə nişanlı, “MMZ 4502” yük markalı 50AC759 dövlət nömrə nişanlı, “MAZ 5334” yük-yanacaq markalı 50AC269 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsilərinin müəyyən edildiyi, həmin əmlakların siyahıya alınma üçün təklif edildiyi görünür.

28. Həmçinin xx.xx.2003-cü il tarixli texniki pasportdan "xxxx" ASC-yə məxsus tikinti altı sahəsi 11835,3 kv.m, ümumi sahəsi 13016,9 kv.m olan müəssisənin olduğu görünür.

29. Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 65-ci maddəsində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Vergi qanunvericiliyində vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin belə müddəanın olmaması ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özözlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.

30. Elə Avropa Məhkəməsi də bu qəbildən olan işlərə münasibətdə analoji hüquqi mövqe formalaşdırımışdır.

31. Qeyd etmək lazımdır ki, eyni əsaslara görə Avropa Məhkəməsinin hətta Azərbaycan Respublikasının əleyhinə çıxarılmış qərarı da mövcuddur. Belə ki, “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də tələb edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq, ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Vergi orqanları və yerli məhkəmələr vergi borcunun alınması üçün ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti ilə bağlı hər hansı arqument irəli sürməmişlər (Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı № 74288/14 və 64568/16, 2021-ci il 14 oktyabr tarixli qərarı, §§ 93-94).

32. Bununla yanaşı, Avropa Məhkəməsinin “Reiner Bolqarıstana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, Konvensiyaya üzv dövlətlər vergilərin ödənilməsini təmin etmək üçün müvafiq fiskal siyasətin formalaşdırılması və həyata keçirilməsində azadlığa malikdir. Lakin bu azadlıq vergi borcunun olması ilə əlaqədar şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının yalnız müvafiq məqsədə - borcun ödənilməsinin təmin edilməsinə istiqamətləndiyi halda yolverilən hesab edən mütənasiblik prinsipi ilə müşayiət edilməlidir. Belə ki, bu məhdudiyyət vergi borcunu ödəmək qabiliyyəti olmayan şəxsə verilən de fakto cəza xarakterinə malik ola bilməz. Həmçinin hakimiyyət orqanları fiskal orqanların borcun digər vasitələrlə alınması üçün ağlabatan səylər göstəribgöstərmədiyini, borclunun ölkəni tərk etməsinin borcun alınması imkanını azalda biləcəyi ehtimalını vaxtaşırı yenidən qiymətləndirmədən fərdin hərəkət azadlığına məhdudiyyətləri uzun müddət saxlamaq hüququna malik deyildirlər. Fiskal orqanlar aktiv olaraq borcun tutulmasına çalışmamış, xüsusilə də ərizəçinin ölkə daxilində hər hansı aktivinə və ya daşınar əmlakına həbs qoyulması üçün heç bir yeni səy göstərməmişlər. Ərizəçinin xaricdə olan resurslarına dair sorğu etmək imkanı fiskal orqanlar tərəfindən heç vaxt nəzərdə keçirilməyib. Dövlət orqanlarının borcun ən azı bir hissəsinin tutulması üçün aşkar vasitələrdən istifadə etməməsi cavabdeh Hökumətin səfər qadağasının borcun ödənilməsi üçün zəruri olaraq qalması və ya ərizəçinin azadlığına qoyulmuş geniş məhdudiyyətə mütənasib olması barədə mövqeyini sarsıdır (Reiner Bolqarıstana qarşı № 46343/99, 2006-cı il 23 may tarixli qərarı, §§ 119-128).

33. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X1 "xxxx" ASC-nin direktoru vəzifəsindən xx.xx.2024-cü il tarixdə azad edilmişdir.

34. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, Maraqlı şəxs "xxxx" ASC-nin baş direktoru vəzifəsinə işə qəbul edilmişdir.

35. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xammalın qəbulu, emalı və təhvil üzrə ikitərəfli müqavilənin şərtlərindən görünür ki, "xxxx" ASC illik 50000 ton neft və neft məhsullarını qəbul edib, emal edərək təhvil verilməsini öhdəsinə götürmüş, xidmət haqqı xammalın 1 metrik tonu üçün 10 manat razılaşdırılmışdır.

36. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ("xxxx" ASC-nin adından maraqlı şəxsin imza etdiyi) icarə müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba şosesi ünvanında yerləşən 500 kv.m sahəsi icarəyə verilmişdir.

37. "xxxx" ASC-nin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsinə əsasən, xx.xx.2024-cü il tarixdən sonra dövlət büdcəsinə xx.xx.2024-cü il tarixli ödəmə tapşırığı əsasında 31,66 manat, xx.xx.2024-cü il tarixli ödəmə tapşırığı əsasında 4264,2 manat, xx.xx.2024-cü il tarixli ödəmə tapşırığı əsasında 4329,06 manat, xx.xx.2024-cü il tarixli ödəmə tapşırığı əsasında 4357,8 manat, xx.xx.2025-ci il tarixli ödəmə tapşırığı əsasında 127,8 manat, xx.xx.2025-ci il tarixli ödəmə tapşırığı əsasında 4602,6 manat olmaqla ümumilikdə 17713,12 manat, Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2024-cü il tarixdə ödəmə tapşırığı əsasında 12,89 manat ödəniş edilmişdir. Eyni zamanda görünür ki, dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borcların əksər hissəsi xx.xx.2024-cü il tarixədək hesablanmışdır.

38. Göründüyü kimi, "xxxx" ASC-nin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borclarının əksər hissəsi xx.xx.2024-cü il tarixdək olan dövrü əhatə etmiş, maraqlı şəxs xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin icra orqanın rəhbəri təyin edilmiş, təyin edildikdən sonra "xxxx" ASC-nin dövlət büdcəsinə və müvafiq fondlara olan borclarının ödənilməsi istiqamətində ayrı-ayrı hüquqi şəxslərlə müqavilələr imzalamış, həmçinin ödəmə tapşırıqları əsasında dövlət büdcəsinə ümumilikdə 17713,12 manat ödəniş etmişdir.

39. Nəzərə alınsa ki, hüquqi şəxs təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan qurumdur, onun dövlət qarşısında olan öhdəlikləri üçün icra orqanının rəhbərinin məsuliyyəti müstəsna tədbirdir və yalnız Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi standartları çərçivəsində tətbiq oluna bilər, bu zaman hazırda göstərilənlər Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını istisna edir. Belə ki, maraqlı şəxs tərəfindən borcun ödənilməsi istiqamətində addımlar atıldığı halda, məhdudiyyətin tətbiq edilməsi mütənasib olmadığı kimi, legitim məqsəd də güdmür.

40. Beləliklə, hazırkı halda – maraqlı şəxsin xx.xx.2024-cü il tarixdən hüquqi şəxsin icra orqanının rəhbəri təyin edildiyi, həmin tarixdən sonra borcun ödənilməsi istiqamətində addımlar atdığını, dövlət büdcəsinə və müvafiq fondlara olan borcun əksər hissəsinin əvvəlki dövrdə (xx.xx.2024-cü il tarixdən əvvəl) yarandığı, vergi orqanı tərəfindən borcun alınması üçün gördüyü digər tədbirlər və onların nəticə verib-verməməsi (ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir, legitim məqsəd güdmür.

41. Qeyd olunanlara uyğun olaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə rədd edilməlidir.

V. Nəticə:

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş ərizə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar