Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2107/2021 16.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ("İddiaçı" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 13 oktyabr 2020-ci il tarixli, 0333-MH-GM/20 saylı ehtiyat hissələrinin alqı-satqısı müqaviləsinə əsasən 42692,36 (qırx iki min altı yüz doxsan iki manat otuz altı qəpik) manat məbləğində əsas borc, 6403 (altı min dörd yüz üç) manat məbləğində hesablanmış cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 49125,36 (qırx doqquz min yüz iyirmi beş manat otuz altı qəpik) manat məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. İddiaçı MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Cavabdeh MMC ilə İddiaçı MMC arasında 13 oktyabr 2020-ci il tarixli, 0333-MH-GM/20 saylı ehtiyat hissələrinin alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin 01 saylı əlavəsi olan “Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” 01 saylı Akta əsasən Cavabdeh MMC-yə iddiaçı tərəfindən əsas dəyəri 36179,97 manat, əlavə dəyər vergisi 6512,39 manat olmaqla, cəmi 42692,36 manat dəyərində ehtiyat hissələri satılmışdır. Ehtiyat hissələrinin alqı-satqısı müqaviləsinin 2.6-cı maddəsinə əsasən “Satıcı”nın təqdim etdiyi hesab əsasında “Alıcı” əlavədə göstərilmiş malların dəyərinin 100% hissəsini təhviltəslimdən sonra köçürmə yolu ilə 5 bank günü ərzində ödəməlidir. Lakin cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Beləliklə, Cavabdeh MMC-nin bu müqavilə üzrə əsas borcu 42692,36 manat təşkil edir. Eyni zamanda, müqavilənin 4.1.3.-cü maddəsinə əsasən gecikdirilmiş günlərə görə hesablanmış cərimənin həcmi 6403 manat təşkil edir. Tərəflər arasında 21.09.2020-ci il tarixində Qarşılıqlı hesablaşmalar haqqında Üzləşmə Aktı tərtib edilmiş və bu aktda Cavabdeh MMC–nin İddiaçı MMC-yə olan ƏDV xaric 18980 manat məbləğindəki borcu təsdiq edilmişdir. Buna əsaslanaraq, cavabdehə göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə 27 yanvar 2021-ci il tarixli 1664 saylı pretenziya məktubu göndərilmiş, lakin cavabdehin ünvanı müəyyən edilmədiyinə görə pretenziyanın qəbul edilməsindən imtina edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh MMC arasında 13.10.2020-ci il tarixdə 0333-MH-GM/20 saylı “Ehtiyat hissələrinin satışı” müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - 13.10.2020-ci il tarixli, 0333-MH-GM/20 saylı alqı-satqı müqaviləsinə dair 01 saylı əlavədən görünür ki, satıcı - İddiaçı ilə alıcı - Cavabdeh MMC arasında qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında 13.10.2020-ci il tarixli, 01 nömrəli akt tərtib olunmuş və həmin akta əsasən 13.10.2020-ci il tarixli, 0333-MH-GM/20 saylı alqısatqı müqaviləsində qeyd olunmuş şərtlərə uyğun sifarişçinin sifarişinə əsasən qarşılıqlı razılaşdırılmış qiymətlər əsasında, ümumilikdə qiymətləri 42692,36 manat məbləğində olan mallar satıcı tərəfindən təhvil verilmiş və alıcı tərəfindən də qəbul edilmişdir. Müqaviləyə 01 saylı əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - 13.10.2020-ci il tarixli Üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin 13.10.2020-ci il tarixə 36180 manat məbləğində qalıq borcunun olduğu müəyyən edilmişdir. Üzləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - İddiaçı MMC tərəfindən 18.03.2021-ci il tarixli, EBAY seriyalı, 857035 saylı elektron qaimə tərtib edilərək, Cavabdeh MMC-dən 42692,36 manat məbləğində borcun ödənilməsi tələb edilmişdir. - İddiaçı tərəfindən 27.01.2021-ci il tarixdə 1664 saylı pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş 42692,36 manat (əsas dəyəri 36179,97 manat + əlavə dəyər vergisi 6512,39 manat) borcu yaranmışdır. Həmin borcun mövcudluğu iş materiallarına əlavə edilmiş üzləşmə aktı və elektron qaimə ilə təsdiq olunur. İddia tələbinin bir hissəsini cavabdehdən 42692,36 (qırx iki min altı yüz doxsan iki manat otuz altı qəpik) manat məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 42692,36 manat (qırx iki min altı yüz doxsan iki manat otuz altı qəpik) məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini 6403 (altı min dörd yüz üç) manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Cavabdehin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və tələb həmin hissədə də təmin edilərək, 6403 (altı min dörd yüz üç) manat məbləğində cərimə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 42692,36 (qırx iki min altı yüz doxsan iki manat otuz altı qəpik) manat əsas borc, 6403 (altı min dörd yüz üç) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 49125,36 (qırx doqquz min yüz iyirmi beş manat otuz altı qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2107/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2107/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver