Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2110/2022 13.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı X2 İnşaat Sanayi ve Dış Ticaret LTD ŞTİ-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 İnşaat Sanayi ve Dış Ticaret LTD ŞTİ-nin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 01.09.2016-cı il, 08.12.2016-cı il, 01.11.2017-ci il, 28.02.2019-cu il tarixli alqı-satqı və xidmət müqavilələri üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün 388176.57 ABŞ dolları pul vəsaitinin, yəni manat ekvivalentində 659900.17 manat pul vəsaitinin, ilkin mediasiya sessiyası üçün 400 manat pul vəsaitinin, dövlət rüsumu qismində ödənilmiş 551 manat pul vəsaitinin (951 manat dövlət rüsumu – 400 manat mediasiya xərci = 551 manat) tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 01.09.2016-cı il, 08.12.2016-cı il, 01.11.2017-ci il, 28.02.2019-cu il tarixli alqı-satqı və xidmət müqavilələri üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün 388176.57 ABŞ dolları pul vəsaitinin, yəni manat ekvivalentində 659900.17 manat pul vəsaitinin, ilkin mediasiya sessiyası üçün 400 manat pul vəsaitinin, dövlət rüsumu qismində ödənilmiş 551 manat pul vəsaitinin (951 manat dövlət rüsumu – 400 manat mediasiya xərci = 551 manat) tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01.09.2016cı il, 08.12.2016-cı il, 01.11.2017-ci il, 28.02.2019-cu il tarixli alqı-satqı və xidmət müqavilələri bağlanılmışdır. Müqavilələr iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqavilələrin ümumi dəyərini təşkil edən 388176.57 ABŞ dolları məbləğində borcunu geri ödəməmişdir. Nəticədə iddiaçının hüquqları kobud şəkildə pozulmuş, mənafelərinə ziyan vurulmuş, işgüzar nüfuzuna xələl gətirilmişdir. Müqavilə şərtlərinə uyğun vicdanla yerinə yetirdiyi işin dəyərini ala bilməmişdir. Nəticədə bu illər ərzində maddi itkilərlə qarşılaşmışlar. Odur ki, artıq hüquqlarının məhkəmə müdafiəsinə ehtiyac yaranmışdır. Çünki cavabdehdən haqqı olan pulu başqa cür almaq imkanı yoxdur. Qanunvericiliyin tələblərinə görə, kommersiya mübahisələrinin məhkəmədə tənzimlənməsindən öncə ilkin mediasiya sessiyasından keçməsi tələb olunur. Bu məqsədlə keçirilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməkdən boyun qaçırmışdır. İlkin mediasiya sessiyası barəsində cavabdehə əvvəlcədən poçt rabitəsi vasitəsilə məlumat verilsə də, son nəticədə cavabdeh tərəf mediasiya prosesindən qərəzli şəkildə yayınmışdır. Beləliklə, işin məhkəmələr tərəfindən tənzimlənməsinə zərurət yaranmışdır. İlkin mediasiya sessiyası üçün Mediasiya Şurasına 400 manat pul vəsaiti köçürtmüşdür. Həmin vəsaitin də iddia tələbinə daxil edilməsi və məhkəmə tərəfindən təmin edilməsi zərurətdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qismən etiraf edərək, izahatında bildirdi ki, borcu dəqiqləşdirmişdir və hazırda cavabdehin iddiaçıya 386840 ABŞ dolları borcu vardır. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 01.09.2016-cı il tarixli X1 Sözleşmesindən, 08.12.2016-cı il tarixli X1 Sözleşmesindən, 01.11.2017-ci il tarixli Mal alım müqaviləsindən, 30.04.2018-ci il tarixli X1 Sözleşmesindən və 28.02.2019-cu il tarixli AGT_LAB_S_006/19 saylı Alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə malları təhvil verməyi, cavabdeh isə malları qəbul edib razılaşdırılmış qiyməti iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01.09.2016-cı il tarixli “Çelik işleri haqqında” müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonunda tikilən “Bravo hipermarket tikintisində” çelik işlərinin texniki və mühəndislik nəzarət işlərini görməyi, cavabdeh isə işlərin dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 10.06.2019-cu il tarixə 388176,57 ABŞ dolları borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 01.09.2016-cı il tarixli, 08.12.2016-cı il tarixli, 01.11.2017-ci il tarixli, 30.04.2018-ci il tarixli və 28.02.2019-cu il tarixli AGT_LAB_S_006/19 saylı alqı-satqı müqavilələri bağlanmış və müqavilələrə əsasən iddiaçı cavabdehə malları təhvil verməyi, cavabdeh isə malları qəbul edib razılaşdırılmış qiyməti iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında 01.09.2016-cı il tarixli “Çelik işleri haqqında” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Nəsimi rayonunda tikilən “Bravo hipermarket tikintisində” çelik işlərinin texniki və mühəndislik nəzarət işlərini görməyi, cavabdeh isə işlərin dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən mallar cavabdehə təhvil verilmiş və işlər görülmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin iddiaçıya 10.06.2019-cu il tarixə 388176,57 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə alqı-satqı müqaviləsi üzrə tələbə münasibətdə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, malları cavabdehə təhvil vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilələr üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilələr üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilələrdən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Bundan başqa, tərəflər arasında 01.09.2016-cı il tarixli “Çelik işleri haqqında” müqavilə bağlanmışdır ki, həmin müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında eyni zamanda podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, işləri görmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə bu müqavilə üzrə də öhdəlikləri yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 01.09.2016-cı il tarixli, 08.12.2016-cı il tarixli, 01.11.2017-ci il tarixli, 30.04.2018-ci il tarixli və 28.02.2019-cu il tarixli AGT_LAB_S_006/19 saylı alqı-satqı müqavilələrinə, 01.09.2016cı il tarixli “Çelik işleri haqqında” müqaviləyə və üzləşmə aktına əsasən yaranmış 388176,57 ABŞ dolları məbləğində borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 01.09.2016-cı il, 08.12.2016-cı il, 01.11.2017-ci il, 28.02.2019-cu il tarixli alqı-satqı və xidmət müqavilələri üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün 388176.57 ABŞ dolları pul vəsaiti, yəni manat ekvivalentində 659900.17 manat pul vəsaiti, ilkin mediasiya sessiyası üçün 400 manat pul vəsaiti, dövlət rüsumu qismində ödənilmiş 551 manat pul vəsaiti tutularaq X2 İnşaat Sanayi ve Dış Ticaret LTD ŞTİ-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2110/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2110/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver