Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2116/2024 22.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 20 noyabr 2020-ci il tarixli 15 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1-ci bəndinə əsasən “Satıcı” anbardan “Alıcı”nın sifarişi ilə qida məhsulları istehsalında istifadə edilən müxtəlif növ qida qarışıqları və ədviyyatları satır, alıcı isə həmin məhsulları qəbul edir. - 5-ci bəndinə əsasən alıcı sifariş etdiyi və ya aldığı malların dəyərinin ödənişini əvvəlcədən həyata keçirir. - 8-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti imzalanan gündən 3 il müddətinədir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı MMC tərəfindən ümumilikdə 16.595,22 manat dəyərində qida məhsullarının (kolbasa və s.) göndərilməsinə dair o cümlədən 715,25 manat dəyərində xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 844318 nömrəli, 1.012,44 manat dəyərində xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 466421 nömrəli, 717,44 manat dəyərində xx.xx.2021ci il tarixli, EBAY seriyalı, 920191 nömrəli, 2.352,45 manat dəyərində xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 822132 nömrəli, 9.461,24 manat dəyərində xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 984686 nömrəli və 2.336,40 manat dəyərində xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 666066 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.
3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixində pretenziya məktubu ünvanlanaraq borcun ödənilməsi xahiş edilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
4. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 15 №li alqı-satqı müqaviləsinə əsasən 16.595,22 manat məbləğində əsas borcun, 205 manat məbləğində mediasiya xərcinin Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh Məhud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında xx.xx.2020-ci il tarixli, 15 №li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən satıcı anbarından alıcının sifarişi ilə qida məhsulları istehsalında istifadə edilən müxtəlif növ qida qarışıqları və ədviyyatları satmağı, “alıcı” isə həmin məhsulları almağı və əvəzində ödəniş etməyi öz öhdəliyinə götürmüşdür. Belə ki, İddiaçı MMC öz öhdəliyini yerinə yetirərək Cavabdeh MMC-nin sifarişinə əsasən aşağıda qeyd olunan məbləğdə məhsullar göndərmişdir: xx.xx.2020-ci il tarixində ümumi dəyəri 715 manat 25 qəpik; 2. xx.xx.2021 ci il tarixində ümumi dəyəri 1012 manat 44 qəpik; 3. xx.xx.2021-ci il tarixində ümumi dəyəri 717 manat 44 qəpik; 4. xx.xx.2021-ci il tarixində ümumi dəyəri 2352 manat 45 qəpik; 5. xx.xx.2021-ci il tarixində ümumi dəyəri 9461 manat 24 qəpik; 6. xx.xx.2021-ci il tarixində ümumi dəyəri 2336 manat 40 qəpik; Belə ki,İddiaçı (satıcı) tərəfindən Cavabdeh Məhud Məsuliyyətli Cəmiyyətinə (alıcı) ümumilikdə 16.595 manat 22 qəpik dəyərində məhsul göndərilsə də, bu günə qədər Cavabdeh MMC tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, ümumi borcun məbləği 16.595,22 manat təşkile dir. Göründüyü kimi Cavabdeh MMC müqavilə şərtlərini pozmuş və vaxtı-vaxtında ödənişi həyata keçirməmişdir. Bu səbəbən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəməyə müraciət etməmişdən öncə, “İnternet vergi dairəsi” portalı üzərindən cavabdehə pretenziya göndərərək borcu ödəməkləri üçün 1(bir) həftə müddətinə vaxt verilsə də, cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin problemin həll edilməsi üçün mediasiyaya müraciət edilmişdir. Lakin cavabdeh mediasiyaya gəlməkdən imtina etmişdir. Beləliklə, aralarında razılıq əldə olunması mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-00038 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışa əsasən, tərəflərindən mediasiya sessiyası üçün 205 manat məbləğində pul ödənilmişdir.
6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1 və 448.2-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
7. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi X2 iddia tələbini müdafiə edib, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
13. İddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
16. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
19. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 20 noyabr 2020-ci il tarixli 15 saylı alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sifariş edilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 16.595,22 manat təşkil edir.
21. İddiaçı mübahisəli müqavilə üzrə malların təqdim etməsi faktını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaimələri məhkəməyə təqdim etmişdir.
22. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 16.595,22 manat tutularaq İddiaçı MMCyə ödənilməlidir.
23. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 205 manat məbləğində mediasiya xərcləri ödənilmişdir..
24. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 139,78 manat təşkil edir.
25. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
26. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 205 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 20 noyabr 2020-ci il tarixli 15 saylı alq-satqı müqaviləsi üzrə 16.595,22 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 205 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Leyla Əliyeva