Məhkəmə qərarları › İş №e-2-2(113)-2118/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2118/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2118/2021 17.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, Nümayəndə iştirakı ilə, İddiaçı Nümayəndə Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.01.2021-ci il tarixli 003/012021 saylı Xidmət müqaviləsinə əsasən ödənilməmiş 348,29 manat xidmət haqqı, borcun gecikdirilməsinə görə 34,83 manat dəbbə pulu və 200 manat hüquqi yardım üçün xərclərin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə onun arasında kuryer xidmətlərinin göstərilməsinə görə bağlanılmış 21.01.2021-ci il tarixli 003/012021 saylı Xidmət müqaviləsinə (bundan sonra “Xidmət müqaviləsi” adlandırılacaq) əsasən onun tərəfindən bu günə kimi 348.29 (Üç yüz qırx səkkiz tam yüzdə iyirmi doqquz) AZN dəyərində kuryer xidmətləri göstərilmişdir. Cavabdeh MMC tərəfindən göstərilmiş xidmətlər üzrə heç bir ödəniş edilməmişdir. Xidmət müqaviləsi ilə borcların ödənmə müddətinin vaxtı keçməsi barədə cavabdehə şifahi və e-mail vasitəsi ilə etdiyimiz müraciətlərimizə baxmayaraq, müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmaqda davam etdirilir və öhdəliklərinin icrası təmin edilmir. Hal-hazırda 15.03.2021-ci il tarixinə olan hesablamalara görə müqavilə üzrə göstərilmiş xidmətlər ilə bağlı 348.29 (Üç yüz qırx səkkiz tam yüzdə iyirmi doqquz) AZN məbləğində cari borcu var. Həmçinin borcun qeyri müəyyən müddətə gecikdirilməsinə görə 34.83 (Otuz dörd tam yüzdə səkkən üç) AZN məbləğində dəbbə pulu hesablanıb. Bundan əlavə, cavabdeh öhdəliklərini icra etmədiyinə görə əlavə xərclər yaranıb. Belə ki, hüquq məsləhətlərinin alınması, məhkəməyə sənədlərin hazırlanması üçün hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə bağlamaq məcburiyyətində qalmışdır . Bununla əlaqədar xərcləri 200 (iki yüz) AZN təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan Nümayəndə ilə Cavabdeh MMC arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli VK-00./012021 saylı xidmət müqaviləsindən görünür ki, şifarişçinin sifarişinə əsasən Velokuryer müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymətlərin razılaşdırılması protokolunda göstərilən xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.5-ci bəndinə əsasən ödənişlər xidmətlər göstərildiyi aydan sonrakı ayın 7-dək ödənilir. İş materiallarında olan Nümayəndə ilə X2 arasında bağlanmış 15 mart 2021-ci il tarixli Hüquq Xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, icraçı şifarişçinin sifarişinə əsasən hüquq xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Təhvil-təslim aktından görünür ki, “hüquq məsləhətlərinin verilməsi, pretenziya məktubu və iddia ərizəsinin hazırlanması” işi Nümayəndə tərəfindən qəbul edilmiş və görülmüş işlərin qiyməti 200 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, Nümayəndə tərəfindən Cavabdeh MMC–yə 124582 saylı (51,42 manat) və 629515 saylı (296,88 manat) elekron qaimələr göndərilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iddia tələbində əsas borcun tələb edilməsi hissəsində yuxarıda qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, tərəflər arasında 21 yanvar 2021-ci il tarixli VK-00./012021 saylı xidmət müqaviləsi bağlanaraq öhdəlik münasibətləri yaranmış, iddiaçı həmin müqavilə üzrə cavabdehə müqavilə üzrə müəyyənləşdirilmiş xidmətləri göstərmişdir. Qeyd olunan hal velokuryer xidmətlərinin göstərilməsinə dair qəbzlər ilə təsdiqini tapır və həmin qəbzlər üzrə göstərilmiş xidmətlərin dəyəri cəmi 348,29 manat təşkil edir. Cavabdehə elektron qaimələr göndərilsə də, göstərilmiş xidmətlərin haqqını ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borcun tutulması hissəsində iddia əsaslıdır. Məhkəmə iddianın 34,83 manat dəbbə pulunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 348,29 manat əsas borcuna münasibətdə iddiaçı 34,83 manat cərimə hesablayıb tələb etmişdir və məhkəmənin qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olduğuna görə qeyd olunan hissədə də, iddia əsaslıdır. Məhkəmə hüquq xidmətlərinin göstərilməsi barədə çəkilmiş xərclərin ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bununla bağlı məhkəmə hesab edir ki, göstərilmiş “hüquq məsləhətlərinin verilməsi, pretenziya məktubu və iddia ərizəsinin hazırlanması” işi qanunvericiliyin tələbindən göründüyü kimi, vəkil tərəfindən həyata keçirildiyi halda təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə tutula bilər. Hazırki halda isə göstərilmiş xidmətlər vəkil tərəfindən göstərilmədiyindən iddia qeyd olunan hissədə təmin edilə bilməz. Beləliklə iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Nümayəndə Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. 348,29 manat xidmət haqqı, borcun gecikdirilməsinə görə 34,83 manat dəbbə pulu cəmi 383,12 manat (üç yüz səksən üç manat on iki qəpik) məbləğində pul Cavabdeh MMC-dən tutularaq Nümayəndə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar