Məhkəmə qərarları › İş №e-2-2(113)-2119/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2119/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2119/2023 02.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış 08 fevral 2022-ci il tarixli, M08022022 saylı müqavilə üzrə ödənilməmiş 7749,80 manat borc məbləğinin, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 100 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 8349,80 manat məbləğində pul vəsaitinin və ödənilmiş 103 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 8 fevral 2022-ci il tarixində M-M08022022 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən təchizatçı dərman (qeyri-dərman) vasitələrini alıcıya verməyi, alıcı isə malın dəyərini ödəməklə onu qəbul etməyi öhdəliyinə götürmüşdür. Bu Müqaviləyə əsasən 8 fevral 2022ci il – 21 iyun 2022-ci il tarixlərində Cavabdeh hospitalda baş tutmuş 6 travmotoloji əməliyyat zamanı İddiaçı MMC-yə məxsus implantlardan istifadə edilmişdir. Bu əməliyyatlarda istifadə olunan implantların cəmi qiyməti tərəflər arasında bağlanmış razılaşma protokolu ilə 11.151,17 manat (ƏDV daxil) məbləğində müəyyənləşdirilmiş və müvafiq e-qaimələr yazılmışdır. Bu Müqavilənin 4.4-cü bəndinə əsasən alıcı malları elektron qaimə fakturaya əsasən qəbul etdikdən sonra 5 (beş) iş günü ərzində ödənişin tam icra edilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən 7 iyun 2022 – 24 oktyabr 2022ci il tarixləri aralığında hissə-hissə olmaqla, cəmi 3401,35 manat ödəniş həyata keçirilmiş, 7749,80 manat borc məbləği isə hələ də ödənilməmiş olaraq qalmaqdadır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (təchizatçı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 08 fevral 2022-ci il tarixli M-M08022022 nömrəli müqaviləyə əsasən təchizatçı dərman (qeyri-dərman) vasitələri ilə alıcını təchiz etməyə, alıcı isə müqavilədə bəyan edilmiş qaydada malı qəbul etməyə və dəyərini ödəməyə borcludur.

8. Müqavilənin 1.2-ci bəndinə əsasən mallar alıcının sifarişi əsasında malın adı, kəmiyyəti, çeşidi və qiyməti göstərilən, tərəflərin hər birinin təsdiqlədiyi və imzaladığı mal fakturası ilə müəyyən edilir. Təchiz edilən mal öz keyfiyyərinə görə dövlət standartlarına, onun istehsal edildiyi sahədə mövcud olan texniki şərtlərə uyğun gəlir.

9. Müqavilənin 4.1-ci bəndinə əsasən təqdim olunacaq malların qiməti bu müqaviləyə əlavə olaraq imzalanacaq qiymət razılaşması protokolları ilə müəyyən olunacaq.

10. Müqavilənin 4.2-ci bəndinə əsasən malın qiymətinə əlavə olaraq hər bir əməliyyata görə təchizatçı tərəfindən alıcıya 600 manat (ƏDV daxil) xidmət haqqı hesablancaq və aylıq elektron qaiməsində öz əksini tapacaq. Əgər alıcı müqavilədə nəzrdə tutulmuş müddətdə öhdəsinə götürdüyü miqdarda (150-200 dəst) mal alışını həyata keçirsə əlavə xidmət haqqı hesablaması ləğv ediləcək. Mal alışı 120-149 dəst intervalında olarsa xidmət haqqına 400 manat endirim, 75-119 dəst intervalında olarsa 200 manat endirim tətbiq olunacaq.

11. Müqavilənin 4.4-cü bəndinə əsasən alıcı malları elektron qaimə fakturaya əsasən qəbul etdikdən sonra malların dəyərinin ödənişi satıcıya 5 iş günü ərzində tam olaraq həyata keçiriləcəkdir.

12. İddiaçı tərəfindən cavabdehə EBBT 856796 nömrəli xx.xx.2022-ci il tarixli, EBBT 859129 nömrəli xx.xx.2022-ci il tarixli, EBBT 858281 nömrəli xx.xx.2022-ci il tarixli, EBBT 857165 nömrəli xx.xx.2022-ci il tarixli, EBBY 668701 nömrəli xx.xx.2022-ci il tarixli, EBCB 996976 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr göndərilmişdir.

13. Müqaviləyə 01 saylı Əlavə qiymət razılaşdırma protokoluna əsasən göstərilən qiymətlər İcbari Tibbi Sığorta göndərişi olan xəstələrə də aid edilir. Bu qiymətlər illik əmliyyat sayı 150-dən çox olduğu halda qüvvədədir.

14. İddiaçıya məxsus vergi sistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 152,54 manat, xx.xx.2022-ci il tarixdə 152,54 manat, xx.xx.2022-ci il tarixdə 137,50 manat, xx.xx.2022-ci il tarixdə 76,27 manat cavabdeh tərəfindən ödəniş edilmişdir.

15. Cavabdeh tərəfinən iddiaçıya xx.xx.2022-ci il tarixli köçürmə qəbzi ilə 847,46 manat, xx.xx.2022-ci il tarixli köçürmə qəbzi ilə 847,46 manat, xx.xx.2022-ci il tarixli köçürmə qəbzi ilə 763,98 manat, xx.xx.2022-ci il tarixli köçürmə qəbzi ilə 423,73 manat köçürülmüşdür.

16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 08 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

24. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

26. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

27. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7749,80 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 203 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

31. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərci həmin hissədə cavabdehə aid edilə bilməz.

32. Belə ki, iddiaçı hüquqi yardımın göstərilməsi bağlı hər hansı sübutu (müqavilə, ödəniş qəbzi və sairə) məhkəməyə təqdim etməmişdir.

33. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 7749,80 (yeddi min yeddi yüz qırx doqquz manat səksən qəpik) manat məbləğində pul və ödənilmiş 203 (iki yüz üç) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar