Məhkəmə qərarları › İş №e-2-2(113)-212/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-212/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-212/2021 27.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 10.000 manat məbləğində borcun, 500 manat məbləğində faizlərin 30 manat məbləğində dövlət rüsumunun, cəmi 10.530 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh MMC arasında xx xxxxx 2019 - cu il tarixli xidmət müqaviləsi bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən icraçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti “Hunday R - 520 LC 9 S” AZ 10-0-714 DNN-li texnika ilə sifarişçinin verdiyi sifarişlar əsasında xidmət etməyi və bu xidmət müqabilində sifarişçi icraçıya “xxxx” MMC-yə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Razılaşmaya əsasən bu müqavilə üzrə “Hunday R - 520 LC 9 S” AZ 10-0-714 DNN-li texnika ilə bir aylıq xidmət haqqı (28 gün hesabı ilə) ƏDV xaric 10.000 manat təşkil edir. Gündəlik xidmət saatı isə 10 saat hesabı ilə hesablanır. Operatorun (sürücünün) xidmət haqqı müqavilədə qeyd edilən məbləğə daxildir. Müqaviləyə uyğun olaraq 2019-cu ilin avqust ayına qədər ödəniş aparılmışdır. Lakin 2019-cu ilin sentyabr ayı üçün nəzərdə tutulan 10.000 manat ödənilməmişdir. Cavabdeh uzun müddətdir ki, həmin məbləği ödəyəcəyini vəd etsə də bu günə qədər borcunu ödəməmişdir . Bu halda hesab edir ki, cavabdeh qəsdən 10.000 manat məbləğində pulu ödəməkdən yayınır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbindən qeyd edilmiş məbləğdən başqa əlavə dəyər vergisi üçün 1800 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında xx.xx.2019-cu il tarixli, HMC/X 208/0419 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə görə bu müqaviləyə əsasən icraçı “Hunday R-520 LC 9S” AZ 10-O-714 D.N.N-lı texnika sifarişçinin verdiyi sifarişlər əsasında xidmət edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir. 3.1-ci bəndinə əsasən razılaşmaya görə bu müqavilə üzrə “Hunday R-520 LC 9S” AZ 10-O-714 D.N.N-lı texnikanın bir aylıq xidmət haqqı (28 gün hesabı ilə) ƏDV xaric 10.000 manat təşkil edir. Gündəlik xidmət haqqı saatı isə 10 saat hesabı ilə hesablanır. Operatorların (sürücülərin) xidmət haqqı müqavilədə qeyd olunan məbləğə daxildir. Hazırkı müqavilənin şərtlərinə müvafiq olaraq göstərilən xidmətlərə görə sifarişçi hər ay icraçıya 350 manat həcmində xidmət haqqı ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli, HMC/X 208/0419 saylı müqaviləyə əsasən 2019-cu ilin sentyabr ayı ərzində göstərilmiş xidmətlər barədə təhvil-təslim aktından görünür ki, “xxxx” MMC özünə məxsus texnikalar ilə Cavabdeh MMC-yə 11.800 manat (1800 manat ƏDV daxil) dəyərində xidmət göstərilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə xx xxxxxx 2020-ci il tarixli pretenziya məktubu ünvanlanaraq 10.000 manat məbləğində pulun 5 bank günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmiş, Cavabdeh isə göstərilmiş xidmətə görə xidmət haqqını ödəməməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 11.800 manat (ƏDV daxil) məbləğində əsas borcu yaranmışdır. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətin haqqını ödəmək öhdəliyini icra etmədiyini, iddiaçının isə həmin öhdəliyi icra edilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, 11.800 manat (ƏDV daxil) manat məbləğində əsas borcun tutulması hissəsində iddia əsaslıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə 500 manat pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə Cavabdeh MMC-nin pul öhdəliyinin icrasını 1 ildən artıq müddət ərzində gecikdirildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı “xxxx” MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 % hesabı ilə bir illik müddət üçün 500 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 11.800 (on bir min səkkiz yüz) manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 500 (beş yüz) manat məbləğində faiz, cəmi 12.300 (on iki min üç yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar