Məhkəmə qərarları › İş №e-2-2(113)-2120/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2120/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2120/2021 14.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə üzrə yaranmış pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 10.660,63 (on min altı yüz altmış manat altmış üç qəpik) manat məbləğində borc, 400 (dörd yüz) manat məbləğində faiz, 500 (beş yüz) manat məbləğində hüquqi yardım xərci, 40 (qırx) manat məbləğində poçt xidməti pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumunun “FF Supply Services” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən “Ceylan“ MMC müxtəlif adda yeyinti mallarını cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini icra edərək malları cavabdehə təhvil vermişdir. Tərəflər arasında uzun müddət normal əməkdaşlıq münasibətləri olmuşdur. Satılmış mallara görə müvafiq elektron qaimələr tərtib edilərək cavabdehə təqdim edilmişdir. Lakin cavabdehə satılmış mallara görə təqdim edilmiş bəzi elektron qaimələrin təqdim edilməsindən uzun müddət keçməsinə baxmayaraq satılmış malların pulu hələ də ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra İddiaçı MMC borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir və ödəməkdən imtina edir. Bu isə İddiaçı MMC-nin hüquqlarını pozduğu üçün məhkəməyə müraciət edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 10.660,63 (on min altı yüz altmış manat altmış üç qəpik) manat məbləğində borc, 400 (dörd yüz) manat məbləğində faiz, 100 (yüz manat) manat məbləğində hüquqi yardım xərci, 18 (on səkkiz) manat məbləğində poçt xidməti pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumunun “FF Supply Services“ Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi. Daha sonrakı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qeyd etdi ki, cavabdeh malların istifadə müddətinə 3 ay qalmış yazılı şəkildə onlara məlumat vermə öhdəliyi olduğu halda bu barədə heç bir məlumat verməmişdir. Əlavə olaraq, cavabdeh tərəf məhkəməyə izahatında qeyd etdiyi malların onların istifadə müddətinin bitdiyi üçün geri qaytarılmasını tələb etdiklərini sübut etməlidirlər. Belə ki, onlar öz ifadələrində də qeyd etdilər ki, malların müddəti bitdiyi üçün yox, satışlar azaldığı üçün geri qaytarmaq istəyiblər. İddiaçının nümayəndəsi iddia ərizəsinə və məhkəməyə izahatına əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə izahatında iddia tələbini qismən qəbul etdiyini bildirərək, qeyd etdi ki, onlar təchizatçı şirkət kimi fəaiyyət göstərirlər. Tərəflər arasında müqavilə imzalanmış, həmin müqavilə üzrə malların demək olar ki 50%-i ödənilmişdir. Tərəflər arsında mübahisəyə səbəb isə iddiaçı tərəfindən yalnız onlara məxsus kompaniya olması bildirilmiş, həmin kompaniya əsasında mallar endirimli qiymətlərlə təklif edilmiş və onlar bu təklifi qəbul etmişlər. Bir müddət sonra satışları zəifləmiş və bununla bağlı olaraq araşdırma apardıqlarında məlum olmuşdur ki, onlara endirimli şərtlərələ təklif olunan mallar digər müştərilərə də təklif edilmişdir. Avqust ayından etibarən şirkətin Tural, Toğrul, Kənan adlı əməkdaşları ilə əlaqə saxlanmış və malların geri qaytarılması təklif olunmuşdur. Bundan sonra oktyabr ayında Kənan adlı əməkdaş onlara dekabr ayına kimi sata biləcəkləri qədər mal satmalarını dekabr ayında isə geri qalan malları təhvil alacağlarını bildirmişdir. Noyabr ayının 19-da “mail” vasitəsilə malların geri qaytarılması üçün yenidən müraciət olunmuş, lakin heç bir nəticə əldə edilməmişdir. Müqavilə üzrə bir və ikinci ödənişlər kompaniya şərtləri əsasında yox, müqavilə əsasında ödənilmişdir. Sonda cavabdeh qeyd etmişdir ki, iddia olunan 10.660 manat borcdan 2.600 manatını qəbul edir və ödəməyə indidə hazırdılar, lakin yerdə qalan hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə izahatında qeyd etdi ki, tərəflər arasında imzalanmış müqavilə qrammatik baxımdan yox, faktiki hallar baxımından təfsir edilməlidir. Belə ki, tərəflər arasında imzalan müqavilə formal olaraq alqı-satqı müqaviləsi adlandırılsa da, mal göndərmə müqaviləsi kimi nəzərə alınmalıdır. Cavabdeh müqavilə imzalandıqdan 1 gün sonra 4399 manat ödəniş etmiş, daha sonra yenidən 1 həftə sonra da 4399 manat ödəniş edərək, tamamilə vicdanlı hərəkət etmişdir. Bundan sonra tərəflər arasında münasibətlər işgüzar adətlər əsasında inkişaf etmiş, cavabdehə yalnız ona aid edilən endirimli şərtlərlə güzəştli paket təklif edilmiş, və qəbul edilmişdir. Daha sonra iyul ayının 23-ü ərəfəsində malların satılmadığı bildirilmiş, sonra məlum olmuşdur ki, iddiaçı qeyd olunan şərti bütün müştərilərə aid etmişdir. Bununla bağlı olaraq cavab verilmişdir ki, digər müştərilərə qeyd olunan kompaniya 10-15 günlük təklif olunsa da, onlara həmişəlik təklif olunmuşdur. Müqavilə üzrə alıcı böyük bir öhdəlik götürmüş və öz öhdəliyinə vicanlı olaraq əməl etmişdir. Hazırda da müqavilə üzrə bütün mallar anbarda saxlanılmışdır. Malların geri qaytarılması məsələsi isə müqavilənin 4.2.9-cu bəndi ilə yox, müqavilənin ümumi məzmunundan irəli gəlir. Şahid qismində məhkəmədə dindirilən Qurbanov Samir məhkəməyə izahatında qeyd etdi ki, hazırda özü müstəqil olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur, tərəflər arasında məhkəmə mübahisəsinə yol açan dövrdə isə Cavabdeh MMC-nin əməkdaşı kimi işləmiş, qarşı tərəflə görüşlər keçirmişdir. Müqavilə üzrə malları endirimlə almış, daha sonra araşdırma aparan zaman məlum olmuşdur ki, həmin mallar onlara təklif olunan şərtlərlə bütün bazara paylanmışdir. Bununla bağlı olaraq şirkətin əməkdaşı Tural Əhmədova zəng edərək, malların satışını təşkil edə bilmədiklərini bildirmişdi. Tural Əhmədov isə cavabında bir qədər səbr etmələrini, kompaniyanın onlar üçün daimi digər şirkətlər üçün isə 10-15 gün olduğunu bildirmişdir. Qeyd olunan müddətdə gözlədikdən sonra avqust ayının sonu sentyabr ayının əvvəlində yenidən zəng edilən zaman bildirilmişdir ki, sata biləcəyiniz qədər məhsulu satın geri qalanını dekabr ayında geri qaytaracağsınız. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan 17 iyun 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, “satıcı” (İddiaçı MMC) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalara və dövri şəkildə verilən sifarişlərə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı “alıcı”ya ("xxxx" MMC) təhvil verməyi, alıcı isə bu müqavilənin tərkib hissəsi olan sifariş ilə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı qəbul etməyə və dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndə əsasən malın adı, kəmiyyəti, çeşidi və qiyməti tərəflərin nümayəndələrinin malın təhvil-təslimi zamanı lazımi qaydada imzaladıqları fakturalarda (AKT-larda) və ya e-qaimələrdə göstərilir. 2.2-ci bəndə əsasən satıcı tərəfindən malın qiymətinin artırılması (azalması), alıcıya dəyişikliyin qüvvəyə minəcəyi tarixdən ən azı 7 (yeddi) təqvim günü əvvəldən bildiriləcəkdir. Tərəflər qarşılıqlı, yazılı olaraq razılaşdıqdan sonra yeni qiymət dəyişikli keçiriləcək. 4.2.9-cu bəndə əsasən istifadə müddətinin bitməsinə üç ay qalmış malların yazılı şəkildə satıcıya məlumat vermək alıcının öhdəliyidir. 5.1-ci bəndə əsasən tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə vəya lazımi qaydada yerinə yetirmədikdə Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı MMC adına tərtib edilmiş poçt daşıma xidmətinə dair 456/2021 nömrəli hesab-fakturaya 2021-ci ilin mart ayı ərzində İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 18.03.2021-ci il tarixində 9 manat məbləğində və 31.03.2021-ci il tarixində 9 manat məbləğində poçt daşınma xidməti həyata keçirilmişdir. İş materiallarında olan EBAZ seriyalı 588804 nömrəli 02.04.2021-ci il tarixli elektron qaiməyə əsasən 74,34 manat məbləğində ödəniş "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İş materiallarında olan EBAM seriyalı 284562 nömrəli 13.07.2020-ci il tarixli elektron qaiməyə əsaəsn ümumilikdə 5.469,03 manat məbləğində ödəniş, EBAL seriyalı ******* nömrəli 06.07.2020-ci il tarixli elektron qaiməyə əsasən 5.191,60 manat məbləğində ödəniş İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İş materiallarında olan İddiaçı MMC müəssisəsinin ticarət nümayəndəsi və həmin müəssisənin auditi tərəfindən tərtib edilmiş aktın təsdiqlənmiş surətindən məlum olur ki, “FF” market T.S” adında qeyd olunan müştərinin 10.655,28 manat məbləğində İddiaçı MMC-yə borcu vardır. İş materiallarında olan 02 iyun 2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, İddiaçı MMC və "xxxx" MMC arasında olan müqaviləyə əsasən İddiaçı MMC 16 iyun 2020-ci il tarixindən başlayaraq Cavabdeh MMC-yə müxtəlif növ mallar satmışdır.16 iyun 2020-ci il tarixindən 02 iyun 2021-ci il tarixinə qədər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 21.874,46 manat məbləğində mal satılmış, ümumilikdə 11217,47 manat məbləğində pul ödənilmişdir. 02 iyun 2021-ci il tarixinə Cavabdeh MMC-nin satılmış mallara görə İddiaçı MMC-yə olan borcu ƏDV daxil olmaqla 10.656,99 manat təşkil edir. İş materiallarında olan 27.04.2021-ci il tarixli 005XOH********** saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən “9 saylı” Vəkil Bürosunun bank hesabına EBBA seriyalı 583964 nömrəli 22.04.2021-ci il tarixli elektron qaimə əsasında 100 (bir yüz manat) manat ödəniş edilmişdir. İş materillarında olan Cavabdeh MMC-yə ünvanlanan pretenziya məktubunda İddiaçı MMC-yə olan 10.660,63 manat məbləğində borcun 31 Mart 2021-ci il tarixinə qədər ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunaraq əlavə olaraq məhkəmə xərcləri və hüquqi yardım xərclərinin də tutulacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmışdır. İddia edilən məbləğdə cavabdehə təhvil verilməsi işin mübahisəsiz halıdır. Cavabdeh təhvil aldığı malın dəyərini ödəməməsini xüsusi kompaniya şərtləri ilə alması və eyni zamanda istehlak müddətinin bitməsinə üç ay qalmış geri qaytarma hüququnun olması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin müqaviləyə əsasən təhvil verilmiş mallar üzrə ödənilməmiş borcu yaranmışdır. Məhkəmə cavabdehin mübahisələndirdiyi hallara münasibətdə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilədə satılan malların digər müştərilərə münasibətdə güzəştli şərlərlə satılması barəsində hər hansı razılaşma mövcud olmamışdır. Cavabdehin malın istifadə müddətinin bitməsinə 3 ay qalmış qaytarmaq hüququnun olması əsası ilə malların dəyərini ödəməməsinə münasibətdə qeyd edir ki, müqavilə şərtlərinə əsasən alıcının malların istifadə müddətinin bitməsinə 3 ay qalmış yazılı şəkildə məlumat vermək öhdəliyi, alıcı tərəfindən isə yazılı şəkildə bildirilən istifadə müddətinin bitməsinə az qalmış malların satıcı tərəfindən geri götürülməsi və yenisi ilə əvəz edilməsi öhdəliyi nəzərdə tutulmuş, lakin məhkəmə araşdırması zamanı alıcı tərəfindən malların istifadə müddətinin bitməsinə 3 ay qalmış bu əsasla satıcıya müraciət etməsi öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu halın olması belə ödəmənin imtinası üçün əsas hesab oluna bilməz. Belə ki, müqavilə şərtlərinə əsasən alıcı malları təhvil aldıqdan sonra malların dəyərinin ödənişini satıcıya tam ödəməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İddiaçı iddia tələbində 18 manat məbləğində poçt xidməti haqqı və 100 manat məbləğində hüquqi yardım xərcini də tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə iş materialları ilə sübuta yetirildiyi üçün təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 10.660,63 (on min altı yüz altmış manat altmış üç qəpik) manat məbləğində borc, 400 (dörd yüz) manat məbləğində faiz, 100 (yüz manat) manat məbləğində hüquqi yardım xərci, 18 (on səkkiz) manat məbləğində poçt xidməti pulu və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 11.208,63 (on bir min iki yüz səkkiz manat, altımış üç qəpik) manat tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 10.660,63 (on min altı yüz altmış manat altmış üç qəpik) manat məbləğində borc, 400 (dörd yüz) manat məbləğində faiz, 100 (yüz manat) manat məbləğində hüquqi yardım xərci, 18 (on səkkiz) manat məbləğində poçt xidməti pulu və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 11.208,63 (on bir min iki yüz səkkiz manat, altımış üç qəpik) manat tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar