Məhkəmə qərarları › İş №e-2-2(113)-2121/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2121/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2121/2021 08.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 23194,08 (iyirmi üç min yüz doxsan dörd manat səkkiz qəpik) ABŞ dolları məbləğində borcun, məhkəmə xərcləri üçün 500 (beş yüz) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC–yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21.12.2020-ci il tarixdə "xxxx" MMC tərəfindən cavabdeh "xxxx" MMC-yə 23194,08 ABŞ (ƏDV daxil) dolları dəyərində malın qiyməti, malın çatdırılma müddətlərinin, eyni zamanda malın dəyərinin ödənilməsi şərtlərinin əks olunduğu təklif (oferta) göndərilmişdir. 22.12.2020-ci il tarixdə isə "xxxx" MMC tərəfindən həmin təklif qəbul (aksept) edilmiş və bununla da "xxxx" MMC ilə "xxxx" MMC ilə müqavilə münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Cavabdehin müraciətinə əsasən "xxxx" MMC tərəfindən mallar sifariş edilmiş və həmin mallar ölkə ərazisinə yola salınmışdır. Lakin sonradan cavabdeh verdiyi sifarişdən imtina etmişdir. Mülki qanunvericiliyə əsasən müqavilə şərtlərinin dəyişdirilməsi tərəflərin qarşılıqlı razılığı ilə mümkündür. Müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Buna görə də hesab edirlər ki, cavabdeh tərəfindən həmin malların qəbul edilməsindən imtina edilə bilməz. Dəfələrlə həmin məsələ ilə bağlı cavabdehlə danışıqlar olmuş, lakin danışıqlar heç bir nəticə verməmişdir. Artıq cavabdehlə mövcud münasibətlərin qarşılıqlı razılıqla həll yolunun mümkünsüz olduğu üçün, hazırki vəziyyətin ədalətli həll yolunun yalnız məhkəmə olduğu qənaətinə gəlmişdirlər. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz və mülahizələrlə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə 28 yanvar 2021ci il tarixli, 20/21/AE nömrəli pretenziya məktubu daxil olmuşdur. Həmin pretenziyaya cavab olaraq qeyd olunmuşdur ki, 28 yanvar 2021-ci il tarixli, 20/21/AE nömrəli pretenziya məktubunda qeyd olunanlar əsassızdır. Belə ki, "xxxx" MMC-nin "xxxx" MMC-yə qeyd olunduğu kimi malları qəbul etmək və onun dəyərini ödəmək kimi məsuliyyəti mövcud deyildir. 21.12.2020-ci il tarixində "xxxx" MMC tərəfindən 19565 ABŞ dolları məbləğində olan malların sifariş edilməsi məqsədi ilə "xxxx" MMC-yə ilkin təklif göndərilmişdir. Həmin göndərilmiş təklifin şərtlərinə əsasən qeyd olunan malların dəyərinin 50 faizi hissəsi "xxxx" MMC tərəfindən ödənildikdən sonra "xxxx" MMC malları sifariş verməli, malların dəyərinin 50 faizi hissəsi isə təqdim edilmədən öncə ödənilməli idi. "xxxx" MMC tərəfindən malların sifariş verildiyi ölkədə bayram ilə əlaqədar 2021-ci ilin yanvar ayının dördündən sonra çatdırılmanın mümkün olması qeyd edilmişdir. Sonradan "xxxx" MMC-nin əməkdaşları "xxxx" MMC-nin Nərmin adlı əməkdaşı ilə danışaraq ilkin olaraq sifariş edilməli olan malların 25 faizi hissəsini ödəməyin mümkün olduğu qeyd olunanda həmin əməkdaş qeyd etmişdir ki, yalnız 50 faiz ödəniş edildikdə malları sifariş vermək mümkündür. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə hər hansı ödəniş həyata keçirilməmişdir. “E.S.M.A Sənaye Təsisatları ünvan 2əkdaşları tərəfindən hər dəfə qeyd edilmişdir ki, mallar yalnız 50 faiz ödənildikdən sonra sifariş verilə bilər. Bu şərt barədə tərəflər razılığa gəlmədikləri üçün "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə qeyd olunan sifarişdən imtina olunması barədə məktub ünvanlanmışdır. Bundan başqa, “E.S.M.A Sənaye Təsisatları ünvan 2əkdaşları artıq malların sifariş verildiyi, bu səbəbdən də sifarişdən imtinanın qeyri-mümkün olması bildirilmişdir. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ilkin olaraq malların 50 faizinin ödənilməsi və bundan sonra malların sifariş verilməsi barədə təklif irəli sürülmüş, sonradan bu təklif dəyişdirilərək sifariş verilmiş malların 25 faiz dəyərinin ödənilməsi təklif edilmişdir. Belə olan halda müqavilənin mühüm şərti ilkin olaraq "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödəniş edilməsi, bundan sonra malların verilməli olması olmuşdur. Lakin "xxxx" MMC bu mühüm şərt realizə olunmadan malların sifariş verildiyini iddia edir və malların dəyərini ödəməyi tələb edir. Göründüyü kimi bu tələb tamamilə əsassızdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmaması və cavabdeh tərəfindən hüquqi xidmət üçün ödənilmiş 1000 (min) manat məhkəmə xərcinin iddiaçıdan tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili əlavə olaraq izahatında bildirdi ki, gətirilən mallar arasında əsas olan birinci mal sifarişə uyğun deyil, halbuku, iddiaçı sifariş sənədində göstərdiyi əsas birinci mala görə sifarişləri etmişdi. Qeyd olunan halları nəzərə alaraq, iddianın rədd olunmasını xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək iş materiallarına əlavə edilmiş: - 21.12.2020-ci il tarixli, DMS.10236.12 R1 nömrəli qiymət təklifi adlı sənəddən görünür ki, 6 adda materiallar üçün ümumilikdə qiymət 19656 ABŞ dollar məbləğində müəyyən edilmişdir. - 22.12.2020-ci il tarixli, BESL-1670/2020 nömrəli satınalma sifarişindən görünür ki, 6 adda maın sifariş əsasında gətirilməsi üçün ümumilikdə qiymət 23194,08 ABŞ dollar təşkil edir. Ödəniş şərtləri kimi həmin məbləğin 50 %-nin əvvəlcədən, qalan 50 % məbləğin isə mallar çatdırıldıqdan sonra ödənilməsi razılaşdırılmışdır. - 08.02.2021-ci il tarixli, BD1 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri 6 saylı Vəkil Bürosunun AZ33AİİB******************** nömrəli hesabına 1000 manat məbləğində ödəniş edilmişdir. - "xxxx" MMC tərəfindən 28.01.2021-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıqla "xxxx" MMC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Tərəflər arasında müqavilənin bağlanması prosesi ilə bağlı e-mail yazıışmalar məhkəməyə təqdim olunmuşdur. Beləliklə, işin yuxarıda göstərilən hallarından görünür ki, 21.12.2020-ci il tarixində "xxxx" MMC tərəfindən 19565 ABŞ dolları məbləğində olan malların sifariş edilməsi məqsədi ilə "xxxx" MMC-yə təklif göndərilmiş və həmin göndərilmiş təklifin şərtlərinə əsasən qeyd olunan malların dəyərinin 50 faizi hissəsi əvvəlcədən, malların dəyərinin 50 faiz hissəsi isə malların təqdim edilməsindən öncə ödənilməli idi. Sonradan "xxxx" MMC sifariş edilməli olan malların 25 faizi hissəsinin ilkin olaraq ödənilməsini mümkünlüyü barədə "xxxx" MMC-yə müraciət etsə də, həmin təklif qəbul olunmamışdır. Bu şərt barədə tərəflər razılığa gəlmədikləri üçün "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə qeyd olunan sifarişdən imtina olunması, müqavilənin ləğvi barədə məktub ünvanlanmış, lakin "xxxx" MMC tərəfindən sifarişdən imtinanın qeyri-mümkün olması bildirilmişdir. Eləcə də, müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin "xxxx" MMC tərəfindən gətirilən mallar arasında birinci (əsas) məhsul sifarişə uyğun deyil. Belə ki, "xxxx" MMC tərəfindən gətirilən Connection: SF1000CX; Tube Od: 1 1/2 (38,10mm); 10000 PSİ; STRAİGHT COUPLİNG adlı məhsul "xxxx" MMC tərəfindən verilən sifarişdə olan Connection: SF1500CX; Tube Od: 1 1/2 (38,10mm); 15000 PSİ; STRAİGHT COUPLİNG adlı məhsul deyildir. 22.12.2020-ci il tarixli sifariş sənədində malların bəndlər üzrə 6-8 və 4-5 həftəyə çatdırılması nəzərdə tutulmuşdur. Müəyyən olunmuşdur ki, mallar ölkəyə 2021-ci ilin aprel ayında idxal olunmuşdur (gömrük idxal bəyannaməsi təqdim olunmuşdur). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. 580.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 580.2.2-ci maddəsinə əsasən əgər satıcı alıcıya alğı-satqı müqaviləsinə uyğun çeşiddə əşyalarla yanaşı çeşid haqqında şərti pozmaqla əşyalar verərsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə verilmiş əşyaların hamısından imtina etsin. 580.3-cü maddəsinə əsasən alqı-satqı müqaviləsinin şərtinə uyğun gəlməyən çeşiddə əşyalardan imtina edərkən və ya çeşid haqqında şərtə uyğun gəlməyən malların əvəz olunması tələbini irəli sürərkən alıcı həmin malları ödəməkdən imtina edə də bilər, onları ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 580.6-cı maddəsinə əsasən bu maddənin qaydaları alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir. 595.1-ci maddəsinə əsasən alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.3-cü maddəsinə əsasən əgər satıcı alıcıya verilmiş əşyaların alğı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməz. İddia tələbinə münasibətdə aşağıdakıları qeyd etmək olar: İddiaçı tərəfindən oferta göndərilmiş, oferta cavabdeh tərəfindən aksept olunmuş və aksept iddiaçı tərəfindən alınmış və tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə cavabdehin sifariş edilməli olan malların 25 faizi hissəsinin ilkin olaraq ödənilməsinin mümkünlüyü barədə "xxxx" MMC-yə müraciətinə müqavilənin bağlanmasından sonrakı yeni təkilif kimi yanaşır ki, həmin təklif də iddiaçı tərəfindən qəbul olunmamışdır. Cavabdeh həmin hala istinad edərək sifarişin ləğvi barədə cavabdehə bildiriş göndərsə də, iddiaçı tərəflər arasında müqavilənin artıq bağlandığına istinad edərək, həmin təklifi qəbul etməmişdir və məhkəmənin qənaətinə əsasən iddiaçı həmin hissədə haqlı olmuşdur. 22.12.2020-ci il tarixli sifariş sənədində malların bəndlər üzrə 6-8 və 4-5 həftəyə çatdırılması nəzərdə tutulmuşdur. Həmin müddətlərə əməl olunmayaraq, mallar ölkəyə 2021-ci ilin aprel ayında idxal olunmuşdur. Lakin sifarişin ilkin 50 % ödənişdən sonra ediləcəyi barədə şərt olduğundan və cavabdeh isə ilkin ödənişin edilməsi barədə müqavilə şərtini pozduğundan məhkəmənin qənaətinə əsasən iddiaçının malların çatdırılma müddətləri barədə müqavilə şərtini pozması cavabdehin təqsiri ucbatından olmuşdur. Belə ki, e-mail yazışmalarından da müəyyən olunur ki, müqavilə bağlanandan az sonra ilkin ödənişin edilməsi barədə cavabdehə bir neçə dəfə xəbərdarlıq olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı tərəfindən malların çeşidi barədə müqavilə şərtləri pozulmuşdur. Gətirilən, siyahı üzrə birinci mal cavabdehin sifariş etdiyi mal olmamışdır. Ona görə də məhkəmənin qənaətinə əsasən çeşid haqqında müqavilə şərtləri pozulduğundan alıcı olan cavabdehin təqdim olunan malların hamısından imtina etmək, eləcə də həmin malların dəyərini ödəməkdən imtina etmək hüququna malikdir. Eləcə də, məhkəmənin qənaətinə əsasən hazırkı halda iddiaçı malların müqavilənin şərtlərinə uyğun gəlmədiyini bilməli idi (təqdim olunan sənədlərdən də müəyyən olunur). Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, çeşid haqqında müqavilə şərtləri pozulduğundan iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərclər, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, 300 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Eləcə də, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Vəkilin göstərdiyi yardıma görə 300 (üç yüz) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar