Məhkəmə qərarları › İş №e-2-2(113)-2126/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2126/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2126/2024 09.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan kommersiya mübahisəsi (açar sözlər: sadələşdirilmiş icraat, nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, məhkəmə xərclərinin işin nəticəsindən asılı olmayaraq bölüşdürülməsi) Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 12 iyul 2023-cü il tarixli ehtiyat hissələrin satış müqaviləsi üzrə 3500,06 manat borcun və ödənilmiş 70 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar iddiaçı və cavabdeh arasında 12 iyul 2023-cü il tarixli 212-VVE-CEC/23 saylı ehtiyat hissələrinin satışı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı əlavədə göstərilmiş malları cavabdehə satmağı və cavabdeh isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. 2.2. Sözügedən müqavilənin əlavəsinə əsasən cavabdehə ümumi dəyəri 6700,06 manat dəyərində olan ehtiyat hissələri satılmışdır. Ehtiyat hissələrinin satışı müqaviləsinin 2.6-cı maddəsinə əsasən cavabdeh əlavədə göstərilmiş malların dəyərinin 100% hissəsini hesab-faktura təqdim olunduqdan sonra köçürmə yolu ilə 5 bank günü ərzində ödəməli olduğu halda, yalnız 1700 manat ödəmişdir. Cavabdeh tərəfindən 11 mart 2024-cü il tarixində iddia ərizəsində qeyd edilən 5000,06 manat borcdan 1500 manat da ödənilmiş, yekun olaraq 3500,06 manat qalıq borc qalmışdır. 2.3. Borclu hüquqi şəxsin borcunu ödəməsi üçün xx.xx.2023-cü il tarixində 0060/CEC/23 nömrəli və xx.xx.2024-cü il tarixində 007/CEC/24 nömrəli pretenziya məktubları onlayn kargüzarlıq qaydasında cavabdehə göndərilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 427, 448-ci və s. maddələrinə istinad edilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Mümkünlük və cavabdehin mövqeyi

5. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

6. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan – sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

7. Cavabdehin hüquqi ünvanına əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 iş günü ərzində məhkəməyə təqdim etməli olduğu barədə məhkəmə bildirişi göndərilmişdir. Bundan sonra cavabdehin qanuni təmsilçisi xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində elektron kabinet açaraq məhkəməyə qismən ödənişlərin edildiyinə dair sənədlər təqdim etmiş, Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada iddiaya etiraz təqdim etməmişdir.

III. Məhkəmə baxışının hədləri

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında bağlanmış 12 iyul 2023-cü il tarixli 212-VVE-CEC/23 nömrəli ehtiyat hissələrinin satış müqaviləsinin şərtlərindən görünür ki, “Satıcı” müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2 və s.) göstərilmiş malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür (1.1). Malların adı, ölçüsü, kəmiyyəti, çatdırılma şərtləri və qiymətləri bu əlavələrdə göstərilib. Malların təhvil verilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktına uyğun olaraq həyata keçiriləcək (1.2). “Alıcı” lazımi malları “Satıcı”ya sifariş edir (2.1). “Satıcı” sifarişi qəbul etdikdən sonra “Alıcı”ya onun istəyindən asılı olaraq bir və ya bir neçə variantda malların ölçüsünü, çatdırılma müddətini və qiymətlərini əks etdirən təkliflərini göndərir (2.2). Alıcı bu təkliflərdən özünə daha uyğun olanı seçir və malların adını, kəmiyyətini, ölçüsünü və qiymətini yazılı şəkildə təsdiqləyir və tərəflər əlavələri imzalayırlar (2.3). “Satıcı” “Alıcı”nın sifarişini Əlavələrdə göstərilmiş şərtlər çərçivəsində yerinə yetirir (2.4). Müvafiq razılaşma olduğu təqdirdə, “Satıcı” malların “Alıcı”ya çatdırılmasını həyata keçirə bilər. Malların “Alıcı”ya çatdırılması ödəniş tam icra edildikdən sonra həyata keçirilir (2.5). “Alıcı” sifarişin əlavədə göstərilmiş dəyərinin 100% hissəsini avans olaraq hesabfaktura təqdim olunduqdan sonra 5 bank günü ərzində “Satıcı”ya köçürmə yolu ilə ödəməlidir (2.6).

12. Həmin müqaviləyə 03 oktyabr 2023-cü il tarixli 01 saylı əlavə olan qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında aktdan görünür ki, 12 İyul 2023-cü il tarixli 212-VVE-CEC/23 nömrəli ehtiyat hissələrin satışı müqaviləsi üzrə Sifarişçi Cavabdeh MMC-nin nümayəndəsi və Satıcı İddiaçı ASC-nin nümayəndəsi bu aktı ondan ötrü tərtib edib ki, göstərilən müqavilənin şərtlərinə əsasən sifarişçinin sifarişinə uyğun olaraq qarşılıqlı razılaşdırılmış qiymətlər əsasında aşağıdakı cədvəldə göstərilmiş mallar Satıcı tərəfindən təhvil verilmiş və Alıcı tərəfindən qəbul edilmişdir: ƏDV daxil olmaqla 6700,06 manat dəyərində müxtəlif adda məhsul.

13. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli EBDR 723843 seriya və nömrəli elektron qaimədən görünür ki, həmin qaimə ƏDV daxil olmaqla 6700,06 manat dəyərində məhsulun 03 oktyabr 2023-cü il tarixli 01 saylı əlavə üzrə cavabdehə təqdim edilməsinin rəsmiləşdirilməsi üçün tərtib edilmişdir.

14. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 0051/CEC/23 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 12 iyul 2023ci il tarixli 212-WE-CEC/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri ƏDV daxil olmaqla 6700,06 manat dəyərində mal satılmışdır. İddiaçı ASC arasında olan 5678,02 manat məbləğindəki əsas, 1022,04 manat məbləğindəki ƏDV məbləği üzrə olan maliyyə dövriyyəsi üzrə cavabdeh tərəfindən 1440,68 manat məbləğində əsas, 259,32 manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir. Hazırkı maliyyə arayışının tərtib edildiyi günə isə borclunun ümumi olaraq 4237,34 manat məbləğində əsas, 762,72 manat məbləğində isə ƏDV olmaqla ümumilikdə 5000,06 manat məbləğində yekun borcu qalmışdır.

15. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdeh tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli XO0000055 nömrəli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 1271,19 manat məbləğində pul cavabdeh tərəfindən “EBDR 723843 xx.xx.2023” təyinatı ilə iddiaçının bank hesabına köçürülmüşdür.

16. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdeh tərəfindən təqdim olunan xx.xx.2024-cü il XV0000045 nömrəli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 228,81 manat məbləğində pul cavabdeh tərəfindən “EBDR 723843 xx.xx.2023” təyinatı ilə iddiaçının bank hesabına (ƏDV sub-uçot hesabına) köçürülmüşdür.

17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 12 iyul 2023-cü il tarixli 212-VVE-CEC/23 nömrəli ehtiyat hissələrinin satış müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2 və s.) göstərilmiş malları cavabdehə satmağı və cavabdeh isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 03 oktyabr 2023-cü il tarixli 01 saylı əlavə olan qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında aktla ƏDV daxil olmaqla ümumilikdə 6700,06 manat dəyərində mal cavabdehə təhvil verilmiş, sonuncu, malları təhvil aldığını möhürlə təsdiqləmişdir. Sözügedən malların təqdim edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli EBDR 723843 seriya və nömrəli elektron qaimə də tərtib edilmiş, cavabdeh həmin elektron qaiməyə istinad etməklə malların dəyərinin bir hissəsini – xx.xx.2024-cü il tarixdə ƏDV daxil olmaqla 1500 manat ödəniş etmişdir.

18. İddiaçı cavabdeh tərəfindən 1700 manat və xx.xx.2024-cü il tarixdə 1500 manat ödənişin edildiyini bildirir və malların qalıq dəyərinin – ƏDV daxil olmaqla 3500,06 manat məbləğində pulun ödənilməsini tələb edir.

19. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 iş günü ərzində məhkəməyə təqdim etməli olduğu barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddia tələbinə etiraz etmir. Əksinə iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdehin qanuni təmsilçisi elektron kabinet açaraq xx.xx.2024-cü il tarixdə edilmiş ödənişə dair sənədi məhkəməyə təqdim edir.

20. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

21. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

24. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

25. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 2.6-cı bəndi ilə malın dəyərinin 100% hissəsinin hesab-faktura təqdim olunduqdan sonra 5 bank günü ərzində ödənilməsinin şərtləşdirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

26. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

27. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

29. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

32. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

33. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 12 iyul 2023-cü il tarixli 212-VVE-CEC/23 nömrəli ehtiyat hissələrinin satış müqaviləsi üzrə 3500,06 manat (6700,06 -1700-1500) borc Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

34. İddiaçı həmçinin ödənilmiş 70 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.

35. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddia ərizəsinin verilməsi üçün 71 manat məbləğində dövlət rüsumu **********76 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmişdir.

36. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

39. Məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləği 70 manat olmuş, iddiaçı da ona uyğun rüsum ödəmişdir. Lakin məhkəmə icraatının gedişində cavabdeh 1500 manat ödəniş etmiş, iddiaçı isə iddia tələbinin azaldılması barədə ərizə vermişdir. Belə olan halda, məhkəmə mübahisənin birbaşa cavabdeh tərəfindən tələbin cavabsız qoyulması səbəbindən yarandığını və tələbin cavabdehin məhkəmə icraatı zamanı edilən ödənişinə əsasən azaldığını nəzərə alaraq hesab edir ki, dövlət rüsumu işin nəticəsindən asılı olmayaraq cavabdehdən tutulmalıdır.

40. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2023-cü il tarixli ehtiyat hissələrinin satışı müqaviləsi üzrə 3500 (üç min beş yüz) manat 06 (altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar