Məhkəmə qərarları › İş №e-2-2(113)-2127/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2127/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2127/2024 08.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli,AS-QQH/186 nömrəli mal alqı-satqısı müqaviləsinə əsasən bu günkü tarixə ödənilməmiş 9804,44 manat əsas borc və gecikməyə görə hesablanmış 3235,47 (ƏDV daxil) manat penya, hüquqların bərpa edilməsi üçün hüquqi yardıma görə ödənilmiş 1500 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 134 manat dövlət rüsumunun, cəmi 14539 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin olunaraq 9804,44 manat əsas borc və geciməyə görə hesablanmış 490,2 manat (ƏDV daxil) penya, hüquqların bərpa edilməsi üçün hüquqi yardıma görə ödənilmiş 1500 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 134 manat dövlət rüsumunun, cəmi 11928,2 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli № AS-QQH/186 saylı gündəlik tələbat mallarının idxalı ilə əlaqədar alğı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə iddiaçıya müqavilə üzrə razılaşdırılmış malların dəyərini ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmiş, lakin cavabdeh tərəfindən borclar haqqında hesabatla müəyyənləşdirilmiş 9804,44 manat əsas borc, gecikməyə görə cərimə ödənilməmişdir. İddiaçı əlavə olaraq, hüquqi yardım üçün 1500 manat ödəyərək xərc çəkmişdir.

II. Tərəflərin mövqeləri:

4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, əlavə olaraq hazırkı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini göstərmişdir.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

8. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən satıcı sifarişçiyə ərzaq, sənayə və s. gündəlik tələbat malları (məhsulları) satmağı və təchiz etməyi, alıcı isə müqavilə üzrə razılaşdırılmış malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən Satıcı ilə Alıcı arasında məhsulların (malların) illik və ya aylıq qiymətləri razılaşdırılıbsa qiymətlər Protokolu tərtib olunur, əks halda Malların dəyəri bazar qiymətinə uyğun olaraq təhvil təslim aktı ilə tənzimlənir.

12. Müqavilənin 2.4-cü bəndinə əsasən Malların dəyəri "Satıcı" tərəfindən təqdim olunmuş elektron qaimə/vergi hesab fakturasına uyğun olaraq 30 (otuz) iş günü müddətində satıcıya ödənilməlidir.

13. Müqavilənin 6.6-ci bəndinə əsasən Satıcı Müqavilə üzrə Malların verilməsi müddətini pozduqda, gecikdirilən hər günə görə müvafiq Mallara görə ödənilməli olan məbləğin 0,5 % (sıfır tam onda beş) faizi həcmində Alıcıya cərimə ödəməlidir. Cərimənin ödənilməsi Satıcını Müqavilə üzrə digər öhdəliklərin icrasından azad etmir.

14. İddiaçı tərəfindən cavabdehə EBDV 565586 nömrəli xx.xx.2023-cü il tarixli (5380,90 manat), EBDO 787760 nömrəli xx.xx.2023-cü il tarixli (3885 manat) elektron qaimələr göndərilmişdir.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

21. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

22. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

23. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

24. Bundan başqa iddia ərizəsində 1500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.

25. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hüquqi yardımla bağlı iddiaçının çəkdiyi xərc cavabdehə aid edilməlidir.

26. Belə ki, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən hüquqi xidmət haqqına görə “De Fendo” Vəkil Bürosuna 1500 manat vəsait ödənilmişdir.

27. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

28. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 9804,44 manat məbləğində əsas borc, 490,20 manat əldən çıxmış fayda, 1500 manat hüquqi yardımla bağlı xərc tutularaq iddiaçıya ödənilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 44,06 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 9804,44 manat məbləğində əsas borc, 490,20 manat (ƏDV daxil) dəbbə pulu, 1500 manat hüquqi yardımla bağlı xərc, ödənilmiş 134 manat dövlət rüsumu, ümumilikdə 11928,64 (on bir min doqquz yüz iyirmi səkkiz manat altmış dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar