Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-213/2022 03.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndələri Vəkil1, X2 və X5, cavabdehin nümayəndəsi Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə (MMC) qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) zərərin əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xidmət haqqına görə ödənilmiş 30181,70 ABŞ dolları, hidrogen xlorid turşusunun yük emalı əməliyyatları və daşınmasına görə ödənilmiş 13327,58 ABŞ dolları, pul vəsaitinin qanunsuz saxlanılmasına görə dəymiş ziyanın əvəzi qismində 2719,33 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş 1000 ABŞ dolları, ümumilikdə 47228,61 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 19 yanvar 2018-ci il tarixində sifarişçi - İddiaçı ilə icraçı - Cavabdeh MMC arasında “Beynəlxalq Yükdaşımaların həyata keçirilməsinə dair” 01/18-10 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq 24 noyabr 2020-ci il tarixində İddiaçı tərəfindən Cavabdeh MMC-yə verilmiş sifarişə əsasən 312 ton hidrogen xlorid turşusunun Türkmənistana daşınması Azərbaycan ərazisindən tranzit keçməklə icraçıya həvalə olunmuşdur. Lakin, 29 noyabr 2020-ci il tarixində vaqonlar Gürcüstan-Azərbaycan sərhədində Azərbaycan üzrə tranzit lisenziyası olmaması səbəbindən saxlanılmışdır. Sifariş yerləşdirilməmişdən öncə yükün XİFƏN kodları (X6 Nomenklaturası) və təhlükəli yük sənədləri (MSDS) icraçıya təqdim olunsa da, icraçı tərəfindən prekursorların daşınması üçün xüsusi lizensiya olmadan yükü daşımaq məsuliyyətini üzərinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən yüklərin icraçı tərəfindən daşınması yalnız xidmətlərin göstərilməsinə görə xidmət haqqı 100% miqdarında ödənildikdən sonra həyata keçirilə bilər. Qeyd olunan yüklərin daşınmasına görə 24 noyabr 2020-ci il tarixində 15109,02 ABŞ dolları, 27 noyabr 2020-ci il tarixində 12072,68 ABŞ dolları, ümumilikdə 27181,70 ABŞ dolları İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir. Lakin, icraçı tərəfindən qeyd olunan yükün daşınması üçün tələb olunan xüsusi lisenziyasının olmaması səbəbindən həyata keçirə bilməmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehə vəsaitin geri qaytarılması ilə bağlı müraciətlər olunsa da, problemin həlli istiqamətində müsbət nəticə əldə edilməmişdir. Cavabdeh MMC-nin İddiaçınə müqavilənin 3.6-cı bəndinə və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən daşınma üzrə ödənilən 27181,70 ABŞ dolları və digər daşımalardan balansda qalmış 3000 ABŞ dolları, ümumilikdə 30181,70 ABŞ dolları borcu yaranmışdır. Bundan başqa, Hidrogen xlorid turşusunun Azərbaycan ərazisindən tranzitinin Cavabdeh MMC tərəfindən həyata keçirilməsi üçün yükün Gürcüstan Respublikasının Poti stansiyasında vaqonlara yüklənməsinə və anbarlaşdırılmasına, vaqonların plomblaşdırılmasına görə 27 noyabr 2020-ci il tarixdə 2712,58 ABŞ dolları, yükün Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsi üçün Gürcüstan Respublikasının Poti stansiyasından Gardabani stansiyasına daşınmasına görə 03 dekabr 2020-ci il tarixində 5575 ABŞ dolları ödənilmişdir. Təhlükəli yüklərin daşınması üçün cavabdehin lisenziyasının olmaması səbəbindən hidrogen xlorid turşusunun Gardabani stansiyasından Poti stansiyasına geri qaytarılmasına görə 08 fevral 2021-ci il tarixində 5040 ABŞ dolları ödənilmişdir. Qeyd olunan hidrogen xlorid turşusunun yük emalı əməliyyatları və daşınmasına görə ümumilikdə 13327,58 ABŞ dolları xərclənmişdir. Təhlükəli yüklərin daşınmasına görə Cavabdeh MMC-nin müvafiq lisenziyasının olmaması səbəbindən iddiaçıya yuxarıda göstərilən məbləğdə maddi ziyan dəymişdir. Problemin həlli üçün İddiaçı ilə Vəkil1 arasında 24 iyun 2021-ci il tarixində “hüquqi yardımın göstərilməsi haqqında” müqavilə imzalanmış və müqavilənin 2.1-ci maddəsinə hüquqi yardıma görə 1000 ABŞ dolları vəsait ödənilmişdir. Bundan başqa qeyd olunan pul vəsaitini qanunsuz saxlamaqla cavabdeh tərəfindən iddiaçıya maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2021-ci il üçün uçot dərəcəsi 6.25% müəyyən edilmişdir. Dəyən zərərin 43509,28 ABŞ dolları olduğunu və bank uçot dərəcəsini nəzərə alsaq, cavabdeh tərəfindən iddiaçıya vəsaitə görə 2719,33 ABŞ dolları faiz ödənilməlidir. İddiaçının nümayəndələri Vəkil1 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, əgər sənədlərdə hər hansı bir çatışmazlıq, o cümlədən icazə sənədinin olmasına zərurət var idisə, bu barədə İddiaçınə məlumat verilməli idi. Cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, “ASCO Logistics" MMC yüklərin daşınmasının təşkili zamanı onun gömrük sənədlərinin əldə edilməsi, gömrük rəsmiləşdirilməsinin aparılması, habelə sənədlərdə məlumatların dəqiqliyinin və ya yükün gömrük nəzarət məntəqələrindən keçməsi üçü zəruri sənədlərə malik olub-olmadığının yoxlanması ilə bağlı heç bir öhdəlik götürmədiyindən, yüklərin sərhəddə saxlanmasına, daşımanın baş tutmamasına və bununla bağlı meydana çıxan xərc və məsrəflərə görə heç bir məsuliyyət daşımır. Daşıma müqaviləsinin lazımınca həyata keçirilməsi üçün bütün lazım olan sənədlər, o cümlədən təhlükəli yüklərin daşınması haqqında icazə sənədi iddiaçı tərəfindən verilməli idi. Bu sənədlərin tərkibinə əlavə olunmalı idi. Qanunvericiliyin tələbinə görə də təhlükəli yükə görə sənədlərin təqdim edilməsi birbaşa İddiaçı məsuliyyətidir. Tərəflər arasında bağlanmış 19 yanvar 2018 - ci il tarixli 01/18-10 saylı müqavilədə belə şərt nəzərdə tutulmamışdır. Həmçinin qeyd etmək istərdik ki. daşımanı "xxxx" QSC həyata keçirmiş, Cavabdeh MMC tərəfindən ekspedisiya xidmətləri göstərilmişdir. İddiaçı tərəfindən təhlükəli yüklə bağlı, sənədlər verilməli idi ki, daşıma müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilə bilsin. Müqavilənin 3.5-ci bəndinə əsasən “Sifarişçi” yüklərin göndərilmə məntəqəsində yüklənməsindən 2 gün ərzində “İcraçı”ya aşağıda qeyd olunanlar nəzərə alınmaqla ətraflı məlumat verməlidir: Yüklənmə tarixi, göndərilmə stansiyası, izləmə marşrutu, çatma stansiyası, vaqonların nömrələri (lazımi müşayiət sənədləri). Müqavilənin bu bəndindən müəyyən olunur ki, təhlükəli yükə görə sənədlərin alıması və təqdim edilməsi birbaşa yükgöndərən İddiaçı müqavilə üzrə öhdəliiyidir. Cavabdeh MMC iddiaçı qarşısında belə bir öhdəlik götürməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 noyabr 2000 - ci il tarixli 207 saylı qərarı ilə təsdiq edilmiş təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması qaydalarının 1.4.1 - ci bəndinə əsasən Yükgöndərən göndərmə stansiyasına təhlükəli yükün hər göndərişi üçün «Yüklərin daşınma Qaydaları»na müvafiq tərtib edilmiş qaimə təqdim etməlidir. Həmin Qaydaların 1.4.2-ci bəndinə əsasən, qaimənin “Yükün adı” sütununda yükgöndərən (hüquqi, fiziki şəxslər) əlifba göstəricisinə uyğun olaraq təhlükəli yükün dəqiq adını və qəza kartoçkasının (QK) nömrəsini, Fövqəladə Hallar Nazirliyi tərəfindər verilmiş xüsusi razılığın (lisenziyanın) seriyasını, qeydiyyat nömrəsini, tarixini qeyd edib imzası və möhürlə təsdiqləməklə dəqiq göstərməlidir. Bu qərardan müəyyən olunur ki, təhlükəli yüklə bağ sənədlərin təqdim edilməsi vəzifəsi yükgöndərənin üzərindədir, cavabdehin nə müqavilə şərtləri ilə, nə də ki, qanunla belə öhdəliyi olmamışdır. Bundan başqa, tərəflər arasında bağlanmış 19 yanvar 2018-ci il tarixli, 01/18-10 saylı müqavilənin 6.1-ci bəndində müqavilənin müddəti 31 dekabr 2018-ci il tarixə kimi müəyyən olunmuş və tərəflərdən biri müqavilənin bitdiyi tarixə kimi 30 gün ərzində qarşı tərəfə müqavilənin bitməsi barədə yazılı müraciət verilmədiyi halda 1 il müddətinə uzadılması nəzərdə tutulmuşdur. Buna görə də tərəflər arasında müqavilə 31 dekabr 2019-cu il tarixə kimi qüvvədə olmuşdur. İddianın predmetini təşkil edən sifariş isə 24 noyabr 2020-ci il tarixdə, yəni, müqavilənin qüvvədə olmadığı müddətdə verilmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, “Alliance Logistics" MMC ekspeditor olaraq əsasən onun müştərilərinə məxsus yüklərin dəmir yolu ilə ölkədaxili və beynəlxalq ekspedisiyası üzrə (daşınmanın təşkil etmə) xidmətləri göstərən şirkətdir, Cavabdeh MMC ilə 18 oktyabr 2018-ci il tarixində ALM- 001 nömrəli Nəqliyyat ekspedisiyası müqaviləsi imzalamışdır. Bu müqavilənin şərtlərinə uyğun olaraq ekspeditor Sifarişçinin təqdim etdiyi sifarişlərə əsasən xidmətlərin icrasını və ya icrasının təşkilini, Cavabdeh MMC isə həmin xidmətlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Göstərilən xidmətlərin siyahısı, şərtləri və qiymətlər müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr ilə müəyyən edilir. Ekspeditorun Azərbaycan Respublikasının ərazisi üzrə dəmir yolları ilə birbaşa daşıyıcı olan "xxxx" QSC ilə 02 iyul 2018-ci ildən Yüklərin ekspedisiyası ilə bağlı xidmətlər haqqında müqavilə mövcuddur. Həmin müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında ADY ekspeditora yüklərin yerli və beynəlxalq ekspedisiyası zamanı ödəniş müqabilində müvafiq xidmətləri göstərir. 05 yanvar 2021-ci il tarixində vaqonların sərhəd stansiyasında boş dayanmaya görə ADY tərəfindən Ekspeditora tətbiq edilmiş 23500 ABŞ dolları məbləğində cərimə ALM-001 nömrəli Nəqliyyat ekspedisiyası müqaviləsi şərtlərinə əsasən Cavabdeh MMC-yə ötürülmüşdür. Ekspeditor və Cavabdeh MMC arasında imzalanmış müqaviləyə əsasən 24 noyabr 2020-ci il tarixdə 2011-97682 №-li sifariş daxil olmuşdur. Həmin Sifariş ilə əsasən hidrogen xlorid turşusunun Azərbaycan Respublikasının ərazində dəmiryolu vasitəsi ilə daşınması sifariş edilmişdir. Sifarişin icrası məqsədi ilə Gürcüstanın Poti şəhərində yüklənmiş və Gürcüstanın Gardabani eksport sərhəd stansiyasına "X8" vasitəsi ilə gətirilmiş həmin yüklərin Azərbaycan tərəfində olan Böyük-Kəsik eksport sərhəd məntəqəsindən Ələt eksport sərhəd məntəqəsinə qədər dəmiryolu vasitəsi ilə daşınmasının təşkili üçün ADY sifariş verilmişdir. X3 tərəfindən tərtib edilmiş 05 yanvar 2021 -ci il tarixli, 43 "B" nömrəli protokoluna əsasən 28 noyabr 2020 - ci il tarixdə yüklər Böyük-Kəsik Gömrük postu tərəfindən 2425 saylı qatarın tərkibində olmuş Hidrogen Xlorid yüklü 5 ədəd vaqon müvafiq icazə sənədləri olmadığı üçün saxlanılmışdır və "xxxx" Şirkətinin Azərbaycan Respubliksı Dövlət Gömrük Komitəsinə ünvanlandığı məktubu nəzərə alaraq həmin 5 ədəd vaqonun geriyə qaytarılmasına icazə verilmişdir. Böyük-Kəsik eksport sərhəd stansiyasında saxlanılan vaqonlara 05 yanvar 2021-ci il tarixdə ADY tərəfindən boşdayanmaya görə 38 sutka olmaqla 19000 ABŞ dolları, 14 yanvar 2021-ci il tarixdə 9 sutka olmaqla 4500 ABŞ dolları olmaqla ümumilikdə 23500 ABŞ dolları məğləğində cərimə ekspeditora tətbiq edilmişdir. Ekspeditor öz növbəsində, qeyd olunan boşdayanmaya görə cəriməni müqavilənin 4.1.5-ci maddəsinin şərtlərini rəhbər tutaraq Cavabdeh MMC-yə tətbiq etmişdir. Yükün saxlanılma səbəbəi müvafiq icazə sənədinin olmamasıdır və həmin icazə sənədi yükün sahibinə, yəni, İddiaçınə verilməli idi. Daşıyıcı isə "xxxx" QSC-dir və təhlükəli yüklərin aparılması üçün həmin daşıyıcının lisenziyaya ehtiyac yoxdur. Analoji yüklərin daşımasında da icazə sənədi yükün sahibinə verilmiş və sonuncu tərəfindən onlara təqdim olunmuşdur. İş materiallarında olan: - 19 yanvar 2018-ci il tarixli, 01/18-10 nömrəli, sifarişçi - İddiaçı ilə icraçı - Cavabdeh MMC arasında bağlanmış beynəlxalq nəqliyyat haqqında müqavilədən görünür ki, tərəflər MDB ərazisindən MDB daxilində tranzitlə gedən şərti, konteynerli yüklər üçün ödənişlərin ödənilməsi ilə əlaqədar həmin müqaviləni bağlamışlar. - 18 oktyabr 2018-ci il tarixli, ALM-001 nömrəli, sifarişçi - Cavabdeh MMC şirkəti ilə icraçı - "xxxx" MMC arasında bağlanmış nəqliyyat ekspedisiyası müqaviləsindən görünür ki, ekspeditor sifarişçinin təqdim etdiyi sifarişlərə əsasən əməliyyatların icrasını və ya icrasının təşkilini, sifarişçi isə həmin xidmətlərin ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. - Böyük – X11 əməkdaşları tərəfindən tərtib olunmuş 36 №-li, 28 noyabr 2020-ci il tarixli protokolun surətindən görünür ki, 28 noyabr 2020-ci il tarixdə 2425 saylı qatarın tərkibinə daxil olmuş Hidrogen Xlorid yüklü 10 vaqona müvafiq icazə sənədi olmadığından müvəqqəti olaraq saxlanılmışdır. - Böyük – X11 əməkdaşları tərəfindən tərtib olunmuş 43 “B” №-li, 05 yanvar 2021-ci il tarixli protokolun surətindən görünür ki, 28 noyabr 2020-ci il tarixdə 2425 saylı qatarın tərkibinə daxil olmuş Hidrogen Xlorid yüklü 5 vaqona müvafiq icazə sənədi olmadığından saxlanılmış, "xxxx" Şirkətinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanladığı məktubunu nəzərə alaraq 5 vaqonun geriyə Gürcüstan Respublikasına qaytarılmasına icazə verilmişdir. İddiaçı iddianın faktiki əsası olaraq Cavabdeh MMC-nin yükün daşınması üçün tələb olunan xüsusi lisenziyasının olmaması səbəbindən hidrogen xlorid turşusunun daşınmasını həyata keçirə bilməməsi və bunun nəticəsində zərərin vurulmasına, hüquqi əsas olaraq xüsusi norma kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 859-cu maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Zərərin vurulmasında, yüklərin saxlanılmasında Cavabdeh MMC-nin təqsirinin olub – olmamasını müəyyən edərkən sonuncunun müqavilə üzrə hansı öhdəliklərin daşıyıcısı olması aydınlaşdırılmalıdır. 19 yanvar 2018-ci il tarixli, 01/18-10 nömrəli beynəlxalq nəqliyyat haqqında müqavilənin preambula hissəsində Cavabdeh MMC İddiaçı qarşısında üzərinə götürdüyü öhdəlik “MDB ərazisindən MDB daxilində tranzitlə gedən şərti, konteynerli yüklər üçün ödənişlərin ödənilməsi” qeyd olunmuş, “Tərəflərin öhdəlikləri” adlanan 1-ci bölməsində isə göstərilmişdir ki, “İcraçı daxili və beynəlxalq nəqliyyat qaydlarının şərtlərinə, o cümlədən dəmiryolu ilə X7 Sazişi əsasında fəaliyyət göstərəcək.” Qeyd olunanlardan başqa müqavilədə Cavabdeh MMC üzərinə hər hansı öhdəlik götürməmişdir. İddiaçının hüquqi əsas kimi istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 859.2. və 859.4-cü maddəsində müvafiq olaraq qeyd olunmuşdur ki, ... daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. Qeyd olunan maddədə nəzərdə tutulan əsasların mövcudluğu baxımından zərərin vurulmasında Cavabdeh MMC-nin təqsirinin müəyyənləşdirilməsində digər aydınlaşdırılmalı olan xüsusat yüklərin saxlanılmasının hansı səbəbdən baş verməsidir. İddiaçı bunu yükün daşınması üçün tələb olunan xüsusi lisenziyasının olmaması səbəbindən hidrogen xlorid turşusunun daşınmasını həyata keçirə bilməməsi isə əsaslandırsa da, Böyük – X11 əməkdaşları tərəfindən tərtib olunmuş 36 №-li, 28 noyabr 2020-ci il tarixli protokolunda qeyd olunur ki, 28 noyabr 2020-ci il tarixdə 2425 saylı qatarın tərkibinə daxil olmuş Hidrogen Xlorid yüklü 10 vaqona müvafiq icazə sənədi olmadığından müvəqqəti olaraq saxlanılmışdır. Yəni, yükün saxlanılması daşınma üçün tələb olunan xüsusi lisenziyasının olmaması səbəbindən deyil, müvafiq icazə sənədi olmadığından baş vermişdir. "xxxx" MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş analoji icazə sənədindən də görünür ki, hidrogen xlorid turşusunun daşınması üçün icazə sənədi Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən verilir və həmin sənədin bir nüsxəsi Dövlət Gömrük Komitəsinə, bir nüsxəsi isə yükgöndərənə ünvanlanır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərində isə Cavabdeh MMC-nin üzərinə belə bir öhdəlik götürməsi ilə bağlı müddəa yoxdur. Əksinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 853.1 və 853.1.6-cı maddəsində qeyd olunur ki, xüsusi təhlükəli və potensial təhlükəli yüklər olduqda yük göndərən daşıyıcıya təhlükənin konkret növü və belə hallarda qəbul edilməli ehtiyat tədbirlərini dəqiq göstərməlidir. Həmçinin Məcəllənin 853.1-1 və 853.2-ci maddəsinə əsasən yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir. Yük göndərən bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir. Qeyd olunan normaların məzmunundan da görünür ki, yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etmək yük göndərənin vəzifəsidir, hətta bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzi də onun tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı zərərin əvəzinin ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-213/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-213/2022
03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver