Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2131/2021 09.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı “Cavabdeh”-yə qarşı borcun ödənilməsi barədə iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Cavabdeh” şirkətindən 38400 ABŞ dolları əsas, 1920 ABŞ dolları faiz borcunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-4051/2020 saylı qərardadına əsasən iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmadığına görə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. İddiaçının nümayəndəsi həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)-4051/2020 saylı qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-2(103)-291/2021 №-li qərardadına əsasən şikayət qismən təmin olunaraq Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-4051/2020 saylı qərardadı ləğv edilmiş və iş birinci istansiya məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-2(103)-291/2021 №-li qərardadında məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılması barədə nəticəyə gəlməzdən əvvəl iddianın yolverilməzliyi hallarının olub-olmaması yoxlanılmamışdır. Belə ki, tərəflərin subyektiv tərkibindən görünür ki, tərəflərdən biri olan cavabdeh xarici hüquqi şəxsdir. Həmçinin məhkəmə tərəfindən isə prosessual qanunvericiliyin qeyd olunan tələbləri qaydasında araşdırma aparılmamış, xarici hüquqi şəxs olan cavabdhin Azərbaycan Respublikasında filialı və ya nümayəndəliyi olub-olmaması, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin icrasının Azərbaycan Respublikasının ərazisində nəzərdə tutulubtutulmaması və sair əsasların mövcud olub-olmaması yoxlanılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iclasa gəlməmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı – satqı müqaviləsini nəzərdən keçirərkən görünür ki, həmin müqavilənin bağlanma yeri Bakı şəhəri göstərilmiş, malın göndərilmə yeri isə “EXW-SUMQAYİT” qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, alqı-satqı müqaviləsində - satıcının təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir. Qeyd olunan hər 2 normanın məzmunundan görünür ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.4-cü maddəsinə əsasən iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. İddia ərizəsinin surətinin cavabdeh tərəfindən alınmasına dair sənəd olaraq e-mail vasitəsilə cavabdehə göndərilməsi barədə çıxarış əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 135.1-ci maddəsinə əsasən həmin Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. - 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Buna görə də hesab edirəm ki, iddia ərizəsinin göndərildiyi elektron poçtun cavabdehə məxsus olub – olmamasını da müəyyən etmək mümkün olmadığından iddia ərizəsinin e-mail vasitəsilə göndərilməsi barədə çıxarış ərizənin cavabdeh tərəfindən alınmasına dair sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; - 152.1 və 152.1.4-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “Cavabdeh”-yə qarşı borcun ödənilməsi barədə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2131/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2131/2021
09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver