Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2133/2024 05.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, göndərmə müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 26 sentyabr 2022-ci il tarixli, 565–A/22 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 1572.8 manat əsas borc, 314.56 manat penya və iddianın verilməsi üçün ödənilmiş 39 manat dövlət rüsumu, cəmi 1926.36 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısına dair 26 sentyabr 2022-ci il tarixli, 565–A/22 saylı müqavilə bağlanmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Belə ki, müqavilənin 2.1.-ci bəndinə görə “ALİCİ”-ya faktura təqdim olunan gündən hesablanmaqla, 30 təqvim günü müddətində faktura üzrə göstərilən ümumi məbləğ nağdsız qaydada və tam şəkildə “Satıcı”-nın xeyrinə ödənilməlidir. Müqavilənin 4.2.4.-cü bəndinin tələbləri pozulduqda, ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,2 % faiz həcmində peniya ödəyir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 835264 nömrəli elektron qaimələrdən görünür ki, cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 1572.8 manat borcu yaranmış və həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh həmin məktubu xx.xx.2023-cü il tarixdə alsa da, borcu ödəməkdən imtina etmişdir. Əlavə olunmuş qəbzlərdən və elektron sistemin şəklindən görünür ki, cavabdehə 3225.6 manat məbləğində elektron qaimələr kəsilsədə, cavabdeh 1345.2 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: "xxxx" MMC (Satıcı) və Cavabdeh (“Alıcı”) arasında imzalanmış 26 sentyabr 2022ci il tarixli 565-A/22 nömrəli malların alqı-satqı qaydaları haqqında müqavilədən görünür ki, tərəflərin müqaviləni imzaladığl və təsdiq etdiyi andan etibarən Satıcı rəsmi distribütoru olduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli içkilər və s. məhsulları, bundan sonra mal(larını) Alıcının sifarişi nəzərə alınaraq, qaimə faktura əsaısnda Alıcıya satmağı öhdəsinə götürür. Bu müqaviləyə əsasən satılan mal(ların) hər birinin miqdarı faktura ilə müəyyən edilir. Müqavilənin 2.1-ci bəndinə əsasən Satıcı öz ambarından realizə edilməsi üçün Alıcıya verdiyi mal(ların) bir vahidinin qiymətini, ümumi dəyərini və həmçinin qanunvericiliyə müvafiq olaraq hesablanmış ƏDV-ni, faktura ilə müəyyən edir. Alıcıya faktura təqdim olunan gündən etibarən nağdsız qaydada 30 təqvim günü müddətində faktur üzrə göstərilən məbləğ Alıcı tərəfindən ödənilməlidir. Müqavilənin 3.1-ci maddəsinə əsasən mal(ların) kəmiyyəti, çeşidi, təchiz nöqtəsi və xüsusiyyətləri Alıcı tərəfindən verilmiş sifarişlər əsasında müəyyənləşdirilir. Müqavilənin 3.2.1-ci bəndinə əsasən Alıcı tərəfindən sifariş olunmuş mal(ların) Satıcı tərəfindən təhvil verilməsi zamanı tərəflər arasında müvafiq qaydada imzalanacaq Təhvil-təslim aktı (qaimə-faktura) əsasında həyata keçirilməsi şərtləşdirilmişdir. Alıcı tərəfindən təhvil alınan mal(ların) dəyərini bu müqavilənin 2.1-ci bəndinə müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün mal(ların) dəyərinin ödənilməmiş qalığının 0.2 % həcmində peniya ödəyir. 28 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 28 fevral 2024-cü il tarixinə Cavabdeh 1572,80 manat əsas borcu, 314,56 manat müqavilə üzrə hesablanmış penya olmaqla, cəmi 1887,36 manat təşkil etmişdir. “Yapıkredi Bank Azərbaycan” vasitəsilə ödənilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2022ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci l tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən müvafiq olaraq 252,20 manat, 127,12 manat, 150 manat, 88,81 manat, 169,49 manat, 474,58 manat, 100 manat ödənişlər edilmişdir. EBCG seriyalı, 835264 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1572,80 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli **********65 nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 39 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Bu fakt e-qaimələrlə də öz təsdiqini tapır, çünki mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır ki, əvvəllərdə iddiaçı tərəfindən satılan mallarla bağlı verilmiş e-qaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, tərəflər arasındakı işgüzar münasibətləri cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini, 1572,80 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 1572,80 manat borc, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 314,56 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 70 manat müəyyən olunmalıdır Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 39 manat dövlət rüsumunun 37 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il 565-A/22 saylı alqı-satqı müqaviləsinə əsasən 1572 (bir min beş yüz yetmiş iki) manat 80 qəpik əsas borc, 70 (yetmiş) manat cərimə məbləği və ödənilmiş 39 manat dövlət rüsumunun 37 (otuz yeddi) manat hissəsinin əvəzi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2133/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2133/2024
05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver